Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

HEYDƏR ƏLİYEV VƏ AQRAR TƏHSİL SAHƏSİNDƏ QAZANILAN UĞURLAR


 
1969-cu ilin iyul ayından başlayaraq Azərbaycanın dinamik inkişafının
təmin edilməsində Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilən Heydər Əliyev fəaliyyətinin ilk günlərindən kadrlara qarşı
tələbkarlıq gücləndirildi, intizam formalarının möhkəmləndirilməsi istiqamətində
əsaslı işlər görüldü ki, bu da Respublikada bütün sahələrdə məsuliyyətin
artırılmasında, istehsalat nailiyyətlərinin qazanılmasında həlledici amil oldu.
Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda Respublikada real
vəziyyət və yaranmış böhrandan çıxmağın yolları müzakirə edildi.
    Kamil mütəxəssis probleminin həllini ümdə vəzifə hesab edən Ulu Öndər Heydər
Əliyev kənd təsərrüfatı sahəsində ali və orta pillə kadrlarının hazırlanması və
yerləşdirilməsi işinə xüsusi diqqət yetirir, onlara yüksək qayğı göstərirdi. Belə
mütəxəssislər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (ADAU) və o illərdə fəaliyyət
göstərmiş kənd təsərrüfatı texnikumlarında hazırlanırdı.
   Həmin illərdə Respublikada kənd təsərrüfatının ixtisaslı kadrlarla təmin
edilməsində texniki-peşə məktəblərinin də rolu əhəmiyyətli dərəcədə idi.
Beləliklə, kənddə kadrların düzgün seçilib yerləşdirilməsi nəticəsində
respublikamız ildən-ilə tərəqqi edir, məhsul bolluğu yaranır, xalqın maddi həyat
səviyyəsi yüksəlirdi.
   Yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması baxımından
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yarandığı bir əsrdən artıq müddətdə müstəsna 
rol oynamışdır.
 Respublika Mərkəzi Arxivinin və Azərbaycan Dövlət Aqrar
Universitetinin arxiv sənədlərinə istinadən qeyd edək ki, 1920-ci il noyabrın 13-də
Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə Bakı
Politexnik İnstitutu təsis edilmiş, dekabrın 14-də həmin institutun tərkibində kənd
təsərrüfatı fakültəsi yaradılmışdır. 1921-ci ilin yanvar ayından bu fakültədə mütəxəssis
hazırlığına başlanılmış, 1924-cü ildə ilk buraxılış olmuşdur.
Azərbaycan Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə
Bakıda, kənd təsərrüfatı fakültəsinin bazasında müstəqil Kənd Təsərrüfatı İnstitutu
təşkil edilmiş, 1931-ci ildə Gəncə şəhərinə köçürülmüşdür. İnstitut 1991-ci ildən
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən isə  Azərbaycan Dövlət Aqrar
Universiteti adlanır.
Bu ali təhsil və elm məbədində çox görkəmli alimlər ordusu
fəaliyyət göstərmişdir. Akademiklər Həsən Əliyev, Firuz Məlikov, İmam Mustafayev,
Validə Tutayuk, Ələkbər Quliyev, Musa Musayev, Vahid Hacıyev, Məmmədtağı
Cəfərov və onlarla digərləri bu ali məktəbin məzunları olmuşlar. Akademiklər Yusif
Məmmədəliyev, Çingiz Cuvarlı, Məmmədtağı Qəniyev, Əlisöhbət Sumbatzadə, İosif
Yesman, Aleksandr Qrossheym, İstiqlal şairi Əhməd Cavad və bir çoxları burada
çalışmışlar. Məzunların arasında onlarla SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları
laureatları, SSRİ və Azərbaycan SSR Ali Sovetinin  deputatları, Sosialist Əməyi
Qəhrəmanları olmuşdur.
Təəssüflər olsun ki, keçən əsrin 80-ci illərinin sonundan başlayaraq, 90-cı illərin
başlanğıcınadək aparılan səriştəsiz siyasətin nəticələri ölkəmizdə ali aqrar təhsilin
mərkəzi sayılan bu institutdan da yan keçmədi. O illər ərzində aqrar iqtisadiyyata,
aqrar təhsilə və elmə ciddi ziyan vuruldu, uzun illər ərzində qazanılmış maddi-texniki,
elmi-pedaqoji potensial minumuma endirildi.
Bir tərəfdən Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı, keçirilən
mitinqlər, müxtəlif çağırışlar, digər tərəfdən, ali təhsil müəssisələrinin, o cümlədən bu
institutun maddi-texniki bazasının yararsız hala salınması, tələbə qəbulunun minimuma
enməsi vəziyyəti xeyli çətinləşdirmişdi. O illərdə istilik sistemi yox idi, tədris
avadanlıqları çatışmırdı. Azərbaycanın təhsil sistemi kimi, bu təhsil ocağı da ciddi
böhran keçirirdi. Bu acınacaqlı vəziyyət 1993-cü ilin yayına kimi davam etdi.
Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən
hakimiyyətə gəldikdən sonra. əvvəlcə ölkədə siyasi sabitlik bərqərar oldu, Ermənistanla
 atəşkəs elan edildi. Ölkə iqtisadiyyatı tədricən möhkəmləndi, təhsildə irəliləyişlər
hiss olunmağa başladı. Ulu Öndər Heydər Əliyev tərəfindən o zaman üçün çox mühüm
olan ali təhsil müəssisələrinə dövlət hesabına qəbulla yanaşı, ödənişli əsaslarla tələbə
qəbulu aparılması haqqında qəbul edilən qərar təhsil tarixində yaddaqalan bir sənəd
oldu.
1998-ci il martın sonunda Prezident Heydər Əliyevin imzaladığı Sərəncama
əsasən, təhsil sahəsində islahatlar aparmaq üçün xüsusi komissiya yaradıldı. Komissiya
Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq “Təhsil islahatı proqramı” hazırladı.
Ulu Öndər Heydər Əliyevin iştirakı ilə dəfələrlə müzakirələr aparıldı və 1999-cu il
iyunun 15-də proqram Prezident Heydər Əliyev tərəfindən təsdiq olundu. Burada
təhsilin bütün pillələri, onların hər birinin mövcud vəziyyəti, problemlər, onların həlli
istiqamətində mərhələlər üzrə həyata keçiriləcək tədbirlər öz əksini tapmışdı.
Onu da  qeyd etmək lazımdır ki, 1992-ci ildə təsdiq olunan Təhsil Qanununa görə ölkənin 
ali məktəblərində bakalavriat və magistratura üzrə ikipilləli ali təhsil sisteminə
keçilmiş, onların proqramları, planları təsdiq edilmişdi. 1999-cu ildən sonra, əsaslı
islahatlar nəticəsində Azərbaycanda təhsil sahəsində ciddi addımlar atıldı, həmçinin,
ali təhsil sahəsində də bir sıra əhəmiyyətli işlər görüldü.
Ümumiyyətlə, zamanın hər bir mərhələsində dövlətin və millətin inkişafında təhsilin
müstəsna xidməti olub. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev təhsili millətin
gələcəyi adlandırırdı. Elmi və təhsili olmayan millət, əlbəttə, qabaqcıl millətlər
sırasında ola bilməz. Bu baxımdan, elm və təhsilin inkişafına daha çox ehtiyac, tələbat
duyulur. Bu həm də onunla bağlıdır ki, dünyada maddi sərvətlər tükənməkdədir.
Alimlər, elm adamları yeni qaynaqlar axtarışındadır. Hazırda  inkişaf etmiş
ölkələrdə elmə əsaslanan iqtisadiyyatın qurulması ən prioritet  sahələrdəndir.
 Cəmiyyətin bugünkü səviyyəsi elmin, yeni texnologiyaların inkişafını birbaşa
zərurət kimi qarşıya qoyur. Bu prosesdə, sübhəsiz, ali təhsilin müstəsna rolu var. Yəni,
ali təhsil bu işdə lokomativ rolunu oynamaqla, bir tərəfdən ölkədə təhsilin
inkişafını təmin edirsə, digər tərəfdən, kadr potensialını formalaşdırır.
Ulu Öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə ölkəmizdə cəmi
4 ali məktəbə, o cümlədən,  Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna  muxtariyyət hüququ verildi. Sonralar bu  siyahıya bir neçə ali məktəb də daxil oldu.
1969-1982-ci illərdə Ulu Öndərimizin bilavasitə diqqəti və qayğısı sayəsində
Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar
Universiteti) hər il güzəştli tələbə qəbulu həyata keçirilirdi, ucqar və dağlıq
rayonlardan gənclərin, xüsusən, azsaylı xalqların nümayəndələrinin qəbuluna daha
ciddi yanaşılırdı, böyük üstünlüklər verilirdi.
Yeri gəlmişkən, məhz  Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti
nəticəsində 1970-ci ildən başlayaraq, hər il keçmiş İttifaqın nüfuzlu ali təhsil
müəssisələrinə azərbaycanlı gənclərin müsabiqədənkənar qəbulu kimi, gələcək 
üçün çox böyük və  əhəmiyyətli işlər həyata keçirilirdi.
 1969-1982-ci illərdə keçmiş İttifaqın 170 nüfuzlu ali məktəbində 150 ixtisas üzrə 15 mindən çox Azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradılmışdır. Həmin gənclər sonradan Azərbaycanın inkişafında mühüm rol oynamışlar.
1982-ci il də daxil olmaqla, hər  dərs ilinin başlanğıcı ərəfəsində-avqust ayının
sonlarında respublikamızda  Heydər Əliyevin rəhbərliyi, hökumət üzvlərinin, dövlət
xadimlərinin iştirakı ilə indiki H. Əliyev sarayında yeni qəbul olunmuş tələbələrin
görüşü keçirilirdi. Bu görüşlərin hamısında Heydər Əliyev geniş nitq söyləyir, öz
tapşırıq və tövsiyələrini verirdi. Bununla yanaşı, hər il iyul ayının ortalarında Ulu
Öndərin rəhbərliyi ilə Mərkəzi Komitənin büro iclaslarında tələbə qəbulu ilə bağlı
mərkəzi orqanların rəhbərləri, ali məktəb rektorları və ictimai təşkilatların
nümayəndələrinin iştirakı ilə geniş müzakirələır aparılırdı. Həmin görüşlərdə və
iclaslarda bu sətirlərin müəllifi də 1978-1982-ci illərdə İnstitut komsomol komitəsinin
katibi və əməkdaşların Həmkarlar İttifaqı Komitəsinin sədri kimi iştirak etmişdir.
Ulu  Öndər müstəqillik illərində də xarici ölkələrə təhsil almağa gedən, həmçinin, ölkəmizin
ali məktəblərinə yüksək balla qəbul olunmuş tələbələrlə görüşlərini davam etdirirdi.
Yuxarıda qeyd edildiyi kimi, Ulu Öndər Heydər Əliyev  qədim təhsil və elm
Ocağı olan Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna  daim böyük diqqət və qayğı göstərirdi. 1978-ci ilin iyun ayında məhz Ulu  Öndərin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kadr hazırlığının daha da yaxşılaşdırılması və onun tədris-maddi   bazasının möhkəmləndirilməsi tədbirləri haqqında” 210 nömrəli birgə qərarı
qəbul olundu. Bu qərarda tədris prosesinin, elmi-tədqiqatların, tərbiyə işlərinin
keyfiyyətinin daha da yaxşılaşdırılması proqramı nəzərdə tutulmuşdu. Həmin qərarın
tələblərinə uyğun olaraq Gəncə-Göygöl (Xanlar) şəhərləri arasında 300 hektarlıq
sahədə Kənd Təsərrüfatı İnstitutunun böyük kompleksinin tikilməsi planlaşdırılmış, bu
məqsədlə keçmiş İttifaq büdcəsindən külli miqdarda maliyyə vəsaiti ayrılmışdı.
1979-cu ildən bu işlərə ciddi şəkildə başlanıldı. Xeyli tikintilər, kommunikasiya
işləri həyata keçirildi, 2 yataqxana, 1 qazanxana inşa edildi, bir neçə tədris
korpusunun, dendroloji parkın, ippodromun əsası qoyuldu. 1990-cı ildən sonra isə bu işlər
məlum səbəblərdən dayandırıldı.
1969-cu il iyulun 14-də respublikanın rəhbəri seçilən Heydər Əliyevin təşəbbüsü
ilə həmin il iyulun 22-də “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinin
keçirilməsi haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı
qəbul edildi. Yubileyin dekabrın 14-də keçirilməsi qərara alındı. Lakin  üzürlü
səbəblərdən yubiley həmin tarixdə keçirilmədi. 1979-cu ildə yubileyin keçirilməsi
yenidən gündəmə gəldi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 13 mart tarixli
qərarına əsasən SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli Fərmanı
ilə zəngin tarixə malik bu tədris və elm ocağı 50 illik yubileyi münasibəti ilə
yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında
xidmətlərinə görə “Şərəf Nişanı” ordeni ilə təltif edildi. Bir qrup əməkdaşımız fəxri
adlara və Dövlət mükafatlarına layiq görüldü. Gəncə (Kirovabad) şəhər Partiya
Komitəsinin birinci katibi Həsən Həsənovun rəhbərliyi və çox yaxından iştirakı ilə
yubiley şənliklərinə ciddi hazırlıq işləri aparıldı. Və 1980-ci il dekabrın 16-da
Gəncədə, keçmiş “Bakı” kinoteatrının  böyük salonunda Moskvadan, Bakıdan,
Gürcüstandan, Dağıstandan və digər ölkələrdən yüksək səviyyəli qonaqların iştirakı ilə
yubileyə həsr olunmuş təntənəli yığıncaq keçirildi.
 Yubileydə o dövrdə Azərbaycanın rəhbəri olmuş Ulu Öndər Heydər Əliyev Azərbaycan kəndinin, xüsusən, AKTİ-nin (ADAU)  yarıməsrlik fəaliyyətinin  ayrı-ayrı mərhələlərindəki uğurlarını əks etdirən proqram əhəmiyyətli nitq söylədi.  Heydər Əliyev  nitqində xüsusi olaraq vurğuladı ki, “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksəkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır!”
Ulu Öndərimiz Sovetlər İttifaqının rəhbərliyi adından “Şərəf
Nişanı” ordenini təntənəli şəkildə institutun bayrağına sancdı.
 
Bu tarixi hadisəni həmin yubileydə iştirak etmiş əməkdaşlarımız məmnunluqla
xatırlayırlar.
Ulu Öndərin yubiley nitqində söylədiyi  müddəalar indi də Aqrar Universitetdə
layiqincə yerinə yetirilir, aqrar sektorun perspektivlərinin hazırkı şəraitində
kollektivimiz qarşısında daha gərgin işləmək əhval-ruhiyyəsi  yaradır.
Heydər Əliyevin tövsiyəsi və tapşırığı ilə hələ 1979-cu ilin mart ayında Gəncədə
yaradılmış “Xatirə parkı”nın AKTİ-yə (ADAU)  ayrılmış sahəsində yubiley günü ona əkmək
üçün şam ağacı gətirdilər. Ulu Öndər ağacı kənara qoyaraq “Mənə çinar verin, mən
Gəncədə çinar əkəcəyəm” demişdi. Bu gün Ulu Öndərin əkdiyi həmin çinar ağacı
“Heydər Əliyev park kompleksi”nə xüsusi təravət bəxş edir.
Heydər Əliyevin konsepsiyasına uyğun olaraq, onun ölkəyə rəhbərliyi dövründə
aparılan islahatlar 20 ildir cənab İlham Əliyev tərəfindən ardıcıl və fasiləsiz davam
etdirilir, Azərbaycanın  bugünkü iqtisadi, siyasi və hərbi qüdrəti təmin edilir.
Bu illər ərzində ölkəmizin ali təhsil sistemində əhəmiyyətli dəyişikliklər baş
vermişdir. 2005-ci ilin mayında Azərbaycan rəsmi olaraq Bolonya prosesinə qoşulmuş
və Bolonya Bəyannaməsinin tələblərinə uyğun ali məktəblərimizdə islahatlar
aparılmağa başlanılmışdı. Bu baxımdan, ADAU-nun da beynəlxalq əlaqələri genişləndi,
maddi-texniki bazası sürətlə möhkəmlənməyə başladı.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq, Prezident  İlham Əliyevin göstərişi ilə ayrılmış
xüsusi maliyyə vəsaiti hesabına Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-
texniki bazası xeyli möhkəmləndirilmiş və müvafiq işlər həyata keçirilmişdir. 2016,
2017 və 2020-ci illərdə cənab İlham Əliyev Gəncəyə səfərləri çərçivəsində bir neçə
obyektin, o cümlədən ADAU-da müasir standartlara cavab verən 2 tələbə
yataqxanasının və 1 tədris korpusunun açılışlarında şəxsən iştirak etmişdir. Cənab
Prezidentin bu mərasimlərdə iştirakı professor-müəllim heyətinin böyük ruh
yüksəkliyinə səbəb olmuş, onları daha yaxşı işləməyə  ruhlandırmışdır.
Kollektivimiz bu gün də həmin o xoş duyğularla yaşayır.
Azərbaycanda təhsillə bağlı son nailiyyətlər beynəlxalq təhsil ekspertlərinin
hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, 2012-ci ilin may ayında
ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə UNESCO-nun və İSESCO-nun təhsillə bağlı beynəlxalq
konfransları məhz müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi
daxili və xarici siyasət beynəlxalq aləmdə xalqımızın iradəsinin təsdiqinə, ölkəmizin
beynəlxalq imicinin artırılmasına əlverişli şərait yaradır. Bu siyasi kursun əsasını isə
xalq və dövlət qarşısında öz xilaskar missiyasını şərəflə yerinə yetirmiş Ulu
Öndərimiz, əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyev qoymuşdur.

Nüsrət Hüseynov,
dosent, qabaqcıl təhsil işçisi


Tarix: 18-10-2023, 14:14

Xəbəri paylaş