Logistika anlayışı və onun mahiyyətinə elmi yanaşma
İsa Səttarov,
Azərbaycan Texniki Universitetinin
Bakalavr pilləsində “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”
ixtisası üzrə III kurs tələbəsi
Logistika yunan mənşəli söz olub, düşünmək, hesablamaq sənəti mənasını verir. Praktik logistikanın yaranması və inkişafının tarixi çox qədimdir. Eramızdan əvvəl IV əsrdə - Afinanın ən qüdrətli, ictimai quruluşun daha çox demokratikləşdiyi və mədəniyyətin çiçəkləndiyi bir vaxtda Qədim Yunanıstanda cəmi on logistik olduğunu Arximed öz əsərlərində təsdiq etmişdir. Bizim eramızın birinci minilliyində bir sıra ölkələrin hərbi leksikonunda silahlı qüvvələrin material resursları ilə təminatı və bu sahədə ehtiyatların yaradılması ilə əlaqədar həyata keçirilən işləri logistik fəaliyyət adlandırmışlar. Antik dövrlərdə “logistika” termini ərzaqla təchizat, nəqletmə və yerbəyer etmə mə’nalarını daşıyırdı. O dövr üçün riyaziyyatda hesablama və ölçü (həndəsədə) alqoritmləri məcmusu kimi başa düşülürdü.
Hamburq universitetinin professoru Q. Pavvelek qeyd edir ki, Roma imperiyası dövründə ərzaq məhsullarının bölgüsü ilə məşğul olanlar “logist” və ya “logistic” titullarına malik olurdular. Logistikanın əsaslarını yaradanlardan biri hərb sahəsi üzrə nəzəriyyəçi və tarixçi Antuan Anri (Qenrix Veniaminoviç) Jominidir (1779- 1869). 1798 -ci ildə Jomini İsveç ordusunda, 1804-cü ildə fransa, 1813-cü ildə isə rus ordusunda xidmət etmişdir. Hərbi akademiyanın yaradıcılarından hesab olunan Jomininin XVIII əsrin sonları XIX əsrin əvvəllərində tədqiqatlar (müqayisə metodunun) metodikasının işlənib hazırlanması sahəsində əhəmiyyətli xidmətləri olmuşdur. “Logistika” termini, son vaxtlara qədər mütəxəssislərin, yalnız dar bir dairəsinə məlum olduğu halda, hazırda geniş yayılmışdır. Bunun əsas səbəbi, dünyada bu anlayışdan iqtisadiyyatda səmərəli istifadə edilməsidir. 1930-cu illərin iqtisadi böhranı zamanı material və xammal tədarükü funksiyalarını əlaqələndirən bir çox anlayışların funksiyaları artdı. Onlardan tədarük, istehsal və paylayıcı sistemlərin inteqrasiya ideyaları, məhsul istehsalı, saxlanması və paylanması müstəqil elmi tədqiqat sahələrinə və iqtisadi təcrübənin bir formasına - logistikaya çevrildi. Sovet imperiyası alman faşizminə qarşı ikinci dünya müharibəsi aparan zaman logistikadan, logistik prinsiplərdən praktiki olaraq Avropa ölkələrində yerləşən ordunun müxtəlif tə'yinatlı hərbi sursatlarla maddi-texniki təchizatının həyata keçirilməsində geniş miqyasda istifadə etmişdir. Logistik metodların tətbiqi hesabına silah və hərbi materiallar istehsal edən zavodlar, nəqliyyat sistemləri və ordunun yerləşdiyi bazalar arasında qarşılıqlı fəaliyyəti dəqiq təşkil etmək mümkün olmuşdur.
Logistikanın iqtisadi mahiyyətinin və müxtəlif fəaliyyət sahələrində baş verən proseslərlə qarşılıqlı əlaqəsinin dərin və hərtərəfli öyrənilməsi üçün logistikanın tarixi inkişaf mərəhələlərinin təhlil edilməsinə böyük ehtiyac vardır.
Logistikanı XX - əsrdə bir neçə tarixi inkişaf mərhələlərinə ayırmaq qəbul olunub.
Birinci mərhələ 1920 - 1950 illəri əhatə edir. Bu"fraqmentizasiya” dövrü adlanmaqla, logistikanın konsepsiyasının formalaşması üçün ilkin şərtlərin, habelə material axınlarının idarə edilməsi və ümumi xərclərin azaldılması vasitələrinin formalaşması ilə xarakterizə olunur.
İkinci mərhələ 1950 – 1970 - ci illəri əhatə edib, fiziki paylanma anlayışının marketinqin tərkib hissəsi olaraq yaranması dövrü olub. Logistika nəzəriyyəsi və təcrübəsinin formalaşması, kompüter informasiya texnologiyalarının inkişafı, istehsal və paylanma xərclərini azaltmağın yeni yollarının axtarışı ilə əlaqələndirilir.
1960 - cı illərin sonlarında Qərbdə menecmentin inteqral aləti kimi biznes - logistikası konsepsiyası formalaşdırıldı və əsas məzmunu belə idi: "Logistika - müəyyən yerdə və verilmiş vaxtda mallara olan tələb və təklifin əlaqələndirilməsi və hərəkətinə köməklik göstərən bütün fəaliyyətlərin idarə edilməsidir”.
Üçüncü mərhələ 1970 - 1980 - ci illəri əhatə edir və logistikanın inkişaf dövrü sayılır. Bu dövrdə biznes – logistikası konsepsiyasına əsaslanan istehsal və paylanma (distribüsiya) xərclərini azaltmağın yeni yolları axtarılır. Habelə logistika sistemlərinin yayılması və sənaye logistikası prinsiplərinin və keyfiyyəti ümumi idarəetmə fəlsəfəsinin tətbiqi ilə xarakterizə olunduğu bildirilir.
Dördüncü mərhələ (1980 - 1990 - cı illər) inteqrasiya dövrü hesab olunur. Bu dövr material və əlaqədar axınların idarə edilməsi, beynəlxalq logistik sistemlərin yaradılması ilə səciyyələnir.
Qeyd olunan dövrlərə əsaslanaraq müvafiq nəticələr çıxarıla bilər:Logistik fəaliyyətlər inteqrasiya xarakterli olur və material resurslarının və hazır məhsulların axınlarının yaranma yerindən istehlak yerinə qədər uzanır;Əlaqədar informasiyaların idarə edilməsinin vacibliyi vurğulanır;İlk dəfə olaraq xidmət (qeyri - maddi) axınları logistikanın maraq dairəsinə daxil oldu.
Bu, xidmət sənayesinə logistik yanaşmaların inkişafı üçün mühüm əhəmiyyət kəsb edir, çünki əvvəlki onilliklər ərzində, yalnız material axınları logistikada araşdırma və optimallaşdırma obyekti olub. Bir çox Qərb ölkələrində logistikaya, iqtisadiyyatda material axınlarının səmərəli idarə edilməsinə xidmət kimi baxılır.
Mütəxəssislərin fikrincə, hərbi işlər sayəsində logistika elm sahəsinə çevrildi yanaşması məntiqlidir. Hazırda logistika sənaye, nəqliyyat, ticarət, bank işi, xidmətlər və müasir iqtisadiyyatın digər sahələrində geniş tətbiq olunur.
İqtisadi və elmi ədəbiyyatlarda mütəxəssislər logistikanın tərifində iki əsas istiqaməti fərqləndirirlər:
I- istiqamət malların hərəkətinə funksional yanaşma, yəni malların tədarükçüdən istehlakçıya çatdırılması ilə əlaqədar yerinə yetirilməli olan bütün fiziki əməliyyatların idarə edilməsidir;
II-istiqamət daha geniş bir yanaşma olub mal hərəkəti əməliyyatlarını idarə edilməsi ilə yanaşı, tədarükçü və istehlakçı bazarlarının təhlilini, mal və xidmətlər bazarında tələb və təklifin əlaqələndirilməsini, habelə mal hərəkəti prosesinin iştirakçılarının maraqlarının uyğunlaşdırılmasını əhatə edir.
Qeyd olunan logistik yanaşmalar çərçivəsində, bu anlayışa bir çox fərqli şərhlər verilmişdir. Onların ayrı-ayrılıqda təhlili logistik prizmadan baxılan bir sıra əsas aspektlərin aşkar edilməsinə imkan verir. Ən geniş yayılmış aspektlərə idarəetmə, iqtisadi, əməli və maliyyə aspektlərini aid etmək olar.
Hamburq Universitetinin professoru G. Pavellek logistika anlayışın tərifini aşağıdakı kimi verir: "Logistika - müəssisəyə daxil olan, orada emal olunan və bu müəssisədən çıxan material və ona uyğun informasiya axınlarının planlaşdırılması və idarəedilməsidir." Professor B. A. Anikin (Rusiya) anlayışın aşağıdakı şərhini verir: "Logistika - ilkin mənbədən son istehlakçıya qədər olan zaman və məkanda material və informasiya axınlarının hərəkətinin planlaşdırılması, təşkili, idarəedilməsi və nəzarət haqqında elmdir." Logistikamn bir çox təyinatları onun həm idarəetmə, həm də iqtisadi aspektlərini əhatə edir. Bu mə'nada alman professoru Pfol Logistika məfhumuna - material hərəkəti və bu yerdəyişməyə çəkilən məsrəflərin planlaşdırılması və nəzarəti kimi ikili prosesə vahid kondeksdən yanaşır. Almaniyanın logistika üzrə federal idarəsinin idarə hey'ətinin sədri doktor Ştabenau Logistikanı “firma (şirkət) daxilində və ya onun hüdudlarından kənarda materialların idarə edilməsi və onlara nəzarət üzrə əsas funksiya” kimi dəyərləndirir. Praktiki işçilər və mütəxəssislər tərəfindən logistikaya verilən digər təriflərdə isə əsas diqqət logistikamn yerinə yetirdiyi funksiyalara yönəldilir. Buna görə də logistika olduqca dar - nəqletmə, yükləmə - boşaltma, anbarlaşdırma və s. mənada başa düşülür. Verilən tərifləri ümumiləşdirərək logistika anlayışını material axınlarını minimum xərclərlə ilkin mənbədən son təyinat məntəqəsinə qədər idarə edən elm kimi xarakterizə etmək olar. Mənbələrə görə ilk dəfə logistikanın praktiki baxımdan malik olduğu potensialı Amerika mütəxəssisləri Pol Konvers və Piter Drakir “məsrəflərə qənaət edilməsində sonuncu mərhələ” və “iqtisadiyyatda tanınmamış materik” kimi qiymətləndirmişlər. Logistika yüksək səmərəliliyin təmin edilməsi məqsədilə müəssisənin hüdudları çərçivəsində və iqtisadiyyatın sahələri arasında dövr edən material axınlarının planlaşdırılması, təşkili və idarə edilməsi üzrə fəaliyyətlər məcmusu kimi də şərh olunur.
Bir elm kimi logistikanın öyrənilmə obyekti material və onlara uyğun maliyyə,informasiya axınlarıdır. Material axınları - müxtəlif logistik (nəqletmə, anbarlama və s.) əməliyyatların tətbiq edildiyi, müəyyən vaxt intervallarında mövcud olan, material resursları, bitməmiş istehsal və hazır məhsullardır. Material axınının ölçüsü məhsulun ölçüsünün (ədəd, ton, kubm və s.) vaxt intervalının (gün, ay, il və s.) ölçüsünə nisbəti sayılır. Material axınları müəssisənin konkret sahələri, yüklə aparılan ayrı-ayrı əməliyyatlar üçün hesablana bilər. Müəyyən bir an və ya müddət üçün nəzərdə tutulan material axını onun ehtiyatlarına çevrilir. Material ehtiyatları isə axınların tərkib hissəsidir. Material resurslarının ilkin mənbədən son istehlakçıya qədər hərəkəti zamanı ehtiyatlar bu axınların yalnız müəyyən bir mərhələsində yaranır. Yenidən axın prosesinə qoşularaq logistik funksiyaların həyata keçirilməsini təmin edir. Müəyyən bir istehsal mənbəyindən istehlak anına qədər bütün yol boyunca yerləşən eyniadlı resursların məcmusu elementar material axını əmələ gətirir. Müəssisədə formalaşan elementar axınların məcmusu, onun normal fəaliyyətini təmin edən, ümum material axınını təşkil edir.
Praktiki fəaliyyətdə çox zaman material axınları tətbiq edilən nəqliyyat növünə uyğun olaraq təsnif edilir. Məsələn, avtomobil nəqliyyatı ilə yükdaşımaları həyata keçirən zaman yerinə yetirilən yükləmə - boşaltma işlərinin xarakterindən asılı olaraq, əsasən, aşağıdakı təsnifatdan istifadə olunur: ədədi, ədədi - taralı; ağır çəkili; dənəvarı və ya səpələnmiş;ağac materialları;metallar və metal məmulatları;taxıl və meyvə tərəvəz;maye yük vahidlərindən. Material axınlarının bundan sonra da təsnif edilməsini çoxlu sayda əlamətlər, məsələn, yük vahidlərinin taralaşdırma üsullarına, fiziki - kimyəvi tərkibinə, həcm və çəki ölçülərinə və s. görə aparmaq mümkündür.Bunlarla yanaşı logistikada material axınlarını xarakterizə etmək üçün onların sürəti, sıxlığı və intensivliyi kimi göstəricilərdən də istifadə edilir. texnikalarının müxtəlif sahələrində, adətən bodla (bir bod saniyədə bir bitin ötürülməsinə uyğundur) ölçülür.
Xidmət axınları - logistikada, müəyyən bir zaman intervalında göstərilən xidmətlərin miqdarıdır. Xidmət ictimai və şəxsi tələbatı ödəyən xüsusi fəaliyyət növü (nəqliyyat xidmət-ləri, topdan - pərakəndə satış, məsləhət, informasiya və s.) olaraq başa düşülür. "Xidmət axını" an-layışının tətbiq edilməsinə zərurət, xidmət sənayesinin artan əhəmiyyəti və inkişafı, getdikcə onun daha çox sayda əhali və şirkətlərlə konsentrasiyası ilə əlaqədardır.
Əsas loqistik axınlara daxildir: nəqliyyat axını - nəqliyyat vasitələrinin nizamlanmış hərəkəti olub, yük və sərnişin nəqliyyat axınlarına bölünür; enerji axını - müxtəlif növ enerjinin (elektrik, istilik və s.) nizamlanmış yerdəyişməsidir;qeyri - material axını - müxtəlif logistik əməliyyatların proqram təminatı.
Logistikanın əsas qaydaları və vəzifələri çox genişdir.
Loqistika “material axınlarının optimal idarə edilməsi üzrə məsələlərin həllinə sistemli yanaşma” kimi başa düşülür. “Logistika - material və informasiya axınlarının xammal və materialların yaranma mənbəyindən son istehlak yerlərinə qədər kompleks idarə edilməsi bacarığıdır”. Logistika yüksək səmərəliliyin alınması məqsədilə müəssisənin hüdudları çərçivəsində və iqtisadiyyatın sahələri arasında dövr edən material axınlarının planlaşdırılması, təşkili və idarə edilməsi üzrə fəaliyyətlər məcmusudur. Logistika bazar iqtisadiyyatı tipli təsərrüfat strukturunun fəaliyyətinin taktikasını və ümumi strategiyasını əks etdirir.
Logistik sistemlərinin qurulmasında yeddi qaydaya əsaslanır. Bu qaydalar logistikanı təyin edən komponentləri və xüsusiyyətləri nəzərə alır, onun fəaliyyətinin səmərəliliyinə təsir göstərir.
"Logistikanın yeddi qaydası" məhsulla bağlı olub aşağıdakı kimi təsvir olunur: məhsul istehlakçıya lazım olmalı;məhsul uyğun keyfiyyətdə olmalı; məhsul lazımi miqdarda olmalı; məhsul lazım olan vaxtda çatdırılmalı; məhsul lazımi yerə çatdırılmalı;məhsul minimal xərclə çatdırılmalı;məhsul məlum istehlakçıya çatdırılmalıdır.
Əgər bütün bu qaydalar inteqrasiya olunarsa, onda “loqistika” anlayışına aşağıdakı kimi tərif vermək olar. Loqistika - lazımi məhsulun uyğun keyfiyyətdə və miqdarda müvafiq olan vaxtda həmin yerə minimal xərclə məlum istehlakçıya çatdırılmasıdır.
Loqistikanın başlıca ideyası - istehsalçıdan istehlakçıya qədər məhsulun saxlanması, paylanması, yerdəyişməsi üzrə logistik zəncirin vahid proses çərçivəsində təşkilidir. Logistikanın müasir inkişaf mərhələsində yerinə yetirdiyi vəzifələr kompleks şəkildə informasiya və material axınları arasında uyğunluğu təmin etməkdir. Material resursları və hazır məhsullar optimal yerləşdirmək texnologiyası müəyyənləşdirilməlidir.Məhsulların keyfiyyətinə və onların qablaşdırıldığı taralara standart tələblər hazırlamaq, material və əmək resurslarından, avadanlıqlardan, istehsal yerləri və anbar sahələrindən səmərəsiz (qeyri - rasional) istifadə mərkəzlərini aşkarlamaq.
Loqistik vəzifələr ümumi və xüsusi olur. Loqistikanın ümumi vəzifələrinə aiddir:müəssisədə keyfiyyət sisteminin tətbiqi;istehsal həcminin proqnozlaşdırılması;material və informasiya axınlarının nizamlanması; istehsal olunan məhsulun miqdarının, onun saxlanması və daşınmasının proqnozlaşdırılması;istehsal və imkanlar arasındakı əlaqəni müəyyənləşdirmək;son məhsullara tələbin müəyyənləşdirilməsi;satışdan əvvəl və sonra xidmətin təmini və s.
Loqistikanın xüsusi vəzifələrinə aiddir: daşıma müddətinin azaldılması; təchizatçıların axtarışı, seçimi;material resurslarının qəbulu, boşaldılması və saxlanmasının təşkili; minimum ehtiyatların yaradılması; anbarda hazır məhsulların saxlama müddətinin azaldılması və s.
Qeyd olunanlara uyğun olaraq, hər bir təsərrüfat subyekti material axınlarının idarə edilməsi sahəsində özlərinin ümumi və xüsusi xarakterli logistik vəzifələrini müəyyənləşdirməlidirlər:
Logistika elmi aşağıdakı vəzifələri qarşıya qoyur və həll edir: tələbin proqnozu və onun əsasında ehtiyatların planlaşdırılması;tələb olunan istehsal və nəqliyyat gücünün müəyyənləşdirilməsi; hazır məhsulların paylanmasının material axınlarının optimal idarə edilməsinə əsaslanan elmi prinsiplərin hazırlanması; yenidən yüklənmənin və nəqliyyat - anbar əməliyyatlarının istehsal yerində və istehlakda idarə olunmasının elmi əsaslarının hazırlanması;logistik sistemlərin fəaliyyətinin müxtəlif variantlı riyazi modellərinin qurulması; təchizat, istehsal, anbarlama, satış və göndərilməsi tamamlanmış məhsulların, eləcə də bir sıra digər vəzifələrin birgə planlaşdırılmasının metodların hazırlanması.
Azərbaycanda nəqliyyat - loqistika sistemi dinamik inkişaf edir. Dövlətimizin başçısı Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə demişdir:“Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq, biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmini bir milyon tondan beş milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin, İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”. İqtisadi inkişaf proseslərinin səmərəliliyinin artırılması logistik yanaşma və logistikanın funksional sahələrindən biri olan nəqliyyat logistikasını ciddi nəzərə alınmasını tələb edir. Dünyanın inkişaf etmiş ölkələrində bazar iqtisadiyyatı şəraitində nəqliyyat-logistika sisteminə yüksək gəlir gətirən və əlavə dəyər yaradan sahibkarlıq fəaliyyəti və biznes sahələrindən biri kimi baxılır. Bundan əlavə, nəqliyyat-logistika sisteminin üstünlüklərindən səmərəli istifadə olunması, iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm rol oynayır. Beynəlxalq əhəmiyyətli nəqliyyat qovşaqlarını yaradan dəniz, dəmir yolu və digər nəqliyyat növlərindən inteqrativ formada isitifadə olunması yükdaşıma həcminin və nəqliyyat xidmətlərinə tələbatın artmasına əlverişli şərait yaradır. Dünya təcrübəsində, digər mühüm bir amil isə müxtəlif nəqliyyat növləri və vasitələri ilə daşımalarda logistika mərkəzləri vasitəsilə əlavə dəyər yaratmaqdan ibarətdir. Bu halda təchizat zənciri daha çevik şəkildə işləyir, təsərrüfat və biznes subyektlərinin müxtəlif xammal və materiallara olan tələbatının səmərəli şəkildə ödənilməsi təmin olunur, ticarət və yük daşımaların dövriyyəsi artır. Eyni zamanda, logistika mərkəzləri vasitəsilə iqtisadiyyatın prioritet sahələrinin inkişaf etdirilməsi məqsədilə xammal və resursların təminatı problemlərinin həllinə əlverişli şərait yaranır. Logistika xidmətlərinin səmərəliliyi sayəsində iqtisadi fəaliyyət sahələrinin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsi mümkün olur. Nəqliyyat-logistika sisteminin səmərəli təşkili xeyli sayda xidmətlərin göstərilməsinə imkan verir.Bunlardan logistik fəaliyyətlə əlaqəli olan aşağıdakı xidmət növlərini qeyd etmək olar: müştəri xidmətləri;yüklərin saxlanılması və qablaşdırılması;yüklərin planlı şəkildə və uzunmüddətli dövrə hesablanmış qrafik əsasında tədarükü və paylanması;tələb olunan xammal və materialların sifarişi ilə bağlı proseslərin tənzimlənməsi və idarə olunması; yüklərin müxtəlif nəqliyyat növləri və vasitələrindən istifadə edilməklə daha optimal marşrutlarla daşınmasının təşkili; bağlanmış müqavilələr və kontraktlar üzrə yüklərin son ünvanlara vaxtında çatdırılması;xammal və hazır məhsul axınlarının idarə edilməsi və nəzarət olunması;sığorta və gömrük prosedurlarının həyata keçirilməsi proseslərinə nəzarətin təşkili;dünyanın istənilən ölkəsindən bir neçə ölkəni keç-məklə daşınan yüklərin vahid mərkəzdən idarə edilməsi və s.
Azərbaycanda nəqliyyat - logistika sisteminin strateji əhəmiyyəti və üstün cəhətləri diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə logistika sahəsinin təhlili və qiymətləndirilməsi nəticəsində yeni liman kompleksinin tikintisi, qonşu ölkələrlə yeni dəmir yolu əlaqələrinin qurulması, Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın yaradılması, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda logistika qovşağının yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyərin formalaşdırılması imkanlarının olması, öz əksini tapmişdir. Göründüyü kimi nəqliyyat sektoru ildən-ilə ölkəmizdə kifayət qədər prioritet iqtisadiyyat sahəsinə çevrilməkdədir və mütəxəssislər tərəfindən bu sahənin potensialı yüksək qiymətləndirlir. Ölkəmizdə dünyada mövcud olan nəqliyyat növlərinin hamısının inkişaf etdirilməsi üçün imkanlar vardır. Belə ki, Xəzər dənizi vasitəsilə dəniz nəqliyyatının inkişafı üçün böyük potensial mövcuddur. Regionun və dünyanın ən iri dəmir yolu layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu artıq istismara verilmişdir. Ölkəmizdə xeyli sayda beynəlxalq hava limanları – aeroportlar fəaliyyət göstərirlər.
Respublikamızda qeyri-neft sektorunun müntəzəm və kütləvi xammal axını olan sahələrində, güclü ixrac potensialına malik kimya və neft - kimya kompleksində, metallurgiya, ənənəvi kənd təsərrüfatı sahələrində, xüsusilə pambıqçılıq və üzümçülükdə, taxıl məhsullarının və s. daşınmasında çevik və etibarlı nəqliyyat infrastrukturunun yaradılmasına zərurət vardır. Belə şəraitdə yüksək texnologiyalar əsasında logistika mərkəzlərinin formalaşdırılması böyük səmərə verə bilər. İqtisadiyyatın strateji hədəflərinin reallaşdırılması üçün tələb olunan innovativ strukturların inkişaf etdirilməsi gecikdirilməməli və bunlara konseptual yanaşılmalıdır. Bu baxımdan ölkəmiz nəqliyyat-logistika sisteminin inkişafına ciddi önəm verir və bir çox strateji layihələr davamlı olaraq həyata keçirilir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müxtəlif nəqliyyat növlərinin inkişafı üçün şəraitin olması və səmərəli logistika qovşaqlarının yaradılması imkanları mövcuddur. Bunlar regionun ən cəlbedici logistika mərkəzlərinin yaradılmasını şərtləndirir və investorların maraqlarına uyğun gəlir. Məhz bu amillər nəticəsində Azərbaycan regionda logistika sahəsində aparıcı ölkəyə çevrilməkdədir. Buna görədə beynəlxalq təşkilatlar və ixtisaslaşdırılmış qurumlar ölkəmizdə logistikanın inkişafı layihələrinə böyük maraq göstərirlər. Məsələn, Dünya Bankının missiyası Azərbaycan Texniki Universiteti ilə “Azərbaycanda dəmir yolu və logistikanın inkişafı” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər (30 oktyabr 2019 – cu il). Bu əməkdaşlıqda əsas üstünlüyün, qlobal nəqliyyat infrastrukturunun qu-rulmasına, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsinə, kadr hazırlığının müasir dövrün tələblərinə uyğunlaşdırılmasına verilməsinin vacibliyi ön plana çəkilmişdir.
Respublikamızda nəqliyyat- logistika infrastrukturunun yaradılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Nəqliyyat – logistika sisteminin inkişafı ölkəyə (regiona) invenstisiya cəlb olunmasına və iqtisadi inkişaf tempinə müsbət təsir göstərən vacib amil hesab olunur. Hazırda Bakı iqtisadi rayonunda regional nəqliyyat – logistika mərkəzinin inkişafı üçün intensiv işlər görülür. Yaxın perspektivdə bu istiqamətdə bir sıra mühüm tədbirlərin diqqətə alınması zəruri sayılır:nəqliyyat-logistika sisteminin inkişaf etdirilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və yeni layihələrin həyata keçirilməsi üçün nüfuzlu şirkətləri ilə intensiv qarşılıqlı əlaqələrin qurulması;iqtisadi rayonlarının inkişaf potensialının reallaşdırılmasında nəqliyyat-logistika sistemlərinin əhəmiyyəti və inkişaf etdirilməsi üzrə görülən tədbirlərin sürətləndirilməsi və s.
Ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət aparır. Təsadüfi deyil ki, erməni işğalından azad olunmuş Zəngilan rayonunda, prezident İlham Əliyevin 2021 – ci il oktyabrın 20 - də “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışındakı çıxışında Zəngəzur dəhlizinin buradan keçəcəyini, dəmir yolu, Horadiz - Ağbənd avtomobil yolu tikildiyini, aeroportun tikiləcəyini və beləliklə, Zəngilanda müasir nəqliyyat - logistika mərkəzinin, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastrukturun qurulacağını xüsusilə qeyd etdi. Müasir nəqliyyat – logistika sistemlərinin inkişaf etdirilməsi beynəlxalq miqyasda zərurətə çevrilmişdir. Eyni zamanda nəqliyyat dəhlizləri uğrunda dövlətlərarası güclü rəqabət mövcuddur. Buna görə proseslərə yeni qoşulmuş gənc Azərbaycan dövləti, əlverişli coğrafi mövqeyindən, iqtisadi imkanlarından məqsədəuyğun şəkildə istifadə edərək, ölkənin nəqliyyat – logistika sistemlərini inkişaf etdirərək bu yolda inamla irəliləyir. Bu sahədə problemlər olsa da, nəqliyyat – logistika sistemlərinin inkişaf etdirilməsi, respublikamızın iqtisadi rayonlarının iqtisadiyyatına investisiyaların cəlb olunması və onların gələcək inkişafına öz töhvəsini verəcəkdir.
İstifadə olunan ədəbiyyatlar
1.İmanov T. Logistikaiıın əsasları. Dərslik. Bakı. "Təhsil" NPM, 2005. 474 səh
2.Məmmədov A. Nəqliyyat logistikasının əsasları (mühazirələr) BAKI- 2022
3. Məmmədov D. və b.Nəqliyyat logistikası. Dərslik - Bakı, Qanun Nəşriyyatı, 2022, 504 səh.
"Təhsil" jurnalı
21 fevral 2024-cü il
Tarix: 21-02-2024, 21:50
Xəbəri paylaş