Biologiyanın tədrisində yeni yanaşma
Məhərrəm Nurullayev,
Lənkəran rayonu Separadi kənd tam
orta məktəbin
biologiya müəllimi
orta məktəbin
biologiya müəllimi
Uzun illər ümumtəhsil məktəbində ixtisasım üzrə biologiya fənninin tədrisi ilə məşğul oluram. Qazanılan təcrübəmdən aydın olur ki, şagird şəxsiyyətinin ahəngdar inkişafı və idrak fəallığında biologiya fənninin geniş təsir imkanları vardır. Bu sahədə mühüm əhəmiyyət daşıyan kurikulum islahatı fəal-interaktiv təlimə əsaslanıb tədrisdə yeni yanaşmanı reallaşdırdı. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərində biologiya fənninin kurikulumunda onun məqsədi, vəzifəsi, məzmun xətləri və onları əsaslandırması, ümumi təlim nəticələri, məzmun standartları, alt standartları, fənlərarası və fəndaxili inteqrasiyanı, təlim strategiyaları, qiymətləndirmə təsbit olunmuşdur. Biologiya fənninin kurikulumu qeyd olunan tələbləri müəllimdən zəruri bilik və bacarıqla yanaşı, səriştə və peşəkarlıq tələb edir. Burada müəllim fənnin tədrisində ənənə və müasirlik baxımından fərqli cəhətləri aydılaşdırmağı bacarmalıdır. Biologiya fənni üzrə məzmun xətti ümumi təlim nəticələrini əldə etmək üçün müəyyən edilən əsas məzmunun zəruri hesab edilən tərkib hissəsidir.
Biologiya fənni ardıcıllıqla qeyd olunan məzmun xətləri üzrə xarakterizə olunmalıdır: Canlıların quruluşu və müxtəlifliyi;Bioloji proseslər; İnsan və onun sağlamlığı;Canlılar və ətraf mühit. Kurikulumda məzmun xətləri sadədən mürəkkəbə doğru dəyişir. Kurikulum ümumtəhsil məktəblərində biologiya fənninin əsas məqsədini müəyyənləşdirməklə təlim nəticələrini əldə etmək və şagirdlərin imkan və bacarıqlarına istiqamətlənmiş konseptual sənəddir. Ənənəvi dərslərdən fərqli olaraq kurikulumda dərslər şagirdyönümlüdür. Ənənəvi dərslərdə üstünlük müəllimlərə verilir. Kurikulum də isə müəllim bələdçi,şagird tədqiqatçı rolunu oynayır. Şagirdlər təhlil kimi əqli mühakimədən istifadə edir, bu da onların məntiqi təfəkkürünün inkişafını artırır.Nəticədə mühakimə yürütmək qabiliyyətinə malik olurlar. Biologiya dərslərində informasiya texnologiyalarından istifadə müəllimə bir sıra imkanlar yaradır. Bunlardan təlim-tərbiyə prosesinin gedişində şagirdlərin şüurlu fəaliyyətinin təşkil edilməsi, təlim prosesində fərdi yanaşma üsulunun tətbiqinə daha böyük imkanlar yaradılması və qısa vaxt ərzində aləmdə baş verən hadisə və prosesi ardıcıllıqla izləməyə səbəb olur.
Biologiya dərslərində İKT vasitələrindən istifadə edərkən dərsin mərhələləri əvvəlcədən aydınlaşdırılmalı olur. Bununla yanaşı bioloji biliklərin şagirdlərin həyat və fəaliyyətində mühüm rol oynadığını da nəzərdə saxlamaq lazımdır. Məhz bioloji təhsil sayəsində hələ yeniyetməlik yaşlarından şagirdlərdə özünə, ətrafdakılara, ümumiyyətlə, bütün canlılara qarşı diqqətli və ehtiyatlı münasibət, təbiətə məhəbbət hissi formalaşır. Şagird müəyyən dərəcədə öz sağlamlığının qayğısına qalmağın mühüm olduğunu anlayır. Öz orqanizminin quruluşunu və funksiyalarını bilir, ekologiyanın nə demək olduğunu anladığına görə onda bitki və heyvanlar aləminə qarşı rəğbət hissi yaranır. Bütün bunlar şagirdlərin dünyaya baxışını dəyişir, onlar kamil bir şəxsiyyətə çevrilir. Bioloji elmlər planetimizdə unikal hadisə olan həyatın qanunlarını açmaqla məktəblinin ekoloji mədəniyyətini formalaşdırır. Biologiya dərslərinin tədrisi prosesində şagirdlərin mənəvi tərbiyə işinin həyata keçirilməsi bu fənnin diyarşünaslıq istiqamətindən istifadə edilməsindən çox asılıdır.
Müşahidələr göstərir ki, şagirdlər doğma diyarın təbiəti, canlılar aləmi haqqında kifayət qədər məlumatlı deyillər. Diyarşünaslıq istiqaməti tələb edir ki, doğma yurdun öyrənilməsinə kompleks şəkildə yanaşılsın. Şagirdlər öz doğma diyarını geniş və sistemli şəkildə öyrənməyə borcludurlar. Şagirdlərin diyarın təbii amilləri və resursları, bitki örtüyü, canlılar aləmi, təbiət və insan münasibətləri haqqında biliklərinin hərtərəfliliyi və zənginliyi onlarda qürur hissi doğurur, mənlik şüurunun yüksəlməsinə səbəb olur. Ekoloji tərbiyə mənəvi tərbiyənin tərkib hissəsidir.
Ekoloji bilik, başlıca olaraq biologiya dərslərində həyata keçirilir. Biologiya dərslərində şagirdlərin mənəvi tərbiyəsini formalaşdırmaq məqsədilə onların hər zaman nəzərinə çatdırmaq lazımdır ki, qlobal ekoloji böhran planetmizin hər yerində özünü göstərməkdədir. Qlobal istiləşmə prosesi doğma diyarımızın flora və faunasına mənfi təsir göstərə bilər.Yüzlərlə hektar ərazilərdə səhralaşma prosesi başlanar. Uzun müddət davam edən quraqlıq ev heyvanlarının təbiətə artan təzyiqi ilə üst - üstə düşür. Nəticədə torpaq eroziyası güclənmiş, otlaq və biçənək zonalarının növ tərkibi kasadlaşmışdır. Min illər ərzində formalaşan torpaq ehtiyatlarının öyrənilməsi, biomüxtəlifliyin əsasını təşkil edən bütün canlı orqanizmlərin torpaq fondunun mühafizəsi hər bir vətəndaşın başlıca borcudur. Ətraf aləmə məsuliyyətli münasibətin formalaşdırılmasının meyarları mənəvi qayğı və məsuliyyət kimi gələcək nəsillərə xidmətdən ibarətdir. Ona görə də biologiya müəllimi şagirdlərdə ekoloji savadın və bu istiqamətdə şəxsiyyətin mənəvi tərbiyəsinin formalaşdırılmasında çox mühüm vəzifələri ləyaqətlə yerinə yetirməyi qarşıya məqsəd qoymalıdır.
Biologiya canlılar aləmindən bəhs edir ifadəsi geniş anlamda şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların yaranması, quruluşu, yayılması, inkişafı, qorunması, ən başlıcası isə biososial varlıq olan insanın öz orqanizminin quruluşu və həyati xüsusiyyətlərinin öyrənilməsinə təminat verir.İnsanın davamlı inkişafı və sağlamlığının qorunması ilə bağlı zəruri bilik, bacarıq və əməli vərdişlər aşılayır.Bildiyimiz kimi, biologiya təbiətə aid digər elm sahələri ilə sıx əlaqədardır. Biologiya fənninin tədrisi sayəsində insanın bioloji və sosial mahiyyətini başa düşən şagird özünün, yaxınlarının sağlamlığının qorunmasına və sağlam həyat tərzinə hazırlanır. Canlılar aləmi insanın iqtisadi həyatında mühüm yer tutur.
Bu baxımdan təsərrüfat sahələrində bitkilərin, heyvanların və digər canlıların rolu haqqında biliklərlə yanaşı, şagirdlərə genetika, seleksiya, biotexnologiya, bionika, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, molekulyar biologiyaya aid elmi yeniliklərin çatdırılması zərurəti yaranır. Şagirdlər təbii mühitin qorunmasının zəruriliyini dərk etməklə vətənpərvərlik, bəşərililik və humanizm ruhunda tərbiyə almaqla qlobal ekoloji problemləri başa düşürlər. Ekoloji tərbiyənin məqsədi ətraf aləmə ekoloji biliklərin əsasında qurulmuş məsuliyyətli münasibətin formalaşdırılmasıdır. Bu isə təbiətin mühafizəsinə düzgün münasibət üzrə ekoloji və mənəvi prinsiplərlə müşayiət olunan öz doğma təbiətinin qorunması və öyrənilməsi üçün aktiv fəaliyyət, optimal ideya təbliğatıdır. Mənəvi - ekoloji tərbiyənin nəzəri bazası üç mühüm vəzifənin vəhdətdə yerinə yetirilməsini tələb edir: təlim, tərbiyə, inkişaf. Şagirdlərin mənəvi-ekoloji fəaliyyətinin təşkili insan və təbiət arasında münasibətlərin öyrənilməsinə və bu sahədə görülməsi vacib olan işlərin inkişaf etdirilməsinə istiqamətlənmişdir.
Ekoloji tərbiyənin məzmunu mənəvi dəyərlərin oriyentasiyasından irəli gələn normalar sistemidir. Bu dəyərlər sistemi təbiətə unikal, əhəmiyyətli düşüncə tərzindən qaynaqlanır. Ona görə də insana təbiətin bir hissəsi, üzvü kimi baxılır.Təbiətin xarakteristikası isə insan üçün çoxcəhətli dəyər, sərvət kimi qeyd edilir. Biologiya fənninin ümumi orta və tam orta təhsil səviyyələrində tədrisi nəzərdə tutulmaqla məqsəd aydınlığı formalaşdırılır. Şagird ümumi orta təhsil səviyyəsində canlılar aləmini öyrənməklə daha dolğun bilik və bacarıqlara yiyələnir. Tam orta təhsil səviyyəsində isə artıq həyata hazırlanan şagird təbiətin ayrılmaz hissəsi olan canlılar aləmini və özünü dərk etmiş olur. Biologiya fənni şagirdlərə canlılara dair zəruri bilik və bacarıqlar mənimsətməklə onlarda ekoloji mədəniyyət, estetik zövq, humanist və vətənpərvərlik keyfiyyətləri formalaşdırır.
Biologiyadan ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə şagird: canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir, bu barədə mülahizələrini şərh edir; bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyur, nəticələri ümumiləşdirir, onları şifahi və yazılı təqdim edir; canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir və onları fərqləndirir; bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir; fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərə əsaslanaraq ekoloji problemlərin aradan qaldırılmasına çalışır; zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.
Biologiyadan tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: bioloji varlıqların yaranması və inkişafını, habelə canlı orqanizmlərdə gedən bioloji prosesləri şərh və izah edir; insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji problemlərin baş vermə səbəbləri və aradan qaldırılması yolları barədə materiallar toplayır, sistemləşdirir, müqayisə və təhlil edərək qiymətləndirir; irsiyyətin qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəticələrini şərh edir; seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir.
Biologiya fənni üzrə müəyyənləşdirilmiş məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissələrinin standartlara uyğun tələbləri müəllim daim diqqətdə saxlamalıdır. Biologiya fənni üzrə məzmun xətlərinin: “Canlıların quruluşu və müxtəlifliyi; Bioloji proseslər; İnsan və onun sağlamlığı; Canlılar və ətraf mühit”mahiyyəti tədrisdə hər iki tərəfin səmərəli təlim fəaliyyətində didaktik prinsipləri təmin etməlidir.
Canlıların quruluşu və müxtəlifliyi: Canlıların quruluşu və müxtəlifliyi məzmun xətti üzrə şagirdlər canlıları cansızlardan fərqləndirmək, canlıları öyrənən elm sahələrini, canlıların təşkil səviyyələrini, sistematik kateqoriyaları, canlıların funksional və inkişaf vahidi olan hüceyrənin quruluşu və kimyəvi tərkibini, hüceyrəsiz quruluşa malik olan virusların xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə praktik təcrübələr apararaq nəticələr əldə etmək bacarığına yiyələnirlər.
Bioloji proseslər: Bioloji proseslər məzmun xətti üzrə şagirdlər canlılar aləmini cansızlardan fərqləndirən qidalanma, tənəffüs, maddələr mübadiləsi qıcıqlanma, böyümə, çoxalma, inkişaf, hərəkət və onların səbəblərini, irsiyyət, dəyişkənlik və onun qanunauyğunluqlarını izah edir, bakteriyalar, göbələklər, bitkilər və heyvanlara xas həyati prosesləri müqayisə etmək bacarığına yiyələnirlər. Müşahidə, eksperiment və tədqiqatlar aparmaqla canlılarda gedən həyati prosesləri öyrənir və bu proseslərə təsir edən amilləri (fiziki, kimyəvi, coğrafi, tarixi) təcrübi yolla, riyazi hesablamaların köməyi ilə təhlil edirlər. Bu məzmun xətti canlıların fərdi və tarixi inkişafı, onun səbəbləri və təkamülə dair bilik və bacarıqların, seleksiya və biotexnologiya sahələrində insanın əldə etdiyi nailiyyətlərin öyrənilməsini təmin edir.
İnsan və onun sağlamlığı: İnsan və onun sağlamlığı məzmun xətti üzrə şagirdlər insanın psixi xüsusiyyətləri, sosial mahiyyəti ilə tanış olur, insan orqanizmindəki bəzi pataloji halları, onları doğuran səbəblərı və aradan qaldırılma yollarını, sağlamlığın şərtlərinə əməl etmək, xəstəliklər, zədələnmələr zamanı özünə və ətrafındakılara ilk yardım göstərmək bacarığına yiyələnmiş olurlar.
Canlılar və ətraf mühit: Canlılar və ətraf mühit məzmun xətti üzrə şagirdlər canlıların bir-biri ilə və cansız aləmlə qarşılıqlı münasibətlərini müəyyənləşdirir, təbiətlə təmasda olmaq və ondan istifadə mədəniyyətinə, ekoloji amillər və bu amillərin qarşılıqlı əlaqələri haqqında biliklərə yiyələnirlər. Əldə olunmuş bilik və bacarıqlar qlobal və regional ekoloji problemləri doğuran səbəbləri araşdırmaqla yanaşı, canlılar aləmindən davamlı inkişaf naminə istifadəyə imkan yaradır. Şagirdlər Azərbaycanın flora və faunasına daxil olan canlıları tanıyır, təbiətin qorunmasında bilavasitə iştirak edirlər. Biologiyanın tədrisi prosesində dünyagörüşü formalaşdırmaq üçün elmin əsaslarını öyrətməklə yanaşı, şagidlərin aldıqları biliklər onların əqidəsinə çevrilsin. Dünyagörüşü şəxsiyyətin təbiətə, ictimai həyata, insan təfəkkürünə olan baxışlar sistemidir. Zəngin dünyagörüşlü şəxsiyyətin formalaşması üçün biologiya dərslərinin məzmununda geniş imkanlar vardır.
Hazırda həyatımızda, cəmiyyətdə baş verən hadisələrin mürəkkəbliyi yaradıcı düşünməyi tələb edir. Yeni kurikulumlarla keçilən dərslərdə müasir təlim metod və vasitələrinin tətbiqi vacib sayılır. Biologiya fənni üzrə dərsləri daha maraqlı və yaddaqalan etmək üçün müəllim İKT-nin tətbiqi ilə fəal təlimə üstünlük verməlidir. Təlimdə interaktivlik şagirdlərin yaradıcılıq qabiliyyətini artırır və yeni keyfiyyətlər tərbiyə edir. Nümunə olaraq IX sinifdə "İnsan anatomiyası" fənni üzrə tədris olunan “İnsanın psixikası. Şəxsiyyət və onun xüsusiyyətləri”mövzusuna diqqət yönəltmək istəyirik. Burada məzmunun alt standartları göstərilmədən təlim məqsədlərinin ifadə olunması ilə, interaktivlik modeli təqdim olunur.
Məqsədlər: Hər bir insanın mürəkkəb psixi xüsusiyyətlərə malik olması, psixikanın mühitlə əlaqədar formalaşması, şəxsiyyətin cəmiyyətdə yetişməsi, onun xarakterik xüsusiyyətlərinin ünsiyyətdə, eyni zamanda mühitlə bağlı olması haqqında şagirdlərə məlumat vermək.
İş forması: Kiçik qruplarla iş.
İş metodu: Müəllimin izahı, motivasiya, əqli hücum, karusel.
Resurslar: Müxtəlif psixi vəziyyətlərdə olan insan şəkillərini əks etdirən disk, iş
vərəqləri.
Dərsin gedişi. Sinfə müraciətlə soruşulur: Televiziya kanallarında, bədii əsərlərdə,
gündəlik həyatda eşitdiyiniz psixika, psixologiya ifadələri canlılar aləmində nə
üçün təkcə insanlara aid edilir?
Şagirdlərin fərdi cavablarını dinlədikdən sonra izah edilir: Heyvanlardan fərqli olaraq insanların ikinci siqnal sisteminə, nitqə malik olması təfəkkürü formalaşmışdır. Deməli, təfəkkürün əsasını söz təşkil edir. İnsanların süuru beyin qabığının fəaliyyəti ilə əlaqədardır. İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır. O, cəmiyyətdə formalaşır, zaman keçdikcə özünəməxsus psixikaya malik olur. Psixika insanın daxili aləmidir. Daxili aləmin keyfiyyətindən asılı olaraq müxtəlif xarakterli insanlar formalaşır. Onların arasında şəxsiyyətlər yetişir.
Şagirdlərə tədqiqat sualı verilir:"Məlumdur ki, cəmiyyətdə hamı şəxsiyyət kimi yetişmir. Sizin fikrinizcə, şəxsiyyət necə olmalıdır?"
Bir neçə şagird öz fikrini söylədikdən sonra qruplar üzrə tədqiqat işi aparılır.
Şagirdlər dörd qrupa bölünür. Üç suallı iş vərəqləri paylanır. Qruplara ad biologiya fənni üzrə məzmun xətləri: “Canlıların quruluşu və müxtəlifliyi; Bioloji proseslər; İnsan və onun sağlamlığı; Canlılar və ətraf mühit” ilə verilməsini məqsədəuyğun sayırıq.
I. "Canlıların quruluşu və müxtəlifliyi " qrupu
Suallar:
1. Düşüncəli fəaliyyətin insanda və digər məməlilərdə fərqli xüsusiyyətləri.
2. İnsanın fərd və şəxsiyyət olaraq fərqli cəhətləri.
3. Hansı tip temperamentə malik insandan şəxsiyyət yetişə bilər?
II. " Bioloji proseslər " qrupu
Suallar:
1. Film qəhrəmanı olan Tarzan insan cəmiyyətində yaşaya bilərmi?
2. Temperamentin tiplərə bölünməsinin səbəbi sinir sisteminin hansı
xüsusiyyətidir?
3. Kiçikyaşlı uşaqlarda nitq necə formalaşır?
III. " İnsan və onun sağlamlığı " qrupu
Suallar:
1. "Ağıl yaşda deyil, başdadır" atalar sözünün elmi izahı.
2. Zəif tip sayılan melanxolikdən şəxsiyyət formalaşa bilərmi?
3. İnsan depressiyadan necə çıxa bilər?
IV. " Canlılar və ətraf mühit " qrupu
Suallar:
1. Şəxsiyyət mütləq nəcib insan olmalıdırmı?
2. Ətrafınızda yaşayan insanlar arasında hansı temperament tipinə daha çox
rast gəlirsiniz?
3. Bütün temperament tipləri bir insanda cəmlənə bilərmi?
Qruplar müəyyən vaxt ərzində sualları cavablandırırlar və iş vərəqlərini təqdim
edirlər. Bütün qrupların gəldiyi nəticə ümumidir:
"Şəxsiyyət özünəməxsus fizioloji, psixoloji keyfiyyətlərə malik insandır. Bu
keyfiyyətlər onunla doğulmur, həyatda formalaşır. Şəxsiyyətin əsas xüsusiyyəti onun xarakterinin sabitliyidir".
Qrupları qiymətləndirərkən şagirdlərin müstəqil fikir söyləmələri və fəallığı əsas
götürülür.
Canlıların quruluşu və müxtəlifliyi məzmun xəttinin “1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir”alt standartın məqsəddə reallaşmasının interaktiv təlim modeli ilə IX sinifdə “Hüceyrənin üzvi maddələri. Zülallar”mövzusunun tədrisi kurikulumun tələblərinə cavab verir.
Standart: 1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
Məqsəd:
1. Zülalların polimer üzvi birləşmələrə aid olduğunu şərh edir.
2. Amin turşuların peptid rabitələrlə birləşməsinin mexanizmini şərh edir..
3. Zülalların I, II, III, IV quruluşlarını fərqləndirir.
4. Zülalların funksiyalarını şərh edir.
İnteqrasiya: K.-1.2.1.
İş forması: Qruplarla, fərdi iş
İş üsulları: Müzakirə, beyin həmləsi, BİBÖ
Resurslar: Dərslik, plakat, cədvəllər, İKT vasitələri, iş vərəqləri, marker
Dərsin gedişi.
Motivasiya: Əgər heyvan orqanizmindən suyun hamısı çıxarılsa, qalan quru kütlənin əsas hissəsini təşkil edən: Zülal nədir?
Tədqiqat sualı: Zülalların xassələri hansılardır? Zülalların hüceyrədə rolu nədən ibarətdir ? Zülalların molekul quruluşu necədir? Zülalların xassə və funksiyaları nədən iibarətdir?
Tədqiqatın aparılması: Şagirdlər qruplara bölünür. Onlara mövzunu əhatə edən suallara uyğun iş vərəqləri verilir.
İnformasiya mübadiləsi. Hər qrupdan bir nəfər nümayəndə qrupun işini təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış olurlar. Təqdim olunan işlər lövhədən asılır.
İnformasiyanın müzakirəsi. Təqdimatdan alınan cavablara əsasən şagirdlərə suallarla müraciət edərək, onları öz mülahizələrini əsaslandırmağa sövq edə bilər.
Nəticə və ümumiləşdirmə. Diqqəti tədqiqat sualına yönəldərək şagirdlərin cavablarını ümumiləşdirir.
Dərsin sonunda hamı birlıkdə aşağıdakı tapşırığı yerinə yetirir (cümlələri tamamlayır):
1. Canlının həyatında üstünlük təşkil edən üzvi maddə….
2. … - mürəkkəb, irimolekullu maddələr olub, tərkibi …................. təşkil olunmuşdur..
3. Zülalların tərkibi…..................elementlərindən qurulmuşdur.
4. Zülalların molekul kütlələri fərqli olurlar: ….....
5. Zülalların əksəriyyəti …........., bir qismi isə ......................... həll olur.
6. Həllolmayan zülalların tərkibində ….
7. Zülalın quruluşlar:.....................
8. Zülalların funksiyalrı: ….
Ev tapşırığı. Maddələr mübadiləsi və onun əhəmiyyətinə dair məlumat toplayın.
Suallara cavab verin:
1. Köynəkdə ət bulyonundan ləkə qalmışdır. Niyə bu ləkə hətta bioloji əlavələr qatılmış yuyucu tozla qaynadıldiqda belə təmizlənməmişdir?
2. Niyə paltardakı qan ləkəsi qaynar su ilə yuyarkən təmizlənmir?
5. Fikirləşin görək, niyə dadlı bulyon hazırlamaq üçün əti soyuq su töküb, dadlı ət xörəyi hazırlamaq üçün isə əti qaynar suya töküb bişirmək lazımdır?
6. Fikirləşin görək, niyə böyüməkdə olan orqanizm üçün ət supu tərəvəz supundan faydalıdır?
7. Süd isti yerdə uzun müddət qalanda niyə çürüyür?
Qiymətləndirmə: Cavablara görə qruplar qiymətləndirir.
Biologiyadan birinci məzmun xətti “Canlıların quruluşu və müxtəlifliyi” üzrə əsas və alt-standartlara təhlil apanda aydın olur ki,şagirdin qazandığı aşağıdakı təlim nəticələrindən biri(1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir. ) iştirak edir.
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya, biokimya) barədə məlumat toplayır və təqimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində müasir avadanlıqlardan istifadə qaydalarını izah edir.
1.1.4. Mikrotəkamülü izah edir və ona dair təqdimatlar hazırlayır.
Müəllim kimya fənnin məzmun xətləri olan: Maddə və maddi aləm; Kimyəvi hadisələr; Eksperiment və modelləşdirmə; Kimya və həyat haqqında şagirdlərin siniflər üzrə təlim nəticələrini inteqrasiyada diqqətdə saxlamalıdır.Haqqında danışdığımız mövzu kimyanın “Maddə və maddi aləm”məzmun xəttinin “1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir”əsas standartın, “1.2.1. Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşunun xassələrinə təsirini şərh edir”alt standartı ilə inteqrasiyası kurkulumda prinsip kimi həllini tapmalıdır.
Nəticə olaraq qeyd etmək istəyirəm ki, ümumtəhsil məktəblərində tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, əməkdaşlıq mühitinin yaradılması, təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən müəllimlərdən birbaşa asılıdır. K.D.Uşinski haqlı olaraq demişdir:“Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür”.
Tarix: 17-10-2023, 19:58
Xəbəri paylaş