Milli jurnallar “Web of Science”də
Vaqif FƏRZƏLİYEV,
akademik, “Kimya Problemləri” jurnalının baş redaktoru
Azərbaycan elminin dünya elminə inteqrasiyasının vacib amillərindən biri kimi
Son zamanlar dünyada olduğu kimi, ölkəmizdə də alimlərin, elmi tədqiqatçılarının elmi fəaliyyətinin qiymətləndirilməsi elmmetrik meyarlar əsasında aparılır. Eyni zamanda doktorant və dissertantların fəlsəfə və elmlər doktorluğu üzrə dissertasiya işlərinin müdafiəsi üçün nüfuzlu xarici bazalarda arxivləşmiş, yüksək impakt faktorlu jurnallarda məqalə çap olunması əsas tələblərdən biridir. Buna görə, elmi tədqiqatçılar ən keyfiyyətli məqalələrini xarici ölkələrin tanınmış “Web of Science” və ya “Scopus” beynəlxalq bazalarına daxil olan jurnallarında dərc etməyə üstünlük verirlər. Bu prosesdən qazanan isə əlbəttə, həmin xarici jurnallar, itirən isə milli jurnallarımız olur. Halbuki Azərbaycan elminin dünya elminə inteqrasiya etməsinin əsas yollarından biri də ölkə daxilində nəşr olunan jurnalların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi, bu yolla onların beynəlxalq bazalara daxil edilməsinin təmin olunmasıdır.
Aparılan araşdırmalara görə, Azərbaycandan beynəlxalq bazalara daxil olan jurnallar çox az saydadır. Bu jurnallardan biri də baş redaktoru olduğum “Kimya Problemləri” (“Chemical Problems”) jurnalıdır. Sevindirici haldır ki, jurnalın bu günlərdə “Scopus” indeksləşmə bazasında 2022-ci il üçün impakt faktoru açıqlanıb.
Bu il üçün “Scopus” bazasının analiz parametrləri üzrə elan olunan nəticələrinə əsasən, jurnal əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləyib. Belə ki, jurnalın 2021-ci ildə 0.1 olan impakt faktoru 2022-cü il üçün 0.6 elan edilib.
“Kimya Problemləri” jurnalı 2003-cü ildən nəşr olunmağa başlayıb. İndiyə qədər jurnalda 2100-dən artıq elmi məqalə dərc olunub.
Jurnal 2009-cu ildən “Chemical Abstract” elmi informasiya bazasında referatlaşdırılır. Jurnal dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb. Bundan başqa, “Kimya Problemləri” jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilib. 2016-cı il (№ 1) - 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr “Web of Science” bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.
2015-ci ildən Rusiyanın “RİNS” və “RSCI” indeksləşmə bazalarına daxildir. Qeyd etmək lazımdır ki, “RSCI” - “Web of Science” platformasında “eLibrary” və “Clarivate Analytics” bazaları arasında bağlanmış müqaviləyə əsasən yaradılıb.
2021-ci ilin sentyabr ayından jurnal “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib.
Onu da qeyd edək ki, “Kimya Problemləri” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi beynəlxalq nüfuzlu elmi bazalara daxil olan tövsiyə olunan jurnallar siyahısına daxildir.
““Kimya Problemləri” jurnalı bu nailiyyətə səmərəli və nümunəvi fəaliyyəti ilə nail olub”- desək, heç də yanılmarıq.
Elmi jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi məsələsinin həlli üçün redaksiya və nəşriyyatların həmin sistemlərin qəbul etdiyi seçilmə kriteriyalarına əməl etməsi tələb olunur. Araşdırmalar göstərir ki, məşhur bazaların tələblərinin əksəriyyəti elmi nəşrlərin beynəlxalq standartlarına uyğundur və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmir.
Məlum olduğu kimi, “WOS” və “Scopus” bazalarına jurnalların seçilməsi bir sıra şərtlərdən asılıdır ki, bunlara da jurnalın keyfiyyəti, onun dünya standartlarına cavab verməsi, xüsusən ingilis dilində yayınlanması, redaksiya heyətində həm ölkə daxilində, həm də xaricdə tanınmış, akademik profil səhifələrinə malik, beynəlxalq elmi axtarış sistemlərinə çıxış imkanları olan alimlərin təmsil olunması, çapının müntəzəmliyi, ölkədaxili alimlərlə yanaşı, xarici alimlərin məqalələrinin dərc olunması və sair meyarlar daxildir. Narahatçılıqla qeyd edə bilərik ki, Azərbaycanın elmi nəşrləri bu sahədə hələ ki aparıcı xarici jurnallardan geri qalır. Amma, istisna hal kimi yuxarıda sadaladığımız məqamların hər birini haqqında danışdığımız “Kimya Problemləri” jurnalının fəaliyyətində görmək mümkündür.
Təəssüf hissi ilə qeyd edə bilərik ki, milli jurnallarımızın çoxu hələki “WOS” və “Scopus”-a daxil ola bilməyib. Beynəlxalq elmi əlaqələrinin sürətlə genişləndiyi informasiya cəmiyyəti şəraitində həmin jurnalların bəzi parametrlər üzrə qəbul olunmuş normativ beynəlxalq standartlara cavab verməməsi əsas maneə olaraq qalır. Deməli, nəşr olunan milli jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və beynəlxalq nüfuzlu bazalarda təmsilçiliyinin təmin edilməsi olduqca vacibdir. Unutmamalıyıq ki, “WOS” və “Scopus” bazalarında olan jurnallar mütləq şəkildə ingilis dilində yayınlanmalıdır. Lakin Azərbaycanda nəşr və jurnalların çoxu hətta elmi ictimaiyyət arasında müəyyən nüfuza malik olsa belə, məhz ingilis dilində olmadığı üçün onlar həmin bazalara düşə bilmir. Digər tərəfdən, alimlərin müəyyən hissəsinin bu dilə kifayət qədər yiyələnməməsi nəticəsində məqalələr xarici ingilisdilli jurnallarda geniş surətdə çap etdirilmir. Bəzən məqalələrin tam mətninin ingilis dilində olmaması isə xarici alimlərin bu məqalələrin nəticələri ilə tanış olmasında müəyyən çətinlik yaradır və nəticədə məqalələrə edilən istinadların sayı çox az olur.
Beləliklə, Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmək üçün alimlərimiz və elm mütəxəssislərin “WOS” və “Scopus” kimi nüfuzlu bazalara daxil olan xarici jurnallarda çıxış imkanlarını artırmaqla yanaşı, milli jurnalların nüfuzlu beynəlxalq elmi bazalarda təmsil olunması da zəruridir. Başqa sözlə, onların beynəlxalq bazaların tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl işlər aparılmalı və heç olmasa ilkin mərhələdə həmin bazalarda təmsilçiliyi üçün minimal tələblər təmin olunmalıdır. Bunun üçün mütləq respublikada elmi qurumların, təhsil müəssisələrinin təsisçiliyi ilə nəşr olunan jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması tövsiyə yox, bir tələbə çevrilməlidir.
Tarix: 15-06-2023, 14:00
Xəbəri paylaş