Rus dili və ədəbiyyatı dərslərində vətənpərvərlik tərbiyəsi
Fəridə BAYRAMOVA
ADPU-nun nəzdində Azərbaycan
Dövlət Pedaqoji Kollecinin
rus dili müəllimi
“Vətənpərvərlik insanın canından, qanından gəlməlidir.
İstər – istəməz hər kəs bu Vətənin övladıdır və hər kəs bu Vətənə borcludur”.
Heydər ƏLİYEV
Hər kəsə bəllidir ki, harada yaşamasından və hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, insan doğulub boya-başa çatdığı elə, torpağa bağlı olur, daim onun həsrəti ilə yaşayır. Bu vətənpərvərlik hissi vətəndaşı olduğu ölkəyə sevgidən qaynaqlanır. Vətənpərvərlik elə bir məfhumdur ki, onun naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar göstərmək həyati əhəmiyyətli məsələ olmalıdır. Amerika yazıçısı Mark Tvenin dediyi kimi: ”Vətənpərvərlik-öz ölkəni hər zaman dəstəkləməkdir”
Vətənpərvərlik əcdadlarımızın ənənələrinə daim sadiq olmaqdan başlayır. Biz tək elmi nailiyyətlərlə və təbiətin fəth edilməsi ilə qürurlanmamalıyıq, həm də yüksək mədəniyyətimizlə fəxr etməliyik. Bu gün cəmiyyətimizin mənəvi prinsiplərinin formalaşdırılması zərurəti xüsusi əhəmiyyət kəsb edir. Müasir təhsilin humanistləşdirmə istiqamətində seçdiyi kurs, təhsilə kulturoloji yanaşma hər bir tələbədə vətəndaşlıq hisslərinin formalaşmasına, şəxsiyyətin inkişafına şərait yaradır. Doğma torpağın tarixi və ədəbiyyatı ilə dərindən tanışlıq əsl vətəndaş yetişdirməsinə xidmət edir. Vətənpərvərlik tərbiyəsi tələbələrin mənəvi-siyasi keyfiyyətlərinin formalaşması işinin ən mühüm istiqamətidir. Xalqımızın tarixi şəxsiyyətləri, qəhrəman oğulları, müharibə veteranları ilə görüşlər vətənpərvərlik tərbiyəsində güclü təsir qüvvəsinə malik olub, tələbələrin xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Təhsil ocaqlarında müəllim əsasən iki peşəkar rolda-müəllim və tərbiyəçi rolunda çıxış edir. Tərbiyədə ailədən çox cəmiyyətin rolu daha güclüdür. Ənənəvi pedaqogikada təhsil və tərbiyə prosesinin şərti bölgüsü mövcuddur. Bu bölgü şəxsiyyətin inkişafında təhsilin aparıcı rolu ilə əlaqədardır.
Müasir dövrdə tələbələr rəqabət qabiliyyətli və yeni bacarıqlara malik olmalıdırlar. Ən böyük istəklərimizdən biri odur ki, tələbələrimiz öz vətənlərini sevsinlər, müasir düşüncəli olsunlar, innovasiyalardan baş açsınlar. Buna görə Azərbaycan təhsilinin qarşısına cəmiyyətin inkişafında əsas amilə çevrilən şəxsiyyətin inkişaf problemlərini həll etmək məsələsi ortaya qoyulur.
Vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi vətənə məhəbbətdə, ona sədaqətdə, əcdadlarından örnək götürərək Vətəni müdafiə etməyə hazır olmaqda təzahür edir. Bu işdə didaktik materialın düzgün seçilməsi yaxşı nəticə verir. Tələbələrə imlaları yazdırarkən onlara mətnin əsas ideyasını müəyyən etməyi, vətənpərvərliyi formalaşdıran fikir və hisslərə diqqət yetirməyi təklif edirəm, məsələn: Xalqımızın cəsarətini və Vətənə sədaqətini daha çox nə zaman hiss etdiniz? Qəhrəmanlara düşməni məğlub etməyə nə kömək etdi? Siz də eyni şeyi edə bilərdinizmi?
Rus dilinin tədrisi prosesində müxtəlif mövzuları öyrənərkən atalar sözlərindən istifadə böyük tərbiyəvi əhəmiyyətə malikdir: “Hər kəsə öz Vətəni əzizdir”, “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Vətən daşı olmayandan, olmaz vətəndaşı” və s.
Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan hərbi əməliyyat əsl vətənpərvərlik meydanına çevrildi. Xalqımız yumruq kimi birləşərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mənfur qonşumuz Ermənistanın 30 il işğal altında saxladığı Qarabağı işğaldan azad etdi və tariximizə şanlı səhifə yazdı. Vətən uğrunda döyüşmək, hətta şəhid olmaq o dərəcədə güclü idi ki, müharibə zamanı ordumuzda bir fərari belə olmadı, ordumuz mövqelərindən bir addım geri çəkilmədi, belə ağır coğrafi məkanda düşmənin bir neçə müdafiə xəttini yararaq dünya hərb tarixində olmayan tarixi Qələbəni qazandı. Halbuki Ermənistanda 11000-dən çox fərari olmuşdu. Gəncədə, Bərdədə, Tərtərdə raket zərbələri nəticəsində evləri dağıdılan sakinlər: ” Təki Vətən sağ olsun, yalnız irəli ”-deyərək əsgərlərimizə ruh yüksəkliyi verirdilər. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan bayrağı Qarabağın hər yerində dalğalanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlərlə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: ”Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”.
Hər bir xalqın ədəbiyyatında dostluğu, qarşılıqlı anlaşmanı, vətənpərvərlik ruhunda tərbiyə etməyi ehtiva edən zəngin materiallar mövcuddur. Atalar sözləri, məsəllər, tapmacalar, mahnılar, dastanlar bu məqsədə xidmət edir. Rus ədəbiyyatı vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən xeyli romanlarla, povestlərlə, poemalarla və s. zəngindir.
M.Y. Lermontovun “Borodino” əsərində tələbələr vətəni düşməndən qoruyan sıravi əsgərlərin fikir və hisslərini, Lermontovun Borodino döyüşünün mənasını və sadə xalqın rolu haqqında fikirlərini, insanların vətənin şöhrətinin nə qiymətə əldə edildiyini açıqlayırlar. Dərsdə 1812-ci il müharibəsi və Borodino döyüşünün əhəmiyyətindən söhbət açılır, Lermontovdan təkcə şair kimi deyil, həm də Qafqaz döyüşlərinin iştirakçısı kimi bəhs edilir. Şeiri təhlil edərkən bir suala cavab axtarılır: “Niyə uzaq 1812-ci il hadisələrinin iştirakçılarının hissləri indi də bizi narahat etməkdə davam edir? Niyə Böyük Vətən Müharibəsi illərində Moskvanın müdafiəçiləri tez-tez Lermontovun sözlərini deyirdilər: “Uşaqlar! Moskva arxamızda deyilmi?”
N.V. Qoqolun “Taras Bulba" povesti dünya ədəbiyyatında tarixi-qəhrəmanlıq eposunun nadir nümunələrindən biridir. Əsər Ukrayna xalqının xarici işğalçılara qarşı apardığı mübarizədən bəhs edir.
Əsərin baş qəhrəmanı Taras, onun oğlu Ostap və digər kazaklar bu gün də bizim üçün əsl vətəndaş surətləridir. Povestdən bir daha aydın olur ki, kazak özündən dəfələrələ güclü olan düşmən qarşısında cəsarətlə dayanar, heç bir vaxt qaçmaz, ölümü gözləri altına alaraq torpağına, dostuna xəyanət etməyəcəkdir.
Qoqol Taras Bulba və onun mərd oğlu Ostap obrazlarını yaratmaqla kazakların bütün tipik xüsusiyyətlərini, qəhrəman sifətlərini toplayıb özünə məxsus şəkildə tərənnüm etmişdir. Yoldaşlığın məsuliyyətini Taras Bulba belə izah edir:
-“Yoldaşlıqdan daha müqəddəs hiss yoxdur. Ata öz balasını sevir, ana öz balasını sevir, uşaq öz ata və anasını sevir; lakin qardaşlarım, bu, mən dediyim deyildir. Heyvan da öz balasını sevir, ancaq qanla yox, ruhla yaxınlaşmağı bircə insan bacarır..".
Taras Bulba üçün vətənindən əziz heç bir şey yoxdur. Buna görə də o, düşmən qızına aşiq olan, düşmən silahı ilə silahlanmış oğlu Andreyin hərəkətini Vətənə xəyanət kimi qiymətləndirir, bir an belə tərəddüd etmədən öz əli ilə onu öldürür. Tarasın o biri oğlu Ostapı isə düşmənlər dar ağacından asırlar.
“Taras Bulba" əsərini tədris edərkən Azərbaycan xalqının igid övladlarının 44 günlük müharibədə və ya “Dəmir Yumruq” əməliyyatında göstərdiyi misilsiz qəhrəmanlıqlar yada düşür. Onlar Vətən üçün canlarından keçdilər, şəhadətləriylə ölümü ucaldıb əbədiyyata qovuşdular.
Belə qəhrəmanlardan biri Mübariz İbrahimovdur. 22 yaşlı gizir döyüş növbəsində oldugu vaxt başlanan atışmada şəxsi qəhrəmanlıq nümayiş etdirir. Təmas xəttinin minalanmış sahəsini keçərək Ermənistan ordusunun çox sayda canlı qüvvəsini məhv edir. Səhərə yaxın qeyri – bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycanın Milli Qəhrəmanı ilə vida mərasimindəki nitqində Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ – salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz gənclər üçün örnəkdir, nümunədir...”
Birinci və İkinci Qarabağ müharibələrində Mübariz İbrahimov kimi qəhrəmanlarımızın sayı minlərlədir.
Ali Baş Komandan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağın rayonlarına səfərləri, Qarabağın işğaldan azad edilmiş şəhərlərində üçrəngli Bayrağımızı öpüb yüksəkliyə qaldırması hər bir azərbaycanlı üçün vətənpərvərlik örnəyidir.
İstər klassik, istərsə də müasir ədəbiyyat nümunələrində vətənpərvərlik mövzusu həmişə ön planda olmuşdur. Ədəbiyyatımızın görkəmli nümayəndələri S.Vurğun, A. Səhhət, R. Rza, S. Rüstəm, M. C. Paşayev, B. Vahabzadə, M. Araz və digərləri həmişə sevilərək qiymətləndirilmişdir. Səməd Vurğunun “Azərbaycan” şeiri, Süleyman Rüstəmin “Ana və poçtalyon”, “Təbrizim” şeirləri milli ədəbiyyatımızın Vətənə, anaya məhəbbət mövzusunda yazılmış ən nümunəvi əsərlərindəndir.
Abbas Səhhətin “Vətən” şeirində vətənə sonsuz məhəbbətin ifadəsi öz əksini tapır. Tələbələrə izah edilir ki, şair bu şeiri gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə yazmışdır. Şair Vətəni ana ilə müqayisə edir. Vətən onu sinəsi üstə bəslədiyi kimi, o da Vətəni gözləri üstə saxlayacağını bildirir.
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanında vətəni sevməyin necə əhəmiyyət kəsb etməyi tələbələrə izah edilir. Əsərin qəhrəmanları gənc Mərdan, onun sarsılmaz anası Sona, Bahar, Yaqub, Mövlam kişi və digərləridir. Romandakı xarakterlərin hər biri fərdi xüsusiyyətlərə malikdir. Əsərdə Sonanın qətiyyətli hərəkətini hamı alqışlayır. Onun “İtə ataram, yada satmaram” deyərək xalçasını ingilisə satmaqdan imtina etməsi işğalçılara nifrət hissindən, Vətənə sonsuz sevgidən qaynaqlanır.
Azərbaycanın hərb tarixində döyüşçülərin ruh yüksəkliyini artırmaq üçün hər zaman vətənpərvərlik ruhunda bəstələnmiş hərbi mahnılara önəm verilib. Qəhrəmanlıq dastanlarımızda igidlərə nəğmələr qoşulub, düşmən üzərində qələbələr mədh olunub. “Misri”, “Heyratı”, “Cəngi”, “Heydəri” havaları bu gün də dillər əzbəridir. Bəstəkarlarımız hərbi vətənpərvərlik mövzusunda bir çox əsərlər yaradıblar. Milli Ordumuzun əsgərlərinin düşmənlə savaşdığı günlərdə Azərbaycan televiziya və radiosunun kanallarında, eləcə də sosial şəbəkələrdə hərbi-vətənpərvərlik mahnıları səslənirdi. ”Birinci batalyon”, “Cənab leytenant”, “Vətən əmanəti” “Vətən çağırır” və dillər əzbəri olan digər populyar mahnılar şərəfli döyüş yolu keçən Azərbaycan zabitlərinə həsr olunub.
Ümumiyyətlə, istənilən dərsin tədrisində Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də tələbələr üçün tərbiyə məktəbidir.
Doğma təbiətə məhəbbət-Vətənə məhəbbətin təzahürlərindən biridir və onun tərbiyəsi daha çox rus dili müəllimindən asılıdır, çünki tələbələri Vətənin poetik obrazı ilə tanış edən məhz odur. Tələbələrdə təbiət sevgisini aşılamaq üçün doğma çayların, meşələrin və çöllərin, dəniz və dağların füsunkar mənzərələrini yaradan yazıçılara, şairlərə və rəssamlara müraciət edirik.
Gənclər arasında vətənpərvərlik ruhunun formalaşdırılmasında, əsl vətəndaş kimi yetişməsində rəssamlığın rolu danılmazdır. Dahilər bu peşənin insan psixologiyasına təsirləri barədə fikirlər səsləndiriblər. Əfsanəvi partizan, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadəyə alman faşizminə qarşı mübarizə aparmağa əzm verən onun çəkdiyi əsərlərin də təsiri olub. Xocalı faciəsi, 20 Yanvar, işğal altında olan torpaqlarımızda erməni işğalçılarının törətdikləri vəhşiliklər çağdaş rəssamlarımızın əsas mövzularından olub.
Hazırda qloballaşan dünyamızda rus dili və ədəbiyyatı dərslərində vətənpərvərlik tərbiyəsində bir çox yeniliklər tətbiq edilir. Vətənpərvərlik tərbiyəsinin təşkilinə yeni konseptual yanaşmaların işlənib hazırlanması müəllimin qarşısında duran aktual vəzifədir. Hər şeyin maraqlı və dərk edilməsi üçün müəllim ümumilikdə təhsilin bütün əsaslarını bilməli, tələbələrin qəlbində vətənpərvərlik hissləri oyatmalıdır. Vətənpərvərlik məsələsi bu gün xüsusilə aktuallaşır, çünki vətənpərvərlik olmadan şəxsiyyətin heç bir mənəvi inkişafı ola bilməz. Şəxsiyyət-xalqının tarixinin, mədəniyyətinin qoynunda yetişmiş insandır. Vətənpərvərlikdən kənar insan həm də tarixdən kənar, mənəvi varlıqdan kənar insandır, yəni. insani xüsusiyyətlərdən məhrum olan şəxsdir.
Peşəmizin səciyyəviliyi ondadır ki, biz ağıl və xeyirxahlıq toxumu səpirik, amma onlar tez və ya birdən cücərmir, müəyyən zaman tələb olunur. Bəzən də heç cücərmir.
Ancaq kollecimizin dərs dediyimiz tələbələri az da olsa, bir-birlərinə, ətrafdakı insanlara qarşı daha mehriban, qayğıkeş olsalar, borc, şərəf, məsuliyyət, ədəb anlayışlarını real həyatda tətbiq etsələr, biz öz vəzifə borcumuzu tam olmasa da, yerinə yetirmiş hesab edə bilərik.
Tarix: 21-10-2023, 17:41
Xəbəri paylaş