Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"AZƏRBAYCANIN BİR ƏSRLİK MÖCÜZƏSİ"

            

     
  2009-cu ildən başlayaraq ölkəmizdə hər il  onu xarakterizə edən mühüm hadisəyə uyğun olaraq əlamətdar tarix kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olundu.  Bu əlamətdar hadisə ilə əlaqədar ölkəmizdə Ulu Öndər  Heydər Əliyevə həsr edilmiş silsilə tədbirlər, “açıq dərs”lər, idman yarışları, rəsm və inşa müsabiqələri və sair keçirilməkdədir.
         Bu gün mən də bu məqaləmdə Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının Müstəqil Azərbaycan dövlətçiliyində rolu haqqında kiçik də olsa öz töhfəmi vermək istəyirəm.
        Düzdür, illərlə qazanılan uğur, illərlə qazanılan müvəffəqiyyət və illərlə qazanılan təcrübə kiçik bir məqaləyə sığmaz,  amma qısaca da olsa yazmaq istədim.
        Mənə görə Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirmək lazımdır. Həmin vaxtlarda müstəqilliyimizin bərpasından bir il ötürdü və ölkəmiz çətin günlər yaşayırdı. Təəssüflər olsun ki, həmin illərdə xalqımız böyük faciələr yaşadı. Ölkə artıq idarəolunmaz bir vəziyyətə düşmüşdü. Bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi. Əslində, irəliyə deyil, geriyə addımlar atılırdı. Demokratik dəyərlər elan olunsa da, faktiki olaraq real həyatda Azərbaycan xalqı bunun əksini görürdü. Media azadlığı yox idi, insanların vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90%-ə çatmışdı. Əslində tarix boyunca Azərbaycan deyiləndə ağla gələn nədir deyə soruşsaq: "Odlar diyarı" cavabını alacağımızdan adımız qədər əminik, amma bu "Odlar diyarının" təbii sərvətlərindən yetərincə istifadə edə bilmirdik. Necə deyərlər: "varlıq içində yoxluq çəkirdi mənim xalqım". Neft-qaz sənayesi iflasa uğrayırdı, elektrik enerjisi sahəsində böhran hökm sürürdü, nizami ordu desək, ordudan söhbət belə gedə bilməzdi, çünki yaradılmamışdı. Bu saydığım məlumatlar sırf 1992-ci ilin noyabr ayına olan məlumatlar idi. Torpaqlarımızın işğal olunması isə gələcəyə olan ümid işığını tamamilə söndürürdü.
        Belə bir vəziyyətdə Azərbaycanın vətənpərvər və ziyalı insanları nicat yolunu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Həmin şəxslər buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur "91-lər" öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Çünki Bakıda keçirilməsinə icazə verilmədi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 550 nümayəndənin iştirakı və burada qəbul olunan tarixi qərarlar ölkəmizin həyatında yeni səhifənin açılmasına gətirib çıxardı. Bu mühüm addımın atılmasından bir müddət sonra, yəni 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrildi. Artıq 1993-cü ildən etibarən Azərbaycan üçün buludlu günlər arxada qaldı və sözün əsl mənasında yenidənqurma və inkişaf dövrü başlandı.
        Heydər Əliyevə inam cəmiyyətdə çox yüksək səviyyədə idi. Təbii ki, bu həyatda heç nə səbəbsiz deyil. Bu inamın da əsas səbəbi o idi ki, Ulu Öndər Azərbaycanda işlədiyi dövrlərdə həmişə xalqına  xidmət edirdi, xalqının qayğısına qalırdı. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-1980-ci illərin əvvəllərində Sovet məkanında ən geridə qalmış ölkədən, ən qabaqcıl ölkələrdən birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiq edir.
        Ötən əsrin hələ 90-cı illərinin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri geniş vüsət almışdır. Onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin dünyada tanınmasında əsas rol oynamışdır və bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib.
        Bu gün Heydər Əliyevin miras qoyub getdiyi dövlətimiz, beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz bir dövlət olaraq hər zaman öz işimizə məsuliyyətlə yanaşırıq. Cənab Prezidentimiz İlham Əliyev demişkən: "Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur!”
        Ulu Öndərin həyatı, siyasi fəaliyyəti bir fədakarlıq nümunəsi idi. Öz həyatını  xalqına, millətinə, dövlətinə həsr etmiş dahi və tarixi şəxsiyyətin yerinə yetirilməmiş bir arzusu var idi ki, o da doğma Qarabağ torpaqlarının azad olunması idi. Qarabağ niskili onun ürəyində hər zaman sağalmaz bir yara idi.
        44 günlük Vətən müharibəsi  məhz bunu deməyə imkan verir ki, bu yara onun qoyub-getdiyi dövlətçilik siyasətini uğurla davam etdirən xarizmatik lider, qüdrətli dövlət başçısı, Ali Baş Komandan, Müzəffər Ordumuz və Xalqımızın bir yumruq kimi mətin birliyi sayəsində Böyük Zəfərlə nəticələndi. Cənab Prezidentimiz İlham Əliyev demişkən: “Bu gün "ATA vəsiyyəti"nin yerinə yetirilməsinin qürurunu yaşayırıq”. Bu qüruru, bu sevinci bizə yaşadan   Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə isə  şəfa diləyirəm. Allah Xalqımızı, millətimizi, bir sözlə  Türk Xalqını Qorusun!

           Ayşən Azad qızı Aqili,
                                                       
Bərdə Dövlət İdarəetmə və Texnologiya
              Kollecinin tarix müəllimi 


Tarix: 7-06-2023, 23:07

Xəbəri paylaş