CAN VƏTƏNİM – SƏNSƏN AZƏRBAYCAN!
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
MƏMMƏD ARAZ
Görəsən, Vətən haradan başlayır? Vətənə məhəbbət hissi haradan qaynaqlanır? İftixarla deyə bilərəm, Vətən Qobustan qayalarından, Dədə Qorqudun Qopuzundan, dahi Nizaminin Gəncəsindən, Fizulinin qəzəlindən, C.Cabbarlının “Ana şeiri”ndən, S.Vurğunun dağlarından, Aşıq Ələsgərin şeirindən, sazından başlayır, öncə də anaların laylasından...
Müasir dövrə gəlib çatan “Dədə Qorqud” dastanında belə bir ifadə var: “Torpağı qoruya bilmirsənsə, onu becərməyə dəyməz, becərirsənsə onu qorumalısan”.
Bu fikirlər 44 günlük Vətən müharibəsində də öz əksini tapdı. Cəsur, qoçaq, ləyaqətli oğullarımız, yenilməz Ordumuz uzun illərdi işğal altında olan torpaqlarımızı canları, qanları bahasına azad etdi: “Dəmir yumruq” altında birləşən Azərbaycan xalqı Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, o torpaqları düşməndən azad etdi, yeni həyata başladı. Çünki biz bu torpaqların sahibi və müdafiəçisi idik. Bu əminliyi bizə Babək hünərli, Cavanşir biləkli, Mübariz ürəkli, Polad cəsarətli oğullarımız bəxş etdi. Onlar dünən məktəbli, bu gün və sabah isə gənclərə nümunə olan qəhrəmanlardır. Biz bir ömür boyu onlara borcluyuq.
İllər öncə bəslənən və neçə-neçə tanınmış ifaçının səsləndirdiyi mahnı, döyüş meydanında adi əsgər Xudayar Yusifzadənin ifasında tam və fərqli şəkildə səsləndi. Bir sözlə, igidlərimizin hər biri, sözün əsl mənasında, dastana dönüb, əbədi ürəklərdə qaldı. Qəhrəman oğullarımız ölməz, dahi S.Vurğunun “Anamın öyüdü” şeirindəki bu nəsihətə tam əməl etdilər.
İgid balam, hərçənd ki, öz ananam mən sənin...
Çörəyilə böyümüsən bizim Ana Vətənin.
Qılıncını çalan zaman qüvvət gəlsin qoluna,
Sən düşmənin qabağında igid tərpən, vüqarla.
Bu bizim analarımızın mərdliyidir. Onlar öz övladlarını döyüşə yola salanda deyirdilər: ”Sinən dura-dura, kürəyini vermə, oğul!”.
Sinələriylə sipər çəkən oğullarımıza eşq olsun! Onlar şəhid adına yüksəliblər. Şəhidlər ölüb – deməyin! Onlar ürəklərdə yaşayır! Vətənim sənsən - Azərbaycan!

Günay Həsənli,
Azərbaycan Dillər Universitetinin
I kurs tələbəsi