Ümumtəhsil məktəblərində “Mülki müdafiə” fənninin tədrisi
2,5 və 6-cı siniflərdə “Mülki müdafiə” fənninin tədrisində məktəb hərbi rəhbərinin üzərinə düşən vəzifələr
"Bir hadisənin qarşısını almaq, o hadisə baş
verəndən sonra onun nəticələrini aradan
götürməkdən daha asandır"
Heydər Əliyev,
Azərbaycan xalqının Ümummilli Lideri
Müasir dövrdə durmadan artıb genişlənən fövqəladə halların törətdikləri fəlakət və itkilərin miqyası, hətta regional və qlobal müharibələrin nəticələrindən də yüksəkdir. Ona görə də bütün əhalinin, o cümlədən təhsilalanların müxtəlif kontekstlərdə, o cümlədən fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları ilə bağlı bilik və bacarıqların davamlı şəkildə təkmilləşdirilməsi və inkişaf etdirilməsi xüsusi aktuallıq kəsb edir.
Mülki müdafiənin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarına əsasən fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifələrindən biri hesab edilməklə fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.Bu zaman 6-17 yaşlı şəxslərə — sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldır maq üzrə fəaliyyət qaydaları da öyrədilir.
Qərarın 5.9. bəndinə əsasən Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrinin 10 — 11 sinif şagirdlərinə, tələbələrinə mülki müdafiə “Gənclərin ibtidai hərbi hazırlıq proqramı” (“Çağırışaqədərki hazırlıq”-R.Ə.) na bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris olunur. Mülki müdafiə fənni 2-ci sinifdə 6 saat, 5 və 6-cı siniflərdə isə 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur.
Mülki müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli mülki müdafiə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər. ”Mülki müdafiə” dərsləri keçilməyən 3 və 4, eləcə də 7-8-cu (7-9 cu-R.Ə.) siniflərdə əvvəlki siniflərdə öyrənilmiş vərdişlərin sinifdənxaric və məktəbdənkənar tədbirlər vasitəsilə təkmilləşdirilməsi də nəzərdə tutulur.
10-11 siniflərdə “Çağırışaqədərki hazırlıq” fənninin proqramına əsasən mülki müdafiədən tədris aparan məktəb hərbi rəhbəri aşağı siniflərdə sinif rəhbərləri tərəfindən tədris olunması nəzərdə tutulmuş “Mükii müdafiə” fənni üzrə tədrisin təşkilinə görə də məsuliyyət və vəzifə öhdəliyi daşıyır.
Belə ki, 1999-cu ildə nəşr edilmiş ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif şagirdləri üçün “Mülki müdafiə” fənninin Proqramının “Təşkilatı-metodik göstərişlər” bölməsində bu sahədə hərbi rəhbərin vəzifələri ilə əlaqədar aşağıdakı tövsiyələr verilmişdir:
Hər bir mövzu üzrə məşğələ ərəfəsində məktəbin hərbi rəhbəri qısa təlimat versə daha yaxşı olar. Məşğələlərdə hansı mülki müdafiə avadanlığından, diafilmlərdən, texniki təlim vasitələrindən necə istifadə etmək barədə daha təcrübəli mütəxəssisin məsləhətləri müəllimlərin bu sahədəki işini xeyli yüngülləşdirir. Məktəbdə hərbi rəhbər tərəfindən hər bir mövzu üçün, heç olmasa, mini mum əyani vəsaitlər dəsti yaradılmalı,ondan müxtəlif siniflərdə istifadə edilməsi ardıcıllığı dərs cədvəllərindən asılı olaraq müəyyən edilməlidir.
Proqramda hərbi rəhbərin aşağı siniflərdə tədris edilən “Mülki müdafiə” fənninin tədrisinin təşkilində və aparılmasında bilavasitə iştirakı “Çağırışaqədərki hazırlıq” fənninin daha səmərəli təşkili üçün bünövrə rolunu oynaya biləcəyi də əsaslandırılmışdır:
Aşağı siniflərdə mülki müdafiə məşğələləri aparılarkən nəzərə alınmalıdır ki, bu mühafizə məsələlərilə, geniş mənada isə, hərb işinin, ən bəsit də olsa, ünsürlərilə ilk tanışlığıdır. Burada şagirdlərdə müəyyən anlayışlar verməklə bərabər, onlarda bu işə tədricən maraq, həvəs yaradılması, sonra isə bacarıq və vərdişlər aşılanması yuxarı siniflərdə keçirilən ibtidai hərbi hazırlığın (çağırışaqədərki hazırlığın-R.Ə.) keyfiyyətinə müsbət təsir göstərər, bütün bunlar isə məktəblilərin ümumi hərbi-vətənpərvərlik tərbiyəsi üçün də son dərəcə əhəmiyyətlidir.
Nəzərə alsaq ki, “Mülki müdafiə” fənni üzrə 2,5 və 6-cı siniflər üçün son proqram 1996-cı ildə təsdiq olunaraq 1999-cu ildə nəşr olunub (4000 nüsxə) və bu günə kimi yenidən işlənərək təkmilləşdirilməyib və 2,5 və 6-cı siniflər üçün son proqram əsasında metodik vəsaitlər hazırlanmayıb, ”Mülki müdafiə” fənninin tədris olunmadığı 3-4, 7-9-cu siniflər üçün də sinifdənxaric (eləcə də məktəbdənkənar) məşğələ və tədbirlər üçün konkret planlaşdırma nümunələri mövcud deyil, problemin ciddiliyi daha da aktuallaşır. Təhsilalanların bütün təhsil pillələrində mülki müdafiəyə dair biliklərə mükəmməl yiyələnməsi və fövqəladə hallar zamanı təhlükəsiz davranış bacarıqları əldə etmələri üçün mükəmməl tədris-metodiki bazaya, müasir tədris resurslarına malik olmaq zərurəti ortaya çıxır. 24 il bundan əvvəl (?!-R.Ə.) hazırlanmış bu proqram bu günün tələblərinə cavab vermir, ciddi redaktəyə və təkmilləşdirilməyə ehtiyacı var, bu sahədə hərbi rəhbərin üzərinə daha böyük bir mütəxəssis öhdəliyi də düşür.
Müasir dövrdə fövqəladə hallarının miqyasının genişlənməsi və xarakterinin dəyişilməsi “Mülki müdafiə” fənninin aşağı siniflərdə daha ciddi, müasir tələblərə uyğun tədrisini gündəmə gətirir.
Yaxşı olardı ki, bu məqsədlə hərbi rəhbərlərin iştirakı ilə məktəblərdə “Mülki müdafiə” üzrə tədris-metodika kabineti təşkil edilsin, bu fənnin tədrisi ilə bağlı hər cür resurs,o cümlədən elektron resurslar dəsti burada toplansın.
Hər bir hərbi rəhbər ilk öncə, 2,5 və 6-cı siniflərdə “Mülki müdafiə” fənninin tədrisi üçün, köhnə də olsa, mövcud proqram əsasında təkmilləşdirilmiş planlaşdırma nümunələri tərtib etməli, hər bir mövzu üçün resurslar müəyyənləşdirməli, eləcə də elekrton resurs nümunələri (PPT) hazırlamalı, tədrisi aparacaq fənn müəllimini təlimatlandırmalı və ona metodiki dəstək göstərməlidir.
Yaxşı olar ki, hərbi rəhbər bu dərslərin təşkili və tədrisinə də mütəxəssis kimi rəhbərlik və nəzarət etsin.
Fənnin tədrisi tam başa çatıqdan sonra əldə edilmiş bilik və bacarıqların nəticələrini yoxlamaq üçün monitorinqlər də keçirilməsi məqsədəuyğundur. Bu zaman əsas diqqət praktiki vərdişlərin formalaşdırılması nəticələrinə yönəldilməli, davranış qaydaları və normativləri praktiki icrası yoxlanmalıdır.
“Mülki müdafiə” fənni keçilməyən 3-4, eləcə də 7-9-cu siniflər üçün nəzərdə tutulmuş sinifdənxaric məşğələlər üçün də planlaşdırma hazırlamaq da hərbi rəhbərin vəzifə öhdəliyi ola bilər. 2-9-cu siniflərdə “Mülki müda fiə” fənni və sinifdənxariş məşğələlərin düzgün təşkili hərbi rəhbərin 10-11-ci siniflərdə tədris etdiyi “Çağırışaqədərki hazırlıq” fənninin tədris keyfiyyətinin yüksəldilməsi, eləcə də zəruri kompitensiyaların əldə edilməsi üçün çox ciddi zəmin hazırlaya bilər.
Unutmayaq ki, mülki müdafiə ümumxalq işidir, mülki müdafiə ilə bağlı bilik və bacarıqlar hamıya tələblər səviyyəsində öyrədilməli, hər kəs zəruri davranış qaydaları ilə bacarıqlara mükəmməl yiyələnməlidir: bunun əsası isə ümumtəhsil məktəblərindən başlanır.
Rəfail Əliyev,
Əməkdar müəllim, istefada olan zabit-baş leytenant,
“Ən yaxşı müəllim” Respublika müsabiqəsinin, “Təhsildə
inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin
qalibi, “Çağırışaqədərki hazırlıq” fənni üzrə tədris
proqramlarının həmmüəllifi
"Təhsil" jurnalı
21 fevral 2024-cü il
Tarix: 21-02-2024, 21:21
Xəbəri paylaş