Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏZƏLİ MƏSKƏNI







Arzu KƏRİMOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Elmi-təşkilati şöbəsinin mütəxəssisi
 
Ana yurdum, dogma vətənim, can Azərbaycan! 

Sənin hər qarışın bizim üçün müqəddəsdir, əzizdir. Candan əziz canımızdır vətən. Bakını, Gəncəni, Şuşanı, Kəlbəcəri, Laçını, Daşkəsəni, Gədəbəyi, Xocalını, Xankəndini, Qubanı, Qusarı, İsmayıllını, Qəbələni, Şəkini, Zaqatalanı və digər guşələri bir-birindən necə ayırmaq olar!? Mümkün deyil. 
Elə bu yerlərin gözəlliyini, yeraltı və yerüstü sərvətlərini görən düşmənlər torpaqlarımızı ələ keçirmək üçün dəridən-qabıqdan çıxırlar. Qeyd edim ki, vətənimin bütün guşələri yalnız gözəllikləri ilə, sərvətləri ilə məşhur deyil. Gözəl xasiyyətli, xoş simalı, qonaqpərvər, vətənpərvər, ədəbli, mədəni, şair təbiətli insanları ilə də məşhurdur. Mən bu yazıda Azərbaycanımın dilbər guşələrindən biri, gözəl Şuşamız haqqında yazmaq istəyirəm.
Qədim Şuşa, hələ eramızdan əvvəl insan məskəni olmuşdur. Burada Qafqazın başqa ərazilərində rast gəlmədiyimiz daş binalar, daş döşəməli küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. Bütün bunlar Şuşanın çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta, XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması faktları ifadə edilmişdir.
“Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da, bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlayar” - deyən vəzir Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğuna işarə etmişdir.
Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşada geniş quruculuq işləri aparmış, inkişaf etdirmişdir. O, möhtəşəm Şuşa qalasını tikdirərək onu möhkəmləmləndirmiş, şəhəri Qala şəhərə çevirmişdir. Şuşa şəhərini xarici işğaldan qorumaq üçün şəhərin ətrafı hündür, sıldırım dağ üstündə qala divarları ilə hörüldü. İlk çağlardan Qalanı “Şuşa” adı ilə yanaşı, həm də gözəl məkan Pənahəli xanın şərəfinə “Pənahabad” kimi də adlandırılmışlar. Şəhər ilkin olaraq 17 məhəllədən ibarət olmuşdur. Şəhərin sakinləri olan azərbaycanlılar unikal relyefdə, hündür bir ərazidə yerləşən Şuşanı mədəni cəhətdən də yüksəldərək, qısa müddətdə mədəniyyət mərkəzinə çevirmişlər. Hamını heyran qoyan bu qədim şəhər gözəl təbiəti, əsrarəngiz mənzərəsi, tarixi ilə bizə həmişə yenilməzlik nişanəsi, milli ruhumuzun etibarlı sığınacağı kimi görünüb. 
Şuşa artıq XVIII əsrdə Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrildi. İllər ötdükcə bu gözəl məkanın ətrafında böyük və güclü qalalar tikildi, çoxsaylı evlərdən ibarət məhəllələr yarandı. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Getdikcə böyüyən Şuşada ticarət, elm və mədəniyyətin inkişafının nəticəsi olaraq Şuşanın qonşu ölkələrlə ticari-mədəni əlaqələri yaranmağa başladı. Şuşalı tacirlər qonşu ölkələrin iri şəhərləri ilə geniş alqı-satqı, ticarət əlaqələri qurmuşdular. Ticarətin geniş inkişafı nəticəsində şəhərdə həm də Pənahabadi adlanan gümüş pullar buraxılmışdı.
Şuşalıların qonşu ölkələrə mədəni və ticarət əlaqələri elm və mədəniyyətin də inkişafına təkan vermiş oldu. Şuşada görkəmli şəxsiyyətlər və elm xadimlərinin xidmətləri sayəsində şəhərin, demək olar ki, inkişafı daha da sürətlənmişdi.
Artıq XIX əsrin ikinci yarısında Şuşa əhalisinin sayı 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərinin mədəniyyət mərkəzinə çevrilməsində, burada elmin, təhsilin və mədəniyyətin inkişaf etdirilməsində çox böyük rol oynamışlar.                                                                                                                           
  Azərbaycanın xarici ölkələrdə tanınmasında Şuşa elm və mədəniyyət xadimlərinin böyük rolu olmuşdur. Tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətəni hesab edilir. Heç də təsadüfi deyildir ki, Xur­şidbanu Natəvan, Molla Pəhah Vaqif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Süley­man Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Həmidə xanım Cavanşir, Bədəl bəy Bədəlbəyli, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilər, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev və dünya şöhrətli yüzlərcə ziyalının, xadimlərin həyatında məhz Şuşa mühitinin mühüm rolu olmuşdur.
Şuşa XVIII əsrin II yarısından musi­qi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə təkan vermişdir. Hacı Hüsü, Məşədi İsi, Əbdülbaği Züla­lov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Sadıqcan, Məşədi Zeynal, Əhməd Ağdamski, Segah İslam, Zabul Qasım, Məcid Beh­budov, Xan Şuşinski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov və diğərləri Şuşanın yetirdiyi və bütün Ya­xın Şərqdə tanınmış xanəndə və sənətkarlardır.
Şuşa qeyri-adi istedada malik olan bəstəkarların vətəni kimi də məşhurdur. Belə ki, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir bəy dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi ol­maqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınmışdır. Bundan əlavə, Fikrət Əmirov, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Mehdi Məmmədov, Süleyman Ələsgərov, eləcə də, görkəmli rəssam və memarlar­dan Lətif Kərimov, Cəlal Qaryağdı, Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov və bir çox başqa xadimlərin adı Azərbaycan mədəniyyəti tarixində müstəsna yer tutur.
Hələ sovet dövründə görkəmli dövlət xa­dimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, nəticədə erməni iddiaları hər zaman iflasa uğramışdı. Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuş­dur. Heydər Əliyev Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyev XX əsrin 70-ci illərində Şuşa şəhərində Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə tapşı­rıq vermişdi. Ulu öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan klassik ədəbiyyatının böyük nümayəndəsi M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb-yaratdığı yerlərlə tanış olmuşdu.
Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edil­mişdi. Həmin il şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük meh­manxana kompleksləri, yeni inzibati binalar inşa olunmuş, Şuşa beynəlxalq səviyyəli kurort şəhərinə çevrilmişdi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşmış, azərbaycanlıların milli ruhu güclənmişdi. Keçmiş SSRİ-nin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zaman­da, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.
1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edil­mişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Heydər Əliyev Şuşa ictimaiyyəti ilə keçirdiyi görüşdə demişdir: “...Şuşa abidələr şəhəridir. Diyarın zəngin ta­rixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”
Həmin dövrdə Şuşa sürətlə inkişaf etmişdir. Onun yetirdiyi insanlar da ruhən təmiz, musiqiduyumlu və şairqəlblidirlər. Bu, təbiətin onlara bəxş etdiyi bir ərmağanıdır. Məhz, buna görə də gözəl Şuşamızı “Şərgin konservatoriyası”, “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” kimi adlarla adlandırılmışlar.
Şuşanın strateji əhəmiyyəti, onun təbiəti və relyefi mənfur düşmənlərin nəzər-diqqətini hər zaman özünə çəkmişdir. Qarabağın tacı olan Şuşa şəhəri 28 il, Ermənistan silahlı qüvvələrin işğalı altında qaldı. 
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdi. Bu işğal nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, Pənah xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, o cümlədən, Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilmişdir.
Nəhayət, Ali Baş Komandanın uğurlu siyasəti, Azərbaycan ordusunun  qəhrəmanlığı nəticəsində  2020-ci ilin 8 noyabrında Şuşa işğaldan azad edildi. Şuşanı dünyada məşhurlaşdıran daha bir xüsusiyyət “Şuşa döyüşləri” adı ilə tarixə düşdü.
Prezident Cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi xalqımız üşün qürurverici hadisələrdəndir və ölkə­nin   tarixinə qızıl hərflərlə yazıldı. Bu gün Şuşada  şəhərin əsl tarixi simasının bərpası istiqamətində möhtəşəm layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın baş planının  hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəmində bərpası, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəyovun, Bülbülün və Xurşidbanu Natəvanın büstlərinin, həmçinin tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtında görüləcək işlərin tərkib hissəsidir. Fəxrlə deyə bilərik ki, Şuşa qısa zaman kəsiyində öz əzəmətini, şöhrətini, milli-mənəvi dəyərlərini özünə qaytaracaq, bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələri böyük maraqla, həvəslə izləyəcək və Şuşanın Qarabağın döyünən ürəyi olduğunu görəcəkdir.
1992-ci ilin mayından bəri qəlbimizdə ağır bir yara, ruhumuzu əzən nisgil vardı. Bu, ürəyimizdən daş kimi asılmış Şuşasızlıq idi. Amma qəlbimizin dərinliyində bir narahatlıq da vardı ki, bəlkə də ömrümüz bizə o gözəl günləri görməyi vəfa etməz. Şuşa bu illərdə dilimizin ən müqəddəs duasına, ömrümüzün ən böyük həsrətinə çevrilmişdi. 
Ali Baş Komandan, Prezident İlham Əliyev Müzəffər Ordumuzun gücü ilə bu həsrətimizə son qoydu. Bizi arzumuza yetirdi. Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində - haqq savaşımızda mənfur düşməni məğlub etdi. Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər günü kimi həkk olundu.
Qələbəmizdən sonra azad yurdlarımızda geniş quruculuq işləri başlandı. Azərbaycan bununla göstərdi ki, erməni vandallarından fərqli olaraq bu yurdlar bizə dağıntı, xarabalıq kimi deyil, məhz inkişaf məkanı kimi lazımdır. Ermənilərin 30 ilə yaxın müddətdə daşını daş üstə qoymadıqları yurdlarımıza yenidən həyat qayıdır. Dövlətimiz torpaqlarımızı işğaldan azad etdiyi kimi qısa zamanda dirçəltmək əzmini də sübuta yetirir. Bərpa-quruculuq prosesi mədəniyyət paytaxtımız elan edilmiş Şuşa şəhərində xüsusilə sürətli şəkildə aparılır. Qısa müddətdə Şuşanın Baş planı hazırlanıb. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb. Bülbülün ev-muzeyinin, Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları olub. Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir bəyin işğal zamanı erməni vandalları tərəfindən satış məqsədilə aparılan və təsadüf nəticəsində Bakıya gətirilməsi mümkün olan, uzun illər paytaxtda saxlanan büstləri yenidən Şuşadakı tarixi yerinə qaytarıldı. Üüzərindəki güllə izləri isə erməni vandallarının bədnam əməllərindən bütün dünyaya ibrətamiz hekayə nəql edir.
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Şuşanın azadlığı günü xalqımıza qələbə müjdəsini verərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər sevincini bu tarixi kəlmələri ilə ifadə etmişdi. Dövlət rəhbərimiz insanlarımıza verdiyi bütün sözlərə sadiq olduğu kimi, əzəli şəhərimiz, mədəniyyət paytaxtımız Şuşa qarşısındakı vədini də yerinə yetirdi. 2022-ci ilin “Şuşa ili” elan edilməsi də bunun təcəssümüdür.
Mövcudluğunun 270-ci ildönümündən Şuşa üçün böyük bir tarix başlanır. Bundan sonra bu şəhərdə əbədi yaşayacaq Azərbaycan xalqı Şuşanın gələcəyində, inkişafında böyük nailiyyətlərə imza atacaq və biz bunu fəxrlə dünyaya bəyan edəcəyik.
 
ƏDƏBİYYAT:
 
1.  X. İsmayılqızı “Iki sahil”, Bakı-2017, 6 may;
2.  Əliqismət Bədəlov, ”Xalq qəzeti”, Bakı-2021;
3.  Heydər Əliyev. Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Bakı, 18 dekabr 1997-ci il.
4.  U. Eyvazova,“Naxcıvan”qəzeti, 2021;
5.  İradə Əliyeva “Azərbaycan” qəzeti, Bakı-2021.


Tarix: 6-02-2023, 10:27

Xəbəri paylaş