Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Mir Cəlalın poetikası"








Görkəmli yazıçı, ədəbiyyatşünas, alim-pedaqoq Mir Cəlal Paşayevin üç cildliyinə bir nəzər
 
Azərbaycan ədəbiyyatında öz dəst-xətti, bədii üslub tərzi, dövrünün işıqlı siması olan və gələcək nəsillərə zəngin ədəbi irs qoyub gedən görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi Mir Cəlal Paşayev haqqında kitabın müəllifi - tanınmış yazıçı-alim, publisist Allahverdi Eminovun 2019-cu ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış üçcildlik “Mir Cəlalın poetikası” kitabı böyük ədibin məhsuldar və zəngin ədəbi yaradıcılığını əhatə edir. 
Kitabın birinci cildində müəllif böyük yazıçı, kamil şəxsiyyət, alovlu vətənpərvər Mir Cəlal Paşayevin yaradıcılığında araşdırılmamış nəsr poetikasından bəhs edir. Bu cilddə ədibin “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Dağlar dilləndi”, “Təzə şəhər”, “Yaşıdlarım” romanları və povestləri geniş və əhatəli təhlilini tapmışdır. 
Ədəbi tənqidçi Allahverdi Eminov xüsusi olaraq qeyd edir ki, ədəbiyyatşünas-alim M.C.Paşayevin “Bir gəncin manifesti” əsəri gənc nəslin və məktəb illərinin ən yaddaqalan romanıdır. Müəllif əsərin təhlilinə toxunaraq, romanda öz əksini tapan tipik surətlərin -  Baharın, onun anası Sonanın, qardaşı Mərdanın yaşadıqları hadisələr indiki uşaqlarımızın yaşadıqları obrazlarda öz təcəssümünü tapıb, keçmişin kövrək, ağrılı tarixçəsini yada salır. Görkəmli ədib əsərdə bu obrazları -  Tahir, Lətifə, Cəlal, Humay, Firudin, Hüseynbala, nəhayət Baharı göstərməklə, onların kövrək qəlblərində hansı arzuların yaşadığını, bu arzulardan doğan mübarizlik prinsiplərinin nə dərəcədə təzahür etdiyini oxucunun diqqətinə çatdırmaq istəyib. A.Eminov bir yazıçı və tənqidçi kimi M.C.Paşayevin yaradıcılığındakı müxtəlifliyi, əsərlərin poetikasını, harmonik təsvirini, ədəbi obrazların xarakterik cəhətlərini açıq-aydın təsvirini kitabda göstərməyə çalışmışdır. 
Monoqrafiyada Allahverdi Eminov o dövr  Azərbaycan ədəbi tənqidinin şərəfli və çətin dövr keçdiyini də diqqətə çatdırır. O, 1920-1941-ci illərdə yaşamış müqtədir tənqidçilər  - Mustafa Quliyev, Əli Nazim, Mikayıl Rəfili, Kazım Ələkbərli, Hidayət Əfəndiyevin yeni yaranan ədəbi mühitin metodoloji məsələlərinə daha çox önə çəkir. Ən maraqlısı isə odur ki, M.C.Paşayev yazıb-yaratdığı əsərlərində XIX əsrlə XX əsr arasındakı paralelləri tapıb öz əsərlərində təsvirini verə bilmişdir. Məhz elə ona görədir ki, yazıçının “Bir gəncin manifesti” romanı indiyədək sevilərək oxunur.
“Yolumuz hayanadır” romanındakı mövzu görkəmli satirik şairimiz Mirzə Ələkbər Sabir və onun yaşadığı mühiti əhatə edir. Ümummilli problemlər, həllini tapmayan məsələlər Allahverdi Eminovu narahat etdiyindən o, bu dövrün ədəbi tənqidində nüfuzlu yer tutan Mehdi Hüseyn, Cəfər Xəndan, Abbas Zamanov və başqa tənqidçilərin Mir Cəlalın “Yolumuz hayanadır” əsəri haqqında qeydlər aparmasını da təhlil edib. Mehdi Hüseyn yazırdı ki, M.Cəlalın yaratdığı əsərin ən böyük məziyyəti sevimli satirik şairimiz M.Ə.Sabiri öz mühitinin mürəkkəb şəraitində ədəbi-fikir mübarizələri fonunda göstərmə bacarığına malik olmasıdır. Belə hadisələr XX əsrin əvvəllərində ziyalılar arasındakı ziddiyyətlər, məktəb, maarif, mətbuat aləmi, ailə-məişət və s. məsələlər obrazlı şəkildə təsvrini tapmışdır. Hadisələr əsasən, şairin Şamaxı, Bakı və Tiflis həyatında baş verənləri əhatə edir. “Yolumuz hayanadır” romanında o dövrün ictimai və ədəbi mühitindən başqa, tarixi şəxsiyyətlər haqqında məntiqli və obrazlı təsvirlər verilmişdir. Bunlardan Soltan Məcid Qənizadəni, Əlibəy Hüseynzadəni, Mirzə Cəlili, Nəriman Nərimanovu göstərmək olar.  
Kitabın I cildində yer alan “Dirilən adam” əsəri haqqında qeydlər apararkən, yazıçı Allahverdi Eminov Mir Cəlal Paşayev yaradıcılığının təkamül dövrünün başlamasını məhz bu əsərin tamamlamasından sonra baş verdiyini vurğulayır. Əsərdə yer alan tarixə dönüş, hadisələrin epik təsviri, əhəmiyyəti, obrazların canlılığı və s. otuz yaşlı yazıçı üçün qeyri-adi görünə bilərdi. Lakin Mir Cəlal müəllim hadisələri qabaqlayaraq, onları zamanın kontekstində oxucuya çatdıra bilmişdir.
Azərbaycanın XIX və XX əsr mühitində yazıçıların müraciət etdiyi əsərlərdə sərt əxlaq qanunları və davranışının hökmranlığı ilə qarşı-qarşıya gəlməsi digər bədii əsərlərdə də yer alıb. “Dirilən adam” da daxil olmaqla bu əsərlərin obyektiv qayəsi, məqsədi  insan şəxsyyətini alçaldan, təhqirə məruz qoyan əxlaq normalarının qeyri-təbiiliyini ifşa etmək idi. 
Böyük ədibin “Yaşıdlarım” romanı oxucunu Böyük Vətən müharibəsi illərinə aparır. Sovet quruluşu dağılmış olsa belə, ondan bəzi mühüm məsələləri, problemləri başqa prizmalarda inkişaf etdirmək ehtiyacı bu gün duyulur. Belə ki, əsərdə Mir Cəlal vətənpərvərlik məsələsini bir problem kimi qaldırmış və bədii həllini vermişdir. Əsəri oxuyanda cəbhədəki vəziyyət gözümüzün önündə canlanır, əsgərlərin ruhi çırpıntıları öz təzahürünü tapır. M.C.Paşayev ordu həyatının ilk təməli sayılan təlim-məşqlərini lakonik təsvirlə qələmə almışdır. Əsərdən bir epizodu diqqətinizə ərz edirik: “...Təlimlər başlanandan, baş qarışandan sonra Nərimanın məktub həvəsi yavaş-yavaş azaldı, zərf-kağız isə çantada bükülü qaldı. Səhər açılmamışdan başlanan və günü-gündən çətinləşən, sürətlənən təlimlər bəzən gecəyə çəkirdi...” Burada bir gəncin – Nərimanın timsalında, onu cəbhəyə gətirən psixologiyanın ilk çalarlarını sezirik. Bu baxımdan yazıçı Mir Cəlalın nəsr poetikası çox zəngindir. O, vətənpərvərlik mövzusunda yazdığı romanında ata-oğul münasibətlərinin məhz müharibə zamanı Vətəni qorumaq kontekstində həll etməyə nail olmuşdur. 
“Mir Cəlalın poetikası” kitabının II cildi də monoqrafiya şəklində çap olunub. Və burada ədibin hekayə janrında 30-cu illərdən başlayaraq, baş verən hadisələr, insanların xarakterik xüsusiyyətləri, nikbin baxışları öz təsvirini tapıb. Hekayələrin geniş təhlili Vətən müharibəsi dövrünü - 1941-1945-ci illəri təsvir edir. Ədibin “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Vicdanın mühakiməsi”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və s. hekayələrində real həyat lövhələri, fəlsəfi düşüncələr öz əksini tapmışdır. Ümumilikdə isə Mir Cəlalın 73-dən çox kitabı nəşr olunmuşdur. Bu kitablarda 350-dən çox hekayələri öz yerini tutmuşdur. Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” adlı əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcələrini almışdır. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mir Cəlal Paşayevin 100 illik yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. 
Beş fəsildən ibarət olan sözügedən kitabın III cildində yazıçı Allahverdi Eminov şəxsiyyət konsepsiyasına – insan xarakterinin tamlığı, bütövlüyü, yetərliyi kimi xüsusiyyətlərə toxunub. Mövcud durumda, müasir həyatımızda zamanla səsləşən obrazlı ifadələrin isə “Mir Cəlаlın poetikası” kitabında xüsusi yeri var. “O, mənə murdar cənazə kimi göründü” və yaxud  “Qadın payız səması kimi tutulmuşdu” kimi obrazlı ifadələr sanki insanların iç dünyasını, daxili aləmini göstərir.
Monoqrafiyanın müəllifi Allahverdi Eminov Mir Cəlal Paşayevin yaradıcılığındakı poetikadan bəhs edərkən, insan əxlaqının – davranışının sosial- məntiqi  və mənəvi-daxili dünyası qabarıq verilir, metamarfoza yaxına gəlmir, qəhrəmanlar reallığı inkar etmir və müəllif mənəvi-sosial ovqatdan obrazlarına pay göndərir, daha doğrusu, insan öz mənəviyyatını saxlayır. Zənnimizcə, tədqiqatçı Allahverdi Eminov Mir Cəlalın qəhrəmanlarının xarakterini müəyyənləşdirən cəhətləri üzə çıxararkən onların daxili aləmini görə bilmiş, yazıçının poetikasını parlaq şəkildə göstərməyə nail olmuşdur. Elə sevimli ədibimiz Mir Cəlal Paşayevin də böyüklüyü məhz bundadır.
 
Səadət Sultan
yazıçı-publisist, tərcüməçi
 
 
 
 
 
 


Tarix: 26-05-2022, 17:46

Xəbəri paylaş