«Kim ki bu dünyanı güldürə bilsə»
Sahib Əliyevi geniş oxucu kütləsinə təqdim etməyə ehtiyac yoxdur. Onu uzun illərdir ki, istedadlı şair, gözəl nasir və peşəkar jurnalist-publisist kimi tanıyırlar. İndiyə kimi Sahib müəllimin ayrı-ayrı nəşriyyatlar tərəfindən 20 kitabı, o cümlədən üçcildlik seçilmiş əsərləri nəşr olunub. Haqqında söhbət açmaq istədiyim «Kim ki bu dünyanı güldürə bilsə» adlı şeirlər toplusu isə müəllifin yaradıcılıq bioqrafiyasında iyirmi birinci kitabıdır.
Şeirlər toplusu bu günlərdə «Açıq dünya» nəşriyyatında ərsəyə gəlib. 120 səhifəlik kitabın müəllifi burada toplanmış şeirləri mövzularla əlaqədar 6 bölümə ayırıb. «Vətən də dünyanın içindən keçir». Birinci bölüm belə adlanır. Bəri başdan qeyd edim ki, Sahib müəllim sözə məsuliyyətlə yanaşır. Çox vaxt rəssam kimi sözdən maraqlı bir lövhə yaradır. Yaratdığı lövhəni canlı bir varlıq şəklində də oxucuya təqdim edir. Həmin varlığın bütün əzaları – qaşı da olur, gözü də, paltarı da olur, belinə bağlanmış yaraşıqlı kəməri də. Bunu birinci bölümdəki «Bu yeri insana bənzədə bilsək» şeirində aydın görmək olar.
Bu yeri insana bənzədə bilsək,
Biz dağa bu yerin başı deyərik.
Dərəyə – belinə bağlanan kəmər,
Qayaya biz onun qaşı deyərik.
Qolları - çaylardı, gözləri göllər,
Paltarı - yoncadan toxunmuş çöllər.
Dodaqda nəğməsi - çağlayan sellər
Daşı var, biz ona kaşı deyərik.
Telini Günəşdi səhərlər hörən,
Meşələr saçında bantdımı görən?
Atını o yana – bu yana sürən
İllərə biz onun yaşı deyərik.
Bu bölümdəki «Kaş Yaradan yerə qayğı ələyə», «Yollar da bir ömürdü», «Fikir doğulandı, söz isə doğan», «Dünyanı düz yola döndərmək üçün» kimi şeir nümunələri fəlsəfi fikirlərdən yoğrulmuşdur. Şeirləri sərf-nəhv etdikcə, onlar sənə bir mahir rəssam fırçasından çıxmış yaraşıqlı, mükəmməl bir tablonu xatırladır.
İnsana məhəbbət isə şairin poeziyasında qırmızı bir xətlə keçir. Bu fikri söyləyərkən yadıma A.Hameltonun yazdığı «Yer üzündə ən böyük varlıq insandır, insandan isə qiymətli bir şey yoxdur» müdrik kəlamı düşür. Bu cəhətdən istedadlı şair öz yaradıcılığında Yer üzünün əşrəfi olan insana hamının xoş münasibət bəsləməsini tövsiyə edir, insanda səadəti ən gözəl keyfiyyət sayır. Elə əsl sənətkar da özündən asılı olmayaraq daim insanların dərdini çəkməyi bir növ özünə borc bilir. Bu baxımdan kitabdakı «Nə mənası var?», «Bəs niyə?» «Həyat nə vaxt yaxşı olur?», «Hara gedir bu həqiqət?», «Bu, nə cəzadı, Allah?» kimi şeir nümunələri maraq doğurur.
Sahib Əliyev uzun ömür yaşayıb, həmişə xalqın arasında, müxtəlif xarakterli insanlarla ünsiyyətdə olub. Onların psixologiyasına lazımınca bələd olub. Zəngin həyat təcrübəsi qazanıb. Bütün bunlar isə onun küll halında məhsuldar bədii yaradıcılığına impuls verib. Şairin müxtəlif məzmunlu şeirlərini ərsəyə gətirməsinin başlıca səbəblərindən biri də onun insan xarakterlərinə, güclü müşahidə qabiliyyətinə lazımınca bələd olmasıdır. Ona görə də qələmindən çıxan şeirlər orijinallığı, obyektivliyi ilə yadda qalır.
Onu da qeyd edim ki, uzun illər Sahib müəllimin yaradıcılığını izlədiyim üçün tanınmış söz adamlarının qələm dostum haqqında, onun insani keyfiyyətləri, zəngin və məhsuldar yaradıcılığı barədə ürək sözlərini misal gətirmək yerinə düşər. Professor Bəhmən Sultanlı: «Sahib Əliyev barədə danışmaq, yazmaq, ümumiyyətlə, onun həyatına nəzər salmaq mənim üçün olduqca xoşdur. Çünki mən Sahibi 50 ildən çoxdur ki, sədaqətli bir dost, cəsarətli bir jurnalist, gözəl bir şair kimi tanıyıram…»
Bəli, Sahib Əliyev uzun illər cəsarətli və peşəkar jurnalist kimi fəaliyyət göstərib. Belə ki 30 ilə yaxın Yardımlıda çıxan «Zirvə» adlı rayon qəzetinin baş redaktoru işləyib. Elə bu sahədəki fəaliyyətinə görə Sahib müəllim «Azərbaycanın əməkdar jurnalisti» fəxri ad daşıyır.
Şair-publisist Hafiz Rüstəm Sahib müəllim haqqında «İncə duyğular şairi» adlı məqaləsində yazır: «Sahib Əliyevin şeirləri bir çoxları kimi, mənim də hissimə, duyğuma yaxındır. Ona görə ki bu şeirlərin hamısı sadə və səmimidir...».
Sahibin sevgi ilə yoğrulmuş şeirlərini oxuduqda sənə elə gəlir ki, bu lirik ovqata köklənmiş şeir müəllifi ömrünün bahar çağındadır. Amma o bahar ömrü gəncin qələmə sarıldığı şeir belə səslənir: «Məni eşq qoruyur, sevgi saxlayır». Sonra da həmin şeirdə öz hissini aləmə bəyan edir:
Sevgi - qucağımda gülümsəyən yaz
Sevgi – sinəmin üstə dillənən saz.
Şeir aşağıdakı xoş əhvali-ruhiyyə ilə başa çatır:
Sahibin sözlərin sanmayın saxta,
Sevgisiz bir ömür – bir quru taxta.
Özüm də heyranam özümdə baxta –
Məni eşq qoruyur, sevgi saxlayır.
Bu mövzuya həsr olunmuş «Yaşa həqiqət kimi», «Gözlərin göy dənizdir», «Sevgi də pətəkdə şana bənzəyir», «Gülər üzlüm», «Şəklimə bax, əzizim» kimi incə, lirik şeirlər hisslərə hakim kəsilir, xoş əhvali-ruhiyyəni qat-qat yüksəldir.
Kitabdakı şeir nümunələri öz siqləti, səmimiliyi, orijinallığı, təbiiliyi ilə oxucunun diqqətini çəkir və oxucunu bütün şeirləri oxumağa sövq edir.
Biz də Sahib müəllimə çoxsaylı oxucularımız adından yeni-yeni yaradıcılıq uğurları diləyirik.
İdris Hacızadə
Tarix: 11-04-2017, 14:00