Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

NOVRUZ BAYRAMI: TARİXİ KÖKLƏRİ VƏ ƏNƏNƏLƏRİ

 

 
      Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar, o cümlədən Azərbaycan türkləri də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox, həmçinin bir sıra Şərq ölkələrində qeyd olunur. 
   
     Novruz bayramı 2009 - cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 - cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. 
   
     Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə birləşdirən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır [1, s.47].
   
    AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev Novruz adətlərinin azərbaycançılıq hissinin aşılanmasında oynadığı roldan bəhs edərək yazır: “Xalq özünün həyat, sağlamlıq, təmizlik, əmək vərdişi ilə bağlı bir çox ayin, etiqad və mərasimini Novruzla bağlamış, beləliklə də, onların el içərisində geniş yayılmasına və kütləviləşməsinə nail olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayramda hamı özünə təzə paltar alar, təzə paltar tikdirər, qız-gəlinə təzə çəkmə, qırmızı don geydirərdilər.
Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü-humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Bu nümunələrdə xalq gigiyenasının əhəmiyyəti, onun təbliği, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək və s. kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunmuşdur” [2, s.39].
 
     Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. Onlardan bəzilərinə sonralar dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini adətlər birləşdirilmiş olur. Yəni zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin ənənələrini yeni dövrə uyğunlaşdırıb dini bayramlar olaraq qəbul etmişlər. Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilmişdir.
     
     “Qədim dövrlərdən yurdumuzun sakinləri baharın gəlişini, yeni gün - Novruz bayramı kimi qeyd etmişlər. Azərbaycanın ən qədim mədəniyyət dövrünə aid olan Novruz ulu babalarımızın yaşadığı zamanlardan başlayaraq, xalqımızın həyatında unudulmaz bir yer tutmuşdur. Azərbaycan bu bayramı həmişə digər bayramlardan üstün tutmuşdur. Novruz bayramı münasibəti ilə bir sıra rəvayət və əfsanələr uydurulmuşdur” [4].
   
     “Novruz” – hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.
 
   Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşğarlı Mahmudun “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik.

   
      Biruninin müasiri olan mütəfəkkirlər Mahmud Kaşğarlı və Ömər Xəyyam Novruz haqqında müəyyən məlumatlar vermişlər. Onların əsərlərində təkcə bu bayramın təbiətlə və onun qanunauyğunluqları ilə əlaqəsindən deyil, həm də onunla bağlı mərasimlər, sınamalar və rituallar haqqında bəhs edilir. Məsələn, Biruni belə bir sınama haqqında məlumat verir: “Əgər Novruzun ilk günü gün doğan vaxt hələ heç bir söz demədən üç qaşıq bal yesən və üç parça mum yandırsan bütün xəstəliklərdən xilas olarsan. Digər bir sınama isə belədir: “Hər kim səhər ibadətdən öncə bir az şəkər yesə və özünü zeytun yağı ilə yağlasa bütün il ərzində ona heç bir xəstəlik dəyməz”.
   
  Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi.
   
     Biruninin əsərindən, Ömər Xəyyamın “Novruznamə”sindən aldığımız məlumatlara görə, Novruzda yerə su səpərmişlər, yaxınlara hədiyyə verərmişlər, yelləncəkdə yellənərmişlər, şirniyyat paylayarmışlar, yeddi illik məhsulu müəyyənləşdirərmişlər, ritual yuyunması, çimməsi və digər mərasimlər icra edilərmiş. Novruz günündə süfrəyə buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt və ya lobya unundan hazırlanmış çeşidli çörəklər düzərmişlər. Süfrənin ortasına yeddi cür ağacın (söyüd, zeytun, heyva, nar və s.) zoğunu, yeddi ağ piyalə, ağ dirhəm və ya yeni dinar qoyarmışlar.
   
     Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, qohum və yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.
     
    Novruzun əkinçilik təqvimi ilə bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Yeni gün) adlandırıblar.
   
    Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.
     
    Novruzun mənşəyi ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bunlardan biri “Novruz”un “Yaradılış bayramı” olmasıdır. Bu mülahizəyə görə Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın yaranmasında iştirak edən dörd ünsür dörd çərşənbədə qeyd olunur və bu yaradılış prosesinin sonu bayram edilir.
Digər bir mülahizəyə görə, “Novruz” turanlıların “Tura” bayramıdır. Bəzi tədqiqatlarda, Nov­ruzun sosial-mədəni və mənəvi aspektinə diqqəti yönəldilmiş, onun dini əsaslardan məhrum olmadığından və sosial harmoniyanın təmin olunmasında oynadığı müstəsna rolundan bəhs edilmişdir. [5, s.93].
 
    Novruz bayramının mənşəyi, onula bağlı əsatirlər, miflər qədimdir. Orta əsrlər İran əfsanələrinə əsasən, Novruz bayramı ilk dəfə mifik İran şahları Kəyümərs və ya Cəmşid tərəfindən tətbiq olunmuşdur. Ancaq birinci personaj daha qədimdir və “Avesta”da Qara Martan adlanan bu obraz ilkin insan və ya bəşəriyyətin əcdadı hesab edilir. Bu personaj “Avesta”ya, heç sübhəsiz, Turan aləmindən daxil olmuşdur.
 
    Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.
   
   Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu çox geniş yayılmış və ümumi bir fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçılara görə, Novruz əski “inisiasiya” mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu ritualın rudimentini “Kosa-kosa” oyununda görürük. Bu oyunda Kosanın ölümü simvollaşdırılmışdır. Onun “kəfənsiz ölməsi” belə heç kimi məyus etmir, əksinə, güldürür. Kosanın ölümü ritual epizodunun oyunda ifadəsidir, yəni arxaik ritualın özü və ya onun bütövü deyildir. Amma bu oyunda arxaik ritualın bərpası üçün çox əhəmiyyətli detallar saxlanmışdır.

     Novruz oyunları kompleksinə daxil olan “Kəndirbaz” oyunu da arxaik ritualın və ya başqa sözlə, Novruzun mənşəyinin öyrənilməsində istifadə oluna bilər. Çünki bu oyunda çox əski “keçid” ritualı oynanılır. Əgər “Ergenekon”u Boz qurd cildində olan şamanın arxasınca gedərək dar bir keçiddən, dağ və ya qaya arasından keçərək icra edirlərsə, “kəndirbaz” oyununda bu hərəkətlər havada, daha çətin və mürəkkəb şəraitdə yerinə yetirilir. Buradakı keçid o dünyaya gedən “qıl körpünü” də, “uçmağa” aparan yolu da simvolizə edə bilər. Keçi isə mərasim icraçısı, mediator, “yumuşçu”, ölüm mələyi kimi ritualda, yalançı və ya təlxək kimi oyunda ən müxtəlif funksiyalarda izah oluna bilər. O da mümkündür ki, Hind-Avropa mədəniyyətində rast gəldiyimiz ritual zamanı bütün günahların yüklənib buraxıldığı “günah keçisi”nin lokal variantı həmin Keçidir.

     “Novruz”un türklərin Ergenekon bayramının davamı olması haqqında da fikirlər çox geniş yayılmışdır. İndi “Novruz” adı ilə keçirilən bu bayramın türklərin əski “Ergenekon bayramı” olması haqqında fikirlər vardır. Bu mülahizəyə görə, türklərin əskidən bəri keçirdikləri “Ergenekon bayramı” müəyyən bir dövrdən sonra “Novruz” adı ilə qeyd olunmağa başlamışdır.
   
   Türk tarixində “Ergenekondan çıxış” günü “Novruz” kimi xatırlanmış və bu adla qeyd olunmağa başlamışdır. Əlbəttə ki, bu səbəbsiz deyildir. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda, əski türklərin dörd yüz il əziyyət çəkərək qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları günə və yerləşdikləri yerə “Ergenekon” deyiblər. Bu mənada Ergenekon həm zamandır, xilas, qurtuluş günüdür, həm də məkandır, yeni və çox zəngin bir yerdir.. Türklər həmin yerə gəldikləri günü, həmin gündə və həmin yerdə ənənəvi olaraq qeyd ediblər. Yeni zamanın və məkanın qeyd olunduğu hadisə, Tanrıya alqışetmə ritualıdır.
 
    Baharın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması bütün insanlara olduğu kimi türklərə də dərin təsir etmiş, həyəcanlandırmış və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Türk sözü olan bayram M. Kaşğarlının “Divan”ında “Bedhrem” (bayram) – bir yerin işıqlarla və çiçəklərlə bəzənməsi və orada sevinc içində əylənilməsidir” – şəklində izah edilmişdir. [6, s.89].
   
   Əski türklərin dini mərasim və ayinlərinin necə icra edildiyini bu və ya başqa şəkildə Çin və ərəb qaynaqları ilə yanaşı türk boylarının dastanlarından, xalq əfsanələri və rəvayətlərindəki məlumatlardan öyrənirik. Hazırda əski ənənəvi inancları və mərasimləri qoruyub saxlamış Altay və Yakut şamanlarının keçirdikləri böyük dini mərasimlər bizim əski türklərin ayinləri haqqında təsəvvürlərimizi genişləndirir.
 
    Şamançı türklərin müəyyən vaxtlarda keçirdikləri ayinlərin yaz, yay və payız mövsümlərində baş verir ki, bunların da çox qədim dövrdən qaldığı şübhə doğurmur. Əski türk imperatorluğu dövründə bu ayinlərin dövlətin rəsmi dini bayramları olduğu Çin qaynaqlarının verdiyi məlumatlardan aydın olur. Yaz və payız bayramlarında ayinlərin icra olunması hunların zamanından məlumdur. Əski türk dininin saxlandığı monqol imperatorluğu dövründə yaz bayramı və bununla əlaqəli mərasimlər dövlətin dini bayramları olmuş və bu bayramlarda möhtəşəm ayinlər icra edilmişdir.

   “Novruz” tərkib elementləri etibarilə arxaik ritualdır, mövsüm mərasimidir, təqvim bayramıdır və ya milli bayramdır. Bunlardan sonuncusu, yəni müasir milli bayram anlayışı onların məcmusunu özündə ehtiva edir.
 
   Novruzun tərkibində arxaik ritual elementlərinin (səməni cücərtmə, tonqal qalama, tonqal üstündən tullanma, qulaq falı və ya qapı dinləmə, yumurta boyama və yumurta döyüşmə, qurşaq atdı, kosa-kosa, kəndirbaz oyunu, deyimlər, nəğmələr və s.) bəzən geniş şəkildə və bəzən də rudimentlər kimi müşahidə olunması onu ritualşünaslıq aspektindən də araşdırmağı şərtləndirir.

  Onların hər biri müəyyən bir elementlə simvolizə olunur. Məsələn, təbiətlə bağlı olan və insanların yaşayışında mühüm əhəmiyyət daşıyan yaz mövsümü ilə başlanan yaşıllanmanı “səməni” təmsil etməkdədir. Bu element təbiətin dirilməsini bitki səviyyəsində simvolizə edir. Bu kompleksin içində ən mərkəzi mövqeyi “tonqal” tutur. Tonqalın od, alov, atəş mənası bir sıra türk dillərində az fərqli sözlərlə işlənməkdədir. Tonqal əski türkcədə günəşin doğmasını bildirən “tanq” və günəşin qürubunu ifadə etmək üçün istifadə olunan “tünq” kəlmələri ilə fonetik və semantik baxımdan əlaqəlidir. Heç şübhəsiz ki, tonqal ilk öncə günəşi və bundan sonra da Tanq Tenqrini simvolizə edir. Əski türklərdə günəş həm Tanrıdır, həm də yaradıcı əcdaddır.

   İnsanların tonqal ətrafına toplaşması, onun üzərindən tullanması, ilk öncə hər hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etməsi diqqəti çəkməkdədir. Burada əcdad dünyasına yola salma və tonqalda Tenqriyə qurban vermə arxaik ritual hərəkətləri gerçəkləşməkdədir. Tonqal üzərindən tullanarkən söylənən “ağırlığım, uğurluğum burda qalsın” ritual deyimi “türklərdə odun arındırıcı” funksiyası ilə izah olunursa olunsun, bizcə bu çox bəsit və ritualın sakral mahiyyəti ilə uzlaşmayan bir yanaşmadan uzağa getmir. Özünü oda atan, alovun içərisindən keçən “ritual personajı” özünü Tanq Tenqriyə qurban etmiş olur.

    Bu qurban vermə ritual və ya simvolik xarakter daşıyır. Özünü odda qurban verən fərd Tanq Tenqrini simvolizə edən Tonqalda onunla birləşir, bütövləşir, “o dünyada”, xaos məkanında olur, əcdad ruhları ilə, “tın”la təmas yaradır, orada sakrallaşır və yenidən oddan çıxaraq “bu dünyaya”, kosmos məkanına qayıdır. Bizcə, perifrastik formada işlənməsinə baxmayaraq, tərkibində iki semantemi birləşdirən ritual deyiminin – “ağırlığın(fiziki) və uğurluğun(mənəvi)” odda, tonqalda qalması isə fərdin fiziki və mənəvi baxımdan özünü Tanrıya qurban verməsinin ifadəsidir.
   
   Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s. Təmizlənməmiş həyət-baca, köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə edir. Küsülülük, kommunikativ böhran sosial xaosun ifadəsidir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur.
   
   Yumurta döyüşdürülməsi iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş etdirməkdir. “Toxum cücərtmək” və ya “Səməni qoymaq” da bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir. [3, s.123].
 
   Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda bu adətlərin zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir.
Sonrakı dövrlərdə “torba atmaq” “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir.
   
     Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. 
    Novruz bayramının ritual əsaslarının təhlilindən gəldiyimiz qənaətlərə görə, onun yaranışı nə zərdüştlüklə, nə də islam dini ilə əlaqəlidir. Çünki burada müşahidə olunan arxaik ritual elementləri şaman, buddist, xristian və müsəlman türklərin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır.
 
Ədəbiyyat
 

  1. Xəlil Ağaverdi.   Türk xalqlarının yaz bayramları və Novruz, Bakı: Elm və təhsil, 2012, 144 s.
  2. Nəbiyev Azad. Novruz bayramı, Bakı: Yazıçı, 1990, 227 s.
  3. Novruz Bayramı Ensiklopediyası. Bakı: Şərq-Qərb, 2008, 466 s.
  4. Ömərov Vahid. Azərbaycançılıq və Nobruz adətləri, “Səs” qəzeti, 16 mart 2012
  5. Seyidov Mirəli. Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı: Elm, 1983, 340 s.
  6. Seyidov Mirəli. Yaz bayramı, Bakı: Gənclik, 1990, 260 s.
 
Zaur Mustafayev,
BDU, filologiya fakültəsi, elmi işçi


Tarix: 17-03-2023, 20:35

Xəbəri paylaş