Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2017-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyi tamam olur.
Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş xalq artisti Bülbülün 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2017-ci il
Tarix: 6-06-2017, 10:14