Şərəfli ömrün baharı
“Heydər Əliyev Goranboyu və goranboyluları çox sevirdi. Ulu öndər rayonda olarkən Goranboydakı abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişdir. Onun buraya hər gəlişi rayonun sosial-iqtisadi inkişafına, abadlaşmasına və çiçəklənməsinə böyük təsir göstərmişdir. Ümummilli liderin xüsusi diqqət və qayğısı sayəsində Goranboy inkişaf etmişdir. Mən inanıram ki, rayon bundan sonra da davamlı olaraq inkişaf edəcəkdir”.
İlham ƏLİYEV
Mən bir elm adamı və yaradıcı insan olduğum üçün rayonlarımızda, kənd və şəhərlərimizdə aparılan təkrarsız, böyük işlərdən, torpağını, vətənini, xalqını ürəkdən sevən fanatik vətən övladı kimi qürur duyuram. Gəncədə doğulub böyüsəm də ata Vətənim olan Goranboyun əzəmətli ucalığından, yaradılan nəhəng quruculuq işlərindən, rayonda zəhməti ömrünün bəzəyi sanan torpaq, vətən canlı qeyrətli insanların yurd sevərliyi şəxsən məndə hər zaman xüsusi iftixar hissi yaşadır. Burada Günəşdən od olan əməksevər adlı-sanlı insanların həyatı, gəncliyə örnək olan ömür-gün yolları vərəqlənir. Goranboy bu gün ilk baxışdan Azərbaycan Respublikasının sıravi rayonlarından biri təəssüratını oyatsa da, əslində bu diyarda böyük bir tarix yaşanmışdır. 9 Milli Qəhraman, şair, bəstəkar , yazıçı, professor, akademik, ən əsası isə atamın doğma dayısı Yelizavetpol quberniyasıda kəndli qiyamının lideri, sovet dövrünün Qəhrəmanı, əfsanəvi igid Qatır Məmməd vətənidir Goranboy...
Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə isə şəhər adı verilən bir ərazi var.
Dəliməmmədli...
On dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli şəhəri Goranboy rayonunun iqtisadiyyatında mühüm rola sahibdir. Şəhərdə sənaye əhəmiyyətli pambıq təmizləmə və süd, gübrə, gips zavodları, maşınqayırma avadanlıqları fabriki, taxıl qəbulu məntəqəsi, Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, uşaq musiqi məktəbi, peşə məktəbi, elektronlaşdırılmış kitabxana, uşaq bağçası, xəstəxana, dəmiryolu stansiyası, bank, mikrokredit xidmətləri var.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Goranboy rayonunda bir neçə məktəb binası tikilmişdir. Məktəb binalarının yenilənməsi Goranboy şəhəri ilə yanaşı, rayonun kənd və qəsəbələrində də uğurla aparılır. Hazırda dövlət başçısının müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına 960 yerlik Dəliməmmədli şəhər tam orta məktəbinin yenilənməsinə başlanmışdır.
Təhsil millətin gələcəyidir. Sürətlə inkişaf edən, beynəlxalq aləmin etibarlı üzvünə çevrilən Azərbaycan üçün də təhsil ən prioritet məsələlərdəndir. Üç kəlmədən ibarət olan bu cümlənin, əslində böyük məna tutumu var. Gələcəyimiz təməli möhkəm olan uğurlu təhsildən asılıdır. Bu yolda övladlarımıza elmin sirlərini ilk olaraq məktəbdə öyrətməyə başlayan fədakar müəllimlərimizin zəhməti çox önəmlidir. Elmin başlanğıcı idrak, idrakın başlanğıcı səbrdir deyiblər.
Xalqımız istedadlı və zəhmətsevər xalqdır. Bu istedadın təməlini məktəbdə çox səbrlə övladlarımıza aşılayan, onu üzə çıxaran isə müəllimlərimizdir. Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli və müqəddəs bir peşədir.Müəllimlik peşəsini şərəfli edən bir çox amillər var. Onlardan biri, bəlkə də birincisi, müəllimin yaşadığı həyata, cəmiyyətə ehtiyac duyulan əsl vətəndaş, əsl insan yetişdirməsidir.
Müəllimlərimizdən bizə hansı vərdişlər qalıb? Bu sualı mənə versələr "insan kimi yaşamaq vərdişi"- deyərdim. Müəllim deyəndə riyadan utanan, uğurdan qürrələnməyən şöhrətə əsir, pafosa kəm-kəsir kimi baxan, insanın ağlına qəlbi qəlibindən daha böyük olanlar gəlir.
Bu mövqeyə doğru insanın seçilməsi məktəbin və təhsilin təşkilatlanması qədər əhəmiyyətlidir.Tanınmış şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, zəhmətkeş bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran etalon şəxsiyyətdir. Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır. Bu səbəbdən bir-biri ilə uzlaşan məktəb rəhbəri və müəllimlər toplusu məqsədə daha uğurla çata bilirlər. Təlim-tədris fəaliyyətinin müvəffəqiyyətli şəkildə həyata keçirilməsində məktəb rəhbərliyinin rolu böyükdür. Bu mənada təhsil ocaqlarımızda, xüsusilə məktəblərimizdə ədalətli, vətənpərvər, operativ və tələbkar məktəb direktorlarının olması çox vacibdir.
Qəhrəmanım olan, dərin mədəniyyətə və mənəviyyata malik, yüksək idarəçilik və təşkilatçılıq bacarığı ilə seçilən Güntəkin Cəfərova məhz bu şəhərdə yerləşən,müasir təhsil tələblərinə cavab verən vətənpərvər müəllimlərini, ixtisasını dərindən bilib, hər zaman öz üzərində işləməyi üstün tutan pedaqoqlarını üzə çıxarmaqla, onlara layiqli qiymət verməyi özünə borc bilən M.Zeynalov adına ən böyük ümumtəhsil məktəbinin direktorudur. Onun peşəkar pedaqoq, yüksək əqidə və məslək sahibi, ziyalı olduğunu xüsusi vurğulamaq lazımdır.
Cəsarət insanın ən mühüm məziyyətlərindən biridir, onun digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. Təlim-təhsil sistemində ən ağır yük məktəb rəhbərlərinin və müəllimlərinin üzərinə düşür. Elm və tərbiyə ocağı olan orta məktəblərimizdə Güntəkin xanım kimi güclü, dəyanətli, cəsarətli, yenilikçi məktəb rəhbərlərinə böyük ehtiyac var. Onun tərcümeyi halı ilə tanış olduqca nə qədər zəngin fəaliyyəti olduğunu görmək mümkündür. Tükənməz və yüksək yaradıcılıq enerjisi ilə daim öz üzərində çalışan, pedaqoji fəaliyyəti özünə amal kimi seçən Güntəkin xanım Cəfərovanı istərdim siz də tanıyasız
Güntəkin Cəfərova 2000-2005 ci illərdə Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin xarici dil ixtisasına (fransız dili) fakültəsinin fərqlənmə diplomu ilə bitirib.
2008-ci ildən Dəliməmmədli şəhər tam orda məktəbə fransız dili müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk illərindən gənc müəllimə pedaqoqluqla bərabər ümumi orta təhsil səviyyəsi üzrə yeni kurikulumların tətbiqi,Azərbaycan,fransız dili müəllimləri assosasiyasının təşkil etdiyi metodologiya və sivilizasiya,eyni zamanda informasiya Kommunikasiya texnologiyalarının təhsilə tətbiqi üzrə təlim kurslarınl birinci dərəcəli diplomla bitirmişdir.Pedoqoji fəaliyyətə başlayan gündən məktəbin ictimai işlərində yaxından iştirak edən Güntəkin Cəfərova 2015-ci ildə Dəliməmmədli şəhər tam orta məktəbə tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilir. 2016-cı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən kecirilən direktorlarin işə qəbulu müsabiqəsində ən yüksək bal toplayaraq Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbə direktor təyin edilir.
Xoş səs-sorağı paytaxta qədər gəlib çıxan Güntəkin Cəfərova məktəbə direktor təyin ediləndən indiyədək məktəbin inkişafı üçün əlindən gələni əsirgəmir. Fənn müəllimlərinin müxtəlif ixtisasartırma təlimlərində inkişafı, xarici dil müəllimlərinin ingilis dili üzrə sertifikatlaşdırılması üçün kurslarda iştirak etmələrinə şərait yaradaraq, birbaşa özü bu işlərin təşkilində təşəbbüs göstərir. Şagirdlərin rayon üzrə müxtəlif müsabiqələrdə iştirakı məktəbdə fəallıq yaradaraq, daha da uğurlu yarışlara stimul verib.
Güntəkin xanım direktor vəzifəsində çalışdığı bu müddət ərzində, onun pedaqoji işi rayon İcra Hakimiyyətinin baççısı tərəfindən yüksək qiymətləndirilərək 2019- cu ildə müvafiq sərəncam ilə Fəxri Fərmana layiq görülmüşdür.
Gənc direktor təyin edildiyi zamandan amalı, məqsədi yalnız ilklərə imza ataraq istedadlı şagirdləri üzə çıxarmaq,məktəbin yeni-yeni naliyyətlərə imza atmaqdır.Zamana nəzər salanda görürük ki, qisa müddət ərzində xanım direktor bu şərəfli missiyyanın öhdəsindən asanlıqla gələrək məktəbi qabaqcıl məktəblər siyahısına salmaq üçün əzmlə çalışır və sonda məktəbin rayon üzrə ilklər sırasına düşməsinə nail olur. Belə ki, bütün tədris illərində məktəbin təhsil alan məzunların 90 faizdən çoxu qəbul imtahanlarında yüksək nəticələr əldə edərək,yüksək ballarla respublikanın müxtəlif ali məktəblərinə qəbul olunurlar. Onu demək kifayətdir ki,məktəb respublika əhəmiyyətli müsabiqələrdə yüksək nəticələr göstərib və bununla respublikanın öndə gedən məktəbləri sırasına öz adını yazdırmağa müvəffəq olub.Qazanılan uğurları dövlətin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirən G.Cəfərova hər tədris ilində nailiyyətləri daha da yüksəltməyə çalışdıqlarını bildirir.
Güntəkin xanımın qeyd etdiyi kimi, "hələ çox işlərimiz arzularımız var, məqsədimiz məktəbimizin bərəkətli mənəvi torpağına dirilik suyu çiləməklə, vətənimizin ətirli mənəvi bağına çevirməkdir". Həqiqətən də mən yuxarıda sadalanan naliyyətlərə baxdıqda görürəm ki, gənc məktəb direktoru bu məqsədə çatmaq üçün kifayət qədər uğurlu işlərə imza atıb. O, bir təhsil işçisi kimi üzərinə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetirərək, hələ də uğurlu fəaliyyətini yorulmadan davam etdirir.Birincilik uğrunda daim mübarizə aparan, gələcəyimizin təhsili naminə əlindən gələni əsirgəməyən təşkilatçı, cəsarətli gənc məktəb rəhbəri olan Güntəkin Cəfərova kimi xanımlarımızı gördükdə bir daha övladlarımızın etibarlı əllərdə olduğunu görürük.Əslində, bu faktlar bizlər üçün böyük örnək olan fədakar pedaqoqlarımızla fəxr etməyə qürur verir.
Yüksək səriştəli direktor pedaqoji kollektiv qarşısında şagirdlərə təkcə yaxşı təlim, savad, bilik vermək yox, hər şeydən əvvəl cəmiyyətə əməli düz, saf, qəlbi Vətən, xalq eşqi ilə çırpınan ləyaqətli oğlan, qız, sabahın layiqli vətəndaşlarını yetisdirməsi məqsədi qoyub.Bəli,peşəkar pedaqoji qabiliyyət və intellektual bacarıqlı məktəb direktoru yaşlı nəslin təcrübəsini gənc nəslə ötürən, nəsillərarası əlaqəni qırılmağa qoymayan möhkəm körpüdür.Güntəkin xanım hər bir şagirdə şəxsiyyət kimi, müstəqil fərd kimi yanaşması, onlarla sıx ünsiyyət və təmasda olması onun yüksək peşəkarlığından irəli gəlir desək yanılmarıq. Onun hər zaman pedaqoji kollektivin sırasında olması, müəllim və şagirdlərlə, eləcə də valideynlərlə sıx əlaqədə fəaliyyət göstərməsi, bütövlükdə məktəbdə səmərəli və əlverişli təlim-tədris mühitinin formalaşmasına şərait yaradıb.
Mən bu məqaləmdə Güntəkin Cəfərovanın son bir neçə ildə qazandığı uğurlardan söz açdım. Çox istərdim ki, dövlətin etibar edib iş tapşırdığı bütün məsul şəxslər öz işlərini bu cür vicdanla, ləyaqətlə yerinə yetirsinlər. İnanıram ki, gələcəkdə peşəkarlığı, savadı, əsl ziyalı xarakteri ilə seçilən bu xanım haqqında daha çox xoş sözlər eşidəcək və uğurlarına şahid olacağıq.
İnsanın dəyəri onun zəhməti ilə ölçülür. Bu mənada əbəs yerə demirlər ki, hər bir insan öz uğurunun memarıdır.
40 illik mənalı, şərəfli və uğurlu həyat yolunun memarı olan dostumuz
Hörmətli Güntəkin Cəfərova!
Vaxt həyatın vicdanıdır. O insan xoşbəxtdir ki, bu zamanı çox faydalı keçirə bilir. Vətənə, dövlətə, gələcəyə xeyir verən şəxs hansı addımı atırsa, o zaman vətənpərvər insanların vicdanı rahat olur. Gələcəyimiz üçün, təhsilimiz üçün, övladlarımız üçün etdiyiniz bütün fədakarlıqlara görə Sizə təşəkkür edir, tutduğunuz bu şərəfli və çətin yolda uğurlar arzulayırıq. Yalnız Sizin kimi vətənə, təhsilə, şagirdlərə can yandıran insanların əməyi hesabına gənclərin layəqəti, şərəfi, millətinə bağlılığı möhkəmlənir və inkişaf edir. Bütün bu əldə etdiyiniz nailiyyətlər əlbəttə ki, sizlərlə birlikdə daha uğurlu gələcəyə aparan yoldur.Sizə bu yolda dönməzlik və yeni zirvələr fəth etməyi arzulayıram.
Əziz Goranboylular!
Vətəni sevmək imandandır. Şərəfini uca tutduğumuz o möhtəşəm yurd-yuvanız sizə və bizə ulu babalarımız tərəfindən böyük sevgi və məhəbbətlə yadigar qalıb. Vətən ilk beşiyimiz və haqq evimizdir. Tikin, qurun, yaradın, elmlə təhsillə vətən şərəfini beləcə uca tutun. Vətən sevgisi sizə əbədi yar olsun!
Aygül Bağırova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" ali media mükafatı laureatı
Tarix: 25-05-2022, 15:23