ƏN BAŞLICA AMİL...
Bu gün dünya ölkələrində ümumtəhsil müəssisələri nə qədər güclü infrastruktur və maddi-texniki bazaya malik olsa da, yüksək İKT avadanlıqları ilə təmin olunsa da, təhsilə ayrılan maddi vəsaitlər nə qədər çox olsa da, bu amillərin heç biri peşəkar müəllimlər olmadan təhsilin düzgün inkişafını təmin edə bilmir. Demək ki, bütün bu işlərin başında təhsilverənlərin peşəkar hazırlığının yüksək səviyyədə olması durur. Hansı ölkələrdə təhsilverənlərin səviyyəsi yüksəkdir və onların peşəkar işinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıbdırsa, həmin ölkələrin şagird nailiyyətləri də, ümumilikdə təhsil göstəriciləri də yüksək olur. Bu təhlillərdən belə bir nəticəyə gəlmək olur ki, təhsilin səviyyəsinin qaldırılması, nəticələrin yüksəldilməsində ən başlıca amil təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksək olmasıdır. Bu gün ölkələrin gücü ölçülərkən, həmin ölkənin təhsilinin səviyyəsi ən vacib meyar kimi əsas götürülür.
Yuxarıda aparılan təhlil və araşdırmalar müəllimin peşəkar hazırlığının vacibliyini önə çıxarır. Müəllimin işi onun fəaliyyəti ilə, şagirdlərinin əldə etdiyi nailiyyətlərlə, daha konkret desək, keçdiyi dərslə ölçülür. Müəllim keçəcəyi dərsin səviyyəsinin yüksəldilməsi üçün bir çox mühüm və vacib amilləri nəzərə almalıdır.
Peşəkar müəllim, ilk növbədə, özünü şagirdlərə sevdirməyi bacarır. Şagirdlərinin çətin günlərində onlara dəstək olur, onları sevir və onlara həmişə dəyər verir. Şagirdlər bu cür müəllimləri həmişə sevir, onların hər bir fikrinə hörmətlə yanaşır və onların yanında hörmət qazanmaq üçün hər zaman özünü nümunəvi göstərməyə çalışır. Demək ki, müəllim şagirdlərinə humanist yanaşma prinsipini dərs prosesi zamanı heç vaxt yaddan çıxarmamalıdır.
Müəllim dərs zamanı tək deyil. O, daima şəgirdlərinin əhatəsindədir. Müəllim dərs zamanı sinifdə həm istiqamət verəndir, həm sinfi idarə edəndir, həm dərs dediyi sinifdə komanda rəhbəridir, həm də sinfin lideridir. Dərs zamanı müəllim təkcə özünü yox, bütün şagirdləri, yəni komandasını düşünməlidir. Əgər sinifdə hər hansı bir şagirdin fiziki (aclıq, yuxusuzluq, susuzluq) və ya təhlükəsizliyi (mənzil problemi, qorxu, rahatsızlıq) ilə bağlı ehtiyacı olarsa, həmin şagirdi dərsə yönəltmək mümkün olmur. Peşəkar müəllimdə empatiya (özünü başqasının yerinə qoya bilmə) hissi var və o, komandasının bütün problemini öz problemi hesab edir. Buna görə peşəkar müəllim həm sevilir, həm də sinifdə şagirdlər arasında əsl lider kimi qəbul olunur.
Müəllim dərsə başlamazdan əvvəl və ya dərsin əvvəlindən dərs keçəcəyi sinifdə bütövlükdə sinfin, o cümlədən sinifdəki hər bir şagirdin gücünü müəyyən edib, dərsi şagirdlərin mövcud imkanlarını nəzərə almaqla qurmalıdır.
Müəllimlər adətən şagirdlərinə dostluğun, sadiqliyin, dürüstlüyün, vətənpərvərliyin nə olduğunu müxtəlif formalarda izah etməyə çalışırlar. Peşəkar müəllim dostluğu, sadiqliyi, dürüstlüyü, səmimiliyi daha çox öz real həyatlarındakı şəxsi nümunələri ilə göstərməyə çalışır. Bu şagirdlərə ümumbəşəri, milli-mənəvi dəyərlərin aşılanmasında daha effektiv yol hesab edilə bilər.
Yuxarıda qeyd etdiyim fikirləri dərsin zənginləşməsi, keyfiyyətinin artırılması, nəticələrin əldə olunması, şagirdlərin şəxsiyyət kimi formalaşması işində vacib məqamlar hesab edirəm.
Tarix: 21-12-2023, 13:05