Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev irsi milli-mənəvi dəyərimizdir




 Ədalət  Camalova,
 
Azərbaycan Dillər Universitetinin
 
Pedaqogika kafedrasının müəllimi, BDU-nun doktorantı, “Tərəqqi” medallı  
 

Pedaqoji prosesdə təlimin tərbiyəedici funksiyasına xüsusi diqqət yetirən Ümummilli Lider Heydər Əliyev demişdir: “Təhsil оcaqlarında gənc­lərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Mövzu ilə bağlı aprılan elmi araşdırmaların nəticəyönümlü olması tarixi şəxsiyyətin irsinə daxil olan, deyilən nəzəri ideyanın praktik həllindən irəli gəlir. İnsan şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyət tərbiyə prosesində həllini tapır.  


  Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş əməliyyatların cəmidir. Onun tərkib hissəsi olan mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırır. Uzun illər pedaqoji prosesin idarə olunmasında qazandığım təcrübə və müşahidələrimə əsasən, təlim zamanı aşılanması mümkün olan, pedaqoji mənbələrdə ifadə olunan mənəvi keyfiyyətləri təxmin edə bilərik: Təlim işinin icrasına səy və çalışqanlıq; səliqəlilik, diqqətlilik, dürüstlük, müntəzəmlilik və davamlılıq; qənaətçillik, ehtiyatlılıq, üsulluluq; özünü təşkil edə bilmək; prinsipiallılıq, ciddilik və qətiyyətlilik; məqsədəcanatma, yönəliklik; əməksevərlik, dözümlülük, zəhmətə qatlaşma, səbrlilik; inandlılıq, səbatlıq, mətanət və möhkəmlik; intizamlılıq, qayda-qanunlara dəqiq və vaxtında əməl etmək; ardıcıllılıq, təmkinlilik və qərarlılıq; həssaslıq, yoldaşlıq və dostluq;
həqiqətpərəstlik, doğruluq və düzlük; çalışqanlıq, işgüzarlıq; ətrafdakı insanlara hörmətlə yanaşmaq; öz biliklərini həmişə müntəzəm şəkildə artırmaq səyləri.

    Mənəvi tərbiyə anlayışının mahiyyətində sadalanan fəaliyyətlərlə yanaşı, millətsevərlik, öz soykökünə bağlılıq, milli ruh və psixologiyasını qoruyub saxlamaq, vətənpərvərlik və vətəndaşlıq keyfiyyətləri də çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının “Təhsil Qanunu”nda bu barədə qeyd edilir: “Azərbaycan xalqının dostluq və demokratiya ənənələrinə bağlı olan, xalqın milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onu qoruyan və daim inkişaf etdirən, ailəsini, Vətənini, millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, onun hüquq və azadlıqlarına hörmət edən....”  insan yetişdirməkdən ibarətdir. 

   Ulu Öndər Heydər Əliyevin vətənpərvərlik anlayışı ilə bağlı irsi pedaqoji prosesdə təlimin məqsədini təşkil edərək mənimsənilməlidir. Məsələn:  “İn­san gərək həyatının hər dövründə, fəa­liyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, həm onun iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın. Bun­lar hamısı vətənpərvərlikdən doğan bir şeydir. Vətəni qorumaq, torpaqlarımızı müdafiə etmək üçün hər bir gəncin hazır olmasını tərbiyə etmək lazımdır”; “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”; “İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”.

   
Ulu Öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirir: "Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir".    Ulu Öndər milli ideologiyanın komponentlərindən biri kimi dəyərləndirdiyi milli - mənəvi dəyərlərin üç tərkib hissəyə malik olduğunu göstərirdi: dil, din, adət - ənənə və bunların şüur müstəvisində birləşməsi milli - mentalitet aparılan tərbiyə işində daim diqqətdə saxlanılmalıdır. Tarixi şəxsiyyət  qeyd edirdi ki, “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli - mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq: budur vətənpərvərlik”.    Heydər Əliyev bütün dünya azərbaycanlılarını birləşdirən əsas amilin azərbaycançılıqla vəhdətdə olan milli - mənəvi dəyərlər olduğunu həmişə qeyd etmişdir. Heydər Əliyev və azərbaycançılıq tərbiyəsi məsələsinin tədqiqata gətirilməsi son dərəcə aktualdır.
       
   Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”. 

  Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 30 yanvar 1998-ci il tarixli Sərəncamında deyilir: “Azərbaycan Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai - siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən istiqamətlərdir”. “Mən Moskvada işlərkən Azərbaycanda çıxan bütün qəzetləri alırdım. Onların hamısını oxumağa, şübhəsiz, vaxtım olmurdu. Ancaq “Ədəbiyyat qəzeti”ni əvvəldən axıra oxuyurdum...” ( “Ədəbiyyat qəzeti”, 19 iyul 1996-cı il) deməklə Ümummilli Lider Heydər Əliyev - azərbaycançılığın keşiyini çəkən, onu daim birləşdirən dövlətçiliyin əsas standartlarından olan Azərbaycan dilində - oxumağı, mütaliə etməyi şəxsi nümunəsi ilə irəli sürürdü. “Əvvəldən – axıra” oxumaq ifadəsinin məntiqi anlamı tədrisdə öyrənənlərə tərbiyə olunmalıdır. Aparılan araşdırmalar göstərir ki, şagirdlərin mütaliəyə marağını artırmaq lazımdır. Azərbaycan dilinin imkanlarından istifadə edərək milli - mənəvi dəyərlərə, ümumi tərbiyənin kateqoriyalarına aid olan keyfiyyətlərin mənimsənilməsinə xüsusən vətənpərvərlik tərbiyəsinin, milli - şüurunun inkişafına nail olmaq qabiliyyətini nümayiş etdirməkdə şagirdlər daha çox bacarıqlara yönəldilməlidir. 

   Ulu Öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının birinci qurultayında müstəqil Azərbaycan Respublikasının ideoloji əsaslarından bəhs edərkən dediyi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli - mənəvi dəyərlərini, adət - ənənələrini yaşatmalıyıq” müdrik fikirlər bütün dövrlər üçün mənəvi dəyər kimi səciyyə daşıyacaqdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq təlimi ilə bağlı bir fikrini diqqətə çatdırırıq: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli - mənəvi dəyərlərini, adət ənənələrini yaşatmalıyıq.” Demək milli - mənəvi dəyər azərbaycançılığa daxil olan komponentlərdən biridir.“Azərbaycançılıq = Azərbaycan dili + mədəniyyət + milli - mənəvi dəyərlər + adət - ənənələr” kimi formula oluna bilər.
 
   Azərbaycan dövlətinin təməl prinsiplərinin (dövlətçilik, qanunçuluq, varislik, vətəndaş həmrəyliyi, sosial ədalət, azərbaycançılıq) əsasında məktəblilərin mənəvi tərbiyə texnologiyası mürəkkəb pedaqoji  prosesdir. Burada azərbaycançılıq özünün təməl prinsipləri ilə fərqlənir. Bu istiqamətdə uzun illərdir məqsədyönlü tədqiqat işləri aparmağım onu deməyə əsas verir ki, azərbaycançılıqla bağlı müəyyən olunmuş tələblər uyğunsuzluqların həllində tədris olunan fənlər və sinifdənxaric tədbirlər vasitə kimi məktəblilərin mənəviyyatında zəruri bilik və bacarıq mənimsəməkdə əvəzsiz rol oynayır. Ulu Öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
 
  Azərbaycançılıq mənəvi keyfiyyət olub öyrənənlər  prinsip olaraq Azərbaycan dili, milli mədəniyyət, milli-mənəvi dəyərlər, dini dəyərlər, tolerantlıq və multikulturalizm, bənzər mədəniyyətdən bəhrələnmək və onu daim zənginləşdirmək metodoloji istiqamətlərdən inteqrativ olaraq faydalanır.
 Müşahidə və müsahibələrdən  aydın olur ki, pedaqoji prosesdə azərbaycançılıqla bağlı geniş təlim işinin mümkünlüyü və  dərsdənkənar tədbirlərdə məqsədyönlü, sistemli istifadə olunmasının imkan və yollarının müəyyənləşdirilməsi daha şox səmərəli nəticələr əldə olunur. Tarixi şəxsiyyət Heydər Əliyevin irsinə aid olan konseptual ideyalar milli mənəvi dəyər kimi fəaliyyətimizdə istinad olunmalıdır.
 
İstifadə olunan ədəbiyyat 
1.F.Rüstəmov, T.Dadaşova. Ali məktəb pedaqogikası. Bakı, Nurlan, 2007.568 səh.
2. Əlizadə Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, “Pedaqogika”, 2004. 432 səh.
3.L.Qasımova,R.Mahmudova.Pedaqogika.Bakı, Çaşıoğlu.2012.548 səh.
4.M.Fərhadoğlu.Fəlsəfənin əsasları. Bakı,”Maarif”    nəşriyyatı. 2000, 440 səh.
5.Ş Ağayev, S Məmmədova. Texniki-peşə təhsili müəssisələrində təlimin təşkilinin didaktik məsələləri. Bakı: “Nasir”, 2010. 204 s.


Tarix: 23-05-2023, 13:19

Xəbəri paylaş