İbtidai siniflərdə texnologiya fənn kurikulumu
Səyyad Vəliyev,
Naxçıvan Müəllimlər İnstitutunun
“Ümumi fənlər” kafedrasının baş müəllimi
e-mail: [email protected]
Texnologiya fənni üzrə məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri vərdişlərə yiyələnmələri diqqət mərkəzində saxlanılmışdır. Müasir dövrdə şagirdlərə texnoloji mədəniyyətin aşılanması böyük əhəmiyyət kəsb edir. Resursların və informasiyaların insanların maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin zəruri tələb kimi irəli sürüldüyü bir vaxtda şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri mühüm vəzifədir. Elm və texnikanın sürətlə inkişafı, texnologiyaların durmadan yeniləşməsi də peşə və ixtisaslara tələblərin artmasını zəruri edir. Elə bir vəziyyət yaranmışdır ki, dar bir ixtisasla kifayətlənmək mümkün deyildir. İnsan öz texnoloji bacarıqları sayəsində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir. Ona görə də məktəblərdə gələcəyin geniş profilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməlinin qoyulması aktual problem kimi vacib hesab olunur.
Ümumtəhsil məktəblərində “Texnologiya” fənninin tədrisi şagirdlərin emal texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam etdirmələrinə hərtərəfli şərait yaradır. Təlim prosesində şagirdlər texniki fəaliyyət imkanlarını müəyyənləşdirir, problemlərin həlli üçün ideyalar irəli sürür, sadə texnoloji işləri yerinə yetirir və nəticələri qiymətləndirmək imkanı əldə edirlər. Fənnin tədrisi şagirdlərin xarakterinin formalaşdırılmasına, onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır. Şagirdlər ayrı-ayrı xidmət sahələri üzrə məhsuldar əməyə hazırlanır, onların politexnik dünyagörüşü genişlənir və şüurlu peşə seçmələri təmin olunur. Bu fənni öyrənməklə şagirdlər kompüter texnikasına və müasir texnologiyalarla ətraflı tanış olur, istehsalatdakı emal texnologiyalarına aid bilik və bacarıqlara yiyələnir, qarşıya çıxan problemləri həll etmək qabiliyyətləri əldə edirlər.
Texnologiya fənninin məqsədi yeni sosial-iqtisadi şəraitdə şagirdlərin müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümuməmək bacarıq və vərdişlərinə yiyələndirmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu çərçivə sənədinə uyğun olaraq ümumtəhsil məktəblərinin ibtidai siniflərində “Texnologiya” fənninin vəzifələri belə müəyyənləşdirilmişdir: İbtidai təhsil səviyyəsində şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal, özünəxidmət və birgəfəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat, modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqlar ölçü, mütənasiblik, simmetriya və digər həndəsi anlayışlar formalaşdırılır, sadə konstruksiyalar və yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur.
Texnologiya təliminin məzmununa görə ümumi təlim nəticələri ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird:materialları müqayisə edir və çeşidləyir, müvafiq texnologiyalardan (ölçmə, kəsmə,biçmə, tikmə,toxuma,qatlama, yapma, birləşdirmə və s.) və texnoloji vasitələrdən istifadə edir, sadə məmulatlar hazırlayır; sadə məişət xidmətlərini yerinə yetirir;birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının hazırladığı məmulatlara münasibət bildirir; təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və praktik fəaliyyətdə onlara riayət etdiyini nümayiş etdirir; yaradıcılıq tələb edən sadə model və layihələr qurur. Milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi nəticəsində “Texnologiya” fənninin məzmun xətləri müəyyənləşdirilmişdir:emal texnologiyaları;texnika elementləri; məişət mədəniyyəti; qrafika. Məzmun xətləri şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir.
Texnologiya fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır. Emal texnologiyaları əsas məzmun xətlərindən biri olub şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin ümuməmək bacarıqları və elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir. Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə şagirdlər məmulatın texniki və bədii konstruksiya edilməsinin əsas prinsipləri ilə yaxından tanış olur, estetik və dizayn tələblərinə uyğun müxtəlif məmulatlar hazırlayırlar.
Texnika elementləri məzmun xətti üzrə şagirdlərə gündəlik həyatda qarşılaşdıqları texnikanın ümumi xarakteristikasının öyrədilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri, istehsal texnologiyalarının təkmilləşdirilməsi, müasir texniki qurğular və konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq və vərdişlərin mənimsənilməsi nəzərdə tutulur.
Məişət mədəniyyəti məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə şagirdlər həyatda insana lazım olan davranış qaydalarına əməl etmək, ailənin və onun büdcəsinin idarə olunmasında iştirak etmək, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək, sadə təmir-tikinti işlərini yerinə yetirmək və bitkilərə qulluq etmək vərdişləri qazanırlar. Qrafika hər bir məmulatı hazırlayarkən, ilk növbədə, onun eskizini, sxemini, Qrafika hər bir məmulatı hazırlayarkən, ilk növbədə, onun eskizini, sxemini, texniki rəsmini, çertyojunu, təlimat xəritəsini çəkmək və oxumaq lazım gəlir. Məhz bu məqsədlə «Texnologiya» fənninin məzmununa daxil edilmişdir texniki rəsmini, çertyojunu, təlimat xəritəsini çəkmək və oxumaq lazım gəldiyindən, məhz bu məqsədlə fənninin məzmununa daxil edilmişdir.
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə şagirdin təlim nəticələrini müəllim ayırd etməyi bacarmalıdır.
Emal texnologiyaları:istifadə edilən materiallara əsasən məmulatların emalı texnologiyalarını fərqləndirir;məmulat hazırlamaq üçün emal prosesinə hazırlıq mərhələsini həyata keçirir; emal texnologiyalarından istifadə edərək fərdi qaydada sadə məmulatlar hazırlayır; müvafiq emal prosesində qrup daxilində işləmək bacarıqları, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarını gözlədiyini nümayiş etdirir;hazırladığı sadə məmulatları təqdim edir, yoldaşlarının hazırladığı məmulatlara münasibət bildirir.
Texnika elementləri:texnoloji maşınları və texnoloji vasitələri təsnif edir, onları ayrılıqda bir–birindən fərqləndirir;nümunə, sxem, şəkil və çertyojdan istifadə edərək müvafiq konstruktor detallarından texniki qurğuların, maşınların maket və modellərini qurur;maket və madellərin quraşdırılması prosesində kollektivdə birgə fəaliyyət və dizayn bacarıqları nümayiş etdirir.
Məişət mədəniyyəti: təlim-tədris yerini təşkil edir; ailə, məktəb və digər ictimai yerlərlə bağlı mədəni davranış və ünsiyyət qaydalarını sadə formada şərh edir; məişət texnikasından istifadə bacarıqlarını nümayiş etdirir; sadə təmir və bəzək işlərini yerinə yetirir; kulinariya və masa bəzəmək bacarıqları nümayiş etdirir; özünəxidmət qaydalarını və ekoloji mədəniyyət haqqında fikirlərini şərh edir; şəraitə və təbii imkanlara uyğun olaraq bitkilərin yetişdirilməsi və onlara qulluq qaydalarını izah edir.
Qrafika:qrafika fəaliyyətində zəruri alətlərdən istifadə bacarıqlarını nümayiş etdirir; texnoloji xəritələri oxuyur; sadə qrafik təsvir və çertyojlar çəkir.
“Texnologiya” fənni üzrə məzmün standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri nəzərə alınmışdır:problem həlli; təhliletmə və əsaslandırma; mühakiməyürütmə;əlaqələndirmə; təqdimetmə.
Məzmun standartları I sinfin nümunəsində təqdim olunmasını faydalı olacağını diqqətə çatdırmaq istəyirik.
I sinfin sonunda şagird: sadə emal texnologiyalarını tanıyır, emal prosesinə hazırlıq görür, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etməklə sadə məmulatlar hazırlayır, onları təqdim edir; texnoloji maşınları və texnoloji vasitələri təsnif edir, onları ayrılıqda birbirindən fərqləndirir; özünəxidmət, bitkilərə qulluqvə mədəni davranış qaydalarını sadə formada izah edir; zəruri məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir; sadə əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar.
Emal texnologiyaları- şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.
1.1.1. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) sadalayır.
1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir.
1.1.3. Emal vasitələrini sadalayır.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3.Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə sadə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı təqdim edir.
2. Texnika elementləri-şagird:
2.1.Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1. Verilmiş təsvirlərdə texnoloji maşınları (nəqliyyat, yük, məişət) və texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır.
2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır.
2.1.3. Məişət texnikalarını sadalayır.
3. Məişət mədəniyyəti-şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə formada şərh edir.
3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini bildirir.
3.1.4. Müxtəlif təyinatlı (səhər, nahar, şam, qonaq, bayram) yemək süfrələri və onların atributlarını sadalayır.
3.1.5. Səhər süfrəsini tərtib edir.
4. Qrafika-şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
4.1.2. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə əşyanın tam təsvirini çəkir.
Nəticə olaraq qeyd olunmalıdır ki,tədris prosesində mövzu ilə bağlı problemin həllində müasir təlim texnologiyalarından faydalanmaq lazımdır. İnkişaf etmiş ölkələrin təhsil sistemində istifadə edilən aktiv və ya interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində dinamik istifadə edilməkdədir. Bu metodların şagird şəxsiyyətinin formalaşdırılmasında xüsusi yeri vardır. Təlimi humanistləşdirmək, humanitarlaşdırmaq, demokratikləşdirmək şagird şəxsiyyətini formalaşdırmaq deməkdir.
"Təhsil"
15 yanvar 2024-cü il
Tarix: 15-01-2024, 20:37
Xəbəri paylaş