Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

NAXÇIVANLI QADIN ƏDİBLƏRİN YARADICILIĞINDA HEYDƏR ƏLİYEV FENOMENİ





   Azərbaycan ədəbiyyatı özlüyündə ümumdünya poeziyasının incisi sayılır. Çünki ədəbiyyatımız Şərqlə Qərbin mədəniyyətləri arasında ədəbi körpü rolunu oynayır. Bu xüsusda Naxçıvan ədəbi mühitinin rolunun danılmaz olduğunu qeyd etmək lazımdır. XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının geniş yayılması bu bölgədə ədəbiyyat və mədəniyyətin sürətli inkişafına təkan vermişdir. Bu dövrdə Naxçıvan ədəbi mühitində ciddi canlanma baş vermişdir. M.Cəfər, A.Zamanov, Y.Axundlu, İ.Həbibbəyli, H.Həşimli kimi ədəbiyyatşünaslar Naxçıvan ədəbi mühitinin müxtəlif istiqamətləri üzrə əsaslı araşdırmalar aparmışdır. 

         Naxçıvanda bu və digər ədəbi məclislərin qurulması, yenitipli məktəblərin açılması, mətbuatda çıxış, teatrın əsasının qoyulması Naxçıvan ədəbi mühitinin hərtərəfli inkişafından xəbər verir. Ordubadda təşkil olunmuş “Əncümənüş-şüəra” ədəbi məclisinin ətrafında birləşən ədiblər klassik ədəbi ənənələrlə yanaşı, yenitipli maarifçi ədəbiyyatın da  inkişafına mühüm təsir göstərmişlər. Teatrın qurulmasından bəhs edərkən Cəlil Məmmədquluzadə və Eynəli bəy Sultanovun adlarını xüsusi xatırlamaq lazımdır. Bu fikrimizi İzzət Maqsudov, İsa Həbibbəyli, İradə Əsədova, Elxan Məmmədov kimi ədəbiyyatşünas, Əli Xəlilov və digər teatrşünas alimlərin araşdırmaları təsdiq edir. Eyni zamanda Məhəmmədtağı Sidqinin xidmətləri, Ordubad və Naxçıvan şəhərlərində təşkil etdiyi dünyəvi məktəblər, tərtib etdiyi dərsliklər xalqın maariflənməsi yolunda atılmış düşünülmüş addımlar idi.

         XIX əsr Naxçıvan ədəbi-mədəni mühiti Azərbaycan ədəbi-bədii fikrinə, mədəniyyətinə bir sıra əvəzsiz şəxsiyyətlər bəxş etmişdir. İstedadlı yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadə, böyük roman ustadı M.S.Ordubadi, milli-romantik şeir və mənzum dramaturgiyanın banisi Hüseyn Cavid, kəskin tənqidi şeirlər müəllifi Əliqulu Qəmküsar, XX əsrdə Xalq şairi Məmməd Araz, Hüseyn İbrahimov, Rüstəm Behrudi kimi çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri məhz Naxçıvan torpağının yetirmələridir.     

   XVIII əsrdə dünyaya gəlmiş, gənc yaşlarında doğma yurddan ayrılmış və bu ayrılığı bütün yaradıcılığında ən təsirli şəkildə, bədii boyalarla əks etdirən Heyran xanım, onun layiqli davamçılarından olan Qonçabəyim, XX əsrdə Azərbaycan ədəbiyyatında ilk qadın mənzum dramaturq Kəmalə, Azərbaycan tarixinin şanlı səhifələrini yüksək bədii sənətkarlıqla ədəbiyyat tarixinə yazan Güllü Məmmədova, Elmira Qasımova, Rəhilə Elçin, Sona Teymurbəyli Naxçıvan ədəbi mühitini təmsil edən istedadlı qadın yazarlardır. Bunların yaradıcılıqlarında müraciət etdikləri ictimai əhəmiyyət kəsb edən mövzulardan biri də xalqımızı olduqca çətin, çıxılmaz vəziyyətdən xilas edən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevə həsr olunmuş bədii-publisistik əsərlərdir. Əslində, ulu öndərin ədəbiyyat siyasəti və bədii ədəbiyyata, mədəniyyətə olan marağı, həvəsi artıq bir çox elmi və publisistik məqalələrin, irihəcmli tədqiqatların, kitabların tədqiqat obyekti olmuşdur. Akademik İsa Həbibbəylinin “Heydər Əliyevin böyük ədəbiyyat siyasəti”,  “Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr” və s. məqalələrdə ətraflı təhlil olunmuşdur. Ölkədə atəşkəsin əldə olunması, Azərbaycanı dünyada tanıtmaq, iqtisadiyyatını inkişaf etdirmək, ərazi bütövlüyünün təmin olunması üçün uzaqgörən siyasətçinin planlaşdırdığı və həyata keçirdiyi tədbirlər, Azərbaycanı parçalanma təhlükəsindən xilas edərək inkişaf etməkdə olan ölkə kimi inkişaf istiqamətləri müəyyənləşdirmək və s. xidmətləri ilə ulu öndər Heydər Əliyev qədirbilən xalqının qəlbində ölməzlik qazanmışdır. Bu sevgi əsərlərin təkcə adlarında, sərlövhələrində, ayrı-ayrı misra və bəndlərində deyil, bütünlükdə ideya-məzmununda, süjet və kompozisiyasında öz bədii-obrazlı ifadəsini tapmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə hazırlanmış 560 səhifəlik Süleyman Rzazadənin “Zamana şöhrətdir sənin qüdrətin” kitabında toplanmış nümunələr müxtəlif yaş qruplarından olan müxtəlif peşə sahiblərinin dahi şəxsiyyətə, xilaskar liderə həsr olunmuş əsərlərin yalnızca cuzi bir qismini təşkil edir.





    Ümummilli liderin fəaliyyəti və şəxsiyyətindən bəhs edən əsərlər artıq müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas – ana mövzularından biri kimi tədqiq olunur. Bu sahədə tədqiqatlar yetəri saydadır və gələcəkdə də bu mövzu hər zaman aktuallığını qoruyub saxlayacaqdır. Qeyd etdiyimiz kitabda Naxçıvanlı qadın ədiblərdən Lütfiyyə Əsgərzadənin “Heydərim”, “Xalqa sipər Heydərimiz”, Elmira Qasımovanın “Atatürkün yadigarı, el oğlu”, “Xalqın oğlu”, “Dedi”, Zübeydə Heydərqızının “Liderin ölümü”, “Heydər parkında”, “Həmrəylik”, Rəhilə Elçinin “Səcdəgahım, qibləgahım”, “Heydər ata”, Nazlı Hacılı “Heydərim”, “Yaratdı”, “Müqəddəs amalın”, Sürəyya Nəsib “Alqış sənə, vətən oğlu”, “O rəhbər olandan”, “Sirr kimi”, Dilbər Şahbuzlu “Heydərim”, “El atası”, “İlahi, qoru Heydəri”, Qumru Qüdrət “Xalqım öyünəcək Dədə Heydərlə”, “Naxçıvana gəlir Heydərim”, “Ali komandan”, Sona Teymurbəyli “Ululaşan, dahiləşən Heydərim”, “Sənsən öz xalqının atası, Heydər”, “Səndən öyrəndik”, Rahilə Nuriyeva, Gövhər Əntiqə, Ümbülbəni Abbasova, Südabə Məmmədli, Kəmalə Əliyeva, Adilə Nəzər, Əmanət, Kamilə Nur və s. müəlliflərin əsərlərini ideya-məzmun, mövzu və janr rəngarəngliyi ilə diqqəti cəlb edir. Ulu öndərin cismən xalqımızı tərk etməsindən illər sonra yazılmış şeirində Kəmalə xanım belə bir dahi şəxsiyyəti itirməyin kədərinin miqyasının təsəvvür oluna bilmədiyindən, zaman onu bizdən uzaqlaşdırdıqca bizim ona bir daha qayıtmağımızın zəruriliyindən yazır:
         Səndən ayrılalı gör neçə ildir,
         Amma unutmadıq bir an da səni.
         Kədər ürəklərdən gedən deyildir,
         İtirdik bir ağır zamanda səni.
 
         Bu gün yad edirik səni vüqarla,
         Çünki şərəfimiz, qürurumuzsan.
         Özün yaratdığın bu xoş diyarla
         Sabaha aparan uğurumuzsan.

Rəhilə Elçinin “Heydərnamə”, Kəmalə Ağayevanın “Nurun yayılıbdır bütün dünyaya” və s. müstəqilliyin müxtəlif illərində yazılmış poemalar ulu öndərin həyatının bütün mərhələlərini əhatə edir. Kəmalə xanımın kiçikhəcmli lirik poeması – “Nurun yayılıbdır bütün dünyaya” əsərində ulu öndərin xalqımızın, müstəqil dövlətimizin inkişafı naminə yerinə yetirdiyi xidmətləri   bir-bir mənalandırılır:

Bir ordu yaratdı qüdrətli, məğrur,
Azad respublikam qoruna bilsin.
Bakı-Tiflis-Ceyhan paylayacaq nur,
Ölkələr işığa bürünə bilsin.
 
Vətənə qaytardı əziz Cavidi,
Yaşatdı dədəmiz “Dədə Qorqud”u,
Hər zaman Nizami, füzuli dedi,
Elin sərvətini hər an qorudu.
 
İpək ürəyinin şölələriylə,
Açıldı bağlanan “İpək yolu”muz.
Vətənə verdiyi töhfələriylə,
Oldu gül yolumuz, çiçək yolumuz.

Kəmalə Ağayevanın poeması bu nəticəyə gəlməyə əsas verir ki, “bütün bu ağlagəlməz xoş əməlləri həyata keçirən, Azərbaycanı zirvələrə qaldıran ulu öndər hələ sağlığında xalqın qəlbində özünə heykəl ucaltmışdır. 
         Rəhbərin əziz xatirəsinə həsr olunmuş şeirlər, poemalar da xüsusi diqqətlə yazılmalıdır. Axı Azərbaycan xalqının müstəqilliyini təhlükələrdən qoruyan biri haqqında yazmaq da asan deyil. Rəhilə Elçinin “Heydərnamə” dastanı aydın, səmimi dili, təbiiliyi, şifahi xalq dastanlarının dilinə məxsus şirinliyi, qeyri-adi üslubu ilə diqqəti cəlb edir. Xalq dastanlarının qəhrəmanları kimi Heydər Əliyev də xalqın sevimlisi, müdriki, cəsuru, əyilməzi, ulusu, dühası, siyasi uzaqgörəni, səcdəgahı və qibləgahıdır:
         Sən dünyanın zəfər çalan,
         Od çalarlı haqq səsisən
         Dahim mənim, dahim mənim.
         Sən bu yurdun, bu vətənin,
Peyğəmbərlik səcdəsisən
Dahim mənim, dahim mənim.
Qətrə-qətrə, damla-damla
                   gilə-gilə
Əritdiyin ömrün məşəl.
Sən tarixin, sən zamanın
 Daş hikmətli varlığısan.

Ümumiyyətlə, şeirlərdə ulu öndərə “Heydər baba”, “Heydər ata”, “Dədə Heydər” kimi müraciət olunması məhz xalqın bənzərsiz şəxsiyyətin siyasi səriştəsinə, dərin biliyi və mahir idarəetmə istedadına olan inamının ən gözəl təcəssümüdür.
Qəhrəman ölkənin qəhrəman oğlu,
Dar gündə qurtardın bəladan yurdu.
Qovdun ərşə qalxan alovu-odu,
Ər oğlu ər Heydərimiz!
Xalqa sipər Heydərimiz! 
Digər bir şeirində isə ulu öndərin Azərbaycana qayıdışı xalqın tarixində ən xoşbəxt səhifələrdən biri kimi dəyərləndirilir, onun gəlişi ilə Azərbaycana nur yayılır, qaranlıqlar işıqlanır, xalqın sevincinin həddi-hüdudu yoxdur:
         Elin bəhərisən, elin barısan,
         Xalqın qibləgahı, mülkü, varısan.
         Bir ulu millətin xilaskarısan,
         Gəlişin nur saçır yurda, Heydərim!
         Xoş gəldin bu qədim yurda, Heydərim!
Əlbəttə, tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxslərin qismətinə düşən müstəsna taledir. Sona Amalın “Ululaşan, dahiləşən Heydərim” şeirində də ümummilli liderin Azərbaycançılıq ideologiyası uğrunda apardığı mübarizədən danışılır. Xalqın müdrik liderinə yazılan şeirlər, poemalar, nəsr və dram əsərləri onların əbədiyaşarlığını sübut edir. Ulu öndərin adı təkcə Azərbaycan tarixinin deyil, Azərbaycan bədii söz sənətinin yaddaşına da qızıl hərflərlə həkk olunmuşdur. Əslində, necə mümkündür vətəni üçün canından belə keçməyə hazır olan, hər an Azərbaycanın mənafeyi üçün çalışan, bütün həyatını xalqına həsr edən dahini unutmaq?! Ərazicə o qədər böyük olmayan bir ölkəni bugün dünya tanıyırsa, üçrəngli ay-ulduzlu bayrağımız ən mötəbər zirvələrdə dalğalanırsa, bütün bunların bir səbəbkarı var – ümummilli lider Heydər Əliyev! Məhz bu səbəbdən də ulu öndər Heydər Əliyev Azərbaycan xalqı yaşadığı müddətdə onun qəlbində yaşayacaq, onun ideyaları həyata keçiriləcək və xalqımız günü-gündən inkişaf edəcəkdir! 



“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı  

NƏRMİN İMANOVA
Naxçıvan Qızlar Liseyi,10-cu sinif şagirdi  
                                                              layihə rəhbəri AYGÜN ORUCOVA
AMEA Naxçıvan Bölməsi
filologiya üzrə fəlsəfə doktoru, dosent
 
 


Tarix: 2-06-2023, 13:17

Xəbəri paylaş