Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilalanların qrup halında idraki hərəkət formasının planlaşdırılması





                             

                Firədun Nadir oğlu İbrahimov, 
               ADPU-nun Şəki filialı, pedaqoji elmlər doktoru, professor
                     https: //orcid org/0000-0002-0775-1048
                          E-mail:[email protected]  

UOT 37.01
...
Xülasə. 
Məqalədə təhsilalanların qrup halında idraki hərəkət formasının (qrupun hər bir üzvünün potensial idrakı imkanları səfərbər edilməklə) planlaşdırılmasının didaktik anlayış olaraq necə dərk olunmasından, başlıca əlamətlərinin fərqləndirilməsindən, metodik sistemin digər komponentləri ilə dialektik əlaqələrinin müəyyənləşdirilməsindən, komponenti olduğu təlim sisteminin emercent təbiətindən (tamın hissəsini və ya altsistemini özünə tabe etməsi), təhsil məkanının formalaşmasına sənaye inqilabının çağrışlarından, idarəetmənin paradiqmasından, paylaşılan təcrübənin (bəşər mədəniyyətinin-təcrübəsinin zəruri hissənin) ehtiva etdiyi elementlərdən, gözlənilən nəticələrdən, standartlardan, lahiyələşdirilən prosesdə qarşılıqlı əlaqəyə daxil olanların (öyrədən və öyrənənin) məkan halından(bəlli koordinatlara malik və ya laməkan mövcudluğundan), təbii və sünii intelektin imkandaşıyıcılıq yükündən asılılığına diqqət yönəldilir. Bildirilir ki, söylənilən arqumentlərin mövcudluğu sözügedən gerçək hadisənin (nəzərə alınır ki, mənimsənilməsi planlaşdırılan təlim materialı və hər bir öyrənənin potensialına uyğun idraki hərəkət forması(təlim metodu) vahid halda məzmun qismində çıxış edir) mənimsəmə subyektlərinin qrup halında idraki hərəkət forması olması ilə bağlıdır. Hərəkət forması kimi qəbul edilən bu mövcudluq üsulunun( bu, elmi mənbələrdə təlimin  təşkilat forması kimi interpretasiya olunur,  onların sırasından əsas forma-“dərs” termini ilə məxsusi olaraq fərqləndirilir) keyfiyyətliliyi onun standartların, normaların, ictimai–iqtisadi inkişafın tələblərinə, dövlətin, cəmiyyətin və əsas komponent funksiyalı şəxsin maraqlarına uyğunluğu ilə müəyyən olunur.

Summary
The article describes how the planning of the cognitive form of movement in a group of students (with the mobilization of each member of the group's potential cognitive capabilities) is understood as a didactic concept, the differentiation of its main signs, the identification of dialectical connections with other components of the methodological system, the emercent nature of the training system, the challenges of, and attention is paid to the expected results, standards, and criteria. It is claimed that the existence of the stated arguments is due to the fact that the actual phenomenon in question (it is assumed that the training material planned to be mastered and the form of cognitive movement corresponding to the potential of each learner (training method) act as a single content) is a form of cognitive movement of the subjects. The quality of the method of existence, which is regarded as a form of action (it is interpreted in scientific sources as a form of Organization of training, of which the main form is distinguished by the term "lesson"), is determined by its adherence to the requirements of standards, norms, socioeconomic development, and the interests of the state, society, and the main.
Açar sözlər: təlim prosesi; komponent; metodik sistem; məzmun və forma; dialektik vəhdət; dərsin (kollektiv idraki hərəkət formasının) mövcudluq mərhələləri; gözlənilən nəticə; standart; idarəetmənin paradiqması.

Keywords: learning process; component; methodological system; content and form; dialectical unity; stages of existence of the lesson (collective cognitive form of action); expected result; standard; paradigm of management.

Tədqiqat mövzusunun aktuallığı. Təkzibedilməzdir ki, müəllimliklə (bəşər təcrübəsinin paylaşılması ilə rəsmən və ya maraqlara dayanaraq məşğul olan şəxs təbii intelekt (mütəxəssis) pedaqoji fəaliyyətində təhsilin həyata keçirilməsi formalarından istifadə edir. Paylaşılan materialın hansısa metodlarla hərəkət halına gələrək məxsusi bir forma yaradır, hansı ki, biz bu hərəkət formasının “dərs” adlandırılmasına etiraz etmirik. Bu, ictimai xarakterli prosesin-təlim sisteminin komponentidir, idarə edilməsi məqsədi ilə layihələhdirilir. Təlim sisteminin  təkmilləşdirilməsi prosesi həmişəyaşar didaktik problem olduğundan, onun adekvat layihələrinin, o cümlədən təşkilat formasının işlənilməsi problemi də həmişəyaşardır. Tələbənin (sabahın müəlliminin) davamlı dəyişmələrə məruz qalan təlim yanaşmalarının idarəolunma formalarını layihələndirmək təcrübəsinə rasional düşüncə məntiqi əsasında yiyələnməsi, sözügedən təcrübənin nəzəri əsaslarını mənimsəməsi zəruridir. Seçilmiş təlim yanaşmalarına əsaslanan hərəkət formalarının (“dərs layihələri”nin) işlənilməsi texnologiyasının tələbələr tərəfindən mənimsənilməsi, aidiyəti biliklərin bacarıq halına salınması yolunun göstərilməsi aktual didaktik məsələlərdəndir. Odur ki, biz tədqiqat mövzusunun aktuallığını iddia edirik.
 Tədqiqat materialları üzrə ümumiləşmələrin interpretasiyası. Məlum olduğu kimi, “təlim” pedaqogikanın başlıca anlayışlarından biridir. Təlim “tədris fəaliyyəti”nin mühüm xarakteristikası olsa da, onun bütün tərəflərini əhatə etmir. Təlim, sözün geniş mənasında, yeni bilik, bacarıq və vərdişlərin mənimsənilməsini nəzərdə tutur. Halbuki “mənimsəmə” və “tədris fəaliyyəti” mahiyyətcə müxtəlif hadisələrdir. Mənimsəmə təkcə təlim prosesinin deyil, hər bir fəaliyyət sahəsinin ayrılmaz tərəflərindəndir. Tədris fəaliyyəti isə fəaliyyətin bir növüdür, şəxsiyyətin sosial aktivliyinin özünəməxsus formasıdır.[3;150]

  Prof.A.N.Abasovun fikrincə, təlim mürəkkəb tərbiyəvi–təhsilləndirici-inkişafetdirici funksiyalara malikdir. Təlimdə müəllim və məktəblilərin qarşılıqlı fəaliyyəti kimi iki tərəf çıxış edir: tədris və öyrənmə. Təlimin səmərəliliyi tədris prosesində müəllim və məktəblilərin (təhsilalanların-kursiv bizimkidir) düzgün qarşılıqlı fəaliyyətindən, təhsil alanların idraki fəallığının və müstəqilliyinin, öyrənmə maraqlarının səviyyəsindən xeyli dərəcədə asılıdır. Öyrənmə şəxsiyyətin xüsusiyyətlərindən, o cümlədən onu gələcəyə yönəldən hərəkətlərdən irəli gələn məqsədəuyğun bir prosesdir
[1; 210].

  Elmi mənbələrin təhlilindən aydın görünür ki, XX əsrin əvvəllərində “təlim” anlayışına bu prosesi təşkil edən iki komponenti-tədris və öyrənmə anlayışlarını da daxil etmişlər. “Tədris” dedikdə dərs materialının (paylaşılması layihələndirilmiş, elmi-pedaqoji əsaslarla işlənilmiş materialın) mənimsənilməsini təşkil etmək üçün müəllimlərin fəaliyyəti başa düşülür. “Öyrənmə” dedikdə keçilən (layihələndirilmiş, zəruriliyi qəbul olunan məzmun) materialı mənimsəmək üçün şagirdlərin fəaliyyəti başa düşülür. Şagirdlərin idrak fəaliyyətini formalaşdırmaq üzrə müəllimin idarəedici fəaliyyəti, müəllim və şagirdlərin birgə fəaliyyəti də təlim anlayışında öz əksini tapır.[12; 132 ] 
    Bizim topladığımız məlumatlar əsasında işləmiş olduğumuz (hasil etdiyimiz) informasiyalara ümumiləşmələr edərək vurğulayırıq ki, təlim prosesinin, onun komponentlərinin (o cümlədən təşkilat formasının-hərəkətin mövcudluq halının) dialektik münasibətlərinin, hər bir komponentin “imkandaşıyıcılıq funksiyaları”nın təkmilləşdirilməsi, funksiyalarının müasir sənaye inqilabının çağrışlarına adekvat formalaşan təhsil məkanında reallaşdırılması kimi aktual problemlərin həllində “sistem-struktur” yanaşmadan faydalanmaq etibarlı çıxış yollarındandır.
    
Onu da qeyd etməyi lazım bilirik ki, “təlim sistemi” dedikdə müəyyən meyarlara görə seçilən bütöv, tam bir gerçəklik başa düşülür. Təlim sistemləri təlimin,  təhsil-tərbiyənin məqsədlərinin, qanunauyğunluqlarının, təşkili prinsiplərinin, məzmununun, forma və metodlarının birliyi ilə yaranan strukturlarının daxili bütövlüyü, tamlığı ilə xarakterizə olunur.[7; 266-268]
Bir qədər haşiyə çıxaraq qeyd edək ki, XXI əsr qloballaşma əsridir. Buna görə də təhsil-tərbiyə prosesinin məzmununda XXI əsr bacarıqları da nəzərə alınmalıdır. Biliklə yanaşı, kompleks problem həlletmə, tənqidi düşünmə, yaradıcılıq, liderlik, rəqəmsal savadlılıq, emosional zəka, qlobal vətəndaşlıq, əməkdaşlıq, müzakirə, mühakimə və qərarvermə kimi qabiliyyət və bacarıqların inkişafı da əsas öyrənmə nəticəsi olaraq qəbul ediləcək və edilməlidir. [13-14;330-343]

   Məlumdur ki, sənayedə və texnologiyada baş verən dəyişikliklər həm cəmiyyətin ehtiyaclarını, həm də müxtəlif sektorların ehtiyac duyduğu işçi qüvvəsini lazımi bacarıqlarla təhciz etmək üçün hər dövrdə təhsil müəssisələrinin yenidən qurulmasını zəruri etmişdir. Sənaye inqilabına uyğun olaraq, təhsil də “Təhsil 1.0-dan”  “Təhsil 4.0-a qədər” inkişaf prosesi keçmişdir. “Təhsil 4.0” IV sənaye inqilabı dövründə qlobal və rəqəmsal iş mühitində fəaliyyət göstərəcək şəxslərin hazırlanmasına xidmət edir. Təhsil 4.0 “uşaqlıqdan  məktəb dövrünə   oradan iş həyatına” qədər daim (davamlı, fasiləsiz, permanent) öyrənməni təmin edən, dünyada önəmli yer tutmağa və dəyişiklik etməyə imkan verən bir təhsil sistemidir.[15;25-30-16;558-564] 

  Təhsil 4.0 cəmiyyətdəki dəyişikliklərə müvafiq olaraq təhsilalanların inkişafına kömək edən yeni texnologiyalardan istifadə bacarıqlarının formalaşmasına xidmət etməli, təhsilalanlarda sadəcə oxumaq və yazmaq deyil, bütün həyatı boyunca istifadə edə biləcəyi bilik və bacarıqlar formalaşdırılmalıdır.[16;558-564]. Sözügedən sistem insan kapitalının ehtiyacını ödəmək üçün sosial və iqtisadi mühitdəki dəyişikliklərə cavab verməlidir. Təhsil 4.0 fərdləri yaradıcı və yenilikçi olmağa hazırlamaq məqsədi daşıyır.
Təhsil 4.0 yanaşmasında, konstruktivist təhsil sistemləri və Blum texnologiyasından kənara çıxmaqla, xüsusilə aşağıdakı sahələrə əsaslanan bir tədris prosesinin tətbiq ediləcəyi müəyyən edilmişdir: 1)Anlamanı tənzimləyən 3R (Recalling-Yada salma, Relating-Əlaqələndirmə, Refining-Yeniləmə); 2)Araşdırmağa təşviq edən 3İ (İnquiring-Sorğulama, İnteracting-Qarşılıqlı əlaqə, İnterpreting-İzahetmə); 3)Nəticə çıxarmağa əsaslanan 3P(Participating-iştirak etmə, Processing-tətbiq etmə, Presenting-təqdim etmə).
  IV sənaye inqilabı dövründə “ağıllı” təhsil vasitələri və resursları fərdlərin daha mükəmməl təcrübə, bilik və bacarıqlara yiyələnməsinə, yenilikçi perspektivlərini üzə çıxarmasına imkan verməlidir.[17;92-97]
  
 Müasir didaktikaya uyğun mövcud təlim sisteminin müxtəlif altsistem təbiətli  tip və alttipləri özünə transformasiya etdiyini iddia etmək olar. Bunların sırasına problemli təlimi, alqoritmik təlimi, proqramlaşdırılmış təlimi, fəal təlimi, inteqrativ təlimi, inkişafetdirici təlimi, koorperativ təlimi, inklüziv təlimi və s. aid etmək olar. Yeri gəlmişkən qeyd edək ki, “təlim tipləri”, “təlim yanaşmaları”, “təlimin alt sistemləri” ilə bağlı verilən  şərhlərdə pedaqoqlar arasında fikir ayrılıqları da yox deyildir. 
      Müasir didaktikada  özünə yer alan mühüm anlayışlar sırasında “metodik sistem” anlayışının məxsusi yeri vardır. Metodik sistemi məqsəd, məzmun, vasitə (resurs), metod (şəxsin idraki hərəkət forması-kursiv bizimkidir), təşkilat forması (sosial münasibətlər əsasında, vahid məqsədli potensial imkanları səfərbər olunan subyektlərin formalaşan qrupunun idraki hərəkət forması-kursiv bizimkidir) və nəticə arasındakı dialektika şərtləndirir. [2]. Təlim-tərbiyə prosesinin idarə olunmasının təkmilləşdirilməsi onun təşkili formalarının sisteminin, bu sistemin digər təlim komponentləri ilə didaktik əlaqə və asılılıqlarının nəzəri və praktik əsaslarının şərhindən xeyli dərəcədə asılıdır.
     Təlimin təşkili forması anlayışının interpretasiyası ilə bağlı vahid fikir hələ də tam və qəti formalaşmamışdır. Lakin “təlimin təşkili formasına onun komponenti kimi baxılmasına qarşı çıxan yoxdur. Bizcə, onu “təlimin (dəyişmə və inkişaf prosesinin, əsasına “imkan-hərəkət-yeni keyfiyyət” paradiqması qoyulan sistemin) məzmununun mövcudluq üsulu, məzmunun mövcud olmasını mümkün edən öz daxili təşəkkülüdür, quruluşudur” kimi dərk etmək lazımdır. Başqa sözlə, metodik sistemin elementləri sırasında yer alan “təşkilat forması” anlayışını təlim sistemində əhatə olunan qrupun(öyrənənlərin) idraki hərəkət forması kimi dərk etmək olar, hansı ki, bu forma  yuxarıda vurğuladığımız kimi, idraki hərəkət halına gəlmiş təlim materialını və ona adekvat tətbiq olunan metodları vahidin tərəfləri kimi özündə saxlayan məzmun qismində ehtiva edir. Onu da qeyd etmək yerinə düşər ki, belə yanaşmada təlim metodu təlim materialının hərəkət forması kimi interpretasiya oluna bilər. 
     Tam sistem olan təlim prosesinin idarə olunmasının səmərəliliyi onun məzmun və forması arasında düzgün nisbətin tapılmasından asılıdır. Təlim praktikası təsdiq etmişdir ki, ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin əsas mövcudluq üsulu  “dərs” termini ilə interpretasiya olunan hərəkət  formasıdır.Elmi mənbələrdə göstərilir ki, “dərs (hansı ki, biz bunu  yuxarıda interpretasiyasını verdiyimiz məzmunun hərəkət forması kimi qəbul edirik) təlimin elə təşkilat formasıdır ki, təlimin məzmunu, prinsip və metodları təmin olunur, müəllim tərəfindən müəyyən vaxt çərçivəsində planlaşdırılır və tənzim edilir, müəllim-şagird münasibətlərinin məcmusu kimi meydana çıxır”[5; 232].
   
  Psixoloqlar haqlı olaraq vurğulayırlar ki, təlimin əsas təşkilat forması təkcə özünün elmi-nəzəri səviyyəsinə görə deyil, həm də pedaqoji konsepsiyasına-yeni pedaqoji təfəkkür ölçüləri ilə qurulmasına görə müasir olmalıdır.[6;147]
Danılmazdır ki, hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir qrupu uzun müddət ənənəvi təlim modelindən faydalanmışdır və xeyli uğurlar da əldə olunmuşdur. Odur ki, bu modeldən tamamilə imtina olunmasını məqbul dəyərləndirmək olmaz. Yaxşı olar ki, ənənəvi adlandırılan həmin təlim modelinin üstün cəhətləri müasir təlim yanaşmalarında nəzərə alınsın.
Burada sözügedən təlim modelinə aid tematik və dərs (tərəfimizdən hərəkət forması anlayışı ilə şərh olunan “təlimin təşkilat forması”) planlaşmasına tələbələrin diqqətinin  yönəldilməsini lazım bilirik. Əldə olunmuş tədqiqat materiallarına dayanan ümumiləşmələrimiz söyləməyə əsas verir ki, bu təqdimat tələbələrin ümumi hazırlığına müsbət təsir göstərir.
Ənənəvi təlim modelinə uyğun tematik planın bölmələri.
   1. Təhsilalanların qrup halında idraki hərəkət formasının (və ya silsilə yaradan hərəkət formalarının) mövzusu proqramdan götürülür.
1.1. Hərəkət formasının məqsədi və yaxud mövzunun didaktik məqsədi (Hansı ki, planlaşdırılan mövzunun məzmunundan irəli gəlir. Bu, tematik planda ümumi şəkildə ifadə oluna bilər). 
1.2. Hərəkət formasının tipləri (Təlim materialının məzmununa və hərəkət formalarının məqsədinə uyğun şəkildə bir və ya bir neçə növ göstərilir).
1.3. Təlimin metodları (Tematik planda yalnız ümumi metodlar göstərilir).
                          2.Aktuallaşdırma.
Planın bu bölməsini iş prosesinin özü müəyyən edir:
2.1. Əvvəlcədən öyrənilmiş hansı anlayışlar aktuallaşdırılmalıdır;
2.2. Hansı tip müstəqil işlər yerinə yetirilməlidir (əvvəlki bilikləri aktuallaşdıran və əvvəl mənimsənilmişləri dərinləşdirən müstəqil işlər müəyyənləşdirilir). 
3.Yeni anlayış və fəaliyyət üsullarının formalaşdırılması.
Bu bölmədə göstərilir:
3.1. Bu mövzuya daxil olan yeni anlayışlar (və ya əvvəl daxil edilmiş anlayışların məchul əlamətləri);
3.2. Şagirdlərin nəzərdə tutulan bilik, bacarıq və vərdişlərinin təşkilat formasında (və ya bir neçə hərəkət forması üzrə) və ev məşğələsində artımı;
3.3. Hərəkət formasının (təşkilat formasının  və ya bir neçə bunların silsiləsinin) əsas problemi .
4.Tətbiqetmə.
 Tematik planın bu bölməsinin məzmununda göstərilir:
4.1.Əvvəlki zaman kəsikləri üzrə   tətbiq olunmuş hərəkət formalarında öyrənilmiş materialla yeni öyrənilən materialın müxtəlif  səviyyə və variantlarda sintezini hədəfləyən  müstəqil iş tipləri;
4.2. Biliklərin və dünyagörüşü sisteminin formalaşdırılması üçün zəruri fənlərarası əlaqə.
5. Ev tapşırığı.Tapşırığa daxildir:
5.1. Dərslikdən və digər informasiya mənbələrindən təkrar üçün material;
5.2. Növbəti təşkilat formasına hazırlıq üçün müstəqil iş tipləri. 
Ənənəvi təlim yanaşması üzrə əsas təşkilat formasının planlaşması
Planın bölmələrinin məzmununa daxildir:
  1. Hərəkət formasının(təşkilat formasının mövzusu (adətən, dəyişiklik edilmədən tematik plandan götürülür).
1.1. Hərəkət formasının məqsədi (proqram materialının məzmunu əsasında müəyyən edilir);
1.2. Hərəkət formasının tipi (tematik planda göstərilən kimi olur, müəllim tərəfindən alttip kimi dəqiqləşdirilir);.
1.3. Təlim metodları (dəqiqləşdirilir, öyrənmə və öyrətmə metodları göstərilir);
1.4. Təlimin vasitələri (təlimin metodları və təşkilat formasının növlərinə uyğun vasitələr planlaşdırılır). 
     2.Təşkilat formasınının (hərəkət formasınının) qarşısında qoyulmuş (müəllim tərəfindən formalaşdırılan) məqsəd və vəzifələrin şagirdin idrak məqsədinə (idrak tələbatının təmin olunma obyektinə) çevrilməsi. 
2.1. Əldə olunması nəzərdə tutulan bilik və fəaliyyət üsulları onların tədris və ya digər fəaliyyət üçün praktik və nəzəri əhəmiyyətinin, faydalılığının dərk olunması yolu ilə müəyyənləşdirilir;
2.2. Əyləncəli, təəccüb doğurması və başqa cəhətləri ilə şagirdlərdə idrak marağı yaradan üsul və vasitələr seçilir;
2.3. Şagirdləri problemli vəziyyətə salmaq və dərsin məqsədini problem şəklində formulə etmək vasitələrinin seçilməsi və tətbiq edilməsi yolları müəyyənləşdirilir;
    3. Aktuallaşdırma.
3.1. Təşkilat formasının tipi və məqsədindən, aktuallaşdırılacaq anlayış və fəaliyyət üsullarının mürəkkəbliyindən asılı olaraq aktuallaşdırmaya sərf  olunacaq vaxt müəyyənləşdirilir;
3.2..İstinad bilikləri. Müəllim şagirdin şüurunda aktivləşməli olan bilikləri (əvvəl öyrənilmiş) zəruri əlaqə və münasibətlərlə müəyyənləşdirir;
3.2.1. Şagirdlərin yazılı və ya şifahi müstəqil işini (frontal) planlaşdırır;
3.2.2.Mövzuya şagirdlərdə maraq oyadılması, motivlərin formalaşdırılması üsulları seçilir;
3.2.3. İşin gedişi zamanı nəzarət forması müəyyənləşdirilir, şagirdlərin özünə nəzarət priyomları, onların qarşılıqlı nəzarəti, müstəqil işləri yerinə yetirmək, bilik, bacarıq və vərdişləri qiymətləndirmək üçün yollar nəzərdə tutulur. 
4.Yeni anlayış və fəaliyyət üsullarının formalaşması.
4.1. Müəyyənləşdirilmiş təşkilat formasında öyrənilməsi zəruri olan yeni anlayışlar, bacarıqlar, vərdişlər və onların mənimsənilməsi üsulları seçilir və planda göstərilir;
4.2. Mənimsəmə mərhələlərinin idraki vəzifələri formulə olunur;
4.3. Müəllim şagirdlər qarşısında qoyacağı problemli və informasiyalı sualları formulə edir və bunların sırasından problemli vəziyyətin yaranması üçün şagirdlərə təklif olunacaq suallar müəyyənləşdirilir;
4.4. Seçilmiş təkilat forması üzrə əsas və əlavə problemləri göstərilir, onların həlli üsullarının variantları formulə olunur (analitik və evristik həll yolları).
5.Tətbiq. 4-cü bölmədə göstərilmiş bacarıq və vərdişlər aidiyəti təşkilat formasında möhkəmləndirilir (burada mənimsənilmiş biliklərin müstəqil tətbiqi başlıca yol hesab edilir).
5.1. Müəllim işlənmə üçün konkret bacarıq və vərdişləri göstərir;
5.2. Planda müstəqil işin tipi ilə yanaşı növləri də göstərilir.
6.Təşkilat forması üzrə işin  yekunlaşdırılması
6.1. Qarşıya qoyulmuş məqsəd əsasında (təlim prosesinin gedişi ərzində) şagirdlərin fəaliyyətinə və nəticələrinə qiymət verməyə, ümumiləşdirməni və psixoloji tamlığı təmin etməyə yönələn işin aparılması nəzərdə tutulur.
6.2. Şagirdlərin biliyinin qiymətləndirilməsi və əsaslandırılması planlaşdırılır.
7.Evdə işləmək üçün şagirdlərə tapşırıqların verilməsi. Hər bir şagirdin işləməsi üçün tövsiyələrin planlaşdırılması qaydaları müəyyənləşdirilir. [4; 207-209]
Uğurları ilə ictimaiyyətin rəğbətini qazanmış müəllimlər  dərsə hazırlaşarkən, plan qurarkən aşağıdakı əsas məsələləri diqqət mərkəzində saxlamışlar. Bu qənaətə bizi apardığımız pedaqoji araşdırmalarımız gətirmişdir:
1.Məşğələdən əvvəlki iş;
2.Müştərək məqsədin müəyyən edilməsi;
3.Təhsialanların anlama və ehtiyaclarının fəal şəkildə müyyən olunması;
4.Uyğunlaşdırılmış köməyin müəyyən olunması;
5.Məqsədin həyata keçirilməsini dəstəkləmə;
6.Əks əlaqənin yaradılması;
7.Məyusluğa və riskə nəzarət;
8.Müstəqilliyə kömək və digər kontekstlərə uyğun ümumiləşdirmə.
             Fənn kurikulumları əsasında gündəlik planlaşdırma
  1. Seçilmiş təşkilat forması üzrə gözlənilən nəticələrini müəyyən etmək (alt-standart əsasında dərsin təlim nəticələrini müəyyənləşdirmək);
  2. Seçilmiş təşkilat forması üzrə prosesin (idraki hərəkət sisteminin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini müəyyənləşdirmək;
  3. Forması müəyyən olunmuş prosesin motivasiyasını hazırlamaq (problem situasiyasının yaradılması, motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması);
  4. Tədqiqat zamanı yeni biliyi toplamaq üçün istifadə olunan bilik mənbələrini müəyyənləşdirmək;
  5. Müəyyən edilmiş gözlənilən nəticələrə gətirə biləcək tədqiqat tapşırıqlarını hazırlamaq;
  6. Tədqiqat metodlarını müəyyənləşdirmək;
  7. Lazımi materialları və iş vərəqlərini hazırlamaq, tədqiqatın təqdimat formasını müəyyənləşdirmək;
  8. Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək;
  9. Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, layihə və s.);
  10.  Güman edilən yeni nəticələri nəzərə alaraq əlavə məlumat, tapşırıqlar hazırlamaq;
  11. Prosesin hər mərhələsi üçün vaxtı müəyyən etmək;
  12.  Təhsilalanların idraki hərəkət formasının yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq;
  13.  Qiymətləndirmə formasını (üsulunu) seçmək, meyarları müəyyənləşdirmək;
  14.  Müəllim və şagirdlərin tələbatlarına əsaslanan refleksiyanın gedişatını müəyyənləşdirmək;
  15.  Seçilmiş hərəkət formasında istifadə olunacaq texniki vasitələri müəyyənləşdirmək;
  16.  Müəyyənləşdirilmiş forma üzrə prosesdə istifadə olunacaq dəftərxana ləvazimatlarını hazırlamaq. [6;245]
      Fəal təşkilat formasının planı (sxematik)
Mövzu:(mövzunun adı yazılır).
Standart: (alt standart və ya alt standartlar qeyd olunur).
Məqsəd: (məqsədlər aydın və qısa şəkildə sıralanaraq yazılır)...........................
İş forması:(məsələn, cütlərlə, kiçik və ya böyük qruplarla, frontal və s. yazılır).
İş üsulu: (məsələn, müzakirə, anlayışın çıxarılması).
Resurslar:(məsələn, müxtəlif şəkillər, dərslik, hesablama, ölçmə alətləri və s.).
                  Təlim prosesinin seçilmiş təşkilat forması üzrə gedişi
I mərhələ (Motivasiya, problemin qoyuluşu)
Yardımçı suallar:    --------------------------
Tədqiqat sualları:    ------------------------------
II mərhələ: (Tədqiqatın aparılması)
İş vərəqi 1. -----------------------     İş vərəqi 2. ----------------------- İş vərəqi 3. 
III mərhələ: (informasiya mübadiləsi).
IV mərhələ: (informasiyanın müzakirəsi):
Müzakirə sualları:    ---------------------
V mərhələ(nəticə və ümumiləşdirmə).
VI mərhələ(yaradıcı tətbiqetmə).
VII mərhələ: (qiymətləndirmə və ya refleksiya).
Qeyd: 
  • · Təhsilalanların qrup halında idraki hərəkət formasının planlaşdırılması üçün onun bütün komponentlərinin bir-biri ilə uzlaşdırılması vacibdir;
  • · tələbələrin qrup halında idraki hərəkət forması və təlim nəticələri tapşırıqlarla bilavasitə əlaqəli olmalıdır. Ümumiləşdirmələrə əsasən təşkilat forması üzrə tədqiqat sualı tərtib olunur. Bütün bunlar qrup üzvlərinin idraki hərəkətinin tamlığını və sistemliliyini (idraki hərəkətlərin əvvəlinin və sonunun sıx əlaqəsi) təmin edir, təlim nəticələrinə nail olunmasına xidmət edir. 
Məxsusi olaraq onu da vurğulayaq ki, mövzu bəzən bir yox, bir neçə təşkilat forması üzrə tədris oluna bilir. Bu halda mövzu üzrə təşkilat formaları müxtəlif (və ya eyni) struktura malik ola bilər. Hər hansı mərhələdə tətbiq olunan tapşırıqlar bir-birini məntiqi izləməlidir ki, şagirdin fikri fəaliyyəti (buna dayanan əməli fəaliyyəti) məqsədə yönəlsin. Məsələn, ola bilər ki, ümumiləşmədən sonrakı proses mövzuya həsr olunan ikinci təşkilat formasında həyata keçirilsin.                                                                                                                                      
Nəticə. 1)Təşkilat formasının( gözlənilən nəticələri hədəfləyən, məqsədin nəticəyə çevrilməsini şərtləndirən) planının (layihəsinin) hazırlanması didaktik anlayış olaraq necə dərk olunmasından (hansı kateqorial anlayışa və ya aparata aidliyi) asılıdır:qəbulolunur ki, təşkilat forması qrupun hər bir üzvünün potensial ikmkanlarını səfərbər edən idraki hərəkət formasıdır; 2) Təşkilat formasının layihəsinin səmərəlilik səviyyəsi o zaman yüksək olur ki,  onun başlıca əlamətləri düzgün fərqləndirilir; metodik sistemin digər komponentləri ilə dialektik əlaqələri müəyyənləşdirilir; komponenti olduğu təlim sisteminin emercent təbiətindən, təhsil məkanının formalaşmasına sənaye inqilabının çağrışlarından, idarəetmənin paradiqmasından, paylaşılan təcrübənin (zəruri hissənin) ehtiva etdiyi elementlərdən, gözlənilən nəticələrdən, standartlardan, lahiyələşdirilən prosesdə qarşılıqlı əlaqəyə daxil olanların (öyrənən və öyrədən) məkan halından, təbii və sünii intelektin “imkandaşıyıcılıq yükü”ndən asılılığına diqqət yönəldilir; 3)Hərəkət forması kimi qəbul edilən təşkilat formasının keyfiyyətliliyi onun standartların, normaların, ictimai–iqtisadi inkişafın tələblərinə, dövlətin, cəmiyyətin və əsas komponent funksiyalı şəxsin maraqlarına uyğunluğu ilə müəyyən olunur.
                                       
  İstifadə olunmuş ədəbiyyat
1.Abbasov A.N.,Məmmədzadə R.R.,Məmmədli L.A.Pedaqogika:Müntəxəbat(Ali təhsil müəssisələri üçün dərs vəsaiti).Bakı: Mütərcim, 2021.
2.Adıgözəlov A.S. Orta məktəbdə riyaziyyatın tədrisi metodikası. Bakı, ADPU, 2012.
3. Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür  (dərs vəsaiti). Bakı, 2001.
4. İbrahimov F.N. Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədrisi metodikası(dərs vəsaiti). Bakı, “Mütərcim”, 2016.
5.İbrahimov F.N. Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası(dərs vəsaiti). Bakı, “Mütərcim”, 2017.
6.İbrahimov F.N.Orta ümumtəhsil məktəblərində riyaziyyatın fəlsəfəsi, didaktikası, həyatakeçirilmə texnologiyası(dərs vəsaiti). Bakı, “Mütərcim”, 2018. 
7. İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika (dərslik). 2-cilddə. I cild. Bakı, “Mütərcim”, 2013.
8.İsmayılova S.C.,Hüseynova A.T. “Riyaziyyat-6”. Dərslik(Ümumtəhsil məktəblərinin 6-cı sinfi  üçün).Bakı: “Şərq-Qərb”,2013.
9.İsmayılova S.C.,Hüseynova A.T. “Riyaziyyat-6” (müəllim üçün vəsait) Bakı: “Şərq-Qərb”, 2013.
10.Qəhrəmanova N.M., Hüseynov F.H. “Riyaziyyat” (Ümumtəhsil məktəblərinin 5-sifi üçün dərslik). Bakı:”Radius”, 2016.
11.Qəhrəmanova N.M., Hüseynov F.H. “Riyaziyyat-5” (Müəllim üçün metodik vəsait). Bakı:”Radius”, 2016.
12.Pşayev Ə.X., Rüstəmov F.A.Pedaqogika.Yeni kurs.Pedaqoji universitetlərin və ali pedaqoji məktəblərin tələbələri üçün dərs vəsaiti.Bakı: “Elm və təhsil”, 2017.
13.World Economik Forum(2016a).Chapter 1:The suture of jobs and skills.http://reports.weforum.org/futre-of-jobs-2016/chapter-1-the-future-of-jobs-and-skills; 
14. Airil Haimi M.A. Rafidah A.Mohd Haniff M.T., 14.Nurul Nadian M.K., Ahmad M.Y. Education 4.0 Technologies, Industry 4.0 Skillis and the Teaching of English in Malaysian Tertiary Education//Arab World English Journal(AWEJ), 2019, Vol 10, №4 pp.330-343.
15.Ercan Ö.Egitimde Yeni Yönelitmlerin Degerlendirilmesi ve Egitim 4.0//Üniversite Araştırmaları Dergisi, 2018, Vol1, №1, pp.25-30.
16. Priya S. Digital Revolution of Education 4.0//İnternational Journal of Engineering and Advanced Technology(İJEAT), 2019,Vol 9, №2, pp558-3564.
17.Vichian P. Education 4.0: New Challenge of Learning // St. Theresa Journal of Humanities and Sosial Sciences, 2016, Vol 2, №2, pp.92-97.
 


Tarix: 24-02-2024, 13:18

Xəbəri paylaş