Pedaqoji anlayışların tədqiqi
Şikayət Hüseynova,
ADPU-nun Ağcabədi filialının
”Pedaqogika, psixologiya və onun tədrisi texnologiyası”
kafedrasının müəllimi
E-mail: [email protected]
ADPU-nun Ağcabədi filialının
”Pedaqogika, psixologiya və onun tədrisi texnologiyası”
kafedrasının müəllimi
E-mail: [email protected]
İki yunan sözündən əmələ gələn "pedaqogika"nın (“payda” və “qoqos”) hərfi mənası "uşaq ötürən" deməkdir. O, tərbiyə haqqında elmdir. Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Bu işdə pedaqoji anlayışların ahəngdarlıqla hər birinin müstəsna rolu vardır.
Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən qeyd edirdi: “Biz müstəqil dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkminləşdirəcək”. Qeyd olunan, metodoloji səciyyə daşıyan irsə istinad edərək mövzunun elmi təhlilinə maraqlananların diqqətini yönəltmək arzusundayıq.
Müasir pedaqoji elmin əsas kateqoriyalarını təşkil edən anlayışlara müəyyən əlavələr edilmişdir.Bunlar təhsilin nəzəri və praktik inkişafındakı son tendensiyaları əks etdirir. Müasir pedaqogika, insanın hazırkı dövr üçün xarakterik olan tərbiyə və təhsil xüsusiyyətlərini öyrənir deməklə kifayətlənmək olmaz.Ən-ənə və müasir yanaşma paradiqma baxımından nisbi xarakter daşıyır. Aydın şəkildə desək, bir paradiqma, müəyyən bir tarixi dövrdə problem həllinə necə yanaşacağımızın spesifik modeli və ya nümunəsidir. Yəni, paradiqma müəyyən bir ərazidə bir növ universal standartdır.Bunun əsasında düzgün qərara gəlmək olar. Məsələn, qədim dövrlərdə insanlar planetimizin düz olduğunu düşünürdülər, buna görə də onlar üçün bu bir paradiqma idi. Kainatla əlaqəli bütün qənaətləri bu paradiqma əsasında verildi.Daha sonra sübut etmək mümkün oldu ki, əslində Yer kürəsi top şəklindədir. Bu səbəbdən müasir paradiqma "kürə" halına gəldi. Beləliklə, hər zaman tamamilə istənilən sahədə bir paradiqma var.Paradiqma, inkar etmək üçün kifayət qədər dəlil olduğu müddətə qədər "doğru" sayılacaqdır. Paradiqma dəyişikliklərinin çox normal hesab olunduğunu qeyd etmək vacibdir. Vahid olan elmin hər bir sahəsi başqa sahələrindən üç mühüm əlamətinə görə fərqlənir:hər bir sahənin özünün xüsusi tədqiqat obyekti və predmeti vardır;hər bir sahə özünün obyektini öyrənmək üçün tədqiqat metodlarından istifadə edir;hər bir sahənin tədqiqat obyektinə uyğun olan anlayışlar sistemi fəaliyyət göstərir. Pedaqogika elminin başqa elmlərdən fərqləndirən başlıca əlamət nədir? Onun özünəməxsus tədqiqat obyektinə malik olmasıdır. Bu obyekt bəşəriyyətin əldə etmiş olduğu təcrübəni yeni nəsillərə verməyin spesifik xüsusiyyətləri ilə səciyyələnir. Təcrübənin verilməsinin qanunauyğunluqlarını, prinsiplərini, yollarını ancaq pedaqogika elmi öyrənir. Həmin obyektə aid olan təcrübənin verilməsi prosesində fəaliyyət göstərən qanunauyğunluqlar, prinsiplər, metodlar yalnız pedaqogikanın anlayışlar sistemini təşkil edir. Pedaqogika öz obyektini öyrənmək üçün pedaqoji müşahidə, müsahibə, eksperiment kimi tədqiqat metodlarından istifadə edir. Digər elmlərdə həmin metodlar özünü pedaqogikada fərqli şəkildə büruzə verir. Uzun illər “pedaqogika elminin” tədqiqat obyekti və predmeti ayırmağa, onlar arasındakı sərhədləri müəyyənləşdirməyə cəhdlər göstərilmişdir. Birmənalı cavab verilməməsi fikrimizi əsaslandırır. “Obyekt” və “predmet” anlayışları bir-biri ilə sıx bağlıdır. Bunların arasında oxşar cəhətlər çox olsa da, eyni deyil. “Obyekt” anlayışı geniş olub “predmet” onun tərkibinə daxildir.
Məsələn, pedaqogika və psixologiya insan haqqında elmdir. Ancaq pedaqoqun əldə etdiyi model psixoloqun modelindən fərqlidir. Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi prosesidir. Predmet isə obyektin pedaqoji aspektdə öyrənilməsidir. Demək orijinalın pedaqoji modeli və ya hissəsidir. Pedaqogikanın obyekti ilə bağlı baxışımızda onun pedaqoji gerçəklik olduğunu ifadə etməliyik. Pedaqoji gerçəklik qarşılıqlı əlaqə prosesində məqsəd və vəzifələri ehtiva edir.İnsanın həyata hazırlanmasını, onun hərtərəfli və ahəngdar inkişafına rəhbərlik prosesini, hər iki tərəf arasındakı qarşılıqlı əlaqəni nəzərdə tutur. Bu proses öz-özlüyündə deyil, yalnız tədqiqata cəlb olunduqda, onun üzərində elmi araşdırmalar aparıldıqda obyekt yerində çıxış edir. Pedaqogikanın predmeti özünəməxsus gerçəkliyin modelindən ibarətdir. Pedaqogikanın tədrisi ilə məşğul olan öyrədən ilk növbədə haqqında təhlil apardığmız aktual problemin tədqiqində maraqlı olmalıdır.
Təhlillərdən aydın olur ki, pedaqogikada “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” kimi anlayışlar bəzən eyniləşdirilir. Pedaqoji mənbələrə görə təcrübənin verilməsi, pedaqoji gerçəklik olduğunu göstərir. Pedaqoji proses müvafiq əməliyyatların cəmi olub pedaqoji gerçəklikdən geniş olmayan anlayışdır. Təcrübənin verilməsində məqsəd yeni nəsilləri həyata hazırlamaqdan ibarətdir. Demək pedaqogikanı insanın həyata hazırlanması haqqında elm adlandırmaq qanunauyğundur. “Təcrübə” anlayışınn məzmununa biliklər, münasibətlər, bacarıq və vərdişlər sistemləri; yaradıcılıq təcrübəsi daxildir. Biliklərin yeni nəsillərə verilməsi sayəsində elmin mənbəyi olan təbiət, cəmiyyət və təfəkkürün ümumi sirləri öyrədilir. Münasibətlərin öyrədilməsi geniş mənada davranış qaydaları sistemini təşkil edir, davranış normalarını mənimsəməyə gətirib çıxarır. Bacarıq və vərdişlər yeni nəsilləri sistemli olaraq maddi və mənəvi mədəniyyətin mühafizəsinə, bərpasına yönəldir. Yaradıcılıq təcrübəsi mədəniyyəti daha da inkişaf etdirməyə, zənginləşdirməyə şərait yaradır. Sadə formada aparılan ciddi təhlildən aydın olur ki, pedaqogika elminin tədqiqi ilə bağlı məqsəd və vəzifələrə nələr daxildir. Pedaqogika insan varlığıni anlayışlar formasında mənimsəyən elmlərdən biridir. Buna görə anlayış sisteminin təkmilləşməsinə bütün zamanlarda ehtiyac duyulacaqdır. Pedaqogika məhz anlayışların köməyi ilə öz obyektinə aid olan, predmetdəki problemli prosesləri izah edir, elmi ümumiləşdirmələr aparır.
Qloballaşmanın genişləndiyi dövrdə pedaqogikanın əsas anlayışları əvvəlki illərlə müqayisədə xeyli artmışdır desək yanılmarıq. Pedaqogikanın əsas analayışları kimi: təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses və pedaqoji texnologiyanı təsbit etmək olar. Qeyd olunan anlayışların nəzəri və praktik mahiyyətini taksonomik olaraq, məqsədəuyğun şərhi vacibdir.
Təlim - öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji prosesdir. Öyrədən öyrənənlərdə şüurun, intellektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət verir, əlverişli şərait və imkan yaradır. Təlim ikitərəfli pеdaqоji prоsеsdir: öyrədənlə öyrənənlər arasında qarşılıqlı, məqsədyönlü, planlı pedaqoji fəaliyyətdir. Öyrədən şəхs təlim zamanı üç istiqamətdə fəaliyyət göstərir: Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil еdir, bu məqsədlə məsləhət və istiqamətlər verir; Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхslərdə şüurun, psiхikanın, intellektual səviyyənin inkişafına diqqət yеtirir; Zəruri оlan mənəvi, əxlaqi, psixoloji kеyfiyyətlərin aşılanması qayğısına qalır. Təlim təhsilləndirici, tərbiyəedici və inkişafetdirici vəzifələri kompleks həyata keçirir.
Təhsilalanın şəxsiyyətinə yönəlmiş diferensial təlim fərdiləşdirməyə imkan verir və bir neçə istiqamətdə aparılır: Təhsilalanların qabiliyyətlərinə, maraqlarına və ixtisasına görə; diferensial təlim müxtəlif səviyyəli olur. Hər bir təhsilalan tədris materialını öz qabiliyyətinə və imkanlarına uyğun şəkildə mənimsəmək imkanı əldə edir.
Tərbiyə - davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir.Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişənlərə məqsədyönlü, planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilməsidir. Tərbiyə etmək həm də öyrətmək deməkdir. Tərbiyə və təlim prosesləri iki tərəfli olub vəhdətdədir. Tərbiyə şəxsiyyətə mütəşəkkil, məqsədyönlü, planlı təsirlərin yenidəntərbiyə və özünütərbiyə cəhətini özündə ehtiva edir.Yenidəntərbiyə mürəkkəb pedaqoji prosesdir. Bu uğursuz tərbiyənin nəticəsidir. Çünki yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur. O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş arzuolunmaz, zərərli əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını aşkar etməli və aradan qaldırmalıdır. Digər tərəfdən də tərbiyəçi cəmiyyət üçün faydalı olan yeni keyfiyyətləri uşağa aşılamalıdır. Odur ki, uşağın tərbiyəsini lap balacalıqdan düzgün qurmaq zəruridir. Müdriklər demişlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”. Bu kəlamın açmasına uyğun yanaşanda hər iki nümunədə oxşarlıq vardır. Demək yenidəntərbiyə uşağın şüurunda və davranışında kök salmış zərərli əlamətlərin ləğvi, onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin ona aşılanmasıdır. Özünütərbiyə yaxşı tərbiyənin nəticəsidr. Tərbiyə və yenidəntərbiyə özünütərbiyə ilə nəticələnməlidir. Tərbiyə və yenidəntərbiyə zamanı uşağa özünütərbiyə bacarığı verilməlidir. Özünütərbiyə valideynlərin, müəllimlərin, digər tərbiyəçilərin nəzarəti olmadığı şəraitdə onların verdiyi istiqamətə uyğun düşünməyə və davranmağa uşaqların alışması prosesidır. Təhsil pedaqogika elminin başlıca analyışlarındandır. “Təhsil – sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir” ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu).
Hər bir dövlətin və millətin inkişafında onun təhsilinin müstəsna rolu var. Təhsil insan kapitalının reallaşdırılmasına, mütəxəssislərin, peşəkar və səriştəli kadrların yetişdirilməsinə xidmət edir. Elmin inkişafında iştirak edən, müasir texnologiyalara yiyələnə bilən, istehsalı daim modernləşdirmək bacarığında olan kadrların yetişdirilməsi təhsilin müasir inkişafından asılıdır. Təhsilin dövlətin, ictimai-iqtisadi prosesin diqqət mərkəzində olması həmin məntiqdən irəli gəlir. İnkişaf - insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv aləmin mürəkkəb prosesidir.
Müasir elm bu prosesi dərindən öyrənmək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini zəruri etmişdir. Ona görə də elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları aktualdır. Pedaqogika elmi şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini öyrənməklə məşğuldur. Pеdaqоgika elmində şəхsiyyətin inkişafı iradi keyfiyyətlər, yaddaş, hafizə, təsəvvür, təfəkkür, təxəyyül, diqqət, məsuliyyət və s. psiхоlоji keyfiyyətlər pedaqoji prosesdə həllini tapır. Pedaqoji proses dedikdə təlim, tərbiyə,təhsilin və inkişafın vəhdəti nəzərdə tutulur. Bilmək lazımdır ki, pedaqoji proses cəmiyyət və onun inkişafı ilə bir vaxtda yaranmışdır.
Cəmiyyətin ehtiyaclarına uyğun olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, prinsip və metodları dəyişərək, təkmilləşdirilmişdir. Deyilənlərdən aydın olur ki, pedaqoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin vacib funksiyalarından biridir. Bununla da sübut olunur ki, pedaqoji anlayışların yaranmasına səbəb həyatın tələbatları, məktəb praktikası olmuşdur. Çünki istənilən sahə üzrə anlayışların təşəkkülü və inkişafı mexanizmi insanların praktik fəaliyyəti ilə bağlıdır.
Pedaqoji texnologiyaların mahiyyətinin bir çox maraqlı tərifləri var - son on ildə kifayət qədər populyarlaşan bir termin kimi maraq doğurur. Məsələn:Texnologiya hər hansı bir işdə, sənətdə istifadə olunan texnikalar toplusudur ("Rus dilinin izahlı lüğəti"); Texnologiya sənət, sənətkarlıq, bacarıq, emal üsulları, vəziyyət dəyişiklikləri (V. M. Şepel);Tədris texnologiyası didaktik sistemin ayrılmaz prosessual hissəsidir ( M.Çoşanov); Pedaqoji texnologiya təlim formalarının, metodlarının, tərbiyə vasitələrinin sosial dəstini və təşkilini müəyyən edən psixoloji və pedaqoji münasibətlərin məcmusudur; pedaqoji prosesin alətlər toplusudur (B. T. Lixaçev); Pedaqoji texnologiya təhsil prosesinin həyata keçirilməsi üçün mənalı bir texnikadır ( V.P.Bespalko); Pedaqoji texnologiya planlaşdırılmış təlim nəticələrinə nail olmaq prosesinin təsviridir (I. P. Volkov);Pedaqoji texnologiya tələbələr və müəllimlər üçün qeyd-şərtsiz rahat şəraitin təmin edilməsi ilə tədris prosesinin layihələndirilməsi, təşkili və aparılmasında birgə pedaqoji fəaliyyətin hərtərəfli düşünülmüş modelidir (V.M.Monaxov); Pedaqoji texnologiya, təhsil formalarını optimallaşdırmaq məqsədi daşıyan, texniki və insan resursları və onların qarşılıqlı əlaqəsi nəzərə alınmaqla, bütün tədris və biliklərin mənimsənilməsi prosesini yaratmaq, tətbiq etmək və müəyyən etmək üçün sistemli bir üsuldur (YUNESKO);Pedaqoji texnologiya pedaqoji məqsədlərə çatmaq üçün istifadə olunan bütün şəxsi, instrumental və metodik vasitələrin işləməsi üçün sistemli bir dəst və prosedurdur (M. V. Klarin); Pedaqoji texnologiya bütün əvvəlki müəlliflərin bütün təriflərinin mənalarını özündə birləşdirən mənalı ümumiləşdirmədir (G.K.Selevko). Pedaqoji texnologiya anlayışı ilə bağlı qeyd olunanların hamısı təlim məqsədlərinin həllinin optimallaşdırılmasına xidmət etdiyinə yönəlmişdir. Mövzu ilə bağlı problemin müasir tələblərə əsasən tədqiqinə elmi cəhətdən yanaşmada professor Müseyib İlyasovun fikri orjinaldır: “Hazırkı dövrün məktəbinə, müəlliminə və şagirdlərinə tamamilə yeni, daha mütərəqqi və müasir tələblər verildiyindən təhsilin humanistləşdirilməsi və pedaqoji prosesdə humanist pedaqogikanın prinsiplərinin önə çəkilməsi prioritet vəzifələrdən birinə çevrilir. Humanistlik prinsipinin təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında xüsusi yer tutması da bununla əlaqədardır”.
Təhsilin keyfiyyətini yüksəltmək, müasir pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda durur. Hazırda təlim-tərbiyə prosesində şəxsiyyət anlamı daha demokratik şəkildə dərk edilir.
Müasir pedaqoji təfəkkürün başlıca prinsipləri: demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsini həyata keçirir. Bu proses fəal təlimə əsaslanır. Sonda nəticə olaraq bildirmək istəyirik ki, pedaqogikanın nəzərdən keçirilən, elmi təhlil edilən anlayışları qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil etməklə, şəxsiyyətin ahəngdar inkişafını təmin edir.
İstifadə olunan ədəbiyyat
1. F.Sadıqov Pedaqoqika. Bakı,”Adiloğlu”nəşriyyatı. 2009,600 səh.
2. Ə.Paşayev, F.Rüstəmov Pedaqogika.Yeni kurs.Bakı”Elm və təhsil”. 2012, 464 səh.
3. Ş.Ağayev İbtidai sinif müəllimlərinə kömək. Bakı, 2022, 184 səh.
4. M.İlyasov. Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Monoqrafiya. Bakı: “Elm və təhsil”, 2018,208 səh.
5. Ş.Ağayev. Texnologiya və onun tədrisi metodikası (Bakalaviratlar üçün mühazirə mətnləri).Bakı, 2021, ADPU-nəşriyyatı. 315 səh.
Tarix: 12-05-2023, 21:39
Xəbəri paylaş