Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yazıçı-publisist Nizami Mirzənin 75 illik yubileyi qeyd olunub



 












İyunun 3-də  İsmayıllı rayon Mədəniyyət Mərkəzində yazıçı-publisist, "Təhsil" jurnalının baş redaktoru  Nizami Mirzənin 75 illik yubileyi qeyd olunub. 
  Yubiley tədbirində RİH-nin əməkdaşları, yazıçının qələm dostları, rayonun idarə, müəsissə, təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirin aparıcısı Əməkdar müəllim Çingiz Muradlı Nizami Mirzənin yaradıcılığı haqqında geniş məlumat verərək qeyd edib ki, 1970-ci ildən etibarən dövrü mətbuatda çıxış edən Nizami Mirzə öz maraqlı bədii əsərləri, publisist məqalələri ilə oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

   Nizami Mirzə (Nizami Əlipaşa oğlu Mirzəyev) Ismayıllı rayonunun Xanagah kəndində ziyalı ailəsində anadan olub. İsmayıllı şəhər 1 nömrəli orta məktəbini və Azərbaycan Dövbt Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Saatlı və İsmayıllı rayonlarında ixtisası üzrə tarix müəllimi işləyib.
Harada işləməsindən asılı olmayaraq 1970-ci illərdən geniş oxucu auditoriyası tərəfındən maraq və məhəbbətlə qarşılanan «Mavi gözlər», «Ömür yolu», «Ayrılığın üzü dönsün», «Qatil», «Ömürdən ötən illər» və «Cığırdan zirvəyə» kitablarının müəllifidir.
   2005-ci ildə dərc olunmuş «Ayrılığın üzü dönsün» kitabına görə N.Mirzə Azərbaycan KİVİHl-nin «Araz» Ali Ədəbi Media mükafatına layiq görülüb.
2006-cı ildə «Araz» nəşriyyatı tərəfindən çap edilmiş «Sarıca» povesti nəşriyyatın münsiflər heyətinin qərarı ilə «İlin ən yaxşı əsəri», «Qatil» kitabı isə «İlin ən yaxşı kitabı» adına layiq görülmüş, müəllifə «Məmməd Araz» Ali Ədəbi Media mükafatı təqdim edilmişdır. Kitab eyni zamanda Azər KİVİHİ-nin Rəyasət Heyətinin qərarı ilə «Qızıl qələm» Ali Ədəbi Media mükafatına layiq görülmüşdür.
Nizami Mirzə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. «Azərbaycan bayrağı», «Qızıl qələm», «Araz» və «Məmməd Araz» mükafatları laureatıdır.
    N.Mirzə 2003-cü ildən «Azərbaycan müəllimi» qəzetində bölgə müxbiri, 2007-ci ildən müxbir işləmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan «Təhsil» jurnalına baş redaktor müavini təyin edilmişdir. Hazırda jurnalın baş redaktorudur.

    Yubiley tədbirində çıxış edən yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi yubilyarı təbrik edərək ona Yazıçılar Birliyinin Fəxri Fərmanını təqdim edib.
    Tədbirdə iştirak edən yazıçının qələm dostları Nizami Mirzə yaradıcılığının zənginliyindən danışıb, 75 illik yubileyi münasibətilə ona xoş arzularını çatdırıblar. İsmayıllı ziyalıları çıxış edərək Nizami Mirzə yaradıcılığının çoxşaxəli olduğunu bir daha diqqətə çatdıraraq, onu yubiley münasibətilə təbrik ediblər.  

  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova yubilyarı və qonaqları rayon icra hakimiyyəti başçısının adından salamlayaraq, RİH başçısı Nahid Bağırovun "Təşəkkürnamə"sini təqdim edib. 
Yazıçı-publisist Nizami Mirzə tədbirin təşkilatçılarına, iştirakçılara və səsləndirilən xoş fikirlərə görə hamıya öz minnətdarlığını bildirib.
Tədbir musiqi nömrəsi ilə sona yetib.



Tarix: 4-06-2023, 09:00

Xəbəri paylaş