Məktəblilərə məntiq haqqında

HÖKMLƏR VƏ ONLARIN NÖVLƏRİ
Ətraf aləmin predmet və hadisələrinin məntiqi dərkinin ikinci mərhələsi məntiqi mülahizə və ya hökm adlanır. İnsan fəaliyyət prosesində gerçək aləmi dərk edir,predmet və hadisələr, onların arasındakı əlaqə və münasibətləri aşkara çıxarır ki, bu dərk olunmuş əlaqə və münasibətlər təfəkkürdə anlayışların əlaqəsini özündə ifadə edən hökm formasında əks olunur.
HÖKM (mülahizə)-gerçəkliyin predmetləri, yaxud onlar arasındakı əlaqə və münasibətlər (kəmiyyət, keyfiyyət, əlamət,xassə və s.) haqqında informasiyanı iqrar və ya inkar edən təfəkkür formasıdır.
Hökmləri anlayışlardan(məfhumlardan ) bir sıra xüsusiyyətləri ilə fərqlənir :
1.İstənilən hökm bir-biri ilə əlaqədar olan məfhumlardan ibarət olur.
2.İstənilən hökm cümlə formasında ifadə olunur.Hökmlər ,əsasən, nəqli cümlə ilə ifadə olunur.
3.İstənilən hökm həqiqi və yalan ola bilər
4.Hökmlər quruluşca sadə və mürəkkəb ola bilər.
Hökmlər kəmiyyətcə fərdi, xüsusi və ümumi, keyfiyyətcə isə iqrari və inkari olur.
Hökmün məntiqi strukturuna aşağıdakılar daxildir :
- SUBYEKT-hökmün predmetini ifadə edən anlayış.
- PREDİKAT-predmetin əlamətı,xassəsi və s. ifadə edən anlayış.
- BAĞLAYICI-subyekt ilə predikat arasında əlaqə və müna- sibətləri iqrar və ya inkar edən sonluqlar.(-dır4; deyil)
- KVANTOR SÖZLƏR-subyekti və ya onun hissəsini ifadə edir.(“bütün”,”hər bir”,”bəzi”,”bir çox” və s.)
Hökmlər quruluşca 2 cür olur: sadə və mürəkkəb
Subyekt və predikat hökmün terminləri adlanır.
- Sadə hökmlər terminlərdən(S və P) ibarət olur.
- Mürəkkəb hökmlər isə sadə hökmlərdən ibarət olur.
*HƏQİQİ(doğru) HÖKMLƏR-gerçəkliyi olduğu kimi əks etdirən hökmlər.
Məsələn: Bütün ağaclar bitkidir.Xəzər dənizi dünyada ən böyük göldür.
*YALAN HÖKMLƏR-gerçəkliyi təhrif edən(olduğu kimi əks etdirməyən) hökmlər.
Məsələn :Bütün canlılar insandır.Bütün milçəklər quşdur.
Qeyd:Bəzən “yalan” əvəzinə “yanlış” sözü işlənir ki, bu da düzgün deyil.Çünki “yalan” həqiqəti bilərəkdən təhrif etmək, “yanlış” isə biliksizliklə bağlı səhvin buraxılması nəticəsində ifadə olunan hökm.
Hökmlər üzərində aparılan əməliyyatlar:
Hökmlərin məzmununun aşkara çıxarılmasında onun formalarının dəyişdirilməsindən tez-tez istifadə olunur ki, bunlar da hökmlər üzərində aparılan məntiqi əməliyyat adlanır.Bu əməliyyatların məqsədi hökmlərdə ifadə olunan anlayışların məntiqi əlaqəsini aşkara çıxarmaqdır.Bu əməliyyatlar aşağıdakılardır:
| HÖKMLƏR ÜZƏRİNDƏ APARILAN ƏMƏLİYYATLAR |
| DƏYİŞİLMƏ |
| ÇEVRİLMƏ |
| QARŞILAŞDIRMA |
Dəyişilmə-subyekt və predikat arasındakı həcm əlaqəsini aydınlaşdıran hökmün terminlərinin qarşılıqlı surətdə yerdəyişmə əməliyyatıdır. Məsələn.:İnsan düşünən varlıqdır. Düşünən varlıq insandır.
Çevrilmə-hökmün kəmiyyət xarakterini dəyişmədən bağlayıcı vasitəsi ilə keyfiyyətin dəyişilməsi əməliyyatıdır.
Məsələn:Bütün insanlar təfəkkürlüdür. Heç bir insan təfəkkürsüz deyil.
Qarşılaşdırma-əvvəlki əməliyyatların birləşməsindən törəyən əməliyyat olub həm subyektə,həm də predikata görə hökmlərin qarşılaşdırılması şəklində ifadə olunur.
Məsələlən: İnsan düşünən varlıqdır.Düşünən varlıq insandır(dəyişilmə).Heç bir düşünən varlıq qeyri-insan deyil.(çevrilmə)
FƏRDİ,ÜMUMİ VƏ XÜSUSİ HÖKMLƏR
Hər bir hökm subyektin həcmi və predikatın keyfiyyətinə görə fərqlənir. Subyektin həcminə görə hökmlər üç qrupa bölünür :
| SUBYEKTİN HƏCMİNƏ GÖRƏ HÖKMÜN NÖVLƏRİ |
| FƏRDİ |
| XÜSUSİ |
| ÜMUMİ |
♣ Fərdi hökm-subyektinin həsminə yalnız bir predmetin daxil edildiyi hökmdür.Belə hökmlərdə kvantor söz işlənmir.Məsələn : Bakı şəhəri Azərbaycanın paytaxtıdır.Dil ünsiyyət prosesi deyil.
Fərdi hökmün sxemi belədir: “Bu S-P-dir” və ya “Bu S-P-deyil”
♥ Xüsusi hökm-subyektinin həcminə ümumi, mühüm əlamətlərə malik olan predmetlərin müəyyən hissəsinin daxil edildiyi hökmdür.Belə hökmlər “bəzi”,”bir çox” və s. kvantor sözləri ilə işlənir.Məsələn : Bəzi insanlar idmançıdır.Bəzi cingiltili samitlər kar qarşılıqlı deyil.
Xüsusi hökmün sxemi belədir: “Bəzi S-lər P-dir” və ya “Bir çox S-lər P-deyil”
⁕Ümumi hökm- subyektinin həcminə ümumi, mühüm əlamətlərə malik olan bütün predmetlərin daxil edildiyi hökmdür. Belə hökmlər “bütün”,”heç bir” və s. kvantor sözləri ilə işlənir.Məsələn : Bütün insanlar şüurludurHeç bir samit səsin tələffüzü maneəsiz deyil. Rəqəmlərinin sayı 3-ə bölünən ədədlər özləri də 3-ə qalıqsız bölünürlər.
Ümumi hökmün sxemi belədir: “Bütün S-lər P-dir” və ya “Heç bir S P-deyil”.
Məntiqi hökmlərin həqiqətə uyğunluğu barədə fikir ifadə edərkən “düzdür”, “düz deyil” və ya “yalandır” ifadələrinin əvəzinə ,uyğun olaraq,”doğrudur” və “yanlışdır” ifadələri işlədilir. “Yanlış” və “yalan” ifadələri yaxın mənalı olsalar da onlar fərqli anlayışlardır.Belə ki, “yanlış” biliyin yetərincə olmaması ilə bağlı səhvdir, “yalan” isə bilərəkdən həqiqəti təhrif edən fikrin uydurulmasıdır.İnsan yanlışa görə tənbeh olunur, yalana görə isə cəzalandırılırdı.
ÜMUMİ İQRARİ VƏ XÜSUSİ İQRARİ HÖKMLƏR
Hökmlər kəmiyyətcə olduğu kimi keyfiyyətcə də bir-birindən fərqlənirlər.
Hökmlərin keyfiyyət göstəricisi onların iqrar və inkarlığıdır.
İqrarilik təsdiq deməkdir.Yəni iqrari hökmlərdə cismdə hər hansı bir əlamətin, xassənin olması ifadə olunur.
Məsələn: Bütün ağaclar bitkidir.Hər bir bakteriya canlı orqanizmdir.Bəzi bitkilər ağacdır. və s.
İqrari hökmlər iki cür olur :
1.Ümumi iqrari hökmlər.
2.Xüsusi iqrari hökmlər
Ümumi iqrari hökmlər.Ümumi iqrari hökmlər subyekti ümumi, predikatı təsdiqdə olan hökmlərdir.Belə hökmlərin subyekti,əsasən, ümumilik kvantorları ilə ifadə olunur, predikatı isə iqrarlıq ifadə edən məntiqi bağlayıcılarla işlənir.
Məsələn: a)Hamının təhsil almaq hüququ var.b )Bütün üçbucaqların daxili bucaqlarının cəmi 180º -dir.c) Hər bir kitab bilik və məlumat mənbəyidir.
Ümumi iqrari hökmlərin stukturu:
Bütün S-lər P-dir. Hər bir S P-dir.
Xüsusi iqrari hökmlər. Xüsusi iqrari hökmlər subyekti xüsusi, predikatı təsdiqdə olan hökmlərdir.Belə hökmlərin subyekti, əsasən, xüsusilik kvantorları ilə ifadə olunur, predikatı isə iqrarlıq ifadə edən məntiqi bağlayıcılarla işlənir.
Məsələn:a)Bəzi şagirdər idmançıdırlar. b) Bir çox şəhərlər qədim tarixə malikdir.c) Bəzi uşaqlar istedadlıdır- lar.d)sonu “0” və ya “5” ilə qurtaran natural ədədlər 5-ə tam bölünürlər.
Xüsusi iqrari hökmlərin stukturu:
Bəzi S-lər P-dir.Bir çox S-lər P-dir.
| KƏMİYYƏT VƏ KEYFİYYƏTƏ GÖRƏ SADƏ HÖKMLƏRİN NÖVLƏRİ (Subyekt, predikat və məntiqi bağlayıcılardan ibarət hökmlər sadə hökmlərdir.) |
| ÜMUMU İQRARİ HÖKM |
| XÜSUSİ İQRARİ HÖKM |
| XÜSUSİ İNKARİ HÖKM |
| ÜMUMU İNKARİ HÖKM |
|
|
Hökmlərin keyfiyyət göstəricilərindən biri də inkarlıqdır. İnkarlıq iqrarlığın əksi olub hökmlərdə cismdə hər hansı bir əlamətin, xassənin olmadığını ifadə edir. ”İnkar etmək” anlayışı təkzib etmək, qarşı çıxmaq,əleyhinə ol- maq, yalanlamaq kimi sözlərlə oxşar mənaları ifadə edir.
İnkar-doğru mülahizəni yanlışa, yanlış mülahizəni isə doğruya çevirən məntiqi əməliyyatdır.
Məsələn:
a) Heç bir insan şüursuz deyil. b) Bəzi şagirdlər əlaçı deyil.
İnkari hökmlər də iki cür olur :
1.Ümumi inkari hökmlər.
2.Xüsusi inkari hökmlər
Ümumi inkari hökmlər. Ümumi inkari hökmlər subyekti ümumi, predikatı inkarda olan hökmlərdir.Belə hökmlərin subyekti, əsasən,ümumilik kvantorları ilə ifadə olunur, predikatı isə inkarlıq
ifadə edən məntiqi bağlayıcılarla işlənir.Məsələn: a)Heç bir nida və əmr cümləsi hökm deyil.b)Bütün planetlər ulduz deyil. c) Bütün düzbucaqlılar kvadrat deyil.
Ümumi inkari hökmlərin stukturu : Heç bir S P-deyil.
Bütün S-lər P-deyil.
Xüsusi inkari hökmlər.Xüsusi inkari hökmlər subyekti xüsusi, predikatı inkarda olan hökmlərdir.Belə hökmlərin subyekti,əsasən, xüsusilik kvantorları ilə ifadə olunur, predikatı isə inkarlıq ifadə edən məntiqi bağlayıcılarla işlənir.Məsələn: a)Bəzi heyvanlar otyeyən deyil. B)Bəzi göbələklər yeməli deyil.
Xüsusi inkari hökmlərin stukturu : Bəzi S-lər P-deyil.
Bir çox S-lər P deyil.
Qeyd: Hökmlərin kəmiyyət və keyfiyyətə görə birgə bölgüsündə fərdi hökmlər ümumi hökmlərə aid edilir,çünki bu hökmlərdə söhbət hökmün subyektində düşünülən bütün predmetlərdən gedir.
Hökmlərin kəmiyyət və keyfiyyətə görə birgə bölgüsü.Hər bir hökm müəyyət kəmiyyət və keyfiyyət göstəricisi ilə səciyyələndirilir. Buna görə də məntiqdə hökmlərin kəmiyyət və keyfiyyətcə birgə bölgüsü qəbul edilmişdir. Bu bölgüyə görə hökmlərin 4 tipi müəyyən edilmişdir.
A-ümumi iqrari hökmlər.Strukturu:Bütün S-lər P-dir.
İ-xüsusi iqrari hökmlər. Strukturu: Bəzi S-lər P-dir.
İqrari hökmlərin şərti işarələri A və İ hərfləri “iqrar edirəm” mənasını verən latın sözü “affirmo”nun ilk iki saitinin adından götürülüb.
E-ümumi inkari hökmlər.Strukturu:Heç bir S P deyil.
O-xüsusi inkari hökmlər. Strukturu: Bəzi S-lər P deyil.
İnkari hökmlərin şərti işarələri də E və O hərfləri “inkar edirəm” mənasını verən latın sözü “ neqo”nun iki saitinin adından götürülüb.
¬ inkarlığın simvolu
MÖVCUDLUQ BARƏDƏ HÖKMLƏR VƏ ONLARIN İNKARI
Sadə hökmlər müxtəlif əsalara görə növlərə bölünür.Bu bölgülərdən biri də predikatın məzmununa görə hökmlərin bölgüsüdür.Bu əsasa görə hökmlər üç yerə bölünür:
1.Artibutiv (xassələr) 2.Relyativ (münasibət) 3.Ekzistensial(mövcudluq).
Bu hökmlərdə fikrin predmeti haqqında nə isə iqrar,yaxud inkar olunur; predmetin özü,onun əlamətləri və əlaqələri aşkara çıxarılır.
1.Artibutiv (xassələr) hökmlər. Bu hökmlərdə predmet və hadisələrə dair məlum xassə.vəziyyət,fəaliyyət növlərini iqrar və ya inkar edir. Məsələn:Qızıl gülün bihuşedici ətri var. Müğənni “leyli və Məcnun” operasından ariya ifadə edir. Sxemi : “S-P-dir”. “S-P deyil”.
2.Relyativ(münasibət) hökmlər.Bu hökmlərdə predmetlər arasındakı qarşılıqlı əlaqə və münasibətlərdən danışılır. Məsələn:Hər cür proton elektrondan ağırdır.Atalar öz övladlarından yaşlıdırlar.
Nisbət hökmlərində üç,dörd və daha çox predmet arasındakı müna- sibət ya iqrar, ya da inkar edilə bilər. Məsələn: Moskva Sank-Peterburq və Kiyev arasında yerləşir. Sxemi: a R b və ya R (a,b) a və b-predmetlərin adları, R isə münasibətlərin adıdır.
3.Ekzistensial (mövcudluq) hökmlər.Bu hökmlərdə hökmün predme- tinin-subyektin varlığı və ya yoxluğu predikatla iqrar və ya inkar olunur.
Ekzistensial hökmlər – onunla səciyyələnir ki, burada hökmün predmetinin mövcud olub – olmaması faktı ifadə olunur.Məsələn:“Atom buzqıran gəmisi vardır”,“Səbəbsiz hadisə yoxdur.”Əbədi mühərrik olmur.və s.
* Atributiv-latın sözü atributum sözündən olub “ayrılmaz əlamət” mənası verir.
* Relyativ-latın sözü relativus sözündən olub “münasibət” mənası verir.
*Ekzistensial- latın sözü existentia sözündən olub “mövcudluq” mənası verir.
Rəfail Əliyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
“Ən yaxşı müəllim” Respublika Müsabiqəsinin, “Təhsildə inkişaf və innovasiyalar üzrə” II qrant müsabiqəsinin fərdi layihə qalibi
Əmək veteran.

| MƏNTİQ-TƏFƏKKÜRÜN ANATOMİYASIDIR Con Lokk ingilis filosofu |

Tarix: 28-10-2022, 22:41
