Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

M.Ə.RƏSULZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİNƏ DAİR

 




İmran Verdiyev,
 Azərbaycan Respublikasının Əməkdar müəllimi, [email protected]
 

Xülasə

Məqalədə  Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadənin pedaqoji  görüşlərindən söhbət açılır. Onun xalqın savadlanmasında məktəbin rolü haqqında fikirləri nəzərdən keçirilir. Uşaqların məktəblərə cəbl edilməsinin əhəmiyyəti barədə düşüncələri qeyd olunur. Ana dilli milli məktəblərin açılmasının vacibliyi haqqında fikirləri nəzərə çatdırılır. Böyük mütəffəkirin milli məktəblərin qarşısında duran əsas vəzifələr barədə görüşlərindən bəhs olunur.  Müəllim hazırlığı məsələləri barədə görüşlərinə diqqət çəkilir.

Summary
The article discusses the pedagogical meetings of M.A. Rasulzadeh, a social politician and statesman who is one of the founders of the Azerbaijan Democratic Republic. His views on the role of the school in educating the people are reviewed. His thoughts on the importance of involving children in schools are noted. His views on the importance of opening mother tongue national schools are taken into consideration. The great thinker's meetings about the main tasks facing national schools are discussed. Attention is drawn to his meetings about teacher training issues.
Açar sözlər
M.Ə.Rəsulzadə, AXC, maarif, milli məktəblər, ana dili, müəllim, 
Key words
M.A. Rasulzade, ADR, education, national schools, native language, teacher
 
    Yanvar ayının sonunda böyük mütəfəkkir, Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 140 ili tamam olacaqdır. 
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”  30 dekabr 2023-cü  il tarixli sərəncamında deyilir: “...M.Ə.Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyası, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın içtimai fikir tarixində xüsusi yer tutur...” [1]

   Böyük şəxsiyyət nitq və çıxışlarında, çoxsaylı məqalələrində və digər əsərlərində başqa məsələlərlə yanaşı elm, maarif və məktəb məsələlərindən də geniş bəhs etmişdir. Bu əsərlərdə irəli sürülmüş orijinal ideyaların məğzini millilik, varislik, xəlqilik və müasirlik təşkil edirdi. M.Ə.Rəsulzadə  maarifin rolü, təhsilin məzmunu, demokratikləşdirlməsi, humanistləşdirilməsi, müəllim şəxsiyyəti barədə qiymətli fikirlər söyləmiş, təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-şəxsiyyət konsepsiyasını yaratmışdır. 
Görkəmli içtimai-siyasi və dövlət xadimi “…namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etməkdə” maarifin böyük rolu olduğunu söyləyirdi. Təsadüfi deyildir ki,  H.Zərdabinin dəfnindəki çıxışında demişdi: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Yalnız maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər...”. 1914-cü ildə “Dirilik nədir?” adlı məqaləsində isə yazırdı ki, “Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur”.  Elmsizliyi “böyük və dəvası tapılmayan dərd” hesab edən, “millətin millət olması üçün onun elmi, təhsili və mədəniyyəti olmalıdır”, - söyləyən M.Əmin xalqın gələcəyini və tərəqqisini onun maariflənməsində görür, bu işdə məktəbi başlıca amillərdən biri hesab edirdi.   
        
     Rəsulzadə təlimin əhəmiyyətindən bəhs edərək deyirdi ki, bir millət məsud olmaq istər və başqalarının ayaqları altında altında əzilmək istəməzsə, ümumən bilikli və bacarıqlı olamalıdır, ümummillət oxumalı, təhsili-elm etməli, savad sahibi olmalıdır. Ona görə də dahi mütəffəkkir xalqın savadlandırılmasını, uşaqların məktəblərə cəlb edilməsini və məktəblərin sayının artırılmasını vacib hesab edir və yazırdı:  «Xəlqin işıqlanması üçün ibtidai məktəblərin artması və bu məktəblərin mümkün olduqca xəlqin ruh və adəti ilə müvafiq olması, heç şübhəsiz ki, ən əvvəlinci şərtdir”.
   
     Görkəmli dövlət xadimi 8-11 yaşlı uşaqların hər birinin birmənalı olaraq, məktəbə getməsinin təşəbbüskarı idi. O, Bakı kəndlərində məktəblərin vəziyyətini araşdırmışdır. Bu ərazilərdə təxminən 1200-ə yaxın şagirdin məktəbdən kənar qalması müəyyən edilmişdi. Bu da məlum olmuşdur ki, həmin dövrdə o ərazidə baş vermiş 162460  cinayət hadisəsinin 140621-i məktəb yaşlı uşaqlar tərəfindən törədilmişdir. M.Ə.Rəsulzadə deyirdi ki, əgər uşaqlar məktəbə cəlb olunsa, cinayətlərin sayı da aşağı düşər.[2]  
   
    O, qadınların təhsilini və məktəbəqədər təhsili ən vacib məsələlərdən hesab edirdi. Qadın problemi haqqında yazırdı: «Əgər bütün millətlərin qadınları azad və təhsillidirsə, Azərbaycan qadını onlardan geri qala bilməz». “Uşaq bağçası” adlı məqaləsində isə məktəbəqədər yaşlı uşaqların xüsusi təhsil müəssisələrinə cəlb edilməsini, burada onlara təlim-tərbiyə verilməsini və məktəbə hazırlanmasını vacib məsələlərdən sayırdı.  
 “Məktəb və mədrəsə” adlı silsilə məqalələrində və digər yazılarında köhnə təhsil sistemini kəskin tənqid edən M.Ə.Rəsulzadə  dövrün məktəblərinin fəaliyyət strukturunu, məzmununu, forma və xarakterini aydın təhlil edir, «verilən təhsilin son nəticəsi nə olacaq?” — sualından çıxış edərək məktəblər qarşısında duran məqsəd və vəzifələri məntiqi şəkildə izah edir, onları qruplaşdırır, burada tətbiq edilən mövcud təlim üsullarını dövrün tələbləri baxımından aydınlaşdırırdı.

  Onun darülmüəllimin (müəllim hazırlayan seminariyalar), rus-müsəlman, “Əli” və “Ömər”, klassik (məsçidə tabe olan məktəb və mədrəslər) təhsil müəssisələri, hökumətin açmaq istədiyi, milli darülmüəllimlər (seminariyalar) və milli məktəblər, Ali mədrəseyi-ruhaniyyə (darülmüəllimin) məktəbləri və maarif cəmiyyətləri barədə söylədiyi müsbət və tənqidi qeydlər yeni təhsil quruculuğunda çöx önəmli rol oynamışdır.[3]
Xalqımızın böyük oğlu, ilk dəfə olaraq Azərbaycan türkünün siyasi, hüquqi azadlığını mənəvi azadlıqla vəhdətdə götürmüş, demokratik təhsili, ana dilli, milli məzmunlu tərbiyə və ümumbəşəri dəyərli təlim üzrə qurulan məktəbi bunun üçün mühüm vasitə hesab etmişdir. 
O, çox vacib bir məsələyə də toxunaraq yazırdı: “Təlimi-ümuminin ana dilində olmasını tələb etməkdən əlavə bu təlimin nə kibi məktəblər vasitəsilə təmini məsələsi var”. Bəs M.Ə.Rəsulzadə nə cür və hansı məktəbləri nəzərdə tuturdu?  
Böyük mütəfəkkir bu suala özünün 1916-cı ilin 18 oktyabrında “Açıq söz” qəzetində yazdığı “Bizə nə kibi məktəb lazım?” adlı məqaləsində cavab verirdi:“Əgər biz bəlli-başlı bir millət olmaq istəyiriksə, özümüzə elə məktəblər təmin etməliyik ki, bizi bir millət olaraq tərbiyə etsin, ruhumuzu, mənəviyyatımızı tamamilə mühafizə edib özümüzü özümüzlükdən çıxarmasın. Belə bir məktəb, şübhəsiz ki, milli məktəbdir. O məktəb ki, orada bütün dərslər türkcə olsun, proqramı öz tərəfimizdən tərtib edilsin. Belə olarsa, bu millətə istədiyimiz müəllimi, mühərriri və alimi hazırlaya bilər və bu surətlə hazırladığımız milli mədəniyyət xadimlərini xalqın içinə, kəndlərə, obalara göndərir, bütün milləti işıqlandırmağa böyük bir amil vücuda gətirə biləriz”. 

   Ona görə, Azərbaycan övladları və gəncləri üçün milli dildə, milli ruhda, xalqın dini inancalarına uyğun, dünyəvi elmlərin, tarixin tədris ediləcəyi təhsil müəssisələri yaradılmalıdır O, milli məktəblərin vəzifəsini konkret olaraq bir cümlə ilə belə ifadə etmişdi: “Məktəblərdən, alimlərdən yaxşı ilə pisi  şəxsən müstəqil fərqləndirən vasitələrə sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənilir”. 
Göründüyü kimi M.Ə.Rəsulzadə sırf milli məzmunlu məktəb tərəfdarı olub. O, Azərbaycan təliminin uzun əsrlər fars və ərəb, XIX əsrdən isə rus təlim sistemində aparılmasını kəskin tənqid edirdi. Öz məqalələrində təhsilin təşkil edildiyi dilin həmin bölgədə aparılan imperialist siyasətinin bir parçası olduğunu dönə-dönə yazırdı. M.Ə.Rəsulzadəyə görə, yad dildə təlim-tərbiyə verilən  məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən  yad əxlaqlı bir insana çevrilir.  (Əlbəttə, M.Ə.Rəsulzadə xarici dilləri öyrənməyin tərəfdarı idi. Amma ana dilindən sonra)  

   Ona görə də M.Ə.Rəsulzadə milli əqidəyə, milli düşüncəyə, milli əxlaqa yiyələnmək üçün məktəbdə təlimin mütləq ana dilində və milli məzmunda aparılmasını gərəkli sayırdı. Millətin oyanışını, var olmasını dildə görürdü. “Dil həmən millətdir”,- deyən Rəsulzadə “Milli birlik” məqaləsində yazırdı: ”Milliyyətin ümdə rüxnünü təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir…”  [4]

 Milli məzmunlu məktəb tərəfdarı olan M.Ə.Rəsulzadə gənclərdə milli vicdanı, əxlaqı və özünüdərki inkişaf etdirmək üçün təhsil müəssisələrində millilik və dövlətçilik baxımından ana dili ilə yanaşı, milli ədəbiyyatı və tarixi də keyfiyyətli tədris etməyi vacib sayırdı. Milli ədəbiyyat nümunələrinin təsirindən bəhs edən M.Əmin “Azərbaycan Cümhuriyyəti” əsərində yazırdı ki. naməlum müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və s. bu kimi dastanlar ürək yaxan aşıq  sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk kütləsinin qəlbinə elə sinir, elə yerləşirdi ki, onunla farsın “Nuş afərin”i, “Fərhad və Şirin”i, hətta Firdovsi ilə Hafizi belə rəqabət edə bilməzdi”. Tarix dərsləri barədə isə deyirdi:”Bir millətin öz tarixini öyrənməklə inkişafı da başlıca məsələlərdən idi. Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad (birlik) və təməddün (mədəniyyət) amili təsəvvür edilə bilməz”.

   Rəsulzadə yazırdı: «Məktəblərin vəzifəsi yalnız elm vermək deyil, həmçinin gənc nəsli milli ruhda, öz adət və ənənəsinə bələd və sadiq bir şəkildə, millətinə yad olmayacaq, yaşadığı mühitə biganə qalmayacaq insan kimi yetişdirmək olmalıdır. Mətbuata malik, maarif cəmiyyətlərinin və elmin üstün olduğu bir zamanda hər şey gözümüz qarşısındaykən biz zəmanə insanları bir nəsil öncə atalarımızın buraxdıqları səhvləri etmədən övladlarımızı yalnız elmli olsun deyib məktəbə göndərməməliyik, həm də düşünməliyik yetişən nəsil kökünə, dilinə, dininə, adət-ənənəsinə, milli düşüncəsinə özgələşmədən, tərbiyə və davranışlarında naqis kəslər olmadan yetişsinlər. Yoxsa ki, bu tip nəslin yetişməsi bizim övladlarımız üçün buraxacağımız ən böyük səhv, günah yükü olar”.

    O, məktəbi elm mərkəzi, xalqdan başqa, heç kəsin və heç bir partiyanın mənafeyinə xidmət etməyən müqəddəs ocaq hesab edirdi. Məktəbdə  hər cür əmrə tabe, “qulağı sırğalı” gənclərin yetişdirilməsinə qarşı çıxırdı. ”Uşaqlarımızı haman öz ruhumuzda tərbiyə etməliyik” yazırdı.  
Böyük şəxsiyyət məktəblərdə milli əxlaqın və milli-mənəvi dəyərlərin formalaşdırılmasına xüsusi önəm verirdi. O, birlik və bütövlüyü, türklük və milli istiqlal prinsiplərinə sadiqliyi, verilən sözə bağlanılan anlaşmalara riayət etməyi, azadlığı, haqqı, ədaləti, demokratiyanı qorumağı, milli səviyyəni daim yüksək tutmağı milli əxlaqın əsas vəzifələri hesab edirdi. Qeyd edirdi ki, əxlaq və fəzilət (bilik) fərdləri yüksəltdiyi kimi, onu daşıyan millətə dünya ümuni-əfkarının bəsləyəcəyi etibar və etimadı da get-gedə yüksəldə və artıra bilər. Səviyyəsi düzgün və sağlam olan millət isə istiqbalından əmin ola bilər. 

   O, məktəblərdə milli adət-ənənlərin öyrədilməsini də vacib amillərdən hesab edirdi. Bilirdi ki, adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güçlü dövlətçilik quruculuğu arasında cıx vəhdət var. Adət-ənənələr bütün dövrlərdə dövlətin qüdrətli və uzunömürlü olmasında minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Qeyd edirdi ki, dilimizi, dinimizi, tariximizi qoruduğumuz kimi milli adət-ənənələrimizi də qoruyub yaşatmalıyıq. 

  Görkəmli şəxsiyyət təhsildə müəllimlərin rolunu yüksək qiymətləndirirdi. O, yaxşı bilirdi ki, “Hec bir təhsil sisteminin gucu onun tərkibində fəaliyyət gostərən müəllimlərin gucundən üstun ola bilməz”. Ona görə də qeyd edirdi ki, məktəblərə Azərbaycan övladlarına və gənclərinə milli dili bilən, milli ruhlu, xalqın dini inanclarına hörmətlə yanaşan, məqsədə çatmaq üçün gözəl  proqramlar hazırlayan və bu proqramları tətbiq edəcək hazırlıqlı müəllim heyəti lazımdır. Mövcud müəllim korpusunun vəziyyətindən və müəllim çatışmazlığından narahat olan Cümhuriyyət qurucusu “Kənd məktəbi və müəllimsizlik” adlı yazısında ölkədə, xüsusən kənd yerlərində müəllim çatışmazlığından, məktəblərdə təlim aparan mollaların səviyyəsindən söz acır, yeni müəllim hazırlayan məktəblərin açılmasının vacibliyinə toxunurdu.
Məşhur dövlət xadimi məktəbləri yeniləşdirməklə bərabər orada dərs deyən və milli məktəblərin işinə maneçilik törədən ruhani müəllimləri yeni ruhda tərbiyələndirməyi də zəruri sayırdı.  

  O yazırdı: “… mollaların qiyməti-şəxsiyyələri xəlqimizin tərəqqi və təməddünü (mədəniyyəti) nöqteyi-nəzərindən böyük bir əhəmiyyətə malikdir. Şübhəsiz ki, yeni elmlərdən bəhrəsiz, dünya və aləmdən xəbərsiz olan bir molla yeni üsul məktəbləri özünə rəqib görür və xəlq arasında köklənmiş əvam fikirliləri tərvicinə (rəvac vermə) ruhani bir zövq duyur...”. Göstərirdi ki, mollalar dünyəvi biliklərə də yiyələnməlidirlər. Ətrafda baş verən hadisələrdən baş çıxarmalı, daim yeniliyə can atmalıdırlar.

   M.Ə.Rəsulzadə yalnız ruhaniləri deyil, dünyəvi məkəblərdə işləyən müəllimləri yeni ruhda tərbiyələndirməyi lazım bilirdi. Müəllimlərin qarşısında bir sıra tələblər qoyurdu.
Bu tələblərdən ən başlıcası milli tələblər idi. Yəni müəllimlər ilk növbədə xalqın dilinə, adət-ənənəsinə və ruhuna bağlı insanlar yetişdirməlidirlər. «Müəllim uşaqlarına dərs verdiyi xalqın dilinə, adətinə aşina və onu sevər ruhlu və fəal bir xadim olursa, ancaq o zamandır ki, naqis də olsa, bizi tərbiyəyə mədar olan rus-müsəlman məktəblərindən faidə görəcəyiz. Yoxsa ortadakı kəndiliyindən bixəbər «uçitellər»dən yarımçıq «uçenik»lərdən başqa bir şey gözləmək əbəsdir”.[5]
 
   M.Ə.Rəsulzadənin pedaqoji görüşləri AXC-nin təhsil siyasətində öz əksini tapmışdı. AXC hökumətinin Xalq maarifinin yenidən qurulması barədə 16 maddəlik Proqramı məhz onun konsepsiyası əsasında hazırlanmışdı. Həmin Proqrama uyğun olaraq qısa müddətdə təsəvvür edilə bilməyəcək işlər görülmüş,     təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verilmişdi.
   
   M.Ə.Rəsulzadə özü Lahıcda gizli şəkildə qələmə aldığı “Əsrimizin Səyavuşu” əsərində təhsil sahəsində başlanmış irimiqyaslı maarifçilik hərəkatından danışarkən yazırdı: “Təhsil-tərbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın (maarifin, elmin) nuruyla işıqlandırmaq üçün ciddiyyətlə işə başlanmışdı. Ümumi öğrənimin (ümumi təhsilin) həyata keçirilməsi əsas tutularaq, bunu təmin etmək üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş erkək (kişi) va qızlar  darülmüəlliminləri vasitəsi ilə öyrətmənlər (müəllimlər) hazırlanırdı. İbtidai məktəblərin çoxalmasına xidmət etmək üçün xüsusi şəkildə İstanbuldan öyrətmənlər gətirilmişdi. Bundan başqa, xüsusi olaraq hər bir qəza mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif işində qadınların tərbiyəsi (təhsili) də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya və liseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.
          Azərbaycan gəncliyini elm va texnika əsrinə hazırlamaq üçün Bakı Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsrəfi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstanbula yollanması qərara alınmışdı...” [6]

           Bunlar təhsil quruculuğu sahəsində atılmış bu addımlar Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdəndir. Təəssüf ki, Şərqdə ilk türk Respublikasının – AXC-nin Rusiya “yəcuc və məcucları” tərəfindən devrilməsi bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu.[7] Lakin böyük mütəfəkkir və dövlət xadimi M.Ə.Rəsulzadənin əsasını millilik, varislik, xəlqilik və müasirlik təşkil edən pedaqoji görüşləri həmişəyaşardır. Bu gün AXC-nin varisi müstəqil Azərbaycan Respublikasının təhsil sisteminin inkişafında onun pedaqoji fikirlərindən uğurla istifadə edilməkdədir.    
İstifadə olunmuş ədəbiyyat:
 
  1. “Respublika” qəzeti, 30.12.2023.
  2. Talıbov Y, Sadıqov F.,Quliyev S.: “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi”, Bakı, “Ünsiyyət” 2000
  3. Kərimova S.: “XX əsrin əvvəllərində milli məktəb quruculuğu və ana dilinin tədrisi məsələləri”, “Azərbaycan məktəbi”, №3, 2018.
  4. Mürşidli M: “M.Ə.Rəsilzadə irsində təlim-tərbiyə məsələləri”, “Azərbaycan müəllimi” qəzeti, 31 yanvar 2020.
  5. Əzimova A.Q.: “M.Ə.Rəsulzadənin məqalələrində maariflənmə və mədəniyyət problemi”, Bakı Universitetinin xəbərləri №3.2014. Humanitar elmlər seriyası      
  6. Rəsulzadə M.Ə.: “Azərbaycan Cümhuriyyəti”, Bakı, “Elm”,1990
  7. Verdiyev İ: “AXC və təhsil”, “Təhsil” jurnalı, 31.05. 2018                              


Tarix: 21-01-2024, 19:47

Xəbəri paylaş