Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dövlət rəmzlərinin təbliğinin gənclərin vətənpərvər ruhda tərbiyəsində böyük əhəmiyyəti var

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi (DBİ) 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirib. Belə ki, noyabrın 7-də Bakı Biznes Mərkəzində “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” mövzusunda elmi seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə DBİ-nin rəisi İlqar Mustafayev Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində AXC-nin bayrağı qaldırılıb. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. İ.Mustafayev deyib: “Azərbaycanın dövlət bayrağının təbliğinin daim diqqətdə saxlanılması hər bir vətəndaşın borcudur. Ölkəmizdə dövlət rəmz­lərinin təbliği gənclərin vətənpərvər ruhda tərbiyə olunması üçün çox əhəmiyyətlidir”.
İ.Mustafayev bildirib ki, rəhbərlik etdiyi qurumun 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirdiyi tədbirlər Azərbaycan dövlət bayrağının müasir cəmiy­yətdə yeri və rolu, onun mənəvi, siyasi, ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasında təbliğinə həsr olunub. Bu tədbirlər gənclər arasında vətənpərvərlik hisslərinin və milli mənəvi dəyərlərin qorunmasında, eyni zamanda, tədris müəssisələrində dövlət rəmzlərinin təbliğində xüsusi rol oynayır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarındandır. Xalqımızın çox­əsrlik tarixi var. Ermənilər isə nəinki Qafqaza, hətta Asiya qitəsinə də gəlmədirlər. Onların Cənubi Qafqazda məskunlaşmaları çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır. Cənubi Qafqazda erməni dövləti Azərbaycan torpaqlarında yaradılıb.
Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu əlamətdar günün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikalı dünyəvi dövlət qurub. Bu respublika ölkəmizin çoxəsrlik tarixi inkişafının, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Müstəqilliyimizin əsas atributlarından olan həmin üçrəngli bayraq məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır. Əminik ki, dövlət bayrağımızın işğal altında olan doğma torpaqlarımızda dal­ğalanacağı gün uzaqda deyil.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. Başımızın üstündə dalğalanan həmin üçrəngli bayraq, milli suverenliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu bayraq milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Nazir müavini vurğulayıb ki, Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb. Belə ki, təhsilin bütün pillələrində, o cümlədən orta ixtisas və ali təhsil müəssisələrində dövlət rəmzlərinin tədrisinə xüsusi diqqət verilir. F.Qurbanov deyib: “Biz istəyirik ki, gənclər vətənpərvər ruhda tərbiyə olunsunlar. Bayrağımız dalğalananda onlar bunu qəlbləri və nəbzləri ilə hiss etsinlər. Biz bunun üçün birgə çalışmalıyıq”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Dövlət Bayrağı Gününün əhəmiyyətindən, onun geniş təbliğinin gənclərdə vətənpərvərlik duyğularının dərinləşməsinə müsbət təsirindən danışıb. Vurğulanıb ki, bu gün gənclərimiz qürur mənbəyimiz olan dövlət bayrağını ən mötəbər tədbirlərdə yüksəklərə qaldıraraq Azərbaycan xalqının milli mənəviyyatını, sarsılmaz qüdrətini bir daha bütün dünyada nümayiş etdirirlər.
Sonra əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin “Bayrağımız, varlığımız, bəxtiyarımız”, AMEA Tarix İnstitutu direktorunun müavinləri Cəbi Bəhramovun “Dövlət bayrağı – müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi”, Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin bayraqları haqqın­da”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədovanın “Azərbaycan xalqının siyasi iradəsinin ifadəsində dövlət bayrağının əhəmiyyəti”, Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Dövlət bayrağının təbliğ olunmasında Dövlət Bayrağı Muzeyinin rolu” mövzularında məruzələri dinlənilib.
  Tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, alimlər, tədqiqatçılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.


Tarix: 11-12-2017, 11:52

Xəbəri paylaş