İlham Əliyev ümummilli liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
***
Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.
Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.
Əvvəlcə Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında dövlətimizin başçısının Sərəncamı oxundu.
Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim etdi.
Heydər Əliyev Mükafatına görə minnətdarlığını bildirən xalq şairi Nəriman HƏSƏNZADƏ dedi:
-Cənab Prezident, biz Sizin ədəbiyyatımıza, yaradıcı ziyalılarımıza göstərdiyiniz qayğını, diqqəti həmişə görmüşük, hiss etmişik. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Biz Sizin daxili, xarici siyasətinizi müdafiə edirik. Ulu öndərimiz çıxışlarının birində deyib ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Cənab Prezident, Siz bizim günəşimizsiniz. Ulu öndərimizi görüşlərin birində qarşılayanda mən bir şeir söyləmişəm. Həmin şeiri ulu öndər özü alqışlayıb. İcazə verin, o şeiri burada oxuyum:
Ey eşqim, vüqarım, sənətim, canım,
Ana çağırdığım, Azərbaycanım.
Açıb qollarımı mehri-ülfətlə,
Bağrıma basıram səni hörmətlə.
Sən de, ey adı ilə fərəhləndiyim,
Şanlı sədasıyla ürəkləndiyim.
Xalqımın istəkli, əziz övladı,
Şeirimin, sözümün qolu, qanadı.
Sənin hər istəyin, sənin hər arzun
Həyatda qoy şöhrət çələngi olsun.
Qaldırdın adını bu məmləkətin,
Andın müqəddəsdir, südün təmizdir.
Mənim taleyimdir sənin şöhrətin,
Tarixdə tarixi mərhələmizdir.
Gəlin, addımlayaq sülh cərgələrlə,
Gəlin, qabaqlayaq dövrü zamanı.
Daim alqışlayaq yalnız zəfərlə,
Ana dediyimiz Azərbaycanı!
Sizə, cansağlığı arzu edirəm, cənab Prezident. Sizə minnətdarlığımı bildirirəm.
***
Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olundu.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
Mükafata görə təşəkkürünü bildirən akademik Vasim MƏMMƏDƏLİYEV dedi:
- Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım.
Sözün doğrusu, bu qəfil məlumatdan özümü bir qədər itirdim. Çünki heç ağlıma gəlməzdi ki, mənim o kiçik əməyim, özüm üçün normal bir fəaliyyət dairəsi hesab etdiyim o kiçik əmək bu gün bizim dövlətimiz, bizim möhtərəm Prezidentimiz, bizim Birinci vitse-prezidentimiz tərəfindən belə yüksək mükafatla qiymətləndiriləcək. Mən buna görə Sizlərə çox minnətdaram.
Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, bu yüksək mükafatı mənə verdiyiniz üçün Sizə dərin hörmət və ehtiramımı bildirirəm.
Bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycanda bu gün çox gözəl siyasi, mənəvi iqlim var. Azərbaycanda insanlar arasında çox gözəl ünsiyyət var. Xalqla iqtidar arasında böyük birlik var. Bunların hamısının səbəbkarı bizim hörmətli Prezidentimiz və hörmətli birinci xanımımızdır. Mən həmişə bir şeyə fikir vermişəm ki, Mehriban xanım çox səmimidir, - təbii ki, bu məziyyət doğulduğu, tərbiyə aldığı ailədən gəlir, - mədəniyyətin, elmin hamilərindən biridir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatı, yaradıcılığı, fəaliyyəti bu gün Mehriban xanımın təşəbbüsü ilə araşdırılır və cəmiyyətə təqdim olunur. Cəmiyyət bilir ki, hər hansı bir şəxs müəyyən bir iş görürsə o, Mehriban xanımın nəzərindən qaçmayacaq. Necə ki, mənim kiçik fəaliyyətim də bu gün onun nəzərindən qaçmayıb və mən belə bir mükafata layiq görülmüşəm.
Onu da deyim ki, xalq bizim möhtərəm Prezidentimiz İlham Əliyevi və Mehriban xanım, Sizi çox sevir. Xalqın gözü tərəzidir. Xalq Sizin böyük xidmətlərinizi, fəaliyyətinizi çox yüksək qiymətləndirir. Bu da təbiidir. Mehriban xanım Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın, dilimizin, musiqimizin, rəngkarlığımızın, bütün incəsənətimizin nümayəndələrinin xidmətlərini sözün həqiqi mənasında görür, bilir və onları nə cür lazımdırsa mükafatlandırır.
Mən hesab edirəm ki, Siz xalqımızın maarifpərvər xanımlarının ənənələrini bu gün uğurla davam etdirirsiniz. Bu, müasir dövrdə incəsənətimizə, elmimizə, ədəbiyyatımıza, musiqimizə Sizin tərəfinizdən verilən böyük qiymətdir. Xalqımız Sizi həmişə çox sevəcək, çünki Siz buna layiqsiniz. Mən inanıram ki, Siz bizim hörmətli Prezidentimizlə qoşa qanad olaraq Azərbaycanı bundan sonra da yeni-yeni yüksəkliklərə qaldıracaqsınız.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Təntənəli mərasim bədii hissə ilə davam etdi.
Tarix: 6-06-2017, 09:49