Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mingəçevir Dövlət Universiteti Vyanada təmsil olunub



    Beynəlxalq Alman dili  Müəllimləri  Birliyinin  təşəbbüsü ilə   bu günlərdə Avstriyanın paytaxtı Vyana şəhərində alman dili müəllimlərinin XVII konfransı keçirilib. Konfransda dünyanın 115 ölkəsindən 2500-dən artıq müəllim iştirak edib.  
 Azərbaycan təhsilini konfransda ölkəmizin bir qrup qabaqcıl ali və orta məktəb müəllimləri təmsil edib.  
   Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov konfransa daimi iştirakçı kimi dəvət olunub. Qeyd edək ki, həmyerlimiz Almaniya Federativ Respublikasının Yena və Veymar şəhərlərində keçirilən XIV, İtaliyanın Tirol vilayətində keçirilən XV konfransların da iştirakçısı olub.
  XVII Beynəlxalq konfransın gündəliyində qloballaşan dünyada mobilliyi təmin etmək, Avropa təhsil məkanına inteqrasiyanı sürətləndirmək, alman dilinin ali və orta məktəbdə tədrisini daha da yaxşılaşdırmaq, bu istiqamətdə təcrübi və nəzəri tədqiqatları gücləndirmək məsələləri yer almışdı.
  Qurultayın təntənəli açılışı Avropanın ən qədim (əsası 1365-ci ildə qoyulub) və ən böyük (94 min tələbəsi, 10 mindən artıq əməkdaşı var) ali məktəblərindən biri olan Vyana Dövlət Universitetinin bayramsayağı bəzədilmiş əsas binasında olub. 
Avstriyanın təhsil, elm və tədqiqatlar naziri Martin Polaşek, Vyana şəhər Bələdiyyəsinin sədri Mixail Ludvik və Vyana Dövlət Universitetinin, eləcə də Beynəlxalq Alman dili Müəllimləri Birliyinin rəhbərliyi qonaqları salamlayaraq, qısa təbrik nitqi söyləyiblər və konfransın işinə uğurlar arzulayıblar. 
 Beynəlxalq konfrans öz işini 7 bölmədə 5 gün davam etdirib. Konfransın birinci günü Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafov “ Dərs-intellektual oyun.  Mövzu: “Mənim Respublikam- Azərbaycan” Azərbaycan Televiziya verilişlərinin “Mən Azərbaycanlıyam” intellektual oyunu – bilik yarışması formasında” adlı məruzə tezisi ilə çıxış edib. 
  Məruzəçi qeyd edib ki, bu mövzunun tədrisini bilik yarışması formasında aparır, respublikamızın qədim tarixi, zəngin mədəni irsi, dünəni, bu günü, qəhrəman Azərbaycan oğulları barədə tələbələrə alman dilində suallar verir, alman dilində cavablar alır. Əsas məqsəd tələbələrə Azərbaycanı daha yaxından tanıtmağa çalışmaq, respublikamızı daha çox sevdirmək, onu daha çox təbliğ və tərənnüm etdirməkdir. Axı qloballaşmaya gedən yol, dünyanı sevmək öz yurdunu, vətənini sevməkdən başlayır.
  Alman dilinin tədrisində qeyri-standart dərs formaları tələbələr tərəfindən maraqla qarşılanır, onları alman dilini daha yaxşı öyrənməyə sövq edir.
 Konfrans iştirakçıları Namaz Manafovun çıxışını maraqla qarşılayıb, ona respublikamızın bu günü ilə bağlı müxtəlif suallar veriblər.
  Azərbaycanlı müəllimlərdən bir qrupu elə həmin gün Vyana şəhərindəki “Donau Park”a (“Dunay Parkı”) gəlmiş, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoyublar.
  Vyanada keçirilən XVII Beynəlxalq konfrans maraqlı təəssüratlarla yadda qalıb. Növbəti XVIII Beynəlxalq konfransın 2025-ci ildə (28 iyul –2 avqust) Almaniya Federativ Respublikasının Lübeck şəhərində keçirilməsi qərara alınıb. 




Tarix: 9-09-2022, 22:36

Xəbəri paylaş