TƏHSİLDƏ KURİKULUM AKTUALLIĞI İLƏ ŞƏRTLƏNİR
Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.
E-mail: [email protected]
Təhsilin məzmununun yeniləşməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən ölkə tədbirləri öz səmərəsini verməkdədir. Təhsildə standartların öyrənənlərin nailiyyətlərinin qiymətləndirilməsinə tətbiqi sahəsində görülən işlər aktuallığı ilə seçilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu təhsil işçilərinin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsini qoymuşdur.
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası — Milli Kurrikulumu konseptual xarakterli çərçivə sənədidir. Konsepsiya latıncadan olub — başa düşmək, sistem anlamında fəaliyyət strategiyasını müəyyən edir. Strategiya, müvəffəqiyyətli olanı təqlid etmək deyil, fərqli olanı yaratmaqdır.Burada ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurrikulumlarının strukturu əhatə olunur.Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.Milli Kurrikulum bilavasitə aşağıdakı mühüm funksiyaların reallaşdırılmasına xidmət edir: ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının reallaşdırılması.
Milli Kurrikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır:milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;tələbyönümlülük;nəticəyönümlülük;şagirdyönümlülük;inteqrativlik.
"Kurikulum" latın sözü olub,dilimizdə "kurs", "yol" deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60–70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün aktuallığını daha geniş miqyasda tapmışdır.
Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar "təhsil planı" kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmişdir. Kurikulum islahatını zəruri edən tələblərə daxildir: cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması;planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid;dünya təhsil sisteminə inteqrasiya;informasiya əsrinin tələbləri;təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması;mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi.
Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Maraqlı olanlar öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: "Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir". Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: "Təhsil proqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi".
Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır:Fənyönümlü və şəxsiyyətyönümlü kurikulum. Fənyönümlü kurikulum dedikdə ənənəvi kurikulum başa düşülür. Bu kurikulumlarda biliklərin miqdarı yüksək səviyyədə mənimsədilir. Əsas diqqət hafizənin inkişafına yönəldilir. Nəzəri biliklər mükəmməl olaraq öyrədilir. Bacarıqlar arxa planda qalır. Həyata lazım olan bacarıqlar o qədər də əhəmiyyət kəsb etmir.
Şəxsiyyətyönümlü kurikulum müasir və tələbyönümlü model olan (müasir kurikulum) nəticəyə əsaslanır. Bu kurikulumlarda məqsəd şəxsiyətin inkişafına yönəlir və onu həyata hazırlayır. Bacarıqlar ön həyata keçir, əqli qabiliyyətlər inkişaf edir, biliklər az miqdarda öyrənilir.Daha çox bacarıqlar tətbiq edilir. Şagirdlər şəxsiyyət kimi həyata hazırlanır.
Dövlət standartlarına:ümumi təhsilin məzmunu; idarə olunması; maddi-texniki və tədris bazası; infrastrukturu; təhsilverənlərin keyfiyyət göstəriciləri; təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi daxildir.
Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlüdür. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər tələblərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" adı ilə təkmilləşdirilmişdir. Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirən konseptual sənəd və mövcud olan təhsil sisteminin yeni formalaşmış proqramıdır. Təhsilin əsasını təşkil edən sənəd kimi dünyada tanınır. Müəllim əvvəlki sistemdə şagirdin beyninə yeritdiyi nəzəriyyə ilə düsturları, qaydaları əzbərlətməklə kifayətlənirdi.Belə yanaşma müasir təhsil sisteminə və şagirdlərin təlabatına cavab vermir.Çünki yeni nəsil daha çox araşdırma apararaq müasirliyi öyrənməyə çalışır.Əgər şagird öyrəndiyi düsturu tətbiq edə bilirsə,deməli öz biliyini bacarığa çevirir. Şagird həmçinin vərdiş,dəyər,keyfiyyət kimi kompetensiyaları da özündə formalaşdırmış olur.
Kompetensiya fransız mənşəli söz olub,bacarıq,səriştə kimi başa düşülür.
Hər bir fənnə aid kurikulum mövcuddur. Təhsil səviyyələri və siniflər üzrə təlim nəticələri fənn kurikulumunda öz əksini tapır.Fənn kurikulumunda biliklərin həcmi və miqdarı,təlimin məzmunu və strategiyaları,şagird nailiyyətinin qiymətləndirilməsi təsbit olunur.Fənn kurikulumlarında fənnin məzmunu ümumi təlim nəticələri və standartlar şəklində ifadə olunur. Məzmun standartı təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Məzmun standartı dedikdə, onun nəyi əhatə etməsi, hansı daxili məzmuna malik olması başa düşülür. Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.
Məsələn,Texnologiya fənn kurikulumu ancaq onunla bağlı sənəddir.Konseptual sənəd olan “Texnologiya”kurikulumu bu fənnin məqsədi və vəzifələrini,ümumi təlim nəticələrini,məzmun xətlərini,təlim standatlarını,müəllim şagird fəaliyyətlərini,qiymətləndirmə prinsiplərini əhatə edir.Texnologiya kurikulumu inteqrativ,nəticəyönümlü və şagirdyönümlü xarekterə malikdir.Burada bütün ümumitəhsil fənləri üzrə biliklərin daha dərindən öyrənilməsinə yönələn onları məzmunca tamamlayan konkret bacarıqlar öz əksini tapmışdır.
Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu çərçivə sənədinə uyğun olaraq ümumitəhsil məktəblərində ibtidai təhsil pilləsində“Texnologiya” fənninin vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir.Texnologiya fənninin tədrisi şagirdlərdə müqayisə və çeşidləmə,ilkin emal ,özünəxidmət və birgə fəaliyyət vərdişləri,sadə layihələndirmə,tərtibat,modelləşdirmə,dizayn,canlı təbiətə xidmət bacarıqları,ölcü,mütənasiblik,simmetriya və digər həndəsi anlayışları formalaşdırır,sadə konstruksiyalar və yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanmasını təmin edir. Milli və dünya təcrübəsinin öyrənilməsi,müqayisəsi, təhlil edilməsi,nəticəsində “Texnologiya”fənninin: Emal texnologiyaları; Texnika elementləri; Məişət mədəniyyəti; Qrafika məzmun xətləri müəyyənləşdirilmişdir. Məzmun xətləri şagirdlərin “Texnologiya”dan əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək,onu sistemləşdirməyə xidmət edir. Hər bir məzmun xəttinin müvafiq təlim nəticələri vardır.
Emal texnologiyaları üzrə təlim nəticələri:İstifadə edilən materiallara əsasən məmulatların emal texnologiyalarını fərqləndirir;Məmulat hazirlamaq üçün emal prosesinə hazırlıq mərhələsini həyata keçirir;Emal texnologiyalarından istifadə edərkən fərdi qaydada sadə məmulatlar hazırlayır;Müvafiq emal prosesində qrup daxilində işləmək təhlükəsizlik və sanitariya – gigiyena qaydalarını gözlədiyini nümayiş etdirir;Hazırladığı sadə məmulatları təqdim edir,yoldaşlarının hazırladığı məmulatlara münasibət bildirir.
Texnika elementləri üzrə təlim nəticələri:Texnoloji maşınları və texnoloji vasitələri təsnif edir onları ayrılıqda bir-birindən dirir;Nümunə sxem,şəkil və çertyojdan istifadə edərək müvafiq konstruktur detallarından texniki qrupların,maşınların maket və modellərini qurur;Maket və modellərin qruplaşdırılması prosesində kollektivdə birgə fəaliyyət və dizayn bacarıqları nümayiş etdirir.
Məişət mədəniyyəti üzrə təlim nəticələri:Təlim-tədris yerini təşkil edir;
Ailə məktəb və digər ictimai yerlərlə bağlı mədəni davranış və ünsiyyət qaydalarını sadə formada şərh edir;Məişət texnikasından istifadə bacarıqlarını şərh edir;Sadə təmiz və bəzək işlərini yerinə yetirir;Kulinariya və moda bəzəmək bacarıqları nümayiş etdirir;Özünəxidmət qaydalarını və ekoloji mədəniyyət haqqında fikirlərini şərh edir;Şəraitə və imkanlara uyğun olaraq bitkilərin yetişdirilməsi və onlara qulluq qaydalarını izah edir.Qrafika üzrə təlim nəticələri:Qrafika fəaliyyətində zəruri alətlərdən istifadə bacarıqlarını nümayiş etdirir;Texnoloji xəritələri oxuyur,sadə qrafik təsvir və çertyojları çəkir.
Milli Kurikulum daha geniş məzmunludur.O bir fənnə deyil,ümumi təhsillə bağlı sənəddir. Ümumu təhsilin təlim nəticəsi burada əsas götürülür.Rəsmi və qeyri rəsmi;inteqrasiya olunmuş və əhatəli; nəticələrə və fənnlərə əsaslanan kurikulumlar mənbələrdə qeyd olunur.
Rəsmi kurikulum:Rəsmi məktəb sistemində formalaşmış və biliklərin tədrisi ilə əlaqədar olan xüsusi kurikulum növüdür.Rəsmi sənədlər, hər bir fənnə ayrılan vaxt,dərs planları,hər bir fənnin qiymətləndirilməsi, dərslər və s. bu kurikuluma aiddir.Məsələn, şagirdlərə dərslikdən mövzu keçməyimiz rəsmi kurikuluma
aiddir.
Qeyri-rəsmi kurikulum:Rəsmi məktəb kurikulumunun tərkib hissəsi olmayan biliklərin tədrisi başa düşülür.Məsələn,dərnəklər,rəsm,dram,şahmat,musiqi klubları və s.əhatə edir.Dərsdən kənar məşğələlər qeyri rəsmi sayılır.
İnteqrasiya olunmuş kurikulum- ayrı-atrı fənlərlə bağlı biliyi əhatə edir.Bu növ
kurikulum fənlərin tədrisində təlim məqsədlərini asanlaşdırmağa xidmət edir. Əsasən ayrı-ayrı fənlərlə bağlı bilikləri əhatə edir.Fəndaxili, fənlər
ilə əlaqələndirilməsi və biliklərin sintez prosesi inteqrasiya olunmuş kurikulumu
təşkil edir.
Əhatəli kurikulum şagirdlərin müxtəlifliyini prinsip kimi götürür.İrqi və yaş ayrıseçkiliyi,fiziki qusurluluq kimi problemlərin həlli burda öz həllini tapmış olur.
Nəticələrə əsaslanan kurikulum: Bu təlabatyönumlu kurikulum da adlanır.
Onun əsas vəzifəsi təhsil sisteminin müəyyən etdiyi təlim məqsədlərini müəyyən etməkdir.Sonda əldə olunacaq təlim nəticələrini əvvəlcədən müəyyən olunması mütləqdir.
Fənlərə əsaslanan kurikulum: Bu modeldə təlim, şagirdləri cəmiyyətin məhsuldar üzvlərinə çevirmək üçün lazım olan bilik və bacarıqlardan çox,fənlər ətrafında cəmləşir.
Kurikulumun başlıca xüsusiyyətləri və ya prinsipləri:
şəxsiyyətyönümlülük;öyrənənyönümlülük; nəticəyönümlülük; tələbyönümlülük; interaktivlik və qiymətləndirmə standartları şərtləndirir. Kurikulumun bu prinsiplərinin müasir təhsil sisteminin formalaşmasında təsirli rolu var.Çünki bu xüsusiyyətlər öyrənənin bilikdən çox təcrübə qazanmasına,həmçinin onların şəxsiyyət kimi formalaşmasına mühüm təsir edir.
Şəxsiyyətyönümlülük:Təhsil alanların idraki(koqnitiv),ünsiyyət və psixomotor
fəaliyyətləri əsasında bacarıqlarını qarşılıqlı inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
Öyrənən idrak bacarığına malik olub ünsiyyət və psixomotor bacarığı olmazsa,o öz fikrini çatdıra bilməyəcəkdir.Məsələn, şagirdin sürət düsturu öyrənməsi idrak bacarığıdır, bu barədə söyləyə bilməsi ünsiyyət bacarığına, jest və mimikalarla söyləməsi isə psixomotor bacarığa aiddir.
Öyrənənyönümlülük təlim zamanı təhsil sahəsində fəaliyyətlərin təhsilalanların
mənafeyinə,maraq və təlabatının ödənilməsinə,istedad və qabiliyyətinin,potensial
imkanlarının və bilik səviyyələrinin inkişafına xidmət etməsidir.Hər şagirdin yaş
dövrünün öz maraq dairəsi və təlabatları vardır.Kurikulumun məqsədlərindən biri dərsi şagirdlərin maraq və təlabatına uyğun qurmaqdır. Bu işdə şagirdin yaş səviyyəsini nəzərə almaqla onlarda dərsə qarşı maraq oyatmaqdır.Müasir dərsliklər də məhz şagirdlərin tələbinə cavab verəcək formada hazırlanıb.
Nəticəyönümlülük:Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. Hər bir fənn kurikulumunun fənninin
sonunda yiyələnməli olduqları bacarıqlar verilib.Şagirdlərin dərs ilinin
sonunda əldə edəcəyi nəticə əvvəlcədən müəllimin qarşısında sistemləşdirilmiş
formada olur.
Tələbyönümlülük:Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və
təlabatlarının nəzərə alınmasıdır.Hər bir dövr öz tələbləri ilə bərabər, təhsilini,texnologiyalarını,ehtiyaclarını müəyyən edir. Müasir dövrün tələbləri:yaradıcılıq və innovatik; tənqidi təfəkkür və həll etmə bacarığı; kommunikativ və əməkdaşlıq bacarıqları;İKT savadlılığı;uyğunlaşma bacarığı;təşəbbüs və özünüistiqamətləndirmə.
Müasir uşaqların əyləncəsi əsasən telefon,internet, televizor, kompyuter oyunları
və oyuncaqlardan ibarətdir.Bu onu göstərir ki,zamanın dəyişməsi,nəinki
insanlara,həmçinin onların düşüncə tərzlərinə,məşğuliyyətlərinə və
təhsilinə də təsir edir.
İnteqrativlik təhsil komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə
əlaqələndirilməsidir.İnteqrasiya dünyanın bütöv,vahid və bölünməz obraz
olduğunu şagird beynində və təfəkküründə canlandıraraq formalaşdırır.İnteqrasiya
latın dilində olub bütöv deməkdir.
Qiymətləndirmə standartları təhsil alanların nailiyyət səviyyəsinə qoyulan
dövlət tələbidir.Hər bir dövlət özünün standartları əsasında öhdəliklərini həyata
keçirir.Məsələn bizim ölkədə dövlət şagirlərə 11 illik standart qoyub.Onu
bitirən üniveristetə sənəd versə 4 il(və ya 5il)oxumalıdır.Amma başqa ölkələrdə
fərqlidir.Paltarlara(S,L,M); ayaqqabılara(35,36,..44,45)standart ölçü qoyulub.
Fərqli olanlar artıq standartdan kənar sayılır.Ümumiyyətlə standart
dövlətin qəbul etdiyi normadır.
Kompentasiya latın sözü olub,bacarıq,səriştə,qabiliyyət mənasını verir.
Kompetensiya –situasiyadan irəli gələn və qarşında duran hər hansı konkret məsələni həyata keçirmək və vəziyyətdən qaynaqlanan tələblərə cavab vermək üçün əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətidir.Həmçinin müəyyən funksiyaların müvəffəqiyyətli icrası üçün zəruri olan bilik,bacarıq, müvafiq təcrübə və şəxsi keyfiyyətlərin toplusudur.
Kompetensiya özündə:bilik+bacarıq+vərdiş+dəyər+keyfiyyət kimi açar sözləri
birləşdirir.
Bilik- qrşıda duran məsələni həyata keçirmək üçün koqnitiv(öyrənənin
informasiyanı dərketmə prosesi) fəaliyyət nəticəsində əldə olunan məlumata
deyilir.Bilik həmçinin bacarığı formalaşdırmaq üçün şagirdin özü və onu
əhatə edən aləm və onun amilləri haqqında informasiyadır.
Bacarıq- bilik və təcrübə nəticəsində şagirdin əldə edilmiş iş görmə qabiliyyətidir. Bacarıq şagirddə əmək vərdişlərini formalaşdırır. Onu müstəqilliyə və yaradıcılığa alışdırır.Deməli,bacarıq biliyin məqsədyönlü olaraq həyata keşirir. Məsələn,texnologiyanı öyrənmək üçün təkcə məzmun xətləri bilmək azdır. Eyni zamanda standartların bilik və fəaliyyətini ayırd etmək bacarığına yiyələnmək lazımdır.
Vərdiş dedikdə, öyrənənin qazandığı bacarığı dəfələrlə təkrarlayıb onun avtomatlaşdırması başa düşülür.
Dəyər-insanın özünün fiziki və mənəvi varlığını qoruyub saxlaması,onun arzu
və təlabatlaının ödənilməsi üçün yaşadığı cəmiyyətin və mühütün qəbul etdiyi
ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Dəyərlər şəxsiyyəti
formalaşdıran əlamətlərdir.
Keyfiyyət-insanın vətənpərvərlik,demokratiklik,humanistlik kimi nəciblikləri özündə cəmləşdirməsidir. Fərdin yoldaşına kömək,böyüklərinə hörmət,səbrli və qətiyyətli olması,cəsarətliliyi,özünü ələ ala bilməsi,inamı,xeyirxahlığı,
məsuliyyətliliyi,intizamlılığı,işgüzarlığı,mərdliyi kimi keyfiyyətləri özündə
birləşdirməsi kompetensiyanı formalaşdıran tələblərdir.
Kompetentlik müəllim şəxsiyyətinin inteqral keyfiyətidir. XXI əsrin Avropa
müəlliminin kompetentliyinə daxil olan bacarıqlar:savadlıq;yaradıcı
təfəkkür;ünsiyyət;nəticəlik.
Savadlıq:yeni pedaqoji texnologilardan və İKT istifadə bacarığı;şagirdlərə öyrənməyi öyrətmək bacarığı;alınan biliyin həyatı biliklərə cevirmə bacarığı və s.
Yaradıcı təfəkkür:bilikləri bir-biri ilə uzlaşdıraraq yeni bir bilik yaratma bacarığı.
Ünsiyyət:komunikabelli olaraq sosial biliklərə əsaslanaraq müəlim –şagird, şagird-şagird, şagird-müəllim-valideyn ünsiyyətinin qurma bacarığı.
Nəticəlik:hər bir görülən işin, aparılan dərsin nəticəsi olmalıdır.
Müəllimin professional kompetentliyinin inkişafının mexanizmləri:təlimlərdə, kurslarda iştirakı, özünətəhsil, yeni təlim metodlarından, İKT istifadə;yaradıcı dərslərin verilməsi, yaradıcı hesabat , müsabiqələrdə iştirakı və s.
Şagirdin kompetentli olmağının əsasını müəllimin kompetentliyi təşkil edir. Bu cür bilik və bacarığın sahibi olan hər bir müəllim yaxşı savad verməklə kifayətlənmir.
Onlar şagirdlərdə İKT -ilə işləmək və aldığı informasiyanı biliyə cevirərib ondan daim istifadə etmək , ünsiyyətli olmağı, öz biliklərinə əsaslanaraq öyrənməyi öyrənmək bacarığını inkişaf etdirir. Yaradıcı müəllim ona uyğun təlim prosesi quraraq bu zaman hər bir şagirdin təfəkkürünün inkişafına zəmin yaradır.
2008-2009-cu dərs ilindən ümumi təhsil məktəblərinin birinci sinifləri yeni kurikulumlarla tədrisə başlayıb.Müsahibələrdən məlum olur ki,kurikulum
Azərbaycanda uzun vaxtdır tətbiq olunsa da, bu məsələ hələ də müzakirə mövzusu olaraq aktuallığını saxlayır. Bəziləri onu təhsildə mütərəqqi hadisə adlandırsa da,dərsliklərin çətinləşdiyini, şagirdlərin dərs yükünün ağırlaşdığını bildirirlər.Deyilən iradlarla bağlı qeyd olunur ki, kurikulumu yaxşı bildiyini düşündüyümüz müəllimlərin bu istiqamətdə biliyi imtahan mövzularını əzbərləməklə az sayda testi düzgün cavablandırır.Eyni zamanda qeyri-peşəkar kurikulum təlimçisinin fəaliyyət göstərdiyi də qeyd olunur. Kurikulum yalnız kompüterlə dərs keçmək deməkdir düşünənlər yanılırlar. Kurikulum müəllimin təfəkkür tərzi, dünyagörüşü, fərqli yanaşması ilə bilavasitə bağlıdır.Problemlə məşğul olan işi bilənlər haqlı olaraq diqqətə çatdırırlar ki,biliyi öz fənnindən kənara çıxmayan, inteqrasiya imkanları olmayan müəllimin tədrisində kurikulumdan faydalanmaq mümkünsüzdür. Əksər valideynlərin kurikulum barədə məlumatsızlığı da narahatlıq yaradan amillərdəndir.
Azərbaycan təhsilində ilk nəticəyönümlü kurikulumların tətbiqi kimi mühüm əhəmiyyət daşıyan hadisədən xeyli müddət keçir.Buna baxmayaraq, ölkəmizin təhsil ictimaiyyəti və valideynlər arasında kurikulum islahatları ilə bağlı fikirlərin birmənalı olmamasının kökündə daxili motivasiya dayanır.
Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasovun problemlə əlaqədar elmi mahiyyət daşıyan nəzəri və praktik informasiyalarla müxtəlif mənbələr vasitəsilə müntəzəm olaraq aydınlıq gətirməsi təqdirə layiqdir. Tədqiqatçı alim qeyd edir ki, “Yeni kurikulumların yaradılması müasir pedaqoji elmin uğurlarından biri kimi dəyərləndirilir. Artıq müasir zamanda ənənəvi sistem qlobal inkişaf tendensiyasına cavab verə bilmir. Ona görə də şagird şəxsiyyətinin inkişafına yönəlmiş təhsil standartları, yeni təlim strategiyaları meydana gəlmişdir. Yeni kurikulumların yaradılması və tətbiqi təhsilə humanist və demokratik yanaşmanın bariz nümunəsidir. Bu konsepsiyanın nəzərə alınması ilkin olaraq ümumi təhsildə inteqrasiyanın həyata keçirilməsinə imkan yaratmışdır. Ümumtəhsil fənlərinin sayı azaldılmış və onların məzmunu minimum biliklərə söykənən bacarıq və qabiliyyətlərlə zənginləşdirilmişdir.Yeni təhsil kurikulumlarının tətbiqi müasir məktəbin fəallıq mexanizmi kimi başa düşülür. Təlim prosesində iştirak edən bütün şagirdlər bu mexanizmin yaratdığı imkandan istifadə etməklə fəaliyyət göstərir, çevik və mobil təfəkkür əməliyyatlarını həyata keçirə bilirlər. Onların tənqidi və yaradıcı fəaliyyətləri üçün geniş imkanlar açılmış olur. Şagirdlər sərbəst düşünə bilmək, axtarışlar aparmaq, müəyyən qənaətlərə gəlməklə qərarlar qəbul edərək fəal dərsin moderatoruna, aparıcı qüvvəsinə çevrilirlər.Yeni kurikulumlar müəllim fəaliyyətinin idarə olunması, dəyərləndirilməsi baxımından da geniş əhəmiyyət daşıyır. Onlara əsasən işini quran müəllimlər özlərinin tədris fəaliyyətinin layihəsini hazırlamaqda, plan qurmaqda, fəaliyyət məqsədlərini həyata keçirməkdə, eləcə də texnologiyalar seçməkdə, yaxud onları müvafiq qaydada hazırlamaqda daha müstəqil olurlar”.
Təhsil kurikulumlarından faydalanmaqla öyrədənin cəmiyyətə verə biləcəyi təlim keyfiyyətlərinə nail olmaq barədə tədqiqatçının yığcam olaraq əsaslandırmasından uzun illər keçməsinə baxmaraq deyilənlər aktuallığını indidə saxlayır.
Sonda milli dəyərlərimizdən nümunələr gətirməklə təhsildə kurikulum elmi biliyin aktual olduğuna maraq artırmaq arzusundayam. “Müqəddəs “Qurani-Kərim” biliyə yiyələnməyin ilk yolunu oxuyub yazmaqda, öyrənməkdə olduğunu diqqətə çatdırır”. “Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır”.
İstifadə olunan ədəbiyyat
1.Azərbaycanın təhsil siyasəti (1998–2005), II kitab. Bakı, "Təhsil", 2005.
2."Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu. Bakı, "Hüquq ədəbiyyatı",2009.
3.Ş.Ağayev.İbtidai sinif müəllimlərinə kömək. Bakı,”İMZA”nəşrlər evi, 2022,184 səh.
4. Ş.Ağayev, X. Əmircanova. İbtidai siniflərdə “Texnologiya” fənn kurikulumundan didaktik materiallar. “Nasir” nəşriyyatı, Bakı, 2008, 88 səh.
5. Ş. Ağayev, S. Məmmədova. Texniki peşə təhsili müəssisələrində təlimin təşkilinin didaktik məsələləri. “Nasir” nəşriyyatı, Bakı, 2010, 204 səh.
6. Ş. Ağayev, S. Rzayeva. Məktəbəqədər kurikulum:nəzəriyyə və təcrübə. Bakı,“MM-S”nəşriyyatı,2017.330s.
7. Ş. Ağayev, R Hacızadə. Dərs:ənənə və müasirlik. Bakı,“MM-S”nəşriyyatı,2020.200s.
8. Ş.Ağayev. Texnologiya və onun tədrisi metodikası (Bakalaviratlar üçün mühazirə mətnləri). Bakı, 2021, ADPU-nəşriyyatı. 408s.
Tarix: 2-02-2023, 14:01
Xəbəri paylaş