Fridrix Şillerin “Turandot, Çin şahzadəsi” əsəri Azərbaycan dilində
Bu günlərdə ”Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində “Ədəbiyyat qəzeti” yayınları seriyasından dünya ədəbiyyatının görkəmli simalarından bir i- tanınmış alman dramaturqu, filosof, tarixçı İohan Xristof Fridrix fon Şillerin “Turandot, Çin şahzadəsi” əsəri Azərbaycan dilində oxüculara təqdim edilmişdir (Bakı, “Elm və təhsil”, 2023. Tərcümə edən: Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafov. Ön sözün müəllifi: “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan).
Tədqiqatçıların yekdil fikrinə görə Alen Röne Lesajın “Çin şahzadəsi” ( fransız dilində), Karlo Qotsinin “Turandot” (italyan dilində), Fridrix Şillerin “Turandot, Çin şahzadəsi” (alman dilində) əsərlərinin süjeti dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı dördüncü hekayətdən - Slavyan qızının hekayətindən götürülmüş, iqtibas edilmişdir. Avropada Karlo Qotsinin, Fridrix Şillerin əsərlərinin təsiri ilə bu mövzuda operalar bəstələnmiş, kino-filmlər çəkilmişdir. Dahi italyan bəstəkarı Cakoma Puççininin “Turandot” operası bu gün də səhnədən düşmür, dünyanı qarış-qarış gəzir.
Fridrix Şillerin “Turandot, Çin şahzadəsi” əsəri öz bədii keyfiyyətlərinə, hadisələrin gərginliyinə, qəhrəmanların yüksək nitq mədəniyyətinə, personajların bitkinliyinə görə həm fransız Lesajın, həm də italyan Qotsinin əsərindən fərqlənir. Şillerin qadın qəhrəmanı Turandot Nizami Gəncəvinin “Yeddi gözəl”indəki dördüncü hekayənin qəhrəmanına daha yaxındır.
Əsərdəki hadısələr uzaq Çində (Pekin şəhərində) baş versə də, əsas qəhrəmanlar türkdür. Turandot (Turan qızı) türk qızıdır. Türk qızı gözəllik deməkdir, sevgi deməkdir.
Türk olmaq qətiyyətli olmaq deməkdir. Türk olmaq qürurlu olmaq deməkdir. O, keçmişi ilə qürurludur, atası – babası ilə qürurludur.
Turandot qadın haqsızlığı qarşısında dəmir pərdədir. Özünü “qorumaq” üçün “sevənlərə” üç tapmaca verir, bilənlə evlənəcək, bilməyənin boynu vurulub, başı şəhərin qala qapısından asılacaqdır...
Turandotun sevdiyi oğlan əsl-nəcabətli, əqli cəhətdən zəngin, mənəviyyatca saf və təmiz, fiziki cəhətdən sağlam və möhkəm olmalıdır (Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının dördüncü hekayətində olduğu kimi).
Əsərin əsas kişi qəhrəmanı - ən çox sevilən surət Həştərxan xanı Teymurun oğlu Xələfdir. Əsl türk oğludur Xələf. Öz sevgisi ilə, alicənablığı ilə. Lazım olanda güzəştə getmək bacarığı ilə.
Sevdiyi qadını başının tacı edir Xələf.
F. Şillerin “Turandot, Çin şahzadəsi” dramı maraqla oxunur. Əsər Azərbaycan dilinə uğurla tərcümə olunmuşdur. Turandot azərbaycanca danışır.
Kitabın “Turandot- Turan qızı” başlıqlı ön sözündə tanınmış ədəbiyyatşünas Azər Turan yazır:“Turandot”un dilimizə çevirisi ilə Namaz Manafov istər Azərbaycan-alman ədəbi-mədəni əlaqələrinə, istərsə də Azərbaycan nizamişünaslığına dəyərli töhfə vermişdir”.
Tarix: 1-05-2023, 14:32