Uşaq şəxsiyyətinin formalaşmasında təlim-tərbiyənin rolu
Ədalət Camalova,
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi,
BDU-nun doktorantı, “Tərəqqi” medallı
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilimizin daha keyfiyyətli və dünya səviyyəli inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Bu mühüm Dövlət sənədində qeyd edilir ki, “...sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”. Şəxsiyyət probleminin tədqiqi ilə bağlı keçən əsrdən başlayaraq alimlər daha ciddi və sistemli tədqiqat işləri aparmış, çoxsaylı elmi əsərlər yazıb-yaratmışlar. Şəxsiyyət problemi ilə təkcə pedaqoq və psixoloqlar deyil, həmçinin filosoflar, sosioloqlar, bioloqlar, fizioloqlar məşğul olmuşdur.
Məktəbəqədər pedaqogika pedaqoji elmlər sistemində xüsusi yeri olan elmdir. Məktəbəqədər pedaqogikanın özünün məqsədi,vəzifəsi,metodları,mənbələri, anlayışları, qanunauyğunluqları və funksiyaları vardır. Məktəbəqədər tərbiyənin tarixi antik dövrə təsadüf edir. İlk dəfə Platon uşaqların ictimai müəssisələrdə tərbiyə olunması ideyasını irəli sürmüşdür. Uşaqları meşəyə, məbədlərə gəzintiyə aparmağı zəruri saymış,uşaq oyunları ücün meydançaların olmasını lazım bilmişdir.
Lakin məktəbəqədər yaşlı uşaqların ilk təlim-tərbiyə proqramı hazırlayan böyük çex pedaqoqu Y.A.Komenski olmuşdur. Onun “ Ana məktəbi” əsəri məktəbəqədər tərbiyənin ilk proqramıdır və öz əhəmiyyətini indi də saxlanmaqdadır. Məktəbəqədər pedaqogikanın məqsədi anadan olandan altı yaşa kimi uşaqların ayri-ayri yaş dövrlərindəki inkişaf xüsusiyyətlərini öyrənmək,onların təlim-tərbiyəsi prosesinin vəzifələrini,məzmununu,texnalogiyasını müəyyən etməkdir.
Məktəbəqədər pedaqogikanın predmetini altı yaşa kimi olan uşaqların ümumi və fərdi psixoloji xüsusiyyətlərini öyrənmək təşkil edir. Məktəbəqədər tərbiyə tarixində böyük rus pedaqoqu K.D.Uşinskinin (1824-1870) müstəsna rolu olmuşdur. Məhz onun pedaqoji sistemi əsasında xəlqilik meydana gəlmiş,tərbiyənin tarixi inkişafı xalqın keçmişi ilə əlaqələndirilmişdir. K.D.Uşinski “ İnsan tərbiyənin predmeti kimi” adlı məşhur əsərində tərbiyədə uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq kimi çox mühüm pedaqoji prinsipi əsaslandırmışdır. Tərbiyənin məqsədi kimsə tərəfindən uydurulmur. Respublikamızda uşaq bağçalarında və məktəblərdə tərbiyənin məqsədi dövlətimizi qoruya bilən və onun inkişafını təmin edə biləcək yüksək milli mənəvi intellektə malik olan hərtərəfli kamil nəsil yetişdirməkdir.
Şübhəsiz şəxsiyyətin hərtərəfli inkişafını yalnız tərbiyənin tərkib hissələrindən (əqli, fiziki, əxlaq, əmək, estetik, ekoloji) səmərəli istifadə etməklə həyata keçirmək olar. Məktəbəqədər yaş dövründə əmək tərbiyəsi uşaqlarda əməyə, əmək adamlarına rəğbət hissi yaratmaq, əmək məhsullarından qənaətlə istifadə etmək, işgüzarlıq, çətinlikdən qorxmamaq, dözümlülük, qayğıkeşlik, özünə xidmət və faydalı işindən fərəhlənmək kimi nəcib əxlaqi keyfiyyətləri tərbiyə edir. Bu yaşlı uşaqlar sadə əməklə məşğul olmaq vərdişlərinə yiyələnirlər. Təlim prosesi bacarıqların möhkəmləndirilməsi kimi didaktik vəzifə daşıyır. İctimai həyat hadisələri ilə tanışlıq, ilk növbədə, təlim prosesində həyata kecirilir. Məşğələlər prosesində uşaq şəxsiyyətinin formalaşmasında ictimai həyat hadisələri ilə tanışlıq o qədər asan deyil. Tərbiyəçi keçiriləcək məşğələlərdə uşaqları hansı ictimai həyat hadisələri ilə tanış edəcəyini müəyyənləşdirməlidir. Bu zaman uşaqların uyğun bilikləri mənimsəyəcəkləri deyil, təlim materialının onun mənəvi tərbiyəsinə, şəxsiyyət kimi formalaşmasına necə təsiri diqqət mərkəzində saxlanılır. Təlim uşaqların hərtərəfli tərbiyəsini və inkişafının üzvi hissəsi və əsas vasitələrindən biridir. Təlim tərbiyəçi tərəfindən təşkil olunmuş pedaqoji prosesdir. Həmin prosesdə uşaqlar tərbiyəçinin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Təlim prosesində uşaqlarda əxlaqi, iradi və estetik keyfiyyətlər tərbiyə olunur və tədricən zehni əməyə maraq və meyillər formalaşır,təfəkkür, nitq, diqqət,yaddaş və təxəyyül inkişaf edir. Təlim uşaqlara planauyğun, müəyyən sistemlə bilik, bacarıq və vərdişlər verməklə yanaşı onları tərbiyə etməyə imkan yaradır. Təlimdə təkcə biliklərin nəsildən-nəslə bilavasitə verilməsi kimi qiymətləndirmək olmaz.
Uşaqların bilikləri mənimsəməsi mürəkkəb psixi prosesdir. Bu proses uşaqlardan diqqəti cəmləşdirmək, yiyələnəcəkləri bilikləri başa düşmək, müəyyən təfəkkür müstəqilliyi tələb edir. Təlim-tərbiyə prosesinin qarşısında aşağıdakı vəzifələri qoyur:biliklərin düzgün qavranılması və zehni iş vərdişlərin informalaşması; müxtəlif fəaliyyət növlərində təkrar və təmrinlər yolu ilə bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi; uşaqlarda ictimai mühitə düzgün münasibət tərbiyəsi; sonrakı təlim prosesində və müxtəlif fəaliyyət növlərində bilikləri müstəqil tətbiq etmək qabiliyyətinin tərbiyəsi. Təlimin əsasını uşaqların dərketmə fəaliyyəti təşkil edir. Təlim prosesi uşaqların müşahidəsi üçün əlverişli obyektlərin və hadisələrin dərk etməsi üzərində qurulur. Uşaq əşyanı və ya hadisəni onun xassələri ilə birlikdə qavrayır. Uşağın şüuru yeni biliklərlə zənginləşir.
Uşaqların bilikləri mənimsəməsi, onların təfəkküründə analiz və sintezin ən sadə elementlərinin inkişafına və onların nitqlərinin zənginləşməsinə kömək edir. Tərbiyəçi təlim və tərbiyəni elə həyata kecirməlidir ki, uşaqlar müəyyən bilik və bacarıqları qavrayarkən, onları öz fəaliyyətində tətbiq edə bilsinlər. Təlimin prinsipləri obyektin qanunauyğun vəziyyətindən elə bir çıxış yoludur ki, tərbiyəçi ona istionad edərək onun məzmunu, metod və təşkili formaılarını müəyyənləşdirir. Təlimin prinsiplərini ilk dəfə cex pedaqoqu Y.A. Komenski “ Böyük didaktika” əsərində vermişdir. Həmin prinsiplər qalmaqla yanaşı yeniləri də yaranmışdır. Təlim materialı özünün didaktik funksiyasını yerinə yetirməklə həm də uşaqların əxlaq təsəvvürlərini, mənəvi keyfiyyətlərini formalaşdırır. Onlarda psixi prosesləri və davranış mədəniyyətini inkişaf etdirir. Təlimin inkişafetdirici, elmilik, əyanilik, sistematiklik və ardıcıllıq, müvafiqlik, şüurluluq, fərdi yanaşma prinsiplər əsasında qurulması məşğələlərdə mühüm tərbiyəvi ideyalar, faktlar uşağın gözü qarşısında yeni üfüqlər açır.
Məktəbəqədər tərbiyə müəssisələrinin təhsil prqoramı mühüm dövlət sənədi olub, həmin yaşlı uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmununu, məqsədini və vəzifəsini özündə əks etdirir .Proqram uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq, onların hərtərəfli inkişafına xidmət edir. Uşaq bağçasında uşaqların həyat və fəaliyyəti proqramın tələblərinə müvafiq qurulur. Onların təlim fəaliyyəti, fiziki, əxlaqi və estetik tərbiyəsi bu mühüm sənəd əsasında həyata keçirilir. Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir. Azərbaycanın dünya- şöhrətli mütəfəkkiri N.Tusi valideynlərə məsləhət görürdü ki, uşaq süddən ayrıldıqdan sonra dərhal onu tərbiyə etməyə, ona nizam-intizam öyrətməyə başlamaq lazımdır. Şəxsiyyətin inkişafında orqanizmlə mühit arasındakı ziddiyyətlər meydana çıxır. Lakin bu uyğunsuzluqlar genişlənib konfliktə çevrildikdə inkişafın hərəkətverici qüvvəsi olmur. Burada inkişafla tərbiyəni bir-birindən təcrid etmək olmaz.
Məşhur tərbiyə nəzəriyyəçisi Monozson yazmışdır: "Tərbiyə və inkişafın hərəkətverici qüvvəsi daxili və xarici şərait sistemində ziddiyyətlərin mübarizəsidir. Daxili ziddiyyətlər şəxsiyyətin formalaşdığı bütün mərhələlərdə insanda yeni yaranmış tələbatları ödəmək vasitəsinin məhdudluğudur. Məhz bu ziddiyyət uşağı ilk yaşdan fəallığa təhrik edir. Uşaqların müstəqilliyə can atması yaşlılar arasında bəzən narahatlıq yaradır. Düzgün tərbiyə belə ziddiyyətləri asanlıqla aradan qaldırır, uşaqlarda müstəqilliyin inkişafına kömək edir. Əks təqdirdə, intizamın pozulması halları baş verir, mübahisə və digər neqativ vəziyyətlər yaranır. Tərbiyəçinin vəzifəsi şəxsiyyətin daxili qüvvələrini stimullaşdırmaqdan və onlara düzgün istiqamət verməkdən ibarətdir. Stimul deyərkən şəxsiyyətə zahiri təsir, onu müəyyən fəaliyyətə yönəltmək başa düşülür. Fəaliyyət insanın təlim və tərbiyə məqsədini müəyyənləşdirən amil kimi çıxış edir.Onun bütün proseslərini bir-biri ilə sıx əlaqələndirir. Beləliklə, insanın inkişafında və onun bir şəxsiyyət kimi formalaşmasında ünsiyyət, mühit və tərbiyə amilləri qarşılıqlı surətdə mühüm əhəmiyyət daşıyır. Təlim və tərbiyə prosesində bunların nəzərə alınması vacibdir.
Təlim-tərbiyə milli dəyərlərimiz olan adət-ənənələrə uyğun əsas keyfiyyətləri insanın inkişafında formalaşdırır. Uşaqların bağça dövrü 3 yaşından 6 yaşadək olub xarakterik olan xüsusiyyətləri ümumiləşmiş şəkildə aşağıdakı kimi şərh olunur: 3-4 yaşında uşaqlarda özünütəsdiq yaranır. Mümkün rеaksiyalar meydana çıxır: qulaq asmamaq, tərslik, nеqativizm, “böyükləri məcburеtmə (“Mən özüm”, “Mən özüm bilərəm”, yalnız özünü lоvğalandırma və öymə), təklikdə оynama həvəsi yaranır; 4-5 yaşında uşaqlarda maraq dairəsi genişlənir, “nə üçün”, “niyə”, “nəyə görə” sualları meydana çıxır;5-6 yaşlı uşaqlarda böyüklərlə münasibətlər uyğunlaşır, ünsiyyət və münasibətlər inkişaf edir, lidеrlik və tabе оlma münsibətləri yaranır. Şəkilçəkmə, konstruktor bacarıqlar, musiqi qabiliyyətləri nkişaf edir.Təхəyyülün inkişafı prosesi baş verir. Digər insanlarla birlikdə dialоji nitq xeyli inkişaf edir.
Daha sonra məktəbə hazırlığın fоrmalaşması dövrü başlayır. Məktəbə hazırlığın fоrmalaşması – uşağın yazının, охunun öyrənilməsinə fоrmal şəkildə hazırlığı, оnun məktəbə psiхi hazırlığı, еyni zamanda zеhni, еmоsiоnal və sоsial inkişafının əsas göstəriciləri dеməkdir. İlk əхlaqi-еtik anlayışlar da yaranır. Nəyin yaхşı, nəyin pis оlduğunu anlayır. İntеllеktal sahədə isə diqqətin cəmləşməsi, еşidilənləri dərkеtmə, lüğət fоndunun inkişafı, nitqin inkişafı, əyani оbrazlı təfəkkürün inkişafı, fоnеmatik еşitmə, ümumləşdirmələr bacarığı, rеallığa еmоsiоnal yanaşma tərzi, məntiqi dərkеtmə tərzi, görmə-hərəkət kооrdinasiyası inkişaf edir. Məktəb təlim-tərbiyə sahəsində mütəxəssislərin çalışdığı mühüm mərkəz olmaq etibari ilə özünün fəaliyyət dairəsini daim genişləndirir, ailələrə də hər cəhətdən kömək göstərir. Təlim uşaqların biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak fəaliyyətidir.
İnsan təlimin köməyi ilə bəşəriyyətin təcrübəsinə yiyələnir. Bu təcrübəni öyrənmədən onun həyatda baş çıxarması mümkün deyildir. Ümumiyyətlə, psixoloji tədris əsasında əldə edilmiş faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün zəruri şərtdir. Uşaqlardan birinin yüksək səy göstərməsi, digərində isə təlim fəaliyyətinə qarşı səyin olmaması nə ilə əlaqədardır? Onların təlim fəaliyyəti neçə motivləşir? Bu suallara düzgün cavab tapılması müəllimin həmin sahədə uşaqlala iş aparmasını, təlim fəaliyyətini idarə etməsini səmərəli edər. Motiv insanı hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir. Motivləşmə şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir. Motivləşmə təhriklə fəaliyyətin məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə olunur. Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür və qrup şəraitində böyüklər və yaşıdları ilə hərətərəfli ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək imkanı əldə edir. Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli qurulması tələb olunur. Məktəbəqədər təhsil proqramında (kurikulumunda) uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsi tələb olunur, onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq və vərdişlərin, qabiliyyətlərin aşılanması ön plana çəkilir,şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişaf sahələrinə aiddir:
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Burada,uşaqların fiziki inkişafi, sağlamlığının qorunması və təhlükəsizliyi təmin olunur; sаğlamlığın möhkəmləndirilməsi, orqanizmin müqavimət qabiliyyətinin yüksəldilməsinin əhəmiyyəti haqqında anlayışlar yaradılır.
İdrakın inkişafı. Məktəbəqədər yaşlı uşaqlarda idrakın inkişafı onlarda öyrənməyə həvəs və maraq formalaşdırır. Uşağın idrak fəaliyyətində sistemlilik, ardıcıllıq, əlaqəlilik, həyat şəraitinə uyğunluq və fəaliyyətdə tətbiq etmə mühüm şərt hesab olunur.
Estetik və yaradıcı inkişaf. Məktəbəqədər təhsil ətraf aləmin gözəlliklərini duymaq, estetik cəhətdən qavramaq və müvafiq bədii nümunələr yaratmaq üçün ilkin pillədir. Bu sahədə aparılan işlər estetik tərbiyənin vəzifələrinə daxildir. Məktəbəqədər yaşlı uşaqların estetik inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır.
Sosial-emosional inkişaf. Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional keyfiyyətlər vəhdətdə inkişaf edir. Uşaq özünün emosional əhvalını məhz yaşadığı sosial mühitin normaları əsasında, buna uyğun olaraq tənzimləyir. Uşaqlarda insanlara qarşı müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olmaq, konfliktlərin həlli və s. kimi mənəvi keyfiyyətlər yaranır. Uşaqlar oyun, əmək və əməli fəaliyyətə, kollektivdə davranma qaydalarına dair ilkin bacarıqlara yiyələnirlər.
Təlim mühiti uşaqların təfəkkür, sosial-emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Tərbiyəçilər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradaraq uşaqların müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı dəstəkləyirlər.
Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi uşaqların irəli sürdükləri fikirlərə, təşəbbüslərə hörmət və diqqətlə yanaşıb, onları məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə almalıdır. Fəal öyrənmə prosesi uşaqların ətrafdakı insanlar və əşyalarla qarşılıqlı təsiri nəticəsində baş verir. Fəal təlim metodları ilə qurulan məşğələ ənənəvilikdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır. Bu zaman onlar özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər. Fəal təlim məktəbəqədər yaşlı uşaqların inkişaf etdirilməsi üçün ən səmərəli texnologiyadır. Çünki uşaqlar təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar.
Məktəbəqədər təhsil müəssisələrində fəal təlim metodları ilə aparılan məşğələlərin əsasən üçmərhələli strukturla həyata keçirilməsi məqsədəuyğun hesab edilir: Aktuallaşdırma və ya motivasiya (mövcud biliklərin səsləndirilməsi və marağın yaradılması); Dərketmə (yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi); Düşünmə (qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi).
Nəticə olaraq uşaq şəxsiyyətinin formalaşmasında təlim-tərbiyənin rolu ilə əlaqədar apardığımız araşdırmalara əsasən deyə bilərik ki, bu problem son dərəcə aktual olub qeyd olunanları özündə ehtiva edir: Uşaq bağçasının əsas vəzifələrindən biri uşaqların emosional əhvali-ruhiyyəsinin yaxşılaşması; valideynlərin tərbiyəedici təcrübələrini zənginləşdirməsi; uşaqların məktəbə hazırlanması zamanı valideynlərin pedaqoji kompetensiyalarının yüksəlməsi; ailələrin tərbiyə-təhsil prosesinə cəlb edilməsidir. Uşağın tərbiyəsində bağçanın və ailənin bərabər iştirakına sosial əməkdaşlıq kimi baxmaq lazımdır. Uşaq bağçalarında valideynlərlə işin səmərəli təşkili nəticəsində uşaqlarda intellektual bacarıqlar formalaşmış olur. Praktiki olaraq bütün uşaqlar fəaliyyətin məqsədini dərk edir, onun planını nəzərdə tutur, adekvat üsullar seçir, nəticəni yoxlayır. İşdə qarşıya çıxan çətinlikləri aradan qaldıra bilib, onu uğurla sona çatdıra bilirlər. Uşağın inkişafının izlənilməsi üçün ən səmərəli yollardan biri təbii şəraitdə - evdə, məktəbəqədər müəssisədə, ondan kənar mühitdə müşahidə edilməsi və müvafiq qeydlərin aparılmasıdır. Müşahidə və qeydlərin aparılması yolu ilə tərbiyəçilər uşaqlar haqqında məlumat əldə edib fəaliyyətlərini planlaşdırmalı, ailələri ilə paylaşmalıdır.
Tarix: 30-09-2023, 13:20
Xəbəri paylaş