Fəxri adlara layiq görülən təhsil işçilərinə mükafatlar təqdim edilib
Oktyabrın 27-də dövlət tərəfindən təltif olunan təhsil işçilərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əməkhaqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrini qeyd edib. Müəllim əməyinin insanların həyatında, peşə fəaliyyətində böyük iz qoyduğunu deyən nazir bildirib ki, müəllimlərin fəaliyyət sahəsi həm təhsildə baş verən dəyişikliklərin əsas güc qaynağı, həm də islahatların dinamikasını müəyyənləşdirən sahədir. Buraxılış və qəbul imtahanlarının nəticələrini, beynəlxalq olimpiadalarda əldə olunan uğurları, bir sıra digər istiqamətlər üzrə qazanılan nailiyyətləri diqqətə çatdıran M.Cabbarov təhsil sahəsində müsbət meyillərin davam etdiyini vurğulayıb. O, müstəqil Azərbaycan gəncinin dövlətçilik ideyalarına bağlı, milli təfəkkür daşıyıcısı, əsl vətəndaş kimi yetişməsində müəllimin və məktəbin üzərinə düşən vəzifələri qeyd edib, vətəndaş tərbiyəsinin qarşıda duran əsas məqsədlərdən olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsində yüksək əzmlə çalışacaqlarını söyləyiblər.
Sonda təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci il oktyabrın 3-də təhsil işçilərinə fəxri adların verilməsi və onların təltif edilmələri ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlara əsasən təhsil işçilərindən 58 nəfəri “Tərəqqi” medalı, bir nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Həmçinin 57 nəfərə “Əməkdar müəllim”, bir nəfərə “Əməkdar mədəniyyət işçisi”, bir nəfərə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları verilib.
Tarix: 14-11-2017, 09:00