Yeni təlim texnologiyalarının tətbiq olunduğu dərslərdə tərbiyə işinin təşkili
Sədrəddin Bədiyev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun
Şəki filialının əməkdaşı
Azərbaycan təhsil sisteminin Qərb təhsilinə inteqrasiyası, təlim və tərbiyədə gedən qloballaşma bir sıra problemlərin həllini aktuallaşdırmışdır. Belə problemlərdən biri də yeni təlim texnologiyalarından istifadə edilən dərslərdə tərbiyə prosesinin məqsədəuyğun təşkilidir.
Totalitar sovetlər zamanında və Azərbaycan respulikasının suverenlik qazandığı ilk illərdə müəllim dərsdə həlledici sima idi, şagirdlər onun tələb və göstərişlərindən kənara çıxa bilməzdilər. Müəllimin avtoritar mövqeyi o vaxtki pedaqoji ədəbiyyatda göstərilən, məktəb praktikasında işlədilən şagird qaydalarında da öz əksini tapmışdı. Nəticədə müəllim və şagirdlər arasında gərgin psixoloji münasibət yaranmış, bəzi hallarda isə bu münasibətlər konfilikt səviyyəsinə yüksəlmişdi. Bunların səbəbini müəllimin ümumi – istər sosioloji, istər psixoloji, istərsə də pedaqoji hazırlığının tələb olunan səviyyədə olmaması ilə, həm də o dövrün mahiyyəti ilə izah etmək olar. Azərbaycan müstəqillik qazandıqdan , Qərb təhsilinə inteqrasiya etdikdən sonra təhsildə vəziyyət köklü şəkildə dəyişməyə başladı. Şagird təlim və tərbiyə prosesinin subyektinə çevrildi. Xüsusilə yeni təlim texnologiyaları ilə keçilən dərslərdə istər təlim, istərsə də tərbiyə şagirdə olan inam və etibar üzərində qurulmağa başladı. Belə dərslərdə müəllim təlimdə geri qalan, qaydalara riayət etmək istəməyən şagirdlərdə də müəyyən potensial imkanın olduğuna inanmağa, onu üzə çıxarmağa, ondan istifadə edərək təlim və tərbiyə prosesini təşkil etməyə başladı.
Yeni texnologiyalar əsasında dərs keçən müəllimin funksiyaları dəyişdi.O, uşaqlarla elə ünsiyyətdə oldu ki, uşaqlar onu özlərinin bərabərhüquqlu üzvü kimi qəbul etdilər. Müəllim uşaqlar üçün uca, əlçatmaz zirvə kimi görünən yerdən enərək özünü onların səviyyəsində aparmağa başladı.Yalnız belə halda şagirdlər müəllimi dostu, yaxın sirdaşı kimi qəbul edəcəklər. Bütün bunların olması üçün isə müəllimdə uşaqları sevən,onları öz övladı bilən qəlb olmalıdır. Uşaqlar o müəllimi sevir ki, onda pedaqoji ustalığı tamamlayan qabiliyyətlər – ekspressiv, didaktik, perseptiv, elmi-pedaqoji, kommunikativ, təşkilatçılıq, konstruktiv, major, diqqətin paylanması, proqnostik, yaradıcılıq və s. olsun. Müəllimdə olmalı bu kimi qabiliyyətlər şagirdlərin tərbiyəsində mühüm rol oynayır.
Şagirdyönümlü fəal təlim həyata keçirilən dərslərdə müəllimin şagirdə hörmətlə yanaşması, ona etibar etməsi tərbiyə işində mühüm amilə çevrilir. Müəllimin şagirdlərə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, dəstəkləməsi , bacarıqlarına inanması təlimlə, biliklərin əldə edilməsi ilə yanaşı, şagirdlərin tərbiyəsinə də güclü təsir göstərir. Belə olan halda, şagirdlər müəllimin qoyduğu qaydalara uyğun hərəkət etməyə, tapşırıqları səylə yerinə yetirməyə çalışırlar.
Yeni təlim texnologiyaları ilə keçirilən dərslərdə müəllimin tutacağı mövqe də tərbiyəvi təsirə malikdir. Interaktiv texnologiyalı dərsdə şagirdlər fəal olduğu kimi, müəllimdən də fəallıq göstərməsi tələb olunur. Verilmiş problemi həll edən hər bir qrupda bir neçə dəqiqə olmaq, problemin həllində onlara yardımçı olmaq müəllimi şagirdlərə yaxınlaşdıran, onlar üçün doğma edən amillərdən biridir. Belə dərslərdə müəllimin əsasən, ayaq üstə olması məsləhətdir. Ona görə ki :
- Ayaq üstə olan müəllimin gözünün aperturası imkan verir ki, sinifdəki bütün şagirdləri, onların nə ilə məşğul olduqlarını görə bilsin. Bu da şagirdləri kənar hərəkətlər etməkdən çəkindirir.
- Mövzunun (problemin) müəyyən hissəsinin şərhinə ehtiyac yarananda psixomotor bacarıqlardan - mimika,əl-qol, bədən hərəkətləri , hiss həyəcandan lazım olan anlarda istifadə etmək asan olur.
- Hərəkət və davranış, ünsiyyət zamanı mütənasib yeriş, natiqlik qabiliyyəti və diksiya şagirdlərdə mənəvi zövq tərbiyə edir.
- Müəllimdə olan (olmaya da bilər) mənəmlik, təkəbbür getdikcə azalar, onu şagirdlərə doğmalaşdırar.
Bildiyimiz kimi, fəal təlim əməkdaşlıq zəminində qurulur. Bu zaman qrupu təşkil edən şagirdlərin müəyyən tələblərə əməl etmələri lazımdır. Əməkdaşlıq əsaslı təlim amerikalı pedaqoqlar D.Conson və R. Conson tərəfindən qoyulmuşdur. D.Conson və R.Conson bir məqsəd ətrafında birləşən qrupu sanki dənizdə üzən qayığa bənzədərək, obrazlı şəkildə yazırdılar: “Ya siz müvəffəqiyyətlə üzərək sahilə çıxmalı, ya da birlikdə bataraq məhv olmalısınız”. Bu ifadə qrupun şagirdlərini məqsədə çatmaq üçün həmrəy olmağa, hamının eyni zindana vurmağa səsləyir. Bu isə onların tərbiyəsindən asılı problemdir. D.Conson və R.C. onson əməkdaşlıq əsaslı təlimin 5 komponentini müəyyən etmişlər:
- müsbət qarşılıqlı asılılıq (qrupu təşkil edən şagirdlərin digərlərindən asılı olduğunu bilmələri, məqsəd birliyi, tapşırıq, hər kəsin rolu və s. aydın göstərilməlidir),
- şagirdlərin üz-üzə oturmsı və qarşılıqlı fəaliyyəti,
- fərdi məsuliyyət,
- şagirdlərin şəxsiyyətlərarası və qrup bacarıqları ilə təlimatlandırılması (qrup daxili davranış qaydaları),
- qrupun fəaliyyətinin dəyərləndirilməsi (qrupun işini qiymətləndirmək, qrupu təşkil edən hər bir üzvün fəaliyyətini müzakirə etmək ) .
- qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəyyən etmək,
- qrup liderini seçmək,
- qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və dinləmək,
- hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq,
- promlemin həlli üçün birgə yollar axtarmaq,
- qrup işində fəallıq göstərmək,
- artıq hərəkətlərə yol vermədən verilmiş tapşırığın müzakirəsində və həllində iştirak etmək,
- söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək,
- digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək .
Qeyd etdiyimiz kimi, yeni təlim texnologiyalrı ilə keçilən dərsdə səviyyəli tərbiyə işi, sosial-psixoloji mühitin hansı şəkildə təşkilindən asılıdır. Sosial-psixoloji mühit şagirdin həm digər insanlarla, həm də öz daxili aləminin tənzimlənməsi, təlim prosesinə səfərbər edilməsi üçün lazımdır. Şagirdin potensial imkanının üzə çıxarılmasında, tərbiyəsi və təlimində sosial – psixoloji dəstək mühitinin rolu böyükdür. Həmçinin şagirdlərin maraq və şəxsi xüsusiyyətlərinin üzə çıxarılmasında sosial-psixoloji mühitin əhəmiyyəti böyükdür.
Fikrimizcə, yeni təlim texnologiyaları tətbiq olunan dərslərdə aşağıdakı tərbiyə üsullarından istifadə etməklə şagirdlərlərin tərbiyəsi işini daha yaxşı təşkil etmək olar:
- İctimai rəy və ya qrupu təşkil edən şagirdlərin qınağı,
- Qrupdaxili davranış qaydalarının şüurlu şəkildə dərk edilməsi və həyata keçirilməs,
- Müəllim- şagird münasibətlərinin inam və etibara söykənməsi,
- Müəllimin peşəkarlığı (ustalığı).
Tarix: 2-02-2023, 13:58
Xəbəri paylaş