İlham Əliyev Səbail rayonundakı 239 nömrəli məktəbdə əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
Sentyabrın 11-də Prezident İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məktəbin binasında görülən işlər barədə məlumat verdi.
Məktəbin əsas korpusu 1960-cı ildə, ikinci korpusu isə 2007-ci ildə inşa olunub. Hər iki korpusda yenidənqurma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Məktəbdə 53 sinif, 2 informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları, hərbi otaq və kitabxana var. Təhsil ocağında, həmçinin “Sağlam təhsil” və tibb otaqları da yaradılıb. Sinif otaqlarının hamısı zəruri tədris vəsaitləri ilə təchiz edilib. Hazırda məktəbdə 1180 şagird təhsil alır. Təhsil müəssisəsində şagirdlərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Təmir işləri çərçivəsində idman zalı və idman meydançası da yüksək səviyyədə yenidən qurulub.
Azərbaycanda təhsil sahəsində aparılan islahatların əsasını “Təhsil millətin gələcəyidir”, - deyən ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndərin bu sahədə başladığı siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, təhsil sferasını yeni inkişaf mərhələsinə çıxarıb. Son illər ölkəmizdə təhsillə bağlı mühüm tədbirlər həyata keçirilib, Azərbaycan Prezidenti tərəfindən yeni dövlət proqramlarının qəbul edilməsi haqqında sərəncamlar imzalanıb. Yeni məktəb binalarının inşası və mövcudlarının müasir səviyyədə yenidən qurulması Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısının bir hissəsidir. Belə layihələrin icrası şagirdlərə müasir sinif otaqlarında təhsil almaq, müəllimlərə isə yüksək iş şəraitində tədrislə məşğul olmaq imkanı yaradır.
Yenidənqurma zamanı 239 nömrəli məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.
Məktəbin binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.
Tarix: 13-10-2017, 10:50