Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Prezident İlham Əliyev: “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim”

 

“Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən prob­lemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”. Azərbaycan jurnalistikasına və jurnalistlərinə böyük dəyərin ifadə olunduğu bu sözləri ölkə Prezidenti İlham Əliyev iyulun 20-də Milli Mətbuat Günü münasibətilə Bakının Bibiheybət deyilən ərazisində jurnalistlər üçün inşa olunmuş növbəti binada mənzillərin paylanması mərasimində deyib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat veriblər ki, jurnalistlər üçün yeni bina Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərən­camına əsasən inşa olunub.
3 blokdan ibarət 17 mərtəbəli binanın ümumi sahəsi 34 min kvadrat metrdir. Binada 9 bir­otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzillər var və onlar aparılan ciddi və obyektiv, şəffaf seçim əsasında jurnalistlərə paylanıb.
Jurnalistlərlə görüşən ölkə başçısı peşə bayramları münasibətilə onları təbrik edib, açılışına toplaşdıqları binanın sayca ikinci olduğunu, birinci binada artıq neçə ildir ki, jurnalistlərin yaşadığını qeyd edib. İlk binada 156, ikinci binada 255 KİV nümayəndəsinin mənzillə təmin olunmasını və bu gün əsası qoyulacaq üçüncü binada da 255 mənzil nəzərdə tutulduğunu diqqətə çatdıran ölkə rəhbəri bunu dövlətin Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətinin təzahürü adlandırıb. “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür”, - deyən Prezident jurnalistlərin məişət prob­lemlərinin həlli üçün gələcəkdə də əlavə tədbirlər görüləcəyini diqqətə çatdırıb.
  4 il öncə ilk binanın açılışı zaman dediyi “Yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək” sözlərini xatırladan dövlət başçısı bu sözlərin artıq tam reallığa çevrildiyini, bu ərazidə yeni yolun salınması üçün müvafiq göstəriş verildiyini vurğulayıb.


Tarix: 19-09-2017, 09:18

Xəbəri paylaş