Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müasir müəllim fəal təlim strategiyalarının tətbiqini bacarmalıdır

  
 
  

 Şahrza Ağayev,
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.
E-mail: [email protected]  
 
 “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ümummilli lider Heydər Əliyevin bu fikirləri müəllim əməyinə verilən yüksək qiymətdir.
 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”  sənədində qeyd olunur:”Təhsilin məzmununu təhsilalanların və cəmiyyətin təlabatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq; məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqlarının aşılanmasını təmin etmək;təhsilin məzmununa, şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək”.
  Bütün bu tələblərin tədris prosesində həyata keçməsi üçün müəllimin üzərinə pedaqoji vətəndaşlıq  düşməklə zəruri bacarıqlara malik olmalıdırlar. Standartlara əsaslanan nəticəyönümlü fənn kurikulumunun ugurlu tətbiqində məqsəd olaraq müəllimlər şagirdlərin gələcək fəaliyyətinə vacib olan bilik,bacarıq, vərdiş, dəyər və keyfiyyətləri formalaşdırmaqdır.  Müəllim,  kompetensiyalara (bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlər)uyğun bacarıqlara malik öyrənənləri pedaqoji prosesdə təlim strategiyasını düzgün müəyyən etməlidir.     Təlim strategiyalarına: təlimin  təşkilinə verilən əsas tələblər,  fəaliyyətinin planlaşdırlması, üsullar və iş formaları daxildir.Təcrübədən aydın olur ki,qeyd olunan strategiyaların nəzəri və praktik mahiyyətini mükəmməl bilən müəllimlər həmişə təhsildə keyfiyyət qazanırlar.
Təlimin təşkilinə verilən tələblər haqqında pedaqoji və metodik ədəbiyyatlarda geniş məlumatların verilməsinə baxmayaraq əsas iş müəllimin nəhsuldar əməyi ilə bağlıdır.
Haqlı olaraq  qədim Çin mütəfəkkiri   Konfutsi (e.ə.551-479) demişdir: “Oxudum unutdum, gördüm xatırladım, etdim öyrəndim”. Təlimin təşkilinə verilən tələblər müəllimin xüsusi pedaqoji qa­bi­liy­yətlərə malik olmasını vacib sayır.Bu müəl­li­min əqli, еmоsiоnаl – irаdi cəhətlərini хаrаktеrizə еdir.Dərsdə tədris olunan mövzular şagird şəxsiyyətinin formalaşmasıda vasitə olub müəllimin pedaqoji qabiliyyətlərinin inteqrasiyasına əsaslanır. Müəllimin pеdаqоji qаbliyyətlərinə müvafiq mənbələrdə qeyd olunanlara aiddir:şəхsi, didaktik, 
təşkilаtçılıq,kommunikativ, perseptiv, suqqestiv, diqqəti paylaya bilmək, 
 pedaqoji refleksiya,  müəllimin aktyorluq qаbliyyətləri. Müəllimin şəxsididaktik, təşki­lat­çı­lıq qabiliyyətləri aparıcı, qalanları isə köməkçi hesab olunur .
Müəllimin şəxsi pedaqoji qabiliyyətlərinə şagirdlərə hüsn-rəğbət bəsləmək, hörmət və еhtiyаtlа yаnаşmаq, təmkinlilik, özünü ələ аlа bilmək və həmişə dərs zаmаnı fəal iş аpаrmаq üçün оptimаl psiхi vəziyyət yаrаdа bilmək аid edilir.
Müəllimin didaktik qabiliyyətləri  zəruri məlumаtlаrını şаgirdlərə çаtdırа bilmək, mаtеriаlı onların səviyyələrinə uyğun­lаş­dırmаqla anlatmaq,  prоblеmi аydın və аn­lаşıqlı şəkildə təqdim еtmək, fənnə qаrşı marаq оyаtmаq, dərsdə fəаl müstəqil fikir yаrаdа bilməkdən  ibаrətdir.
Müəllim təşkilatçılıq qabiliyyəti ilə icrа еdəcəyi  işlərdə plаnlаşdırmаnı,nə­zаrət еtməni,vахtı  düzgün bölməni qanunauyğun aparmağı bacarır.Nəticədə  təşkilаtçılıq nümunəsi göstərməklə vахtdаn səmərəli istifаdə еdə bilir. 
Müəllimin kоmmunikativ qabiliyyəti şаgirdlərlə düz­gün ünsiyyət və münasibətini, rəftarını nəzərdə tutur. Ünsiyyət İki və daha çox insanın münasibətlərinni aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsir başa düşülür.  
 Müəllimin perseptiv qabiliyyəti şаgirdin dахili аləminə nüfuz еdə bilmək, şəхsiyyətini və оnun psiхi vəziy­yə­tinin incəliklərinə qədər bаşа düşməklə bаğlıdır.İnsanların qarşılıqlı anlayıb, dərketməsi prosesidir. Perseptiv  latıncadan tərcümədə qavrayış anlamındadır.
Suqqestiv qabiliyyət müəl­limin şаgirdlərə irаdi- emosional təsir göstərmək bacarığıdır. Suqqestiv lаtıncа olub- təlqin dеməkdir.Yəni,bir şeyi anladıb inandırmaq, beyninə yeritmək, qəbul etdirmək.
Diqqəti paylaya bilmək qabiliyyəti оlаn müəl­lim öz diqqətini iki və dаhа аrtıq fəаliyət оbyеkti üzərində pаylаmağı bacarır. O, tədris mаtеriаlın nеcə şərh еtdiyini, öyrənənlərin nə dərəcədə dinləməsini izləməklə nəzər-diqqətini hamının üzə­rinə yönəldir.
Pedaqoji refleksiya qabiliyyəti оlаn müəllim öz vəziyətini dərk еtməyi bаcаrır.Müəyyən pеdаqоji şərаitdə nəzаrət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün  fəаliyyət və  ünsiyyətin məqsəd və vəzifələri ilə əldə оlunmuş nəticəni müqаyisə еdir.
Müəllim aktyorluq qabiliyyətinə  malik olmaqla uğurlu  fəaliyyətini qura bilər. Müəllim məktəbdə, aktyor isə teatrda tərbiyə işi ilə məşğul olur. Aktyor səhnədən tamaşaçılara, onların hisslərinə və şüuruna təsir göstərir. Müəllim isə bu vəzifəni sinif otaqlarında şagirdlərlə icra edir. Onlar söz vasitəsilə öz dinləyicilərinin şüuruna, qəlbinə yol tapmağa çalışır.
Müəllimin qeyd olunan qabiliyyətlərə kamil yiyələnməsi onun pedaqoji prosesin tamlığına səriştəli və peşəkarlıqla  nail olması deməkdir.Pedoqoji prosesin tamlığı - müəllimin bələdçiliyi ilə təlimin məqsədi olan  təhsilverici (öyrədici), tərbiyəetdirici və inkişafetdirici funksiyalarının vəhdətindən ibarətdir. 
Təlimin öyrədici funksiyası şagirdləri proqram dairəsində bilik, bacarıq və vərdişlərlə silahlandırmaqda ifadə olunur. Təlimdə xüsusi-ayrı-ayrı fənlər üzrə,ümumi-bütün fənlər üçün zəruri olan bacarıq və vərdişlər aşılanmalıdır. Ümumi bacarıq və vərdişlərə kitabla iş, planlaşdırma, optimal tempdə oxumaq və yazmaq, ifadə və inşa yazmaq, mətni yığcam danışmaq, özünənəzarət bacarıq və vərdişləri daxildir. Belə bacarıqlara yiyələnən şagirdlər uğurla oxuyur, təlimdə az vaxt və qüvvə sərf etməklə daha yüksək nəticələrə nail olurlar. Öyrədici prosesdə tədqiqat aparılması və müxtəlif iş formalarından istifadə imkanı, vaxta qənaət, təhliletmə və nəticə çıxartma bacarığı, qısa müddətdə daha çox materialın öyrənilməsi imkanı qazanılır.
Təlimin tərbiyəedici funksiyası  şagirdlərin əməkdaşlıq, bir-birini dinləmək bacarığı, qarşılıqlı hörmətlə yanaşmaqla həllini tapır. Gənc nəsildə vətənpərvərlik, milli iftixar hissi, humanizm və digər ideya-mənəvi keyfiyyətlər tərbiyə etməkdə, onlara yüksək hisslər aşılamaqda təlim mühüm vasitədir.Təlimin tərbiyəedici funksiyası onun məzmunutəşkili formaları və metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət prosesi vasitəsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası  şagirdlərin ümumi inkişafında, psixi proseslərinin təşəkkülündə ifadə olunur.Bilmək lazımdır ki, təlim özlüyündə şagirdlərin diqqətinin, hafizəsinin, təfəkkür və təxəyyülünün inkişafını təmin etmir. Müəllim təlim prosesinin imkanlarından istifadə edərək, gənc nəslin zehni, mənəvi, iradi və emosional inkişafı üçün əlverişli şərait yaratmaqla,  fəallıq, yaradıcılıq, müstəqil tədqiqat aparmaq, öz fikrini çatdırmaq bacarıqları formalaşdırmalıdır.Müəllim təlimin öyrədici, tərbiyəedici və inkişafetdirici funksiyalarını qarşılıqlı əlaqədə həyata keçirməklə şagirdlərə XXI-əsrin müasir bacarıqlarını aşılamış olar. 
Təlimdə bərabər imkanların yaradılması - irq, cins, millət, hər hansı bir fiziki qüsur və sairə amilləri nəzərə almadan şagirdlərə, onların potensial imkanlarını nəzərə almaqla fəallığının təmin olunması prosesidir. Müəllim şagirddə özünə inam hissi yaratmaqla,onda tolerantlıq, fərdlərin dərk edilməsi, təzyiq göstərmədən çoxmədəniyyətli cəmiyyətin həyatında münaqişələri tənzimləmək bacarığı kimi kompetensiyaları formalaşdırır.
Şagirdyönümlülük – müəllim tərəfindən öyrənənlərin dəyişən və daim inkişaf edən maraqlarını nəzərə almaqla, öyrədici, inkişafetdirici və tərbiyələndirici təlim mühitini yaradaraq  tələbatlarını ödəməklə, onların istedad və qabiliyyətlərini üzə çıxarılması, potensial imkanlarının aşkarlanması və inkişaf etdirilməsi prosesidir. Müəllim, şagirdlərin qazandığı   biliyinə uyğun bacarıqları formalaşdırmaqla,onlarda peşə seçimini asanlaşdırmağa şərait yaradır.
İnkişafyönümlülük –təlim prosesində şagirdin idrak fəallığının sadədən mürəkkəbə  prinsipi ilə izlənməsi, nailiyyətlərinin təhlil edilməsi, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsinin tənzimlənməsi həllini tapır.Bu tələbə əməl edən müəllim - şagirdin fəaliyyəti səviyyəsində izlənən yüksəliş və enişi izləmiş olur. O,zəifləmə səbəblərini araşdıraraq şagirdə mənəvi, psixoloji dəstək olaraq irəliləməsinə şərait yaradır.
Fəaliyyətin stimullaşdırlması - şagirdlərdə təlimə marağı artırmaq üçün onların fəaliyyətində bütün irəliləyişlərin qeyd olunması və dəyərləndirilməsi prosesidir. Bu tələbi təlim prosesində reallaşdıran müəllim, şagird nailiyyətlərini izləmək üçün müxtəlif yoxlamalar aparmaqla, onları ölkədaxili və beynəlxalq müsabiqə və olimpiadalara cəlb etməklə stimullaşdırıcı addım atmış olur.
Dəstəkləyici təlim mühitinin yaradılması - şagird üçün pedoqoji prosesdə münasib maddi-texniki bazanın təşkili və sağlam mənəvi-psixoloji şəraitin yaradılması prosesidir. Bu əməliyyatı tətbiq edən müəllim, müasir tələblərə cavab verən əşyavi mühit (sinifdə əşyaların, iştirakçıların istifadəsinə uyğun təşkili) yaradır.Şagirdlərin müxtəlif öyrənmə forma və üsullarından istifadə etmələri üçün əlavə resurslardan, tədris vəsaitlərindən istifadəsini təmin etməklə əməkdaşlıq, ünsiyyət kimi bacarıqları yaratmaqla dəstəkləyici mühiti təmin edir.
Təlim strategiyasına daxil olan digər ikinci tərkib hissə: təlim fəlaiyyətinin planlaşdırlmasıdır. Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarıına qoyulan tələbə uyğun, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini qanunauyğun planlaşdırmalıdır.
Planlaşdırmanın iki növü var:perspektiv (illik) və cari (gündəlik) planlaşdırma.
Perspektiv planlaşdırmanı təlimata uyğun tətbiq edən müəllim  bir neçə məqama diqqət etməlidir:tədris vahidinin və mövzuların ardıcıllığını sadədən mürəkkəbə doğru müəyyənləşdirmək;inteqrasiya imkanlarını, fəndaxili və fənlərarası müəyyən etmək;şəraitə və sinfin səviyyəsinə uyğun resursları, əlavə vəsaitlər və təchizat seçmək;şagirdlərin inkişaf və qavrayış səviyyələrini nəzərə almaqla mövzulara uyğun vaxt bölgüsü aparmaq. 
Gündəlik dərslərin planlaşdırılması aşağıdakı məzmunda təsbit olunur.
 Dərsin davametmə müddətini əsaslandırmaq üçün əvvəlcədən planlaşdırma aparılır. Dərsin metodikası tələb olunan standartlara və tədris olunan mövzusuya uyğun müəyyənləşdirilir. Dərsin uğurlu keçirilməsi üçün onun mərhələləri və məzmunu əvvəlcədən dəqiq müəyyən edilir.
 Dərsin təlim məqsədinin qoyuluması: bilik,bacarıq, vərdiş və dəyərlər.
Dərsin tipinin müəyyən edilməsi: Mövzunu xüsusidən ümumiyə doğru(induktiv), yoxsa ümumidən xüsusiyə( deduktiv) doğru izləyəcəyimiz müəyyənləşdirilir.
Dərsin mərhələlərinin və hər mərhələdə istifadə olunacaq üsulların planlaşdırılması.(Hər mərhələ üçün vaxt çərçivəsi müəyyən edilir.)
Hər mərhələ üçün tapşırıq seçilməsi: Tapşırıqlar bir-birini tamamlamalı,dərsin təlim məqsədi və məzmunu ətrafında məntiqi zəncir kimi sıralanmalıdır.
Öyrənənləri fəaliyyətə cəlb etmək üçün qeyd olunanları müəyyən etmək vacibdir:problem;suallar;tapşırıqlar;iş vərəqləri hazırlamaq;
mənbələri seçmək (sənədlər, foto-film materialları, internet saytı və.s.).
 Müəllimlər üçün xüsusi materiallar:Suallar variantı (müzakirələr yeni problemlər aça bilər); Öyrənənlərin mümkün cavab variantları; İllüstrasiyalar (müəyyən mərhələdə öyrənənlərin marağını artırmaq üçün);
 Müzakirələrin gedişində əldə edilən nəticələrin, təriflərin plakatlara
yazılması.
Dərsi səmərəli təşkil etmək üçün aşağıdakı sualların cavablarını müəllim özü üçün konkretləşdirməlidir.
Nə öyrəniləcək?Necə öyrəniləcək?Hansı şəraitdə öyrəniləcək? Təlim fəaliyyəti necə qiymətləndiriləcək?
Dərs planlaşdırılarkən hansı təlim standartının (standartlarının) reallaşdırılması müəyyənləşdirməli, ona (onlara) uyğun təlim məqsədi (təlim məqsədləri), müvafiq metod və vasitələr seçilməlidir.
Gündəlik dərsin planlaşdırılması mərhələləri:Mövzu;Standart;Təlim məqsədi: (reallaşdırılacaq standartlara əsaslanmaqla); İnteqrasiya;İş forması;İş üsulları;Resurslar.
Dərsin mərhələləri:Motivasiya. Problemin qoyulması;Problemin həlli;
  Məlumat mübadiləsi;Müzakirə;Nəticə və ümumiləşdirmələr; Ev tapşırığı.
 Düşünməyə yönəlmə-şagird mövzu ilə əlaqədar biliklərini xatırlayır, fəallaşır və onda mövzuya maraq yaranır ;Dərketmə - yeni biliklərin öyrənilməsi ;Düşünmə - yeni biliyi möhkəmləndirmək üçün testlər, tapşırıqlar, əvvəlcədən hazırlanmış kartoçkalar verilir.
 Fəal dərsin qeyd olunan mərhələlərinə əməl edib səmərə qazanmaq strategiyanın, təlimin üsulları və formalarından asılıdır.
Dünya praktikasında seçilən,  tədris prosesində ən çox tətbiq olunan təqdim etdiyimiz fəal təlimin üsullarının mahiyyəti nəzəri və praktik cəhətdən müəllim tərəfindən mənimsənilməlidir.
Layihələrin hazırlanması müxtəlıf mövzuların müstəqil olaraq tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə  vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir.Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif insanlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır. Hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan birini seşmək imkanı verir. Problem həmçinin sinif tərəfindən "əqli hücum ” üsulu ilə seçilə bilər.Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına isə şagirdlər özü cavabdehdir.Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, qrafiklər, formasında ifadə oluna bilər.

Sorğu vərəqləri və müsahibə bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır.
Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.
Təqdimat fəal-interaktiv təlim metodları ilə aparılan dərslərin mühüm elementlərindən biri olub şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin. Öz fikirlərini dəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların) hazırladıqları təqdimat dəqiq olur, yaxşı tərtibatı ilə diqqəti cəlb edir.
Təqdimata hazırlaşan şagirdlər onun hansı formada keçirmək barədə qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları barədə şagirdləri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən şagird vaxtdan səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir.Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər.
Kublaşdırma tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir.Mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır.Bu metod müəllimə imkan verir ki, mövzunu, vəziyyəti ətraflı tədqiq etsin, şagirdlərin mürəkkəb və inteqrativ yanaşmalarına şərait yaratsın.
Prosesdə ardıcıl aparılan əməliyyatlara daxildir:Kub düzəldilir;kubun hər üzünə verilən altı göstərişdən biri yazılır;müzakirə olunacaq mövzu müəyyən edilir;sinif altı qrupa bölünür və hər qrupa mövzu üzrə bir göstəriş verilir;şagirdlər təlimatlandırılır;şagirdlər altı yanaşma- təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə və təqdimat edirlər;nəticə çıxarır, ümumiləşdirmə aparırlar;yekun lövhədən asılır.
Ziqzaq üsulu ilə nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir.Proses  tədqiq olunacaq mətn dörd hissəyə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1-dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır. Ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər.
 Beyin həmləsi üsulundan dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Dərslərdə problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır.
 Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır.Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır.
Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Əqli hü­cum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin ta­mamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşı­rığı vermək də məqsədəuyğundar.
 Müəllim mümkün qədər çox şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müx­təlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizə­lər heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir. Şa­gird­lər müzakirə olunan problemin həlli üçün faydalı hesab et­dikləri ideyaları seçirlər.
BİBÖ (bilirik, istəyirik bilək,öyrəndik-öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər ara­sında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə dü­şün­məsini təmin edir.
Müəllim lövhədə üç sütundan ibarət cədvəl qurur.Aşağıdakı böl­mələri qeyd edir: "Nəyi bilirik”, "Nəyi bilmək istəyirik”, "Nə öy­rəndik və hələ nələri öyrənməliyik”.
 Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi mə­sə­lə­ləri, sualları müəyyənləşdirir. Bu məqsədlə müəllim özü və ya şa­girdlər cütlər, qruplar halında mətni oxuyur.
 Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, Əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır.
Şagirdlərin qeydləri dinlənilir, məqsədəuyğun sayılan cavablar müvafiq sütunda qeyd edilir. Şagirdlər əvvəlki biliklərini (birinci sü­tunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öy­rə­ni­lən­lər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.
 Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədəmüvafiqdir:mühazirənin məqsəd və vəzifələrini dəqiq 
müəyyənləşdirmək;plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq);əyani və texniki vasitələrdən istifadə etmək.
Klaster (şaxələndirmə) üsulu: müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır.Məsələn,texnologiya. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.
Anlayışın çıxarılması üsulu oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır.Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə 
aid iki və ya üç yönəldici söz sadalayır və ya yazır.Məsələn,bitki mənşəli,
ağ,yumşaq. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar.Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, 
müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacananın tapilib-tapilmamsını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.
Müzakirə mövzu ətrafında ideya, məlumat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.
Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı "Bəli” və ya "xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.Müzakirədə mövzuya aid "Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə olunur.
Söz assosiasiyaları üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir.Həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır.Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır.Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.
Problemli vəziyyət üsulu tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir.Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür.Problemli vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir.Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır. 
Venn diaqramı üsuldan əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir.
Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
Birinci və ikinci dairədə müqayisə olunacaq obyektlər qeyd olunur.
Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir
Təlim formaları (fərdi iş,cütlərlə iş, qruplarla iş və kollektivlə iş) dərsin məqsədinə uyğun olaraq seçilir.Şagirdlərin fəaliyyəti bu forma üzərində qurulur. Bir dərsdə bir neçə təlim formasından istifadə etmək mümkündür.
Fərdi iş şagirdin fəaliyyətini izləmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması zamanı şagirdin sərbəst düşünmə imkanı yaranır və müəllim şagirdin fəaliyyətini obyektiv qiymətləndirə bilir.
Təlim formaları ilə yanaşı təlim üsulları da vardır. Coğrafiya fənninin tədrisində klaster, beyin həmləsi, BİBÖ, Anlayışın çıxarılması, Venn diaqramı, cədvəllərlə iş və s. kimi təlim üsullarından geniş istifadə etmək olar.
Cütlərlə iş. Bu təlim forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə imkan yaradır.
Qruplarla iş. Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu zaman şagirdlərin müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və əməkdaşlıq bacarıqları inkişaf etdirilir.
Kollektivlə iş zamanı birgə fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur.
İstifadə olunan ədəbiyyat

 1.Azərbaycanın təhsil siyasəti (1998–2005), II kitab. Bakı, "Təhsil", 2005.
2."Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu. Bakı, "Hüquq ədəbiyyatı",2009.
3. M.Həsənov, Ş.Ağayev və b. Fənlərin  inteqrasiyası. Bakı , “MM-S”  müəssisəsi, 2013.64 səh.
 
 
4.Ş.Ağayev.İbtidai sinif müəllimlərinə kömək. Bakı,”İMZA”nəşrlər evi, 2022,184 səh.
5. Ş. Ağayev, S. Məmmədova. Texniki peşə təhsili müəssisələrində təlimin təşkilinin didaktik məsələləri. “Nasir” nəşriyyatı, Bakı, 2010, 204 səh.
6. Ş. Ağayev, S. Rzayeva. Məktəbəqədər kurikulum:nəzəriyyə və təcrübə. Bakı,“MM-S”nəşriyyatı,2017.330səh.
 
7. Ş. Ağayev,   R Hacızadə. Dərs:ənənə və müasirlik. Bakı,“MM-S”nəşriyyatı,2020.200səh.
8. Ş.Ağayev.  Texnologiya və onun tədrisi metodi­kası (Bakalaviratlar  üçün mühazirə mətnləri). Bakı, 2021, ADPU-nəşriyyatı. 408səh.
 


Tarix: 7-02-2023, 15:44

Xəbəri paylaş