Milli Qurtuluş Gününə dair elmi-praktik konfrans
“Həyatı insanlıq dərsi olan dahi: Heydər Əliyev” adlı elmi-praktik konfrans keçirilib.
15 iyun-Milli Qurtuluş Gününə həsr olunan tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 284 və 299 nömrəli məktəblərin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “1993-cü ildən başlayan quruculuq və inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib. Hüseyn Əsgərov ulu öndər Heydər Əliyevin keçdiyi ömür yoluna qısaca nəzər salıb, 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısının alınmasından bəhs edib. Ötən müddətdə Azərbaycanda əldə olunan əsaslı inkişafdan, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.
Məruzədən sonra şagirdlər ümummilli lider Heydər Əliyevə və Vətənə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.
Ardınca məktəblilər tərəfindən səhnələşdirilən Hüseyn Cavidin “İblis” əsərindən bir parça nümayiş olunub.
Tədbirin sonunda “Heydər Əliyev dərsləri”ndə, həmçinin ümummilli liderin keçdiyi ömür yoluna və gördüyü işlərə dair keçirilən inşa yazı müsabiqəsində fərqlənən şagirdlər mükafatlandırılıblar.
Şagirdlər Fəxri fərmanla təltif edilib, onlara “Məktəblinin lüğəti” kitabı hədiyyə olunub.
Tarix: 4-08-2017, 11:20