Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

VƏTƏNİMİZİ GÖZ BƏBƏYİ KİMİ QORUMALIYIQ




 
      "Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşməlidir". Ulu Öndər Heydər Əliyevin təhsillə bağlı söylədiyi bu kəlam biz müəllimlərin üzərinə ciddi məsuliyyət qoymaqla işlərimizi məhz bu istiqamətdə qurmağa sövq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil” fikri ölkəmizdə yaşayan bütün ixtisas sahibləri kimi müəllimlərin də fəaliyyətini istiqamətləndirir. Ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində təhsilin inkişaf etdirilməsi istiqamətində böyük işlər görülmüş və indi də uğurla davam etdirilməkdədir.

     Xüsusən yeniyetmələrdə biz bu cür halların şahidi oluruq. Belə bir sual yaranır: Bəs yaradıcı müəllim gəncləri virtual və real aləmin mənfi təsirlərindən qorumaq üçün hansı addımları atmalıdır?

    Müşahidələrimə əsaslanaraq bunları deyə bilərəm ki, uşaqlar arasında yaşından tez böyüməyə cəhd edən, internətdən izlədiyi uşaq psixikasını pozan gərgin oyunlardakı hadisələri yoldaşlarına qarşı tətbiq etməyə cəhd edən uşaqları görürəm. Belə qənaətə gəlirəm ki, bir uşağı düzgün tərbiyə edib vətəndaş kimi yetişdirməkdə müəllimin nəzarəti ilə yanaşı valideyn məsuliyyəti də olmalıdır. Əgər bu üçlük birgə əməkdaşlıq etsə, şagirdləri zərərli vərdişlərdən daşındırmaq olar. Bunun üçün müəllim-şagird-valideyn üçbucağı deyilən əməkdaşlıq formatından bəhrələnmək olar. Yalnız bu əməkdaşlıq üçbucağını reallaşdırıb həyata keçirməklə istədiyimizi əldə etmiş olarıq. İlk növbədə, şagirdlərə onların bacarıqlarına uyğun dərsdənkənar tapşırıqlar, psixoloji testlər verərək bilik və bacarıqlarını nümayiş etdirəcək, zamanlarını faydalı və səmərəli keçirəcəklərinə əmin oluram. Valideynlə mütəmadi əlaqə saxlayaraq şagirddə baş verən dəyişiklikləri qeyd edirəm. Valideyn iclasında onların ünvanına deyiləcək xoş sözlər düşünürəm ki, bu da onlarda yaxşılığa doğru böyük dəyişiklik, məsuliyyət yaradır. Bu hal valideyni də mənim qədər sevindirir.

    Mənim üçün əsas amil uşaqlara vətənpərvərlik hissini aşılamaq, onları yüksək mənəvi ruhda tərbiyə etməkdir. Bu mənada informatikanın tədrisində vətənpərvərlik hissini aşılamaq üçün istifadə etdiyim bir iş təcrübəmi sizinlə bölüşmək istəyirəm.

   Ümumiləşdirici dərs olaraq tədqiqat və araşdırma xarakteri daşıyan “Vətənimiz” layihəsini həyata keçirmək üçün ilk olaraq torpağın bizim üçün nəyi ifadə etdiyini göstərən motivasiya qururam.

   “Dədə Qorqud” filmində əks olunan belə bir fraqmenti izləyirik. Yağılarla mübarizədən sonra çobanla şagirdi torpağı daşlardan təmizləyərkən  Dədə Qorqud uşağa belə bir nəsiət verir:

  - Oğlum, torpağı qoruya bilmirsənsə, əkib-becərməyə dəyməz, torpağı əkib becərə bilmirsənsə, onu qorumağa dəyməz!
 
   Bu ibrətamiz ifadənin ardınca monitorda tarixi Qarabağ torpaqlarımızın işğaldan əvvəl və sonrakı görüntülərini şagirdlərlə izləyirik. Onların yaddaşlarını təzələyərək Azərbaycanın başına gələn müsibətləri və haqsızlığı faktlarla göstərirəm. Biz bütün itirdiyimiz torpaqları, XX əsrin faciəsi sayılan Xocalı faciəsini izləyirik. Aldıqları informasiyaların şagirdlərdə necə reaksiya yaratdığını izləmək üçün cədvəl qururam. Sinifdə şagirdlərin ilkin biliklərini yoxlamaq məqsədilə onları qruplara bölürəm. Üç qrupun hər birinə Vətənimin dilbər güşələri haqqında müxtəlif təqdimat proqramlarında layihə hazırlamağı tapşırıram. Şagirdlərə iki həftə müddət ayıraraq Azərbaycanın tarixi, işğal olunmuş əraziləri və bu torpaqların azadlığı uğrunda canlarından keçmiş qəhrəmanlar haqqında araşdırmalar aparmağı tapşırıram.

Belə təqdimatları hazırlatdırmaqla məqsədim şagirdlərimin boş vaxtlarını səmərəli keçirməsinə nail olmaq və onlarda vətənpərvərlik hissi aşılamaqdır.

   Qarşıma qoyduğum bu məqsədlər öz bəhrəsini verməkdədir. Bu cür metodlardan istifadə etməklə uşaqları doğru istiqamətdə inkişaf etdirmək, onları şəxsiyyət kimi yetişdirmək hər bir müəllimin başlıca vəzifəsidir. Çünki hər bir uşaq sabahın vətənpərvər gəncidir. O, Azərbaycan Respublikasını sevməli, göz bəbəyi kimi qorumalıdır!
                                                                      Nigar  Sadıqova, 
                                                                            Bakı şəhəri Nəriman Nərimanov adına 45 nömrəli tam 
orta məktəbin informatika müəllimi

6 dekabr 2023-cü il


Tarix: 6-12-2023, 22:46

Xəbəri paylaş