Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şagird­lərin əmək hazırlığı pedaqoji prosesdə reallaşmalıdır

 

  



  
Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi
 E-mail: [email protected]
 
 
 
 
“İnsan cismani cəhətdən əmək üçün yaradılmışdır.Bununla bərabər, biz görürük ki, onda ancaq əmək qabiliyyəti fitridir, insanı oturmağa, ayaqüstə durmağa, gəzməyə və əlləri ilə işləməyə tədricən öyrətmək lazımdır”( Y.A.Komenski)
Pedaqoq-alim S.P.Kapitsaya görə, təhsil gələcəyə yö­nəlmiş sənaye sahəsidir. Tədris prosesində yeni pedaqoji texnologiyaların tətbiqinə nail olan müəllim təşkilatçılığı öz üzərinə götürməklə, əsasən, şagirdlərin fəllığını artırmış olur, ənənəvi tədris metodlarından tədricən uzaqlaşır.
Ölkəmizdə aparılan islahatlar, bazar iqtisadiyyatına əsaslanan yeni 
istehsal münasibətlərinin formalaşması, əməyin təşkilinin müasir 
formaları mükəmməl bilik, bacarıq və vərdişlərə yiyələnmiş, yeniliyi 
yaradıcı şəkildə mənimsəyən çevik işçi qüvvəsi tələb edir. Bu baxımdan, böyüməkdə olan nəslin həyata praktik cəhətdən hazırlanması,onların
 əməyə məhəbbət ruhunda tərbiyəsi istiqamətində sistemli iş aparılması çox vacibdir.  Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatı 
de­mokratik­ləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırma  prinsip­lərinin  tətbiqini reallaşdırdı.Tədris prosesinə fəal və interaktiv təlimin tət­biq edilməsi təhsil islahatının əsas məqsədlərindən birinə çevrildi.Tədrisin fəal təlim metodları ilə keçi­rilməsi öyrənənlərin passivliyinin aradan qaldırmasına, zə­ruri təfəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalaş­dırılması və təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaratdı. 
Həyata keçirilən aşağıdakı, məqsədyönlü tədbirlər şagirdlərin yeni qabiliyyətlərin qazanmasına təminat verir:Biliklərə yiyələnmək;qazanılan biliklərdən məqsədyönlü istifadə etmək;problemlərin həllində əməkdaşlıq;öz qabiliyyətlərini gerçəkləşdirmək üçün  yollar ax­tar­maq.
Qeyd olunan keyfiyyətlərin qazanılması ibtidai sinifdən başlayaraq şagirdlərin pedaqoji prosesdə əmək hazırlığında fəal iştirakı ilə şərtlənir.
Pedaqoji proses dedikdə, şəxsiyyətin təlimi, təhsili, tərbiyəsi və inkişafı ilə bağlı aparılan bütün məqsədyönlü, planlı və mütəşəkkil işlər nəzərdə tutulur. 
Pedaqoji prosesin ayrı-ayrı sahələrinin vəhdəti, obyekt və subyektin qarşılıqlı əlaqəsi, inkişafı, ümumi məqsədin, qanunauyğunluq və prinsiplərin, forma və metodların mövcudluğu onun xü­susiyyətlərini təşkil edir.
Qlobal dünyanın insanları kimi milli varlığımızı sax­lamaqla yanaşı, həm də ümumi düşüncə tərzinə, inteqrativ təfəkkürə sahib olmalıyıq.
İbtidai siniflərdə tədris olunan hər bir fənnin fəlsəfəsi haqqında aydın təsəvvür yaratmaq, onun əhəmiyyətini, məq­səd və vəzifələrini, ümumi təhsil sistemində rolunu və ye­rini düzgün dərk etmək üçün təhsil proqramlarında (kuri­kulumlarda) xüsusi şərh verilmişdir.
Konseptual sənəddə  ibtidai təhsil səviyyəsində şagird­lərdə əmək hazırlığının texnologiyası üzrə zəruri bilik və bacarıqlara müqayisə və çeşidləmə, ilkin emal, özünə­xidmət və birgəfəaliyyət vərdişləri, sadə layihələndirmə, tər­tibat, modelləşdirmə, dizayn, canlı təbiətə xidmət baca­rıq­ları, ölçü, mütənasiblik, simmetriya və digər həndəsi anla­yışlar formalaşdırılır, sadə konstruksiyalar və yaradıcı iş­lərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması tə­min olunması daxil edilmişdir.
“Əmək fərdi və ictimai rifahın əsasıdır”, ”Hər kəsin əmə­yə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”. Azərbaycan Respublikasının Konsti­tusi­yasında təsbit olunan bu konseptual müddəaların reallaş­dırılması ibtidai siniflərdən başlayaraq şagirdlərin əmək hazırlığının nəzəri və praktik   problemlərinin pedaqoji pro­sesdə həlli ilə bağlıdır.
Bütün xalqlar, görkəmli filosoflar və tanınmış peda­qoq­lar insanın həyatında əməyin müstəsna əhəmiyyət daşı­dığını həmişə qeyd etmişlər. Xalqımızın milli bayramı olan Novruzun qaydalarında da əməyə, əmək nəğmələrinə geniş yer verilmiş, əmək sağlamlıq, gümrahlıq mənbəyi hesab edilmişdir.
İnsan bütün yaşayış vasitələrini əmək sayəsində əldə edir. Böyük Azərbaycan filosofu Nəimi deyirdi ki, əmək in­sanın özüdür. Əmək insanı üç bəladan: avaraçılıqdan, cəhalət və ehtiyacdan xilas edir.
Pedaqoji proses uşaq şəxsiyyətinin formalaşdırılmasında “Təhsil haqqında Azərbaycan respublikasının Qanunu”nda təsbit olan təhsilin əsas məqsədinə xidmət edir .
“ Maddə 4. Təhsilin əsas məqsədi
4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prin­sip­lərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetiş­dirmək;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəb­büsləri və yenilikləri qiymətləndirməyi bacaran,  nəzəri  və   praktiki  biliklərə  yiyələnən,   müasir  təfəkkürlü  və rə­qa­bət­­qabiliyyətli  mütəxəssis-kadrlar hazırlamaq;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mə­nimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.”
Müasir dövrdə şagirdlərin ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqda texnoloji mədəniyyətin aşılan­ması böyük əhəmiyyət daşıyır. Resursların və infor­masiyaların insanların maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin başlıca tələb kimi irəli sürüldüyü bir vaxtda şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələn­mələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri mühüm vəzifə kimi meydana çıxır. «Texno­lo­gi­ya»nın bir fənn kimi ümumtəhsil məktəblərində tədris olun­­­ması, ilk növbədə, bu zərurətdən irəli gəlir və şagird­lərə hə­yati bacarıqların aşılanması baxımından əhəmiyyət da­şı­yır.Həmçinin elm və texnikanın sürətlə inkişafı, texnolo­giyaların durmadan yeniləşməsi də peşə və ixtisaslara tə­ləb­ləri artırır.
Artıq elə bir vəziyyət yaranmışdır ki, dar bir ixtisasla kifayətlənmək mümkün deyildir. İnsan öz tex­no­loji bacarıqları sayəsində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir.
Ona görə də məktəblərdə gələcəyin geniş profilli mütə­xəs­sisinin formalaşdırılmasının ilkin təməlinin qoyulması aktual problem kimi vacib hesab olunur.
Qarşıya qoyulan sosial-iqtisadi məsələlərin pedaqoji pro­sesdə həllinə yardımçı olan əmək tərbiyəsi ibtidai sinif şagirdlərinin fəaliyyətə nəzəri və praktik cəhətdən hazırlan­ma­sı  ilə bağlıdır.
Pedaqoji proses əmək prosesidir. O hər hansı bir əmək prosesi kimi ictimai əhəmiyyəti olan məqsədlərə çatmaq üçün həyata keçirilir.
Y.A.Komenski “Böyük didaktika” əsərində didaktik üsul­­ları təbiət və insan fəaliyyəti ilə müqayisə edir. Məktəb bütün qaydalarını təbiətdən götürməlidir ideyasını irəli sürən Komenskiyə görə balıqlar üçün su, ağaclar üçün bağ müəyyən olunduğu kimi, gənclər üçün də məktəb olmalıdır. Mövzu ilə əlaqələndirsək əmək  hazırlığı pedaqoji prosesdə reallaşmalıdır. Ağacdan müəyyən məmulat hazırlanmazdan əvvəl, balta ilə ona müəyyən forma verilir, dəmirçi də dəmiri döyməzdən əvvəl onu qızdırır, toxucu yunu əyir­məzdən əvvəl, onu təmizləyir. Müəllimdə şagirdi əməyə   hazırlamazdan əvvəl, onda əməyə qarşı səy oyatmalı, motiv yaratmalıdır.
İbtidai siniflərdə tədris olunan bütün fənlər şa­girdlərin əmək hazırlığında mühüm vasitədir. Buna bax­mayaraq, baza kimi, texnologiya fənni və onun fəndaxili və fənlərarası inteqrsiyası imkanlarından tədrisdə daha çox istifadə olunur. Çünki digər fənlərlə müqayisədə texno­lo­gi­ya fənni əsasən praktik səciyyə daşıyır. Pedaqoji prosesdə tər­biyə­çi­lərlə tərbiyə olunanların əməyi bir-birinə qovuşur və qar­şılıqlı təsir münasibətləri yaranır. Mürəkkəblik, sis­temlilik, özünütənzimləmə pedaqoji əməyin obyektinə aid­dir.
Şagirdlərin formalaşması pedaqoji əməyin predmetini təşkil edir. İbtidai sinif şagirdlərinin əməyə hazırlanması ilə əlaqədar olaraq problemin mahiyyəti və vəzifələri, qa­nunauyğunluğu, şəxsiyyətin inkişafında onun rolu, pedaqoji prosesdə psixoloji mexanizmlərin tətbiqi, təlim material­larının inteqrasiysı, iqtisadi biliklərdən istifadə, həyatə keçirilən prinsip və metodlar, müəllimin səriştəliliyi, peşə marağının tərbiyə olunması kimi aktual məsələlər daim araşdırılmalıdır.
 
Əmək insanın məqsədyönlü fəaliyyəti olub onun tərbi­yə­sində, fəaliyyətində, iqtisadi mədəniyyətinin inkişafında, peşəkarlıq səviyyəsinin yüksəlməsində mühüm əhəmiyyət kəsb edən bütün mənəvi dəyərlərin mənbəyidir. Bəşər cəmiyyəti ya­ran­dığı  vaxta qədər insanlar əməklə bütün tələbatlarını tə­min etmişlər. Yəni insanın özünü əmək formalaşdırmışdır. 
Azərbaycan ictimai-pedaqoji fikir tarixində xalq peda­qogikasından başlamış ta XX əsrə qədərki dövrü nəzərdən keçirdikdə şəxsiyyət tərbiyəsi üçün bir neçə mühüm vasi­tədən istifadə edildiyi aydın olur. Buraya daxildir: oyun, canlı söz, əmək, adət-ənənələr, şifahi və yazılı ədəbiyyat nümunələri, yaşlı nəslin əxlaqi-mənəvi mədə­niyyət təcrü­bəsi, səyahətlər, sistemli təhsil və s..
Əməyə hazırlığının predmetini insan həyatında, bütöv­lükdə cəmiyyətdə onun yeri və rolu, inkişaf istiqamətləri, hansı səviyyədə mövcudluğu və s. amillər təşkil edir.
Əmək anlayışının mahiyyətini isə ilk növbədə onun han­sı fəaliyyət növləri ilə əlaqələnməsində   axtarmaq  lazım­dır. Əməyin   əxlaqi,   sosial, iqtisadi, fizioloji, psixoloji, idrakı və tərbiyəvi mənaları onun insan həyatında rolunu geniş ifadə edir.
Əxlaqi: Əmək insanın əxlaqına güclü təsir edir və onu saflaş­dırır. “Zər qədrini zərgər bilər”. Zəhmət qədrini zəh­mət adamı bilər.
Sosial: İnsanların yaşayış tərzi, firavanlığı onların əməyindən və əməyə münasibətlərindən asılıdır. “Məndən sənə öyüd, ununu özün üyüt”.
İqtisadi: İnsan həyatı üçün zəruri olan bütün maddi və mənəvi nemətlər əməyin məhsuludur. “Zəhmət tor­paqda, nemət süfrədə”.
Fizioloji: Aparılan tibbi tədqiqatların nəticələrinə görə zəhmət insan orqanizminin normal fəaliyyətində bö­yük rol oynayır. 
Ali sinir sisteminin möhkəmlənməsində əməyin təsir im­­kanları xüsusi qeyd edilməlidir. “Zəhmət insanın cöv­həridir”.
Psixoloji: Zəhmət zamanı adamın psixikasını (duy­ğuları, qavrayışları, təfəkkürü, təxəyyülü, diqqəti, iradəsi) intensiv inkişaf etdirir, onun iradi keyfiyyətlərini (qarşıya məqsəd qoymaq, məqsədə çatmaq,  çətin­likləri aradan qaldırmaq üçün əzmkarlıq göstərmək və s.) formalaşdırır.
İdraki: Təbiət və cəmiyyət hadisələrinin dərk olun­masında əməyin əvəzolunmaz rolu vardır. İstehsal alətləri vasitəsilə təbiət cisimlərinə təsir göstərən şəxs bir çox cəhətdən (istifadə edilən alətin keyfiyyətinə yaxından bələd olmaq, təsir göstərilən obyektin və alınan məhsulun xüsusiy­yətlərini öyrənmək və s.)  faydalanır. Deməli, əmək eyni zamanda xarici aləmi dərk etmək, başa düşmək vasi­təsidir.
Tərbiyəvi: Əmək obyektiv olaraq insani keyfiy­yət­lərin mənbəyidir. Zəhmət çəkən şəxs öz əməyinin bütün məna­ları üzrə (əxlaqi, iqtisadi, sosial, fizioloji, psixoloji, idraki və s.) məqsədyönlü fəaliyyətini dərk edirsə, demək şəxsiyyətcə kamilləşir.
Tərbiyənin bütövlükdə təşəkkülü məhz əmək nəticəsində mümkün olmuşdur. İnsanın əmək fəaliyyətinin bir növü olan uşaqların tərbiyəsi ilə bağlı biliyi çox mürəkkəb siyasi, iqtisadi, mənəvi qüvvəyə çevirilib ictimailəşir. Deməli, insa­nın tərbiyə fəaliyyəti onun əmək fəaliyyətinin zəruri bir hissəsidir.
Eradan əvvəl IX və VIII minillikdə dünyanın bir çox ərazilərində, o cümlədən Kiçik və Orta Asiyada ibtidai icma cəmiyyətində sosial və əmlak təbəqələşməsi baş ver­di. Uşaqlara nəyi və necə etməyi:- dəyənəklə necə dav­ran­mağı, öldürülmüş heyvanın dərisini necə soymağı, yeməli bit­kiləri tapmağı öyrədirdilər. Uşaqların əsas işi böyüklərin fəaliyyətini mexaniki təkrarlamaqdan ibarət idi.
Qədim Yunanıstanda (b.e.ə. IX-VIII əsr) qəbul olunmuş tərbiyə formaları Hesiodun “Əməklər və günlər” poema­sında o dövrün həyat və məişət qaydaları əsasında verilir. İnsanın ən zəruri keyfiyyəti olan əməksevərlik ideyası ön plana çəkilir.
“Əmək insanı yaratdığı kimi, onun tərbiyəsi üçün də əsas olmuşdur. Buna görə də təbii olaraq, əmək bütün xalq­ların pedaqogikasında mərkəzi yer tutur. Azərbaycan xalq pedaqogikasının timsalında bunu açıq görmək olar. Azər­baycanın ərazisi münasib təbii şəraiti, əsrarəngiz coğrafi mühiti yaşayış üçün çox əlverişli olmuş və insanların müxtəlif növ əməklə məşğul olmasına geniş imkanlar ya­ranmışdır” (49, s.199). 
Ona görə də Azərbaycan şifahi xalq yaradıcılığı nümu­nələrində xalqımız halal əməyə çox böyük qiymət ver­mişdir. “İşləməyən dişləməz”, “İş adamın cövhəridir”, “Nə əkərsən onu da biçərsən”, “İnsanı əmək ucaldır”, “İstə­yirsən bol-çörək, al əlinə bel-kürək” kimi atalar sözlərində insanın əməyə münasibətinin həqiqi qiyməti verilmişdir. Qətran Təbrizi, Nizami Gəncəvi, Qətib Təbrizi, Əssar Təb­rizi, Saib Təbrizi, Arif Ərdəbili, Seyid Əzim Şirvani, Ab­basqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zər­dabi, Səməd Vurğun kimi böyük ədiblər əməyə, əmək qəhrə­manlarına, həmişə hörmətlə yanaşaraq onları vəsf et­mişlər.
K.D.Uşinski yazırdı: “Əmək bəşəriyyət tarixinin lap əv­vəlindən yer üzünə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz, yer zülmətə çevrilər”.
Həyatını uşaqların ailə tərbiyəsinə həsr etmiş A.S.Ma­ka­renko əmək tərbiyəsinin rolu barədə yzırdı: ”Valideynlər birinci növbədə yadda saxlamalıdırlar ki, sizin uşağınız əmək üzərində qurulmuş cəmiyyətin üzvü olacaqdır. De­mək onun bu cəmiyyətdəki əhəmiyyəti, onun bir vətəndaş kimi qiyməti yalnız ictimai əməkdə necə iştirak edə bilmə­sindən, bu əməyə nə dərəcədə hazır olmasından asılı ola­caqdır. Onun maddi həyat səviyyəsi və rifah həyatı da bundan asılı olacaqdır”. Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi olmadan təsəvvür etmək mümkün deyildir. K.D.Uşinskinin sözləri ilə desək, tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu əməyə hazır­lamalıdır.
Klassik şairimiz Nizami Gəncəvi əmək qəhrəmanı Fər­hadı belə tərənnüm edir:
 
Bisutunda şəkli qurtardı Fərhad,
Könlündə bir həsrət, dilində fəryad.
Dağların bağrını dəlib sökürdü,
Yekə sərt daşları qırıb sökürdü.
 
Fərhad qart daşları eylədikcə kül,
Sanki hər qayadan qopurdu bir bürc.
Axşam qəmli çöldən çəkilib günəş,
Dağların başında yananda atəş,
 
Qara ağın üstünə naxış salaraq,
O, şəklin yanında gəlib durardı.
 
(Bax. N.Gəncəvinin seçilmiş əsərləri. Bakı, Lider Nəş­riyyatı, 2004, s. 196)
İnsan fəaliyyəti zehni və fiziki olmaqla iki qola ayrılır. Psixoloqların tədqiqatı sübut etmişdir ki, zehni fəaliyyət əvvəlcə fiziki hərəkətlər şəklində təzahür edir. Sonra isə bunun əsasında daxili fəaliyyət baş verir. 
Əmək tərbiyəsi əməyə,  əmək  adamlarına, əmək alət­lə­rinə, əməyin nəticə­si­nə düzgün münasibət formalaş­dır­maq, şagirdi psixoloji cəhətdən əməyə hazırlamaq deməkdir.
Əmək hıçqırıqları nəzəriyyəsi XIX əsrdə əmələ gəl­miş­dir. Fransız filosofu Lüdviq  Huare (1829-1889) həmin dövr­də ilk dəfə olaraq dilin əmələ gəlməsini   əməklə bağ­lamış­dır. Dil insanın əmək prosesini müşayiət edir.
Əmək insanı yaratdığı kimi, onun tərbiyəsi üçündə əsas olmuşdur.
 Zəhmətkeş insanlar təcrübə və müşahdələrinə istinad edərək uşaqlarını “Hər işin bir çəmi var” deyiminə istnad edərək çoxsaylı tərbiyə vasitələrindən (söhbət, öyüd-nəsihət, tələb, nümunə, əyani göstərmə, inandırma, tövsiyə, göstəriş, izah etmə, alışdırma, məşq, təlqin, yamsılama, xahiş, sınaq-yoxlama, arzulama, təəssüf, uğurlama, dil­ləşmə, tərifləmə, alqışlama, təkid, məcbur etmə, and, xəbər­darlıq, hədə-qorxu, qadağan etmə, cəza, danlaq, məzəmmət, qınama, irad tutma  və s. üsullardan, oyun, folklor nümu­nələri, bayram şənliyi, təbiət, əmək, məişət, incəsənət, söz və s.) bacarıqla istifadə etmişlər.
 
Qloballaşan dünyada yaranan sosial-iqtisadi prob­lem­­lərin həlli üçün şagirdlərin məktəb həyatından baş­la­yaraq əməksevərlik ruhunda tərbiyə olunması son də­rəcə vacibdir.
İnsan zəruri informasiyanı müstəqil qazanmalı, ye­ni­dən işləməyi, düzgün istifadə və tətbiq etməyi ba­car­malıdır. Müasir gənclər ölkədə bütün sahələrdə ge­dən dinamik inkişafdan faydalanaraq vaxtlarını səmə­rəli qurmağa nail olmalıdırlar. Çox təəssüf ki, indi gənc­lərin bir qismi ətalətə daha çox meyillidirlər.
Hərəkətsizliyin, fəaliyyətsizliyin, tənbəlliyin ağır nə­ti­cələrini böyük mütəfəkkir Mirzə Ələkbər Sabir belə ifadə etmişdir:
Ətalət cəlb edər şəxsi məmatə,
Ətalət mübtəla eylər bəlayə,
Ətalət mayeyi-iczü kədərdir,
Ətalətdən törər min-min xəcalət,
Ətalət təngnası bir xətadır,
Ətalətdən əməl mənkusü idbar.
(məmat – ölüm, idbar – bəxtsizlik, mənkusü – başıa­şa­ğı)
İctimai-faydalı əməyi daim yüksəkdə tutan Sabir bu sahədə insanın cəmiyyətdə roluna aydınlıq gətirərək qeyd edirdi ki, əgər görülən işdən xalq faydalanmırsa, onu hörümçəyin hördüyü tora bənzətmək olar. Faydalı işi ipək qurdunun məhsuldar əməyi ilə müqayisə edən şair, bu hadisənin məntiqi cəhətdən şərhini «Hörüm­çək və ipəkqurdu» şeirində aydın şəkildə verir.
Hörümçəyin dilindən:
Ey ipəkqurdu,
Nə kəsalətlə iş görürsən sən?
Niyə bunca ağır hörürsən sən?
Gəl mənim sənətimdə sürətimi
Görüb iqrar qıl məharətimi.
İşə gircək tamamını hörürəm,
Az zamanda necə çox iş görürəm.
İpəkqurdunun cavabı:
Bərfərz olsa hər yerdə
Toxuyursan böyük, kiçik pərdə,
De görək, onların nədir səməri!..
Bəlkə də hər kəsə çatır zərəri!..
Leyk məndə yox işə də sürət
Yapdığım işdə var ağır qiymət.
Aləmə faidə verir karım,
Hər kəs istər ola xəridarım!
(bərfərz – fərz etmək)
İnsanın fikir və mənəvi inkişafında, şəxsiyyət kimi for­malaşmasında tərbiyənin məqsədyönlü təsir imkan­la­rına malik olduğunu yüksək qiymətləndirən Sabir əməli fəaliyyətdə onun istedadının, bacarıq və vərdiş­lərinin üzə çıxdığını qeyd edir. Bu işdə valideynlərin övlada gözəl tərbiyə bəxş etməsinin vacibliyini diq­qətə çatdıraraq yazırdı:
Ümətin zəhnüması tərbiyədir,
Millətin pişvazı tərbiyədir.
Tərbiyətlə keçir ümuri-cahan
Hər işin ibtidası tərbiyədir.
Valideynin təbii övlada
Nəzəri-etinası tərbiyədir.
(zəhnüması – yol göstərən, pişvaz - başçı)
Sabir əmək tərbiyəsində iradi keyfiyyətlər qazan­maq, hər cür çətinliyə qarşı dözüm nümayiş etdirməyi hü­­nər adlandırır. «Qarınca» şeirində o, fikrini belə ifa­də edir:
Ey oğul, murdən götür ibrət,
Get ağır işdə işlə qeyrət ilə!
Ufacıq işləri hünər sanma,
Hünər odur ki, bir böyük əməli
Edəsən həll min süubət ilə,
Vətən uğrunda, millət eşqində
İş apar, baş gedərsə qoy getsin…
(mur – qarışqa, ufaq – kiçik, süubət - çətinlik)
Qeyd olunan nümunələrdən aydın olur ki, Sabir bö­yük mütəfəkkir şəxsiyyət kimi, insanın dəyərini onun cəmiyyətə nə dərəcədə fayda verməsi ilə şərtləndirir.
 Hər cür israfçılığa qarşı mübarizə aparan Sabir ki­çik yaşlarında uşaqları elmə həvəsləndirmək, mək­təbin, müəllimin nüfuzunu qaldırmağı vacib sayır.
Həyati bacarıqlara əsaslanan təhsil dövrün tələbi kimi müasir pedaqoji prosesdə reallaşdırılır.
Bu məsələyə Sabir zəmanəsində düzgün münasibət bildirərək yazırdı:
Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrin bil elmü-fəzlin
Elmin yolunda can ver.
Ey gözüm, ey canım,
Get məktəbə, cavanım!
Vətənpərvər şair olan Sabirin bir vaxtlar arzuladığı ide­yaları indi çiçəklənən Azərbaycanda uğurla həyata keçirilir. Pedaqoji sahədə çalışanların Sabir irsindən bəh­rələnərək gənc nəslin əməksevərlik ruhunda tərbi­yə­lənməsində, onların istedad və bacarıqlarının aşkar edilməsində, fiziki və mənəvi tələbatlarının ödənilmə­sində, texnoloji mədəniyyətinin aşılan­ma­sında daim səy göstərməliyik.
Əməyin meydana gəlməsi və inkişafı insanın ye­mə­yə, dolanışığa və s. olan tələbatlarını müqayisə­yəgəl­məz dərəcədə müvəffəqiyyətlə təmin etməsinə səbəb olmuşdur.
Əmək fəaliyyətində insan bədəninin başqa sahə­lə­rindən fərqli olaraq, əl maddi aləmin əşyalarının mü­hüm xassələri haqqında ən dəyərli məlumat verir. Əlin əmək aləti kimi ixtisaslaşması  düz yerimənin inki­şa­fına səbəb olmuş, əlin funksiyalarının dəyişməsi beyi­nin inkişafına daha güclü təsir göstərmişdir.
İxtisaslaşmış üzv kimi əlin özünün baş beyində xü­susi sahəsi əmələ gəlmiş, kütləsinin artmasına, qurulu­şunun  mürəkkəbləşməsinə və inkişafına səbəb ol­muş­dur.
İnsan haqqında fəlsəfi baxışların formalaşmasında XIX əsr alman klassik fəlsəfəsi, xüsusilə Hegel və Feyerbaxın ideyaları mühüm bir mərhələ təşkil edir.
Hegelə görə insan cəmiyyəti, bəşəriyyət əsl “ruh səltənətidir”.
Feyerbax “əməyin insanın özünü təsdiqetmə mahiy­yəti hesab etməklə” onun ictimai təbiətə malik olma­sını əks etdirməyə çalışmışdır.Şüurlu əmək insanlar tərəfindən zəhmətin ictimai və fərdi əhəmiyyətinin, onun  nəticələrinə münasi­bətlə­rinin dərk olunması sayəsində yaranır və inkişaf edir. Şüurlu əməyin məzmununu istehsalat təcrübəsi, peşə bilikləri, bacarıq və vərdişlərin məcmusu təşkil edir.
Şagirdlərin   əmək tərbiyəsi əməyə hazırlıq və peşə keçməklə bağlı şəxsi keyfiyyət və xüsusiyyətlərin for­ma­laşdırılması, inkişaf etdirilməsi və tərbiyə edil­mə­si kimi başa düşülür. Ölkənin ictimai-siyasi, iqtisadi-təbii şəraiti, məktəbin mövcud tələbatı ilə şagirdlərin  əmək tərbiyəsinin məzmunu müəyyən edilir. Dünyada gedən qloballaşma, inteqrasiyanın zəruri­liyi və inkişafı əmək anlayışının texnoloji cəhət­dən yeni mahiyyət kəsb etdiyini reallaşdırmışdır.
 
 
İstifadə olunmuş ədəbiyyat
1. Ağayev Ə. Ə. və b. Pedaqogika. Bakı:Adiloğlu, 2006, 184 s
2. Ağayev Ə. Ə. Pedaqoji fikrimiz, dünənimiz, bu günümüz. Bakı: Elm, 2000, 300 s.
3. Ağayev Ş. O. Sabirin pedaqoji fikirlərində əmək tər­biyəsi məsələləri. Bakı: AMİ-nin “Xəbərlər” xüsusi bura­xılış, 2011, dekabr.
4. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009, 99 s.
 
5. Əhmədov B. və b. Pedaqogikadan mühazirə konspektləri. Bakı: Maarif,1983, 352 s.
6. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı: Maarif, 2000, 440 s.
 
7.Həsənov M. Ağayev Ş. Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili. Bakı: Nasir, 2001, 200 s.
 
8. İsmixanov M .Bəxtiyarova R. Ali məktəb pedaqogikası (mühazirə kursu)   Bakı: BDU-nəşriyyatı, 2011, 236 s.
9. Kazımov N. Məktəb pedaqoqikası. Bakı: Çaşıqoğlu, 2002, 448 s.
 
10. Komenski Y A. Böyük didaktika. Bakı: “Elm və təhsil”, 2013, 388 s.
11. Qasımova L. Mahmudova R. Pedaqogika. Bakı: Çaşıoğlu, 2012, 548 s.
 
12. Qurbanov A. İnsan və dil. Bakı: Gənclik, 1973, 107 s.
13. Quliyev S. Ailə pedaqogikasının ümumi problemləri. 
Bakı: Nurlan, 2005, 416 s.
 
14. Nəzərov A. Məmmədov R. Pedaqoji ustalıq. Bakı: Müəllim, 2008, 84 s.
 
15. Paşayev Ə. Rüstəmov F. Pedaqogika (yeni kurs). Bakı: Maarif, 2002, 512 s.
 
16.Rüstəmov F.A. Qərb pedaqogika tarixi. Bakı: Nasir, 2003, 246 s.
 
17. Ümumi psixologiya (Prof. A.V. Petrovskinin redak­tor­luğu ilə). Bakı: 1982. Maarif, 404 s.
18. Mehrabov A. Pedaqoji texnologiyalar. Bakı: Mü­tər­cim, 2006, 372 s.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Tarix: 24-01-2023, 17:51

Xəbəri paylaş