Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MEDİA və MÜƏLLİM NÜFUZU



 
Müəllim hər bir millətin, xalqın inkişafında həlledici simadır. Millətin gələcək taleyi onun əlindədir. Çünki o, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynayır. Bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə və qabiliyyətinə malikdir.  
Vaxtı ilə Platon demişdi: “Müəllimlik bir Tanrı sənətidir”. Dinimizdə  müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan da özünü müəllim adlandırır (“Bəqərə” surəsi 31-ci ayə).  Ümummilli liderimiz, dünya şöhrətli siyasətçi H.Əliyev də həmişə müəllim adının müqəddəsliyini vurğulayırdı. O deyirdi ki, “Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram. Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalniz ona etibar edir”.
Təəssüf ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu gün müəllimin nüfuzu əvvəlki nüfuz deyil, xeyli zəifləyib. Bu mənada Kolumbiya Universitetinin professoru Jak Barze haqlı olaraq deyib ki, “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir". 


İndi əsas vəzifələrdən biri də “itirilmiş ənənənin” bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Çünki müəllimin nüfuzu onun mənəvi statusudur. Təlim-tərbiyədə müstəsna amildir, digərlərinə təsir etmək qüvvəsidir. 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, sabiq təhsil naziri M.Mərdanov  “Təhsilin inkişafında əsas amil – müəllim nüfuzu” adlı məqaləsində yazır ki, “Müəllim nüfuzunun yüksəldilməsi məsələsi... üç əsas amildən asılıdır: müəllimin özündən, ona göstərilən dövlət qayğısından və cəmiyyətin münasibətindən”. Biz bunların sırasına medianı da əlavə edərdik.  
Ona görə ki, hazırda media müəllim peşəsinin statusuna təsir edən çox güclü qüvvədir. Əməkdar jurnalist, professor Q.Məhərrəmlinin sözləri ilə desək, bu gün təhsil jurnalistikası müasir medianın əsas istiqamətlərindən biridir.   
Əlbəttə, təhsildən, müəllimdən yazmaq önəmlidir. Necə deyərlər, təhsildən yazmaq gələcəyi yazmaqdır. Bu gün təhsilimizdə nailiyyətlərlə yanaşı, çoxlu nöqsan və çatışmazlıqlar da mövcuddur. Nailiyyətləri ümumiləşdirmək və içtimailəşdirmək, neqativ halları tənqid etmək, irad bildirmək, təkliflər vermək də lazımdır. Nəinki lazımdır, həm də vacibdir.   Bunlar ümumi işin xeyrinədir. Amma yazıların məzmunu medianın kommersiya maraqlarına dayanmamalı, reklam xarakterli və reytinq xatirinə olmamalıdır. Qələm sahibi təhsil sisteminin strukturu, məzmunu, beynəlxalq təcrübə və aparılan islahatların mahiyyəti barədə bilikli, məlumatlı olmalıdır. Bir sözlə, təhsili yaxşı bilməlidir.   

 Bu mənada professor Q.Məhərrəmli haqlı olaraq söyləyir ki, “...Bəzən redaksiyada uyğun imkan və baza olmayanda kənd təsərrüfatından, yaxud iqtisadiyyatdan yazan jurnalist həmçinin təhsildən də yazır. Və təəssüf ki, bu, heç də həmişə uğurlu olmur”. (https://muallim.edu.az/news/cemiyyete-yol-gosterenler-tehsilden-yazmaq- geleceyi-yazmaqdir-687f25ba6bb33181e2f2f0b4)
Haşiyə çıxaraq qeyd edək ki, ölkəmizdə belə təhsil mütəxəssisləri və media orqanları və əməkdaşları heç də az deyil. Lakin onu da etiraf edək ki, müəllimlərin üzərinə total hücum edib, onları lağ hədəfinə çevirən sosial şəbəkələr, layk xatirinə yazan media mənsubları da vardır.
Təssüf ki, indi “bu sahəni bilən də, bilməyən də yazır. Amma nə yazır, necə yazır, bax bu bir qədər düşündürücüdür”. (Ş.Qoca) Atalar demişkən, ho var dağa çıxarar, ho var dağdan endirər. Düşünülməmiş, səriştəsiz, mənqiqsiz, içtimai məzmun və əhəmiyyət kəsb etməyən çızma-qara yazmağa heç bir media mənsubunun mənəvi haqqı yoxdur. “Bu gün “azad söz meydanı” saydığımız sosial şəbəkələrdə müəllimlərin tənqid obyektinə, lağ hədəfinə çevrildiyini ürək ağrısı ilə izləyirik. Amma unuduruq ki, müəllim də səhv edə bilər, çünki o da insandır, onun da səbrinin həddi, əsəbi var. Nə vaxtsa müəllim qarşısında oturmuş bəzi media nümayəndələri müəllim haqqında etik normalar çərçivəsində danışmağı bacarmalıdırlar. Görünür, yaxşı şagird olmadıqlarına görə bunu zamanında müəllimlərindən öyrənməyiblər!” (https://azerbaijan-news.az/ az/posts/detail/ muellim-nufuzu-onu-nece-qoruyaq-1643316431)

 Bəzi media orqanları, sosial şəbəkələrdə bəzi platformalar isə sanki müəllimlərə qənim kəsilib. Yerindən duran müəllimi tənqid edir, müəllimi qınayır. Elə bil bunlara tapşırılıb ki, hər vasitə ilə məktəbi, müəllimi gözdən salın. Hər bəhanə ilə müəllimi müzakirə obyekti edin. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda müntəzəm olaraq qarşılılaşdığımız xəbərlərin bəzilərinin başlıqlarına baxın: “Məktəb rəhbəri müəllimi təhqir edib”, “Şagird dərs zamanı nalayiq sözlər işlədib”, “Şagird müəllimə əl qaldırıb”, “Müəllim şagirdi döydü”, “Şagird öz sinif yoldaşını döydü”, “Valideynlə müəllim dalaşıb”, “Müəllim öz həmkarı ilə dalaşıb”, “Müəllimlik kişi işi deyil”, “Qadın müəllimlərin davası”, “Göygöldə qadın müəllimlər avtobusda saçyolduya çıxdılar”, “Bakıda   qadın müəllim döyüldü”, “Daha bir direktorun (müəllimin) səs yazısı yayıldı”, “Müəllim işdən qovuldu”, “Daha bir direktor haqqında araşdırma başlandı”  və s. Belə xəbərlərin ümumiləşdirilərək ictimailəşdirilməsi çox zaman əks-effekt verir. Qurunun oduna yaş da yanır. 
Düzdür, xəbər hadisədir. Amma hər hadisə xəbər deyil. Medianın rolu isə yalnız informasiya vermək yox, həm də sosial ədaləti, şəffaflığı və ictimai nəzarəti təmin etməkdir.

Təxminən bir il əvvəl “Baku tv” “Müəllim olmaq istəyənlər nazirləri tanımır?” adlı videomaterial vermişdi. (https://www.youtube.com/watch?v=QxIjPciNWQk) Materialın nə məqsədlə verildiyi anlaşılmır. Anlaşılan odur ki, əməkdaş yalnız müəllimlərin yanlışlarını tutmaq və qabartmaq istəyir. Guya müəllim bütün nazirlərin adlarını bilməyə məcburdur və ya hansısa nazirin adını bilməsə, ondan yaxşı müəllim olmazmış. Bu adam anlamır ki, 5-3 nəfərin timsalında belə halları ümumiləşdirərək içtimailəşdirmək etik deyil. Məktəb və müəllimlərlə bağlı neqativ halların “həvəslə”, yersiz qabardılması yolverilməzdir. 

Və yaxud bir müddət bundan əvvəl əksər mətbuat orqanlarında və sosial şəbəkələrdə “Müəllimə şiddət göstərildi” başılığı ilə xəbər yayılmışdır. Hər gün ölkədə onlarla ailə münaqişəsi baş verir, onlarla insan şiddətə məruz qalır. Nə üçün onlardan bəhs edəndə peşələri qeyd olunmur? Söhbət müəllimdən gedəndə “müəllim” sözü başlığa çıxarılır. Bəyəm bu əməkdaşlar bilmirlərmi ki, belə hallarda jurnalistin Etik Davarnış Qaydalarına görə şəxsiyyətin peşə ilə bağlı bilgiləri qabardılmamalıdır.

Təəssüf ki, bu cür nümunələrin sayını çoxaltmaq da olar. Amma ehtiyac görmürük. Bəziləri bu yolla “problemləri” həll etdiklərini düşünürlər. Lakin başa düşmürlər ki, verdikləri “xəbərlər”in ziyanı xeyrindən çox olur. Nöqsanı və günahı olan bir neçə müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradırlar. Nə acı ki, belə informasiyalar günlərlə ölkənin gündəmini məşğul edir. “Media orqanlarında müəllimliyə dair paylaşılan mənfi fikirlər bu peşəyə olan hörməti zədələyir. Mediada  sosial statusa mənfi təsir göstərən nümunələr əvəzinə, müsbət nümunələrə daha çox yer verilməldir. Media gücündən istifadə edilərək cəmiyyətə müsbət təsir göstərilməsi zəruridir. Hər hansı bir müəllimin  yanlış davranışı ictimaiyyətə təqdim edilərkən bunun ümumi peşəyə damğa vuracağı reallığı unudulmamaldır;  Bu məsuliyyəti hər kəs dərk etməli, peşənin sosial statusuna mənfi təsir edəcək rəftar və davranışlardan uzaq  durmalıdır”. (525-ci qəzet - Müəllim nüfuzu: onu necə yüksəldə bilərik?)   

Nə qədər qəribə səslənsə də, cəmiyyətin müəllimə yanlış münasibətinin “formalaşmasında” siyasətçilərin, rəhbər şəxslərin, təhsil məmurlarının da “rolu və payı” var. Onların zaman-zaman söylədikləri, çaparaq mediyada günlərlə yayımlanan “müəllim maaşla dolana bilmirsə, işdən sonra gedib daş hörüb, fəhləlik etsin”, “müəllimlər şaftalı, anbar, dastan sözlərini düz yaza bilmirlər”, “...həqiqətən də, müəllimlər arasında belə sözləri düzgün yaza bilməyənlər var”, “müəllimlər “çubuqlu bölmə”ni həll etməyi bacarmırlar”, “Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz qorxacağıq” və s. kimi fikirlər cəmiyyətdə müəllim nüfüzuna mənfi təsir edir. Görəsən, bu sözləri publikaya ünvanlayanlar fikirləşmirlərmi ki, qaş qayırdıqları yerdə göz çıxarırlar?!

Hələ mən məktəb rəhbərlərindən və bir-birindən incik düşən müəllimlərin özlərinin, onlarla aralarında anlaşılmazlıq və narazılıq yaranan valideynlərin sosial şəbəkələrdəki qeyri-etik söhbət və video paylaşımlarını demirəm. Hər yerindən duran təhsil və müəllim haqqında status yazır. (Bəzən şəxsi həyata müdaxilələr də olur.) Əgər neqativ hallar baş veribsə, müəssisə rəhbərlərinə, yuxarı təhsili idarəetmə orqanlarına, lap elə hüquq mühafizə orqanlarına müraciət etmək bu halların sosial şəbəkələrdə içtimailəşdirilməsindən səmərəli olmazmı?! Axı belə paylaşımlar cəmiyyətdə həm də nümunəvi məktəblərə və müəllimlərə qarşı heç də yaxşı olmayan fikir formalaşdırır, insanların baxışını mənfiyə doğru dəyişir. Yaxşı yadımdadır “müəllimlər şaftalı, anbar, dastan sözlərini düz yaza bilmirlər” ifadəsi sosial şəbəkələri “bəzəyəndə” onlarla dost-tanış yarıciddi, yarızarafat və yarıistehza ilə soruşurdu ki, “ay müəllim, deyirlər müəllimlər şaftalı, anbar, dastan sözlərini düz yaza bilmirlər, elədir?”. Bizcə, belə hallar “Ev bizim, sirr bizim” prinsipi ilə həll olunsa, daha effektli olar.

Məktəb və müəllimlərlə bağlı neqativ halların təhrif edilərək, konteksdən çıxarılaraq tirajlanması yolverilməzdir.   A.Çexovun dediyi kimi “Bir milləti məhv etmək üçün onun təhsilini və müəllimini gözdən salmaq kifayətdir”. Ona görə də məktəbə, müəllim nüfuzuna xələl gətirən söz-söhbətlərə son qoymaq lazımdır. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, onların nüfuzunun yüksəldilməsi üçün bütün səylər birləşdirilməlidir. Ölkəmizin gələcəyini dərk edən hər bir insan müəllim nüfuzu ilə bağlı problemi doğuran səbəblər və onların həlli yolları barədə düşünməli, müəllimin cəmiyyətin inkişafındakı rolunun olduğu kimi qəbul edilməsinə çalışmalı, müəllim nüfuzuna xələl gətirən hallara qarşı laqeyd qalmamalıdır. “Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir”. (A.Eynşteyn)

Əgər biz, həqiqətən, cəmiyyətimizin tərəqqisinə nail olmaq, Azərbaycan təhsilini keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevirmək istəyiriksə, digər işlərlə yanaşı, “millətin çırağı” (F.Köçərli) olan müəllimlərin nüfuzunun yüksəldilməsinə də çalışmalıyıq.    
  
 
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi

  


Tarix: 10-08-2025, 14:00

Xəbəri paylaş