Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil mürəkkəb dinamik sistemdir

 
İnkişaf etmiş ölkələr davamlı  inkişafa   təhsil  vasitəsi  ilə nail olmuşlar. Çünki dövlətin gücü onun təbii sərvətləri ilə deyil, insan kapitalı, elmi  potensialı ilə müəyyən edilir. Elm, təhsil bu gün artıq milli təhlükəsizliyin əsas amilləridir.  Bugünkü  mövzumuzda ölkədə  təhsilin  vəziyyəti  ilə əlaqədardır.   Müsahibimiz  təhsil eksperti,  dosent, pedaqogika üzrə fəlsəfə doktoru İlham Əhmədovdur.
- İlham müəllim, təhsilin qlobal  inkişafı  fonunda  Azər­baycan  təhsili   necə görünür? 
- Təhsil  çox mürəkkəb və dinamik bir sistemdir.  Təhsil  sistemi  dünyanın indiki intensiv inkişaf  tempinə uyğun olaraq dinamik inkişaf etməlidir.  Hər  hansı  ölkədə təhsilin vəziyyəti  bu  ölkənin  gələcək durumunu  müəyyən edir.  Ümummilli lider  Heydər Əliyevin  dediyi kimi, “təhsil  millətin gələcəyidir.”  Bu səbəbdən təhsil bu gün bütün ölkələr üçün prioritet sahədir,   bu sahədə aparılan islahatlarda  səhv etmək təhsil sistemini, ardınca isə ölkəni  inkişafdan geri  qoya bilər. Bu günün təhsili  fasiləsiz xarakter  daşıyır.  Müasir təhsil fasiləsiz olduğu kimi, təhsil islahatları da fasiləsiz olmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “...təhsil sahəsi daim islahat tələb edən sahədir.”  Bu gün inkişaf səviyyəsindən  asılı olmayaraq, bütün ölkələrdə təhsil islahatları həyata keçirilir, bütün ölkələr daha mükəmməl təhsil sistemi qurmaq haqqında düşünürlər.   Amma keçid dövrünü yaşayan ölkələrdəki təhsil problemləri inkişaf etmiş ölkələrdəki təhsil problemlərindən tam fərqlənir. Bunun bir çox səbəbi var. Əsas səbəb bu ölkələrdəki insan kapitalının zəifliyi  və təhsilə qoyulan investisiyaların az olmasıdır.  Əslində ən böyük investisiya imkanı məhz təhsil sistemindədir. Bu sektora qoyulan hər bir dollar on qat geri qayıdır.
Təhsildəki  problemlərin bir qismi  qlobal xarakter daşıyır.  Mən burada BMT-nin baş katibi Antoniu Quterreşin  12 avqust Beynəlxalq Gənclər Günü münasibəti  ilə  yaydığı bəyanata toxunmaq istəyirəm.  BMT-nin rəsmi YouTube kanalı vasitəsilə yayımlanan bəyanatında baş katib təhsildə  qlobal böhran yaşandığını qeyd edir,  dünya ölkələrini bu sahədə islahatlar aparmağa çağırır. A.Quterreş təhsildə islahatların vacibliyindən və müasir təhsilin gənclərin texnoloji inqilablar erasına hazırlanması ehtiyacından bəhs edib. Bəyanatda bildirilir: "Bu gün biz təhsil böhranı ilə üz-üzəyik. Çox vaxt məktəblər texnoloji dəyişikliklərdən düzgün istifadə edə bilmək üçün gəncləri zəruri bacarıq­larla təmin edə bilmir.  Tələbələr yalnız öyrənməyi yox, həm də necə öyrənməyi öyrənməlidir.  Müasir təhsil özündə bilikləri, həyati bacarıqları və tənqidi düşüncəni ehtiva etməlidir. ...əsas mövzu  təhsilin transformasiyası, onun daha da inklüzivliyi, əlçatanlığı və müasir dünya tələblərinə uyğunluğudur”.
Göründüyü kimi, dünyanın sürətli dəyişməsi  qlobal  olaraq  təhsil sistemini çətin vəziyyətə salıb.  Dünya  təhsil sistemi heç cür bu dinamikliyə uyğunlaşa bilmir.
Bəs bizim təhsilimizdə hansı problemləri qeyd edə bilərsiniz?
Təhsilimizin problemləri tamam başqa müstəvidədir. Biz  hələ  qlobal xarakterli  təhsil problemləri  yaşamırıq, çünki  bizim təhsilimiz  hələ qlobal standartlar  səviyyəsinə  çatmayıb.  İnkişaf etmiş ölkələrdə informasiya  cəmiyyəti, innovasiya cəmiyyəti, biliyə əsaslanan iqtisadiyyat qurmuşlar və  təhsillərini  də   bu tələblər səviyyəsinə  qaldırmaq istəyirlər. Bizim təhsil  sistemimiz isə  bir çox istiqamətlərdə  hələ  sənaye cəmiyyəti  təhsili səviyyəsindədir,  bu  səbəbdən problemlərimiz də fərqlidir.   Bizim təhsilin prob­lemlərini   konkret qeyd etsək, bu problemlər  əsasən  maliyyələşmə, kadr  təminatı və idarəetmə kimi  istiqamətlərdə özünü göstərir.
Real vəziyyətə nəzər salaq:  ötən il orta məktəblərdə  9-cu sinif şagirdlərinin riyaziyyatdan  I mərhələ imtahanlarında 100  ballıq sistemlə orta göstəricisi 10 bal olub. Bu haqda Dövlət İmtahan Mərkəzinin 2018/2019-cu tədris ilində ali məktəblərə qəbul və buraxılış imtahanları üzrə yekun elmi-statistik təhlilində deyilir. Təhlil  bu  yaxınlarda  dərc olunub.  Orada qeyd olunur ki, 9-cuların 50%-i  həmin imtahanlarda «0» bal toplayıb, yəni imtahan vərəqinə heç nə yazmadan geri qaytarıb. «9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 1-ci sinifdən etibarən bacarıq və vərdişlərin inkişaf etdirilməsi üzərində qurulan kurikuluma əsasən təhsil almalarına baxmayaraq, bu cür tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdiklərini görürük. Tədris dili fənnindən fərqli olaraq, riyaziyyat fənni üzrə imtahanın birinci mərhələsində təqdim olunan bütün tapşırıqlar açıq tipli olduqları üçün bu hal riyaziyyat fənni üzrə imtahanda özünü daha qabarıq şəkildə göstərir», - DİM-in təhlilində bildirilir. Daha sonra qeyd olunur ki, ümumtəhsil məktəblərində kurikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazımi səviyyədə deyil.
 Bu ilin qəbul imtahanlarının  nəticələri də  problemləri ortalığa qoydu.  Kurikulum islahatının nəticələri  qaneedici deyil.  Bu istiqamətdə işlər ciddi monitorinq edilməlidir. Dərsliklər, məktəb proqramları, müəllimlərin fasiləsiz  hazırlığı sistemi kimi məsələlərə  çox  ciddi   yanaşmaq lazımdır.
Artıq 20  ildir ki,  inkişaf etmiş  və inkişafda olan ölkələrdə  müəllimlərin (eləcə  də  digər peşə sahiblərinin) ix­tisas­artırma və təkmilləşdirilməsi sistemi onlayn format­da, distant təhsil texnologiyaları  ilə  reallaşır. Ali məktəb müəllimlərinin isə ixtisasartırma və  təkmilləşdirilməsi sistemi  artıq yoxdur. İnformasiyanın, texnologiyaların   indiki sürətli  inkişafı dövründə, müəllimlərin ixtisasartırılması fasiləsiz, küt­ləvi  və əlyetərli  olmalıdır, bu isə yalnız internet üzərindən,  distant təhsil texnologiyaları ilə mümkündür. Beynəlxalq təc­rübə bunu çoxdan sübut edib.
Azərbaycanda internet istifadəçilərinin sayı 7,9  milyon təşkil edir. Əhali arasında İnternetin yayılması baxımından Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qır­ğız­ıs­­­tanı, Tacikistanı və Türk­mənistanı qabaqlayır. Bəs internetdən təhsil sistemində istifadə sahəsində vəziyyət necədir? İnternetin təhsilə gətirdiyi ən parlaq yenilik, möhtəşəm innovasiya,  distant təhsil, onlayn təhsildir. Bu sahədə yuxarıda qeyd edilən ölkələrin hamısından geridəyik.  KİMDİR GÜNAHKAR?  Bəs onda təhsil müəssisələrini bu qədər vəsait xərcləyib internetə qoşmağın mənası nə idi? Feysbuka baxmaq üçünmü  lazımdır?  Məhz internet üzərindən milli təhsil- informasiya  məkanı formalaşmalı idi.   İnternet üzərindən milli təhsil informasiya  məkanı  qlobal  informasiya təhsil məkanına inteqrasiya olunmalı  idi.  Distant təhsil də bunun ən səmərəli yoludur.
Mətbuatda qeyd edilir ki,  UNEC-də distant formada “Tyutor hazırlığı” proqramı həyata  keçirilir. UNEC-in rektoru, professor  Ədalət Muradov KİV-ə müsahibəsində distant təhsili gələcəyin kütləvi ali təhsil forması kimi gördüyünü vurğulayıb. O, müasir tələblərə cavab verən, yüksək maddi-texniki bazaya malik olan UNEC Eksterndə müxtəlif istiqamətlər üzrə distant təhsilin davam etdiriləcəyini bildirib. Yaxşı haldır ki, bəzi rektorlarımız distant təhsilin əhəmiyyətini düzgün qiymətləndirirlər. Amma universitetin distant təhsil sisteminə keçməsi bu universitetin daxili potensialı hesabına mümkün deyil, Təhsil Nazirliyi bu işə ciddi dəstək verməlidir.
Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın elm və  təhsilinin qlobal elm-təhsil  məkanına inteqrasiyası üçün  bir sıra fərmanlar  imzalamışdır. Hələ  2003-cü ildə cənab Prezident   Cenevrədə “İnformasiya cəmiyyəti quruculuğu üzrə ümumdünya sammiti”ndə çıxışı zamanı qeyd etmişdi ki,  “uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdırlar. İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına və tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”.   Prezident İlham Əliyevin bu məlum çıxışından sonra insan kapitalının inkişafı məsələləri ölkəmizdə gündəmə daxil oldu.
Digər  problem   təhsilin  maliyyələşməsi  və bu  maliyyədən səmərəli  istifadədir.   2019-cu ilin dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manatdır.   2018-ci ilin dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2.044 milyon  manat idi.   Maliyyə ilbəil  artsa da   təhsildə, onun  keyfiyyətində real inkişaf hiss edilmir. Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir. Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir, amma bizim ümumən büdcəmiz onların  büdcəsindən çox olduğu üçün təhsilə ayrılan  vəsait  də çoxdur.  
- Bu gün ali məktəblərimiz hansı problemlərlə yaşayır?
- Ali təhsildən danışarkən, biz  ölkədə elmin vəziyyətinə də toxunmalıyıq.  Bizdə elmin  əsas  problemi   maliyyələşmənin azlığıdır. İsraildə  elmə ayrılan  büdcə ÜDM-nin təxminən  4,3 %,  Türkiyə, Rusiya və bəzi MDB ölkələrində  bu rəqəm 1% -ə  yaxındır.  Bizdə isə   elmə ayrılan  büdcə ÜDM-nin təxminən  0,15 %  hissəsidir  və  artıq  25 ildir ki,  elm  belə  maliyyə  çatışmazlığı şəraitində  fəaliyyət göstərir.  
Biliklərə əsaslanan iqtisadiyyatın inkişafında ixtira və innovasiyaların yaradılması, onlara patentlərin alınması, iqtisadiyyatda tədbiqi çox mü­hümdür. 2015-ci ildə ABŞ-da 58.000, Yaponiyada 44.000, Çində 29.000, Almaniyada 18.000, Azərbaycanda isə cəmi 30 patent alınıb.  Bu ölkələrdə elmə qoyulan investisi­yalara bizədən 1000 də­fələrlə çoxdur. Qeyri neft sektorunun inkişafı məhz bu yoldan keçir...
Universitetlərdə  elmin  maliyyələşməsi  daha pis vəziyyətdədir.  Bun gün universitetlər  elmi konfrans təşkil etməyə,  xaricə elmi ezamiy­yəyə əməkdaş yollamağa,  elmi jurnal dərc etməyə çətinlik çəkirlər.  Jurnalda məqalənin dərc edilməsinə  görə  az  maaş alan alimdən  ödəniş alınır. Bu gün elmə ciddi investisiyalar qoyulmalıdır ki, 5-10 ildən sonra, o,  tədricən  real nəticələr versin. Bu haqda oxucular internetdən müqayisəli təhlillərlə  tanış ola  bilərlər. Belə maliyyələşmə ilə  təbii ki, elm məhsuldar qüvvəyə heç  vaxt çevrilə bilməz,  innovasiyalar yaranmaz,   elm iqtisadi artıma təkan ola bilməz.  Amma  vaxtı ilə elmi potensialımız pis deyildi. Elmə  belə münasibət  isə beyin axınına səbəb oldu.
Bu gün Azərbaycanda fəaliy­yət göstərən milli universi­tet­­lərin potensialının güc­­ləndirilməsinə,   universitetin fəaliyyətində innovasion ideyaların tətbiqini   sürətləndirməyə, bu məqsədlə  müəyyən  islahatların aparılmasına, ən əsası  ali təhsilə  ciddi  investisiyalar qoymağa  böyük  ehtiyac vardır.  Bu gün  bizim universitetlərin büdcəsi  ilə  heç bir  real inkişafa nail olmaq mümkün deyil. Bu  məqsədlə  universitetlərimizin büdcəsini  və   hər tələbənin təhsilinə ayrılan maliyyə vəsaitini qonşu Rusiya və Türkiyə universitetləri ilə müqayisə etmək kifayətdir.
Məlum olduğu kimi,  hal-hazırda  ali məktəblər  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş,  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması”  üzrə Dövlət Proqramının icrası ilə  məşğuldurlar. Bu sənəddə deyildiyi kimi, proqramın  məqsədi  müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın ölkə ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də vətəndaşlarımıza aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılmasıdır. Proqramın hədəfi  qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. İkili diplom proqramları ilə  ali  təhsilin təşkilində  ən asan yol  bu  universitetlərdə  onlayn təhsilin yaradılması və bu prosesdə tərəfmüqabil  universitetlərin onlayn təhsil resurslarından   sərbəst   istifadə  edərək tədrisin təşkili ola bilərdi.  Milli universitetlərimizdə  distant  təhsil sisteminin bu günə qədər yaradılmaması  bu işə  mane olur. Bu səbəbdən   ikili diplom proqramları  üzrə  tədris prosesi  klassik üsullarla  qurulmalı olacaq, buna xeyli vaxt sərf ediləcək, səmərəsi də  daha az olacaq. Çünki  onlayn təhsil versiyasında  bu resurslardan ölkənin bütün universitetləri və tələbələri  sərbəst istifadə edə bilərdilər.
Təcrübə göstərir ki, milli universitetlərimiz  daxili potensialları   hesabına yenilənməni təmin etməkdə çətinlik çəkirlər (resurs və ideya kasadlığı, strateji və  innovasion düşüncəli kadr qıtlığı,  maliyyə  problemləri  və s. səbəblərdən). Digər tərəfdən, ölkəmizdə ali təhsil  problemlərini tədqiq edən, beynəlxalq təcrübəni  öyrənib, ümumiləşdirərək universitetlər arasında  yayan  heç bir elmi  mərkəz,  elmi-metodik  qurum  yoxdur,  universitetlərimiz  isə gündəlik,  cari  idarəetmə məsələləri ilə məşğuldular. Heç bir  işlək  strateji  inkişaf proqramı və onun icrasının elmi təminatı məsələləri   hələ ki gündəmdə  deyil.
50-dən artıq ali məktəbin  fəaliyyət göstərdiyi  bir  ölkədə  ali təhsilin problemlərini   tədqiq edən  heç olmasa bir  sanballı   elmi-tədqiqat institutuna, elmi mərkəzə  ehtiyac   var. Biz müxtəlif  vaxtlarda   Təhsil   Nazirliyinə  belə  təkliflər   vermişik.  Ən azından BDU-da  klassik universitet təhsilinin problemləri,   ADİU-da  ali iqtisadi təhsilin problemləri,  Texniki Universitetdə  ali mühəndis təhsilinin problemləri  və  s. kimi  elmi -tədqiqat  və metodik  istiqamətli  laboratoriyaların açılmasına ehtiyac var. Bu  universitetlərdə   aparılan islahatların daha səmərəli olmasına kömək edərdi.  RF-da  orta səviyyəli hər bir  universitetin tərkibində “Təhsilin İnformatlaşması” (bəzi hallarda “Distant Təhsil İnstitutu” adlanır), “Təhsilin inkişafı” və s. adda bir neçə təhsil yönümlü elmi-tədqiqat institutu fəaliyyət göstərir. Onlar ali təhsilin məzmunu, idarəedilməsi,  texnologiyası və s. sahələrdə  tədqiqatlar aparır, tövsiyələr hazırlayır  və bu  bazada  universitetlər   elmi  əsaslarla inkişaf edirlər.
Ölkəmizdə  məktəbəqədər təhsil, orta  təhsil,  texniki peşə təhsilinə dair  jurnallar  nəşr olunur. Bu  jurnallar  hələ sovet vaxtından  nəşr edilirdi. Bu  jurnalların  müəllimlərin maariflənməsində böyük rolu var. Amma ali təhsilə dair  belə bir jurnal yoxdur.  Müstəqilliyimizdən  20 il sonra nəhayət ki, ali təhsil problemlərinə  dair  “Ali təhsil və cəmiyyət”  adlı  bir  jurnal nəşr edilməyə başlandı, 5-6 maraqlı  nömrəsi də dərc edildi. Təəssüf ki, 2013-cü ildə  bu jurnalın  nəşri  dayandırıldı.
Ali  təhsil üzrə  elmi  metodik bazanın  zəif olduğu  bir şəraitdə  ali təhsilə  dair konsaltinq  xidməti göstərə bilən yerli  və  xarici  şirkətlərin  fəaliyyətinə ehtiyac var. Xarici ölkələrdə  ali  təhsil sahəsində  məsləhət xidmətləri  verən şirkətlər geniş fəaliyyət göstərirlər. Yüksək reytinqli universitetlər  gəlirlərinin  bir hissəsini  belə konsaltinq  şirkətlərinin   xidmətlərinə   sərf  edirlər.  Bizim universitetlərin  isə belə şirkətlərə  müraciət etməyə  nə   həvəsi, nə ehtiyacı,  də maddi imkanı  yoxdur.  Bu səbəbdən,  tələbat olmadığı üçün də  ali təhsil sahəsində keyfiyyətli  məsləhət xidməti göstərən şirkətlərimiz də demək olar ki, yoxdur.
Digər  məsələ  ölkəmizdə   rektorlar şurasının fəaliyyəti  ilə  bağlıdır.  2015-ci  ildə  TN kollegiyası qərar verdi ki,  rektorlar şurası yaradılacaq  (əvvəllər formal da olsa belə şura var idi, amma ciddi fəaliyyəti  hiss edilmirdi).  Bir il  sonra  bir daha  nazirliyin rəhbərliyi  qeyd etdi ki,  bu yaxınlarda belə şura  yaradılacaqdır.
Belə bir şuranın yaradılmasına  və  səmərəli  fəaliyyətinə  ehtiyac böyükdür.   Bu şura  ali təhsilin problemlərini  mütəmadi müzakiə etməli, müvafiq  dövlət proqramlarının icrası vəziyyətini təhlil etməli, monitorinq hesabatları dinləməli və qəbul etməli,  ali təhsilin inkişafına  dair  təklif  və proqnozlar verməlidir.  
Müqayisə üçün  RF rektorlar şurasının fəaliyyətinə  nəzər salsaq görərik ki,  onların  şurası   ildə bir neçə dəfə iclas keçirir, ölkə rəhbərliyi  tez-tez  bu iclaslarda iştirak edir,  iclasların stenoqramması və çıxışların videoyazıları  rektorlar şurasının saytında yerləşdirilir.  Son 20 ildə RF  rektorlar şurasının fəaliyyəti bu saytda  tam əks edilib.  Şuranın iclaslarında yerli və xarici  ekspertlər tez-tez analitik və proqnostik  xarakterli məruzələr edir, bu ətrafda  müzaki­rələr aparılır. Təhsil ekspertləri, regional universitetlərin  əməkdaşları, tədqiqatçılar   şuranın saytından ölkə universitetlərinin inkişaf meyllərini   ətraflı  öyrənə bilirlər.  RF  rektorlar  şurasının  dəstəyi ilə rektorlar üçün mütəmadi olaraq tədris ili    ərzində  bir neçə dəfə  ali təhsilin müxtəlif  problemlərinə  dair  təlimlər keçirilir. Bu universitetlərin rektorları  özləri  birbaşa islahat  proqramlarının, strateji  inkişaf  proqramlarının   icrasına  rəhbərlik edir,  ideyalar verir, vaxtında lazımi korreksiyalar aparırlar.  Çünki, hər sahədə olduğu kimi, universitetin uğuru  birinci şəxsin  səviyyəsindən çox asılıdır.  Bu səbəblərdən Rusiya və  Türkiyə universitetlərinin   rektorlarının ictimai çıxışları, məqalələri, dinamik fəaliy­yətləri bizim universitetlərin rektorlarının müvafiq fəaliy­yətindən daha üstündür, daha  maraqlıdır və  elmi cəhətdən daha  zəngin olub,   müasir tələblərə  daha uyğun  görünür.  Onların islahata  dair  baxışlarını, innovasiyalara münasibətlərini müqayisə edəndə  böyük fərqlər ortaya çıxır.  Bu  fərq   sonralar  universitetlərin inkişaf səviy­yəsində,  qlobal reytinqlərində özünü göstərir.  Bütün bu  beynəlxalq  təcrübələr  milli  universitetlərimizin fəaliy­yətində nəzərə alınmalıdır.  Hesab edirəm ki,  Azərbaycan  Respublikası Prezidentinin rektorların 5 illik  müddətə  təyin edilməsi barədə sərən­camı da universitetlərin fəaliyyətinə müsbət təsir edəcəkdir.  


Tarix: 6-11-2019, 20:06

Xəbəri paylaş