Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci ildə görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Məmmədbağır oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.
Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmişdir. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr vermiş, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin elmi potensialının artırılması və nailiyyətlərinin tanıdılmasında, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlhamƏliyev,
AzərbaycanRespublikasınınPrezidenti
Bakı şəhəri, 14 iyul 2017-ciil
Tarix: 19-09-2017, 08:56