“YENİ DƏRSLİK LAYİHƏLƏRİ”
X siniflər üçün “ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ” fənni üzrə yeni təkmilləşdirilmiş dərslik layihəsi haqqında
Bu tədris ilində yenidən işlənmiş dərsliklərdən biri də X siniflər üçün hazırlanmış “ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ” dərsliyidir.
Dərsliyin yeni layihəsinin hazırlanmasında əvvəlki dərsliyin müəllifi Qılman Eyvazovla yanaşı, XI sinif dərsliyinin və metodik vəsaitinin həmmüəllifi İntiqam Əsgərov da iştirak etmişdir.Hər iki müəllif mək- təblərdə hərbi rəhbər kimi çalışır.
Qılman Eyvazov 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini (fərqlənmə diplomu ilə), 2002-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir.
2008-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müxtəlif vəzifələrdə xidmət etmiş, 2009-ci ildən akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəridir.
İntiqam Əsgərov isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunudur və 10 il Azərbaycan Ordusunda zabit kimi hərbi xidmət keçib. Hərbi xidmət dövründə səhhətində yaranan problemlə əlaqədar olaraq kapitan hərbi rütbəsində ehtiyatda buraxılmış, 15 ildir ki, Bakı şəhəri 309 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində işləyir.
Yeni nəşr məzmun baxımından çox ciddi təkmilləşdirilmiş və zəruri məlumatlarla zənginləşdirilmişdir. 2-ci və 3-cü tədris vahidlərinə daxil olan mövzular daha yüksək səviyyədə, müasir kontekstdə işlənmişdir. Bu mövzular daha çox milli zəmində şərh edilmiş, müəlliflər Azərbaycan ordu quruculuğunda ən incə detalları da qələmə almış, gələcəyin vətən müdafiəçilərinə daha çox əsaslı,vacib bilgilər verməyi hədəfləmişlər.
Yeni nəşrin dizaynı, rəsm və illüstrasiyalar-bədii tərtibat da yüksək səviyyədədir; yeni dizayn bütün parametrləri çox mükəmməl şəkildə ehtiva edir,orijinallıq, mətnə uyğunluq, ifadəlilik, aydınlıq, cəlbedicilik, şagird marağının təmini, şəkillərin uyğun yerləşdirilməsi, həcm nisbəti-vahid dizayn üslubunun gözlənilməsi, xüsusən də üz qabığının tərtibatının yeni dərsliyin məzmununa uyğunluğu təqdirəlayiqdir.
Yeni nəşrdə dil və yazı üslubu da şagirdin yaş səviyyəsinə, əsasən, uyğundur. Bəzi kiçik xətalar (buraxılmış durğu işarələri, sırf diqqətsizliklə əlaqədar hərfburaxmalar, həfartırmalar, söz ehtiyatından istifadə zamanı yol verilmiş leksik-üslubi səhvlər və s.) aradan qaldırılsa, dil qaydalarına əməl olunması da yüksək səviyədə olardı.
Xüsusən də yeni söz və terminlərin məqsədəuyğun şəkildə konkret izahının verilməsi yeni nəşrin ən gözəl keyfiyyətlərindəndir; çünki hər bir elm öz məfhumları ilə mənimsənilir.
Yeni nəşrdə bəzi kiçik çatışmazlıqları, anlaşılmazlıqları (xüsusən də bölgü və təsnifat sxemlərindəki məntiqi uyğunsuzluq, bölgülər və təsnifatlar zamanı bölgü əsalarının müəyyənləşdirilməməsi, irəli sürülən bölgü komponentləri ilə sxemlər- dəki uyğunsuzluq və s.) nəzərə almasaq, bunlar da aradan qaldırılsa,dərsliklərin qiymətləndirilməsi meyarlarının məzmunla bağlı 14 parametrin təmin olunmasını da yüksək qiymətləndirmək olar.
Dərslik layihəsində qarşılaşdığımız bəzi səhvlər, natamamlıqlar, qeyri-müəyyənliklər, üslubi və orfoqrafik səhvlərlə bağlı iradlarımızı da müəlliflərin nəzərinə çatdırmışıq. İnanırıq ki, böyük zəhmət baha- sına başa gəlmiş bu dərsliklə bağlı iradlarımızı müəlliflər səmimi qəbul edəcək, dərsliyin daha yüksək səviyyəli çapına nail olacaqlar.
İrad və təkliflərimiz:
1.Mündəricatda 6 tədris vahidi göstərilsə də, məzmun xətləri verilməyib və I məzmun xəttinin mahiyyəti tam təmin olunmayıb.
I məzmun xətti “Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları” adlandırılsa da, dərslikdə ”Çağırışaqədərki hazırlıq” fənninin tədrisi zamanı siz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixini öyrən- məklə(?!)... vədi verilsə də, zəngin hərb tariximizdən heç bir kəlmə də yazılmayıb.
Təklif: Yaxşı olardı ki, dərslik məzmun xəttinə uyğun olaraq “Azərbaycanın hərb tarixinə bir nəzər” adlı mövzu ilə başlansın və cümhuriyyət dövrünə qədərki hərb tariximizin əsas məqamları və məşhur sərkərdələri haqqında qısaca da olsa, məlumat verilsin.
2. I tədris vahidinin “Dövlət rəmzləri” mövzusu ilə başlanması da məqsədəuyğun deyil; bu mövzu “Hərbi atributlar” mövzusu ilə birləşdirilərək, “Azərbaycan Respublikasının Dövlət rəmzləri və hərbi atributları” adı altında tədris olunsa daha məqsədəuygun olardı. Nəzərə almaq lazım idi ki, şagird X sinfə qədər bu məlumatı kifayət qədər alır.
Təklif:Yaxşı olardı ki, I tədris vahidinin mövzuları aşağıdakı ardıcıllıqla verilsin:
I tədris vahidi :”HƏRB TARİXİMİZ VƏ HƏRBİ XİDMƏTİN HÜQUQİ ƏSASLARI”
1.Azərbaycanın hərb tarixinə bir nəzər
2. Azərbaycan Respublikasının Dövlət rəmzləri və hərbi atributları
3. Azərbaycan Respublikasında Hərbi qanunvericilik.
4.Hərbi xidmətin qanun külliyyatı-hərbi Nizamnamələr.
Ümumqoşun Nizamnamələri.
5. İntizam Nizamnaməsi
6. Sıra Nizamnaməsi
7. Daxili Xidmət Nizamnaməsi
8.Qarnizon və Qarovul Xidməti Nizamnaməsi
9.Azərbaycan Respublikasının Silahlı Qüvvələri
10. Başqa silahlı birləşmələr
3. Dərsliyin 48-ci səhifəsində verilmiş “Rəislər və tabe olanlar, böyüklər və kiçiklər” yarımbaşlığı natamamdır; belə ki, burada “rəislər” və “tabe olanlar” anlayışlarına aydınlıq gətirilsə də, “böyük” və “kiçik” anlayışlarının izahı verilməyib.
Təklif:bu səhifəyə “böyük” və “kiçik” anlayışlarının izahı da əlavə edilməli, “rəis” və “böyük”, “tabe olan” və “kiçik” anlayışlarının fərqinə aydınlıq gətirilməlidir.
5. Dərslik layihəsinin 53-cü səhifəsində sxemin başlığı-bölünən məfhum “Saatdarın toxunulmazlığı ibarətdir:” yox, “Saatdarın toxunulmazlığının hüquqi əsasları:” kimi verilməlidir.
6. 147-ci səhifədə “Fövqəladə hal – ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir!” cümləsinin sonunda nida yox, nöqtə qoyulmalıdır. Yenə də həmin səhifədə “ Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür.”yazıldığı halda burada bölgü əsası nədir?!) sxemdə isə 3 növ göstərilib(?!). Bu ziddiyyət də aradan qaldırılmalıdır.
“Təbii mənşəli fəlakətlər:”başlığı altında verilən məlumat da dəqiqləşdirilməli, iki yerdə təkrarlanan “sunami” anlayışının mövqeyi dəqiqləşdirilməlidir. Göründüyü kimi, burada da birinci “sunami” sözü artıq olduğundan mətndən çıxarılmalıdır!
● zəlzələ; ● sel; ● daşqın, ● torpaq sürüşməsi, ● vulkan püskürməsi, ● qar uçqunu, sunami(?!-kursiv mənimdir), ● fırtına, ● tropik qasırğa, ● sunami
7. 156-cı səhifədə təbii mənşəli fövqəladə hallar üçün verilmiş ”Şəraitindən, yaxud səbəbindən asılı olaraq onları aşağıdakı qruplara ayırmaq olar”: bölgü əsası düzgün deyil; “TƏBİİ MƏNŞƏLİ FÖVQƏLADƏ HALLAR” kimi verilməlidir.
8. Kalaşnikov avtomatına aid normativlərə “patronun boşaldılması normativi” də əlavə edilməlidir.
9. 33-cü “FƏRDI MÜHAFIZƏ VASİTƏLƏRİ” mövzusuna mühafizə vasitələrinə aid normativlərin də əlavə olunması yaxşı olardı.
10. 175-ci səhifədəki “Tənəffüs orqanlarını müdafiə edən(?!) fərdi mühafizə vasitələri” başlığı, “Tənəffüs orqanlarının fərdi mühafizə vasitələri” şəklində verilməlidir. “Müdafiə” və “mühafizə” anlayışlarını eyniləşdirmək olmaz!
12. 191-ci səhifədə “Toxumalar” sözü ilə bağlı hərf buraxmalar da diqqətdən yayınıb.
13. Dərslikdə fənnin adı hər yerdə dırnaqda yazılmalıdır: “Çağırışaqədərki hazırlıq” (bax: səh.5-6)
5.Dərslikdəki bütün “qadağanlar” eyni formada - qırmızı haşiyədə verilməlidir!
14.Abzaslar düzgün yazılmalıdır (səh.5-6 və ....)
15.Şriftlərdə vahidlik gözlənilməlidir və s.
Düşünürük ki, dərslik layihəsinin diqqətli redaktəyə və korrekturaya ehtiyacı var. İnanmaq istərdik ki, təklif və iradlarımın nəzərə alınması dərslik layihəsinin xeyrinə olacaq.
Qeyd: Aldığımız məlumata görə, iradların əksəriyyəti qəbul edilib, bəzi təklifləri isə vaxt məhdudiyyətinə görə nəzərə almaq mümkün olmayıb. Yeni dərs ili başlansa da yeni dərslik hələ də “müzakirə” bölməsindədir və hələ ki, iradlarla bağlı heç bir düzəliş görünmür...
Müəlliflərə bir daha uğurlar arzu edirik. Əminik ki, yeni dərslik şagirdlərin də marağına səbəb olacaq, hərbi xidmətə - Vətənin müdafiəsinə hazırlaşan gəncliyə layiqli töhfələr verəcək.
Əliyev Rəfail Şıxəli oğlu,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ən yaxşı müəllim” respublika müsabiqəsinin və təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqəsinin fərdi layihə qalibi, Azərbaycan Respublikası Təhsil İnstitutunda fəaliyyət göstərmiş “Çağırışaqədərki hazırlıq” fənni üzrə işçi qrupun üzvü, fənn üzrə tədris proqramlarının həmmüəllifi, istefada olan zabit-baş leytenant, Şirvan şəhər, S.Hüseynov adına 1 nömrəli məktəb-liseyin sabiq hərbi rəhbəri, Əmək veteranı....
Tarix: 21-09-2022, 21:07