Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tədqiqat: Azərbaycan nağıllarında İskəndər obrazının özəllikləri'

                     
 Xülasə
         Ədəbi düşüncədə İskəndər və Zülqərneyn eyni bir şəxsiyyət olaraq düşünülmüş, ”Qurani-Kərim”də Zülqərneynə aid edilən özəlliklər İskəndərin əfsanələşən həyatına bağlanmış və o, Şərqdə tarixi varlığını itirərək yeni bir simada təsvir edilmişdir. Şərq mənbələrində dağıdıcı bir işğalçı kimi təqdim olunan İskəndərın  zəfərlərlə dolu həyatı həmin xalqlarda sonralar onu özünküləşdirmək arzusu doğurmuş, uydurma gerçəkliklə onu öz qanlarından saymaq yolu ilə qırılan qürurlarını bərpa etmək istəmişlər. Folklorşünaslıq İskəndərin buynuzu ilə bağlı nağıl süjetini çar Midasla əlaqədar olan qədim yunan mifi ilə bağlayır. Hər ölkədə bu yunan süjeti özünün milli zəminə söykənir və xalq yaradıcılığının təsiri altında dəyişir. Dünyanın yaradıcıları olan ilkin əcdadlar ya zoomorf olmuş, ya da heyvan rudimentlərinə malik insanlar kimi təsəvvür edilmişdir. Çarın təbiətlə magik  bağlılığının gizli saxlanılması nəzərdə tutulan  ibtidai inamın itməsi ilə qədim süjetlərin yenidən dərk edilməsi prosesi baş verir və uzun qulaq, buynuz və s. gülüşə səbəb olan fiziki nöqsana çevrilir.
      Məqalədə Azərbaycan nağıllarında İskəndərin buynuzu, İskəndər ölümsüz həyat əldə etmək üçün Zülmət dünyasına yollanması və yolda göy paltarlı Xızır ilə qarşılaşması,  İskəndər Zülqərneynin quşlar və balıqlardan xərac alması, quş və balıqların onun itaəti altında olması və s. süjet və motivlər araşdırılır. 
        Açar sözlər: İskəndər, hökmdar, fateh, buynuz. tabu, qaranlıq dünya
      Əski çağlardan bu günə qədər bəşəriyyət üçün böyük anlamlar ifadə edən İsgəndər haqqında istər İslam, istərsə də Qərb mənbələrindən yetərincə bilgi əldə etmək mümkündür. Qərbin “Böyük İskəndər”inə qarşı Şərqdə “Zülqərneyn” ləqəbi ilə qarşılaşırıq. Bir-birindən fərqli olan bu iki ad bəzən eyni bir insan üçün, bəzən də ayrı-ayrı insanlar üçün tətbiq edilmişdir. Həyatı, bacarıq və qabiliyyətləri baxımından bir-birinə çox bənzəyən 2 ayrı-ayrı İsgəndərin həyat və özəllikləri Şərq qaynaqlarında qarışıq olaraq verilmiş, bəzi qədim tarix, təfsir və ədəbi müəlliflər ikisini də eyni insan sayaraq əsərlərində adlarını xatırlamışlar.
          Gənc Makedoniya fatehinin hərbi qələbələri, Qərbin və xüsusən Şərqin bir çox ölkələrini az bir zamanda fəth etməsi, onun Şərqdə birinci müəllim kimi tanınan böyük yunan filosofu Ərəstu ilə yaxınlığı və s.  ona böyük şöhrət qazandırmış, onun haqqında çoxlu uydurma, əfsanə, rəvayətlər yaradılmış, bu örnəklərdə bir sərkərdə, alim, peyğəmbər, Allahın iradəsini yerinə yetirən bir şəxsiyyət kimi tərənnüm və təsvir edilmişdir.
          İskəndər Zülqərneyn, İskəndər-i Kəbir, İskəndər-i Əkbər, Makedoniyalı İskəndər, İskəndər-İ Rumi, İskəndər-i Yunani  kimi adlarla verilən bu tarixi şəxsiyyət kimdir? Tarix və ensiklopedik qaynaqlarda Böyük İskəndər (Alexander the Great- müəllif) kimi tanınan tarixi şəxsiyyət Makedoniya çarı II Filipp ilə Epirus çarlığının hökmdarı I Neoptolememusun qızı şahzadə Olympiasın (Olimpiada–müəllif) oğludur. Yeddi yaşından məşhur filosof Aristoteldən dərs alan, iyirmi yaşında hakimiyyətə gələn və cahangir olmaq üçün özündə heç bir qüsur görməyən, qüvvətli, ağıllı və cəsur olan Makedoniyalı İsgəndər 13 illik hakimiyyəti ərzində Liviyadan tutmuş Pəncaba qədər böyük bir imperatorluq yaratmışdır. Ordusu ilə Asiyanın qapılarını açaraq Daranı məğlub edən Aleksandr Misirə istiqamətlənmiş, bu ölkəyə Amonun oğlu və firon kimi daxil olmuşdur.  Hind şahzadəsi Porosu da yenərək Hindistana girən və Ərəbistana yürüş etməyə hazırlaşan  Aleksandr m.ö. 323-cü ildə qəflətən vəfat edir və onun qurduğu imperatorluq qısa bir zaman kəsiyində dağılır.
      Qədim Yunanıstan bioqrafı  Plutarx Olimpiadanın Filiplə evliliyinin başlanğıc dövründə gördüyü yuxunun təfsirini verərkən qeyd edir ki, Olimpiada bu evlilikdən əvvəl hamilə olmuş və  İskəndərin atası Zevsdir. İskəndərin doğulduğu gün Filippin ordusu birləşmiş İlliriya və Peoniya ordularını məğlub edir və onun atları Olimpiya oyunlarında qalib gəlir. Yunan tarixçisi Hegesias dünyanın yeddi möcüzəsinindən biri – Efesdəki Artemida  məbədinin yanmasını Artemisin İsgəndərin doğumunda iştirak etmək üçün uzaqda olduğuna görə yandığını qeyd edir (16).
        İsgəndər Pala qeyd edir ki, qaynaqların diqqətlə incələnməsi bizə bu iki şəxsin ayrı-ayrı insanlar olması qənaətini verir.  Hər şeydən öncə qeyd etməliyik ki, “Qurani-Kərim”də həyatı haqqında bilgilər verilən Zülqərneyn ilə  yunan mənbələrinə istinad edilən qərb müəlliflərinin əsərlərindən öyrəndiyimiz Böyük  İsgəndər ( İskəndər-i Kəbir- müəllif) arasında heç bir əlaqə yoxdur ( 14, 387-403).
           Zülqərneynin həyatı haqqında bilgilər İslam qaynaqlarında daha çox təfsir şəklindədir və “Qurani-Kərim”də adının xatırlanması sonradan qələmə alınmışdır. Bu bilgilərin çoxu əfsanə, rəvayət və ya qissə şəklində mövcud olduğundan, ən dəqiq biliyi ilahi kitabda tapmaqdayıq. “Qurani-Kərim”in “Kəhf” surəsinin 83-99-cu ayələrində Zülqərneynin hekayəti anladılır. Bu surədə Zülqərneynin kimliyi barəsində deyil, daha çox onun etdiyi səyahətlər və gördüyü işlərə dair məlumat verilmişdir. Qeyd etməliyik ki, Zülqərneyn haqqında müqəddəs kitabda açıqca peyğəmbər deyilməməsi, habelə Yəcucla Məcuc və Zülqərneyn səddinə dair ətraflı məlumatların verilməməsi mübahisələrin yaranmasına səbəb olmuşdur. Unutmayaq ki, Zülqərneynlə bağlı suallara cavab verə bilməsi Həzrət Məhəmmədin (s.ə.s.) peyğəmbərliyinin danılmaz dəlillərindəndir. Surədə Zülqərneynin Allahın əməli saleh qullarından biri olduğu, onun səyahətləri və tikdirdiyi sədd barədə məlumatlar bəyan edilir. Səmavi kitabda  bu şəxs Zülqərneyn kimi zikr edilir. Bəzi teoloqların fikrincə, Zülqərneyn həmin şəxsin adı deyil, ləqəbidir ( 8, 280). 
        “Əl-Kəhf” surəsinin 87 və 88-ci ayələrindən aydın olur ki, Zülqərneyn Qərbdə rastlaşdığı kafir qövmlə savaşmış və onlara qalib gəlmişdir. Qalib gəldikdən sonra onları əsir edib öldürə bilmək izni olduğuna baxmayaraq, yalnız küfründə davam edəcək olanların cəzalanacağını, imana gələnlərə isə mükafat veriləcəyini  bildirmişdir. Zülqərneynin ikinci səyahəti Şərqə doğru olmuşdur. Bu səfərində o, üzərinə günəşdən qorunmaq üçün heç bir örtük yaradılmayan qövmlə rastlaşır. Ayədə insanları günəş şüalarından qoruyacaq nə bir ağac, nə bir dağ, nə də bir kölgəsinə sığına biləcək tikilinin olmaması, yaşayanların paltarsız olması və heyvanlar kimi çılpaq gəzməsi və s. nəql edilir.  Allah Zülqərneynə məqsədinə çatmaq üçün  elm, qüdrət, alətlər və s. vasitələr ehsan etmişdir. “Əl-Kəhf” surəsinin 93-98-ci ayələrində İsgəndərin iki dağ arasına çatdıqda onların ön tərəfində danışıqları çətin başa düşülən bir tayfa ilə rastlaşması, Yəcuc və Məcuc tayfalarının fitnə-fəsadlarının qarşısını almaq üçün bu iki dağ arasına sədd çəkməsi və s. təsvir edilir. Həmin surədə Zülqərneyn səddinin Allahdan bəxş edilən rəhmət olduğu söylənilir (7, 78-80).
      Fikrimizcə, İskəndər obrazının xalq yaradıcılığında məşhur olmasının bir səbəbi onun qədim dünya tarixinin  qüdrətli sərkərdəsi olmasıdırsa,  digər səbəbi bu şəxsiyyətin  bədii obrazını yaratmış dahi şair Nizamidir. İsgəndər haqqında Azərbaycanda yaranmış və yayılmış zəngin folklor nümunələri Nizami Gəncəvinin poetik yaradıcılığına köklü şəkildə təsir göstərmişdir. İnkar edilməz həqiqətdir ki, xalq yaradıcılığı bütün yazılı ədəbiyyat və onun yaradıcıları üçün ilkin qaynaqdır. Lakin xalq yaradıcılığından məharətlə istifadə edən Nizami onları bədii cəhətdən cilalamış, məzmunca zənginləşdirmiş və folklor nümunələrinə elə bədii gözəllik vermişdir ki, onlar xalqın yaddaşında daha dərindən, silinməz izlərlə həkk olunmuşdur.
    Qəhrəmanın həyatı vətənindən uzaqda keçdiyindən  İskəndərin şərq ölkələrini fəth etməsi həmin  xalqların düşüncəsini məşğul etmişdir. Əgər Qərbi Avropa folkloru üçün İskəndər yad idisə, Sərq onun üçün folklor vətəninə çevrilir, onunla bağlı müxtəlif rəvayətlər yaranır, onun möcüzəli qələbələri xalq nağıllarına yol açır.
      Nağıllarda bu yunan sərkərdəsi fiziki nöqsanlı şah, ağılsız tiran, şərq müdrikü, dünya fatehi və s. simalarda çıxış edir. Bir çox xalqların nağıllarında fatehin həyatından ayrı-ayrı epizodlar, məsələn, qocaların öldürülməsi ibtidai adəti ilə bağlı İsgəndərin yeraltı dünyaya - Zülmət dünyasına getməsi, ölməzlik, dirilik suyu və bütövlükdə əbədi həyat axtarışı, İsgəndər və sular padşahı və s. süjet və motivlər  öz əksini tapır.
        İskəndərlə bağlı nağıl süjetlərinin ən məşhuru Stis Tompsonun “ Motivlərin göstəricisi“ kataloqunda (“F511.2.2 və D 1316.5”) nömrəsi altında verilmiş İsgəndərin buynuzu ilə bağlı nağıllardır. İskəndərin doğulması, taxta çıxması, təpəsinin ortasındakı buynuzu, abi-həyat, yəni dirilik suyunun arxasınca Zülmətə getməsi və ölümü “İsgəndər Zülqərneyn” nağılında öz əksini tapmışdır. Həmin nağılda nurani bir qoca yuxuda padşaha bildirir ki, yalnız İsfahan padşahının qızı ilə evlənsə, övladın olacaq. Padşah qocanın məsləhətinə qulaq asaraq İsfahan padşahının qızı ilə evlənməyi qərara alır. Qızın üç şərtini, yəni at minib ox atma, qılınc vurub güləşmə və dünyada ən gözəl nədir sualına cavab tapan şah onunla evlənir. Güc və ağılda sınaqdan keçən padşahın bir oğlu olur, adını İsgəndər qoyurlar. İsgəndərin uşaqlıqdan bir eybi vardı. Təpəsinin ortasından bir buynuz çıxmışdır. Başına uzun bir şiş papaq qoyardı ki, buynuzu görünməsin (4, 136-143). İsgəndər buynuzunun olmasını gizli saxladığından onun şəhərində hər həftə bir dəllək ölürdü.  Həmin nağılın məzmunundan aydın olur ki, dəlləklərdən biri padşahın başını qırxdıqdan sonra öldürüləcəyini görüb padşaha yalvarır ki, qoca anasına yazığı gəlsin, onu bağışlasın.  Dəllək çox and-aman eliyəndən sonra padşah onu buraxır. Günü-gündən rəngi saralan dəllək sirrin qarnını deşdiyini görüb  meşədə torpağı eşib bir çuxur qazır, ağzını çuxura tutub üç dəfə yavaşcadan deyir: “İsgəndərin buynuzu var, buynuzu”. Bir neçə aydan sonra çaladan çoxlu qarğı çıxdı. Bir çoban buradan keçəndə həmin çalada bitən qarğılardan kəsib tütək qayırdı. Hansı havanı çaldısa elə tütəkdən səs gəldi ki, İsgəndərin buynuzu var, buynuzu. Bu xəbəri eşitdikdə onu cəzalandırmaq qərarına gələn padşaha dəllək dedi ki, bu sözləri  çalaya dedim, sonra da üstünü torpaqladım, bundan savayı heç kimə bir söz deməmişəm. Beləliklə,  İsgəndərin sirri bütün aləmə bəyan olur və həmin gündən padşahın adı qaldı İsgəndər Zülqərneyn” (4, 136-143).
           Bu nağılda həm də sirr saxlamağın nə qədər çətin bir iş olduğuna işarə edilir. Nağıldan aydın olur ki, sirr saxlamaq qeyri-mümkündür. Tez-gec bir yolla aşkara çıxacaq. Elə buna görə də xalq arasında belə bir məsəl vardır: “Bir məsələni ikinci bir adam bilirsə, o artıq sirr deyil” ( 6, 64). 
         Folklorşünaslıq İskəndərin buynuzu ilə bağlı bu nağıl süjetini çar Midasla əlaqədar olan qədim yunan mifi ilə bağlayır. Həmin mifdə göstərilir ki, tütək çalması ilə öyünən Pan  Apollonun özünü yarışa çağırmışdır. Hamı bu musiqi yarışında qələbəni əzəmətli allaha – kifara çalana versə də, Apollonun bu çalğısı yalnız Midası məftun etmədi və o, Panın sadə musiqisini təriflədi. Apollon qəzəblənərək, Midasın qulaqlarını dartıb uzatdı. O vaxtdan  Midasın qulaqları eşşək qulağıdır və o, qulaqlarını ciddi cəhdlə sarğının altında gizlədir ( 9, 102). 
         Bu mifin geniş şərhinə Ovidiyin “Metamorfoza” əsərində rast gəlirik. Klassik mifologiyaya görə, Midas haqqında mif Apollon və Dionisin dini kultlarının mübarizəsini əks etdirir. Hər ölkədə bu yunan süjeti özünün milli zəminə söykənir və xalq yaradıcılığının təsiri altında dəyişir. Milli mənsubiyyətindən asılı olmayaraq çar tərəfindən eşşək qulaqların əldə edilməsi motivi atılmışdır. Ovidey tərəfindən götürülmüş və inkişaf etdirilmiş həmin motiv nağıla daxil olmamışdır. Nağıllarda heç bir səbəb götürülmədən çar heyvan qulaqları ilə doğulur (15, 108-109).
     İbtidai cəmiyyətdə təbiətə magik təsir gücünə malik olan Tanrı–insan çar haqqında təsəvvürlər geniş yayılmışdır. Məsələn, Misir fironu ali tanrı Ra-nın oğlu sayılırdı. İşıq və istiliyi bəxş edən  günəş özünün sürətli hərəkəti ilə dərin təsir gücünə malik idi. Ona görə o, sürətli qaçan at ilə müqayisə edilmiş və çox vaxt atlı və ya at şəklimdə təsəvvür edilmişdir. Təbiət qüvvələri ilə bağlı olan şah Günəş allahının müəyyən atributlarına, məsələn at qulaqlarına  sahib olurdu. Lakin qədim mifoloji təsəvvürlər unudulduqca, at və ya eşşək qulaqları insanın fiziki nöqsanı kimi qəbul edilmişdir. Şah Marke ilə bağlı kelt nağıllarında hamıdan gizli saxlanılan sirr açılan kimi şah bunu günahsız dəlləklərin öldürülməsinə görə tanrı qarğışı kimi qəbul edir. O, qəddarlığına görə tövbə edir və  at qulaqlarını hamıya nümayiş etdirir (15, 112). 
       Heyvan qulaqlı şahla bağlı Qərbi Avropa nağıllarına Midas haqqında qədim yunan mifinin təsiri açıq-aydın görünür. Fikrimizcə, bu süjet öz kökünə görə fetişist təsəvvürlərin hakim olduğu ibtidai dövrlə bağlıdır. İbtidai insanın təsəvvürünə görə, ilkin şah həm də maq idi. O, təbiət qüvvələri ilə sıx əlaqədə idi və özünün potensial imkanlarından tayfa üçün  əlverişli zamanda magikcəsinə istifadə edərdi. İlkin insanın təsəvvürünə görə, çar-maqın təbiət qüvvələri ilə əlaqəsi həm totem əcdadlar, həm də yerdə yaşayan əcdad heyvanlar vasitəsilə idi. Dünyanın yaradıcıları olan ilkin əcdadlar ya zoomorf olmuş, ya da heyvan rudimentlərinə malik insanlar kimi təsəvvür edilmişdir. Təbiət haqqında fetişist təsəvvürlərə bürünmüş çar-maq institutu  yalnız yaradıcı ilkin əcdadlara deyil, həm də onların xələflərinə-hakimiyyət daşıyıcılarına zoomorf əlamətlər bəxş edir. 
       Qədim dövrdə çar hakimiyyəti  institutu yasaqlar sistemi ilə bağlıdır. Çar təbiətə təsir etmək gücünə malik olduğuna görə onun istənilən hərəkəti qurulmuş nizamı poza bilərdi. Ona görə də çar və ya kahin özünü, xalqı və dünyanın rifahını  qorumaq üçün zəruri saydığı bir sıra qaydalara ciddi riayət eməli idi. Dünyanın bir çox xalqlarında çar guşənişin (tərkidünya, zahid- müəllif) olduğundan adi insanlara öz hökmdarlarını görmək qadağan idi. Yasaq, tabu çar adlarına, onların toxunduğu əşyalara da şamil edilirdi. Yasağın pozulması, sirrin açılması çarın mağık məhsuldarlıq gücünün itirilməsi demək idi. Əgər çar hansısa bir səbəb üzündən öz gücündən məhrum olurdusa, tayfanın mövcudluğu təhlükə altında qalırdı. İbtidai icma dövründə çarların əvəz olunması adəti bu baxışlarla izah olunmalıdır, belə ki, çar qocalıq dövrünə qədəm qoyduqdan bir müddət sonra edam edilirdi. Çar, həm də kahin-maq olduğundan, torpaq və heyvanların məhsuldarlığı ondan asılı idi, qocalıq dövrünə qədəm qoyduqda və ya bir qədər qalmış bütün xalqın fəlakətinə səbəb olacaq magik gücünü itirdiyindən zor gücünə gənc ilə əvəzlənirdi. Qoca çarın çətin məsələləri uğurla həll edən gənc rəqibi ilə əvəzlənməsi sehrli nağıllarda öz əksini tapmışdır.
      Heyvan qulaqlı çar haqqında nağıl süjetinin mənbəyi, kökü çar-maqlara tətbiq edilmiş yasaqlarla təsbit edilmiş görüşlərlə bağlıdır. Çarın təbiət ilə bağlılığı tabulaşdırılmış və bu əlaqə sirrinin açılması onun bütün gücünün itirilməsinə gətirib çıxarmışdır. Çar sirrinin açılması ibtidai dövrdə insanın gücünü təmsil edən saçla təmasda olan  dəlləyin adı ilə bağlıdır. Məsələn, Misir fironlarının taxdıqları süni saqqallar onların ilahi, çar hakimiyyətinə işarə idi. Çarın saçı və saqqalına yasaq qoyulmuşdur, onların qırxılması və ya kəsilməsi hamıdan  gizli saxlanılırdı.  Dəllək çar sirrinin şahidi olmaqla güclü, qüdrətli bir insana çevrilirdi. Məhz bu səbəbdən dəllək çar sirrinin üstünü açdığına görə dərhal öldürülürdü (15, 118).
       Heyvan qulaqlı çar haqqında nağılın inkişaf istiqamətinə gəldikdə isə novellavari xarakter daşıyır. Çarın təbiətlə magik  bağlılığının gizli saxlanılması nəzərdə tutulan  ibtidai inamın itməsi ilə qədim süjetlərin mənəvi nöqteyi-nəzərdən  yenidən dərk edilməsi prosesi baş verir və uzun qulaq, buynuz və s. gülüşə səbəb olan fiziki nöqsana çevrilir. Məhz bu səbəbdən şah öz sirrini gizli saxlamağa məcburdur. Bu süjetlə bağlı Avropa nağıllarından gəlinən nəticəyə gəldikdə qeyd etməliyik ki, həmin nağıllarda sirrin açılması şahın məhv olması deməkdir və şah müdriklük göstərərək bəxti ilə barışır. Bu qəddarlığa görə cəzalanmadır. Şah başa düşür ki, insanlara başqa cür yanaşmaq lazımdır, sirri gizlətmək və sirrin açılması qorxusundan dəlləyi edam etmək mənasızlıqdır.
        Midas haqqında miflə üst-üstə düşən nağılın Şərq variantının  geniş yayılma ehtimalı  bir tərəfdən makedoniyalı İskəndərin yürüş və fəthləri ilə izah olunursa, ikinci bir tərəfdən Şərq və Qərb arasında mədəni sərvətlərin mübadiləsinin başlandığı Ellin dövrü ilə izah olunmalıdır.  Yunan sərkərdəsinin adı ilə bağlanan bu qədim nağıllar nəsildən-nəslə ötürülərək Yaxın Şərq və Orta Asiya xalqlarında bu günümüzədək qorunub saxlanılmışdır. Makedoniyalı İsgəndərlə bağlı bu süjetin dayanıqlığı İsgəndərin həm də “Qurani-Kərim”də iştirak edən şəxs, Məhəmməd peyğəmbərə (s.a.s.) qədər peyğəmbərlərdən biri olması və adının müsəlmanlara yaxşı tanış olması ilə izah olunmalıdır (15, 120). “Qurani-Kərim”də olduğu kimi xalq nağıllarında da İskəndər  ikibuynuzlu, yəni Zülqərneyn kimi təqdim olunur.
        Midas haqqında mifin Avropa ilə müqayisədə Şərqdə münbit zəmin tapması və sürətlə yayılması çar-maqlarla bağlı təsəvvürlərlə izah olunmalıdır. Kökləri ilə ibtidai icma dövrünə gedib çıxan arxaik mənşəli çar-maq institutu Şərqdə quldarlıq dövründə möhkəmlənməklə yanaşı, həm də rəsmi şəkildə əsaslandırıldı. 
  Heç bir yerdə Misirdəki qədər çar-maq ibtidai institutunun  hökmdar-kahin kultuna çevrilməsinin zahiri təzahürünə rast gəlmirik. Şərq hökmdarı tanrının təcəssümü, Tanrı-insan idi. Şərq despotunun öz torpaqlarında hüdudsuz hakimiyyəti Allahın bütün dünyada sonsuz hakimiyyətinin əksi idi. Çar Allahın  təcəssümü olsa da, qədim Şərq tanrısı öküz, şir, şahin və s. kimi  müxtəlif  heyvan cildlərində təzahür edən totem allahlarla bağlarını üzməmişdi. Məsələn, bu arxaik dini sinkretizm Osiris kultunda özünü aydın göstərir, belə ki, Osiris eyni zamanda bitki ilahı, ölmüş əcdad hökmdarı və totem tanrı kimi öküzü təcəssüm etdirir. 
       Fikrimizcə, İskəndər Şərq monarxlarından biri kimi allaha bərabər tutulduğundan, bu yunan sərkərdəsi Şərqdəki tanrılarının totemistik atributlarını əldə etdiyindən onu həmçinin Zülqarneyn (ikibuynuzlu-müəllif) adlandırırlar. Tanrı övladı olduğundan İskəndər buynuz kimi fərqləndirici əlaməti varis olaraq alır. İskəndər incəsənət və heykəltaraşlıqda qoç obrazında təcəssüm edən Amonun oğlu olduğundan, bu heyvanın qoşa buynuzunun Böyük İskəndərin əlamətinə çevrilməsi təbiidir. Şərq mifoloji ənənəsində öküz və qoç hökmdarın gücü və məhsuldarlığının rəmzi sayılır. 
       Folklor ənənəsi tarixi hadisələrin real səbəblərini anlamaqda imkansızdır. Məhz bu səbəbdən Şərqdə İskəndərin məğlubedilməzliyi və fəthlərinin  səbəbi onun hərbi istedadında deyil,  magik gücün əlaməti olan buynuza sahib olmaqda axtarılır. İsgəndərin gənc yaşında ölməsi və imperiyasının dağılma səbəbi buynuzu itirməsi ilə izah edilir. İskəndərin sirrinin açılması ilə o, adi insanlardan birinə  çevrilir və tezliklə vəfat edir (15, 125).
         İskəndərin buynuzu ilə bağlı nağılın əksər variantlarında buynuz şaha heç nə vermir, yalnız bədənin fiziki nöqsanı kimi çıxış edir. “İsgəndər Zülqərneyn” nağılında İsgəndərin doğumu və taxta çıxması ilə yanaşı əfsanə və rəvayətlərdə müstəqil şəkildə verilən ”İsgəndərin Zülmət dünyasına getməsi” motivinə də rast gəlirik. Həmin nağılda pambığın içində saxlanılan üç yüz yaşlı qoca zülmətə necə getməyin  yolunu göstərir. Qoca ona deyir: “Oğul, zülmət dünyasına iki adamdan savayı heç kim gedib çıxa bilməyib.
        İsgəndər dedi: Qoca, kimdi onlar? 
        Oca dedi: Biri Xızır, Biri də Axirət zaman.
        İsgəndər dedi: -Qoca bəs mən necə, gedə biləcəm, ya yox?
        Qoca dedi: - Oğul, gedəcəksən, amma qayıdandan sonra öz qılıncının altında öləcəksən...
         İsgəndər qocadan zülmətin yolunu soruşduqda o dedi: “– Oğul, ora yeddi il, yeddi ay gecə-gündüz yol gedəcəksən, yolda qayış baldırlara, ilan-çayana, əjdahalara rast olacaxqan. Gedib bir yerə çıxacaqsan ki, ordan o üzə atlarınız getməyəcək. Düşüb atların nalını sökərsiniz. Sonra gedib bir qaranlıq dağa çıxacaqsınız, orda bir bulaq  var, özünlə bir ölü balıq götürərsən, o bulağa çatanda ölü balığı atarsan suya, əgər dirilsə, onda bilginən ki, dirilik suyunu tapıbsan“(4, 141). 
        Nağılda İskəndərin bu dünyanın tam tərsi olan Zülmət dünyasına gedib çıxması, dirilik suyunu içdikdən sonra Zülmət dünyasından çıxaraq on beş yaşında gənc olmaqla bərabər, həm də quşların, heyvanların, bitkilərin dilini bilməsi təsvir edilir. Qocanın İsgəndərə  “Sən abi-həyat suyundan içsən də öləcəksən” deməsi onu düşündürürdü. Nağılda göstərilir ki,  İsgəndərin içdiyi sudan başqa, həmişəlik abi-həyat bəxş edən başqa bir bulaq da varmış ki, İsgəndər ondan içə bilməmişdir.                                 Nağılda gələcəyi irəlicədən görən müdrik qocanın söylədiyi kimi, İsgəndər öz qılıncının altında ölür: ”...İsgəndər Zülqərneyn dincəlmək üçün yer axtarırdı. Axırda böyük bir qayanın dibində yatmaq istədi. Baxdılar ki, padşahın üstünə gün düşür, nizələrinin, qılınclarının ucunu yerə sancıb başlarını bir-birinə söykədilər, üstünə tirmə şal saldılar ki, kölgə olsun. Bu səs-səmirə İsgəndər yuxudan ayıldı, gözlərini açıb gördü nizədən, qılıncdan buna çadır qurublar. O saat barmağını dişlədi ki, qoca deyən söz düz çıxacaq, mənim ölümüm yaxınlaşıb. Elə bu fikirnən durub çadırın altından qaçmaq istədi. Birdən göy guruldadı, ildırım çaxdı, gurultuynan göydən bir ifritə endi. İfritə İsgəndərin başının üstündəki dağ boyda qayanı itələyib saldı çadırın üstünə, İsgəndər Zülqərneyn qayanın altında qalıb əzik-üzük  oldu. Bütün qoşun tökülüb qayanın altında İsgəndəri yarımcan çıxartdılar. İsgəndər bir ah çəkib vəsiyyət elədi” (4, 142). 
          “İsgəndərin qaranlıq dünyaya getməsi” nağılında bütün dünyada olan heyvan və insanlardan xərac alan İsgəndər ölümsüz həyat əldə etmək üçün əsgərləri ilə abi-həyatı axtararkən göy paltarlı Xızır ilə qarşılaşır. İskəndər  insan əti yeyən təkgözlü Əcuslar ölkəsini fəth etdikdən sonra əcaib səslərin gəldiyi mağaraya girdikdə  Xızır “mən səni qaranlıq dünyaya aparacağam“ deyir.  İsgəndər qoşunu ilə irəliləmək istədikdə tufan qopdu və külək götürüb onu qoşunu ilə yüz ağac kənara tulladı. İskəndər yenə mağaralığa çatdıqda Xızırı burada gördü. İskəndər “nə təhər oldu ki, səni yel aparmadı?” sualına dərviş belə cavab verdi:” Məni elə yellər apara bilsə idi, mən heç yüngül saqqal olub, abi-həyat suyu axtarmağa çıxmazdım” (5, 203-208). İskəndər onun bu sözlərindən qəzəbləndi, edam əmrini versə də, göy paltarlı dərviş qeyb oldu. İsgəndərin əmri ilə qoşun hərəkət etmək istədikdə güclü külək yenidən qalxdı, onların bir hissəsini məhv etdi, bir hissəsini isə dərəyə atdı. İskəndərgil bihuş olub yerə yıxıldılar, gözlərini açdıqda hər tərəfdən dərya ilə əhatə olunmuş bir yerdə gördülər. Balıqlardan xərac alan  İsgəndərin köməyinə yenə çətin məsələləri həll edən, səyyahları himayə edən Xızır çatır. Xızır İsgəndərə və onun bütün adamlarına deyir:” Hamınız gözlərinizi yumun, nə vaxt desəm açarsınız”
       Özlərini bir çəmənli səhrada görən İskəndər Xızırın müşayiəti ilə iyirmi il yol getdikdən sonra dünyanın qurtaracağına çatdılar. Mağaranın ağzında  rast  gəldikləri quş Xızırın ”mağaranın içərisi ilə yol hara gedir?” sualına nağılda belə cavab verir:
 - Ey Xızr, mağara ilə gedən qaranlıq dünyaya gedib çıxır. Siz  
axtardığınız abi-həyat da oradadır. Yetmiş beş ağac qaranlıq dünya ilə gedib abi-həyata çatarsınız.  Qaranlıq dünyada yetmiş ağac yol getdikdən sonra İsgəndərlə Xızır yan-yana iki bulağa rast gəlirlər. İsgəndər parıldayan gözəl sudan, Xızır isə adi sudan  doyunca içdilər. Mağaradan işıqlı dünyaya çıxmaq istəyəndə quş onlardan soruşdu: ” Hansı bulaqdan içdiniz?”
       Xızır dedi: “ Ey quş, mən adi suyu olan bulaqdan içdim. İsgəndər də par-parıldayan gözəl sulu bulaqdan içdi.
       Quş qəhqəhə ilə gülüb dedi: “Ey İsgəndər şah sən içdiyin su abi-həyat deyil. Xızr içdiyi su abi-həyatdır. Ey Xızır, sən nə öləcəksən, nə də qocalacaqsan” (5, 205-207).
        “İsgəndərin qaranlıq dünyaya getməsi” nağılında Fəzlullah Rəşidəddinin “Oğuznamə”sinin “Oğuzun qaranlıq ölkəyə yürüşü və həmin ölkənin vəziyyəti” hissəsindəki eyni bir epizoda rast gəlirik. Həmin hissədə göstərilir ki, “Oğuz öz dəstəsi ilə zülmət içində üç gün, üç gecə yol getdilər. Bir müddətdən sonra sağdan və soldan səslər eşidildi: “Kim bu zülmətdə bir şey tapıb özünə götürsə bayıra çıxan kimi bunun peşmançılığını çəkəcək, amma bir şey götürməyən də peşiman olacaq”. Gedənlərin çoxu özləri ilə heç nə götürmədi. Amma bəziləri xırda-para şeylər götürmüşdülər. Madyanların köməyi ilə zülmətdən çıxanda gördülər ki, götürdükləri şeylər qiymətli daş-qaş imiş.Ona görə az götürənlər də peşman oldu, heç götürməyənlər də” (11, 19).    
          Nağılda həmin epizod bir qədər başqa şəkildə təsvir olunur, yəni bu hadisə yalnız  Xızır ilə İsgəndərə şamil olunur. Nağılda deyilir: “...Bunlar geri qayıtmaq istəyəndə mağaranın ağzındakı quş bulağın başından yeri qonub dedi:     
          -Ayağınızın altındakı daşlardan götürən də peşiman olacaq, götürməyən də. İndi sizə deyirəm, istəyirsiniz götürün, istəmirsiniz götürməyin.
           İsgəndər şah gülüb dedi:

  • Mən ki, götürüb peşman olacağam, ta özümə yük niyə eləyirəm. Mən ikicə dənə götürürəm, nə olar, olar.
Xızır dedi:
  •  Nə qədər cibim var, hamısını dolduracağam...
      ...  Hər ikisi daşa baxıb gördülər ki, nə? Bu daş deyil, ləli-cəvahirdir. Hər ikisi peşman oldular” (5, 207).
          “İsgəndər Zülqərneyn” və “İsgəndərin qaranlıq dünyaya getməsi” nağıllarında İsgəndərin vəsiyyətləri öz əksini tapır. “İsgəndərin qaranlıq dünyaya getməsi” nağılında İsgəndərin vəsiyyəti belə təsvir edilir: “ ...Mənim ölüm xəbərimi anam eşitsə özünü öldürəcək. Cənazəmin qabağında bir dəstə əli Quranlı molla, onların dalınca əmmaməsini götürüb allaha yalvaran bir dəstə seyid, onlardan sonra hərəsinin başında bir tabaq qızıl olan böyük bir dəstə, sonra bütün əhali, axırda da qılınclı-nizəli qoşun qoyarsınız. Bunlarla mənim cənazəmi apararsınız, anam görüb təsəlli tapar, ağlamaz”  (5, 208). “İsgəndər Zülqərneyn” nağılında böyük fateh harada ölməsindən asılı olmayaraq, öz torpağında dəfn edilməsini vəsiyyət edir ( 4, 142).
         Hər iki nağılda rəvayətlərimizdə rast gəldiyimiz belə bir epizodla rastlaşırıq. Belə ki, bu nağıllarda böyük şahın gözləri açıq, qolunun biri ovucu açıq şəkildə tabutdan çölə çıxırdı. Heç kim bu sirdən baş çıxara bilmirdi. İsgəndərə zülmət dünyasının yolunu göstərən müdrük qocadan bu sirri açmağı xahiş etdikdə, o bildirir ki, böyük fatehin  gözü dünya malı və torpaqdan doymamışdır. Əgər onun gözünə bir ovuc torpaq töksəniz gözləri yumular, ovcuna  bir xışma torpaq qoysanız ovucu yumular və  qolunu da tabutun içinə çəkər (5, 208). Fikrimizcə, türk təfəkküründəki əsas ehkamlardan biri olan “Tanrının əbədi, insanın öləri olması” fikri “İsgəndərin qaranlıq dünyaya getməsi” nağılının əvvəlində vəzirin dediyi ifadədə öz təsdiqini tapır: “Şahım, heç qürrələnmə, Süleymana qalmayan dünya sənə də qalmayacaq. Ölüm nə şaha baxır, nə də gədaya. Qara torpaq  şahı gədadan ayırmır... Ölüm allahın əmridir. Hamı o yolu gedəcək. Heç bir dövlət, qüvvət onun qabağını ala bilməz” (5, 208).   
      Nağıllarımızda İsgəndər son dərəcə güclü, ağıllı, tədbirli bir hökmdar olaraq canlandırılır. Nağıllarımızda o, həmçinin quş dili bilən, quşlardan, hətta balıqlardan xərac alan bir padşah kimi verilir. “İsgəndər quş dilini öyrənir”  nağılında İskəndər quş dilini bütün heyvanların dilini  bilən müdrik qocadan öyrənir. Quş dilini bilməsi sayəsində Xalxal vilayətində xalqa zülm edən padşahın hakimiyyətinə son qoyur. Nağılda İsgəndərin şəhərdən çıxarkən vəzirə dediyi söz diqqəti cəlb edir:
 “ Dünyada hər dili bilmək min padşahlığa dəyər” (2,  200- 205).
        Folklorşünas İlkin Rüstəmzadə “Quş dili bilən İsgəndər” nağılını Azərbaycan nağıllarının süjet göstəricisində 517-ci  nömrə altında verir. Bu nağılin süjeti ilə  bağlı folklorşünas alim aşağıdakıları qeyd edir:
        I. Bülbüllər onun padşah olacağını, analığının ona xörək gətirəcəyini, atasının isə onun əlinə su tökəcəyini xəbər verir. Ata ögey ananın tələbi ilə oğlunu sandığa qoyub çaya atır. Torçu uşağı xilas edir və onu övladlığa götürür. Qəhrəman vəzirin oğlu ilə siğə qardaşı olur. Padşahın qızı ilə evlənir. Arvadı onu bədheybət bir heyvana döndərir, özünə də sağalmaz bir xəstəlik verir: nə qədər yeyirsə, qarnı doymur.
         II. Qardaşlığının köməyi sayəsində qəhrəman xəstəlikdən xilas olur, əvvəlki şəklinə qayıdır. Arvadını öldürüb onun yerinə taxta çıxır. Süjet bülbüllərin dediyinin gerçəkləşməsi ilə tamamlanır (12, 152-153; 10, II kitab, 173-182).
       İskəndər Zülqərneynin quşlar və balıqlardan xərac alması, quş və balıqların onun itaəti altında olması “İsgəndərin quşlar şahından xərac alması” nağılında öz əksini tapır (3, 318-323). Həmin nağılda deyilir ki, bütün padşahların torpaqlarını tutduqdan sonra İsgəndər balıqlardan xərac almaq fikrinə düşür. Qoşununu dəryanın qırağına yığıb əmr edirr:  “Hər adam gündə bir vedrə bu dəryadan su götürüb qırağa atsın. Belə getsə qoşun dəryanın suyunu qurtaracaq. Buna görə bəlkə, balıqlar vergi verələr”. Bunu görən balıqların padşahı balıqlardan birini yanına çağıraraq qiymətli bir ləli dəryanın kənarına tullamağı əmr edir. İsgəndər padşah ləli gətizdirib görür ki, bu tayı-bərabəri olmayan qiymətli ləldir və balıqlar padşahının ona xərac verdiyini görüb qoşunu ilə çəkilib gedir (1, 318-323). 
        İskəndərin quşlar şahından xərac almaq arzusu qocanın dilindən deyilən “Hayıf sənin kimi padşaha, hər yerdən bac aldın, Şahi-Şonqardan bac ala bilmədin“ ifadəsindən sonra başlanır. Vəzirə qırx gün möhlət verərək, Şahi-Şonqarın kim olduğunu öyrənməyi tapşırır. Müdrik bir qoca vəzirin bütün var-dövlətinin əlindən alınması və bu torpaqdan sürgün edilməsi müqabilində padşaha şahı-Şanqarı diri tutub onun yanına gətirəcəyinə söz verir. Yeni doğulmuş iki uşaq qızılquşlardan quşların dilini öyrənməyə başlayırlar. Müdrik qoca uşaqların vasitəsi ilə Şahi-Şonqarın həftədə bir gün şikara çıxdığını, onun vəzirinin kim olduğunu öyrənir. Şahi-Şonqar öz dəstəsiylə gəzməyə çıxanda qocanın tapşırığı ilə uşaqlar quş dili ilə onu söyürlər. Yalnız ikinci cəhddə Şahi-Şonqar öz dəstəsi ilə tələyə düşür və qoca quşların şahını İsgəndər padşaha təhvil verir. Şahi Şonqar imarətinin başındakı lələyi  İsgəndər padşaha bac-xərac kimi verməklə azad olur. Bu nağılda məhz ağıllı qocanın köməkliyi ilə İsgəndər quşlar şahından da bac ala bilir (1, 318-323).
    Bəzi nağıllarda İskəndərin sehrli qüvvələrlə, o cümlədən div və Təpəgözlə mübarizəsi öz əksini tapır. Təpəgöz” nağılında dağda bir aslan tərəfindən böyüdülən İsgəndərin təpəgözlə mübarizəsi təsvir edilir. Həmin nağılda İsgəndər qoyun cildinə girərək hər şeyi məhv edən Təpəgözün mağarasına girir, bir sıra çətinliklərdən sonra onu gözündən vurub quyuya salaraq məhv edir (3,179-185).
        Göstərilmiş örnəklərdən belə bir nəticəyə gələ bilərik ki, İskəndərin buynuzu fiziki nöqsan kimi çıxış edən nağıllar ilə yanaşı, quş dili bilən İskəndər, öz ağlı və fərasəti ilə quşlar və balıqlardan xərac alan ağıllı, tədbirli fateh hökmdar obrazına da rast gəlirik.
 
   Məhəmməd MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin Azərbaycan şifahi alq ədəbiyyatı kafedrasınındosenti,                                                                                                                        
[email protected] 
                                                  
  Zaur MUSTAFAYEV, 
  Bakı Dövlət Universitetinin filologiya fakültəsinin elmi işçisi,

 
QAYNAQLAR
1. Azərbaycan folkloru külliyyatı. / Nağıllar,  VII cild. Bakı: Səda, 2008, 410 s. 
2. Azərbaycan folkloru külliyyatı. / Nağıllar,  I cild. Bakı: Səda, 2006, 400 s.
3. Azərbaycan nağılları. Beş cilddə / I cild. Nəşrə hazırlayanlar: İ. Abbaslı, R. Xəlilov, M. Teymur. Bakı: “Şərq-Qərb” 2005, 360 s.
4. Azərbaycan nağılları. Beş cilddə / V cild. Bakı: ”Şərq–Qərb”, 2005, 304 s. 
5. Azərbaycan nağılları / Toplayanları: Əhliman Axundov, Nurəddin Seyidov. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1982, 358 s.
6. Babayeva X. Azərbaycan folklorunda Xızır Nəbi (İlyas) obrazı ( türk folkloru kontekstində): monoqrafiya. Bakı: Çaşıoğlu, 2013, 174 s. 
7. İslamzadə X. Dini və tarixi mənbələrdə Zülqərneynin şəxsiyyəti. Bakı: “Adiloğlu”, 2010, 174 s. 
8. İsmayılzadə İ. Quran elmləri ensiklopediyası. Bakı: Beynəlxalq  İslam Elmləri Akademiyası. 2006, 591s. 
9. Kun N.A. Qədim Yunanıstanın mifləri və əfsanələri. Bakı: “Kitab aləmi” NPM, 2008, 544 s. 
10. Qarabağ: folklor da bir tarixdir. II kitab ( Bərdə və Ağcabədi rayonlarından toplanmış folklor örnəkləri). Bakı: ““Elm və təhsil”, 2012, 483 s.
11. Rəşidəddin F. Oğuznamə/ Fars dilindən tərcümə edən, ön söz və şərhlər  R.M. Şükürovanındır. Bakı: Azərnəşr, 1992, 72 s.
12. Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi. Bakı: “Elm və təhsil”, 2013, 368 s.
13. Səfərli Ə., Yusufli X. Azərbaycan ədəbiyyatı tarixi ( qədim və orta əsirlər). Bakı: Ozan, 2008, 696 s.
 
Türk dilində:
14. Pala İ. İskender mi Zülkarneyn mi? // Türklük Bilgisi Araşdırması, Vol. 14, 1990,  s. 387-403.
 
Rus dilində:
15. Костюхин Е.А. Александр Македонский в литературной и фольклорной традиции. Москва: Главная редакция восточной литературы «Наука», 1972, 190 с.
İnternet resursları:
16. az.wikipedia.org/wiki/Makedoniyalı_İsgəndər


Tarix: 8-04-2022, 21:40

Xəbəri paylaş