Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 may 2019-cu il tarixində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb

 
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Azərbaycan Respublikasında ümumi təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində Azərbaycan xalqının dəyərlərinin və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. ümumi təhsil - təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi;
1.0.2. ümumi təhsil müəssisəsi - ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi;
1.0.3. ümumi orta təhsil - ümumi təhsilin icbari hesab olunan və məzunlarına dövlət təhsil sənədinin verilməsi ilə başa çatan səviyyəsi;
1.0.4. ümumtəhsil internat məktəbi - əqli və fiziki cəhətdən normal inkişaf etmiş və ya sağlamlıq imkanları məhdud olan, yaxud valideyn himayəsindən məhrum uşaqlar üçün sutkalıq fəaliyyət göstərmək şərti ilə ayrı-ayrılıqda yaradılan təhsil müəssisəsi;
1.0.5. ümumi təhsil pilləsinin səviyyələri - ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri;
1.0.6. ümumi təhsil müəssisəsinin akkreditasiyası - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilməsi prosesi;
1.0.7. ümumi təhsil müəssisələrində psixoloji xidmət - valideynlərlə, rəhbər və pedaqoji işçilərlə əməkdaşlıq yolu ilə şagirdlərin meyil və maraqlarının, təhsil, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara zəruri hallarda pedaqoji-psixoloji dəstək göstərilməsini təmin edən xidmət növü;
1.0.8. ümumi təhsilin dövlət standartı - ümumi təhsilin məzmununa, idarə olunmasına, infrastrukturuna, maddi-texniki və tədris bazasına, təhsilverənlərin keyfiyyət göstəricilərinə, təhsilalanların bilik, bacarıq və vərdişlərinə verilən minimum tələb və normaları əhatə edən ümumi normalar məcmusu;
1.0.9. ümumi təhsil proqramı (kurikulum) - fənlər üzrə kurikulumları, dərsdənkənar məşğələləri (fakültativ kursları), məktəbdənkənar təhsil proqramlarını, tədris planlarını özündə əks etdirən dövlət sənədi;
1.0.10. akkreditasiya şəhadətnaməsi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən və ümumi təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsinə hüquqi əsas yaradan sənəd;
1.0.11. azkomplektli məktəb - paralel siniflərsiz və şagirdlərinin ümumi sayı 100 nəfərdən az olan məktəb;
1.0.12. beynəlxalq akkreditasiya - ümumi təhsil müəssisənin fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun beynəlxalq təşkilatlar tərəfindən könüllü əsasda qiymətləndirilməsi;
1.0.13. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı - beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proq­ramı;
1.0.14. defektoloq - əqli və ya fiziki məhdudiyyətləri olan uşaqların təhsili və korreksiyası ilə məşğul olan ali təhsilli mütəxəssis;
1.0.15. dərsdənkənar məşğələ (fakültativ kurs) - şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ forması;
1.0.16. fənn kurikulumu - fənnin məqsəd və vəzifələrini, fənnin tədrisinə verilən tələbləri, ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələrini, təlim strategiyalarını, fəndaxili və fənlərarası inteqrasiyanı, qiymətləndirmə vasitələri və meyarlarını, təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələri özündə ehtiva edən sənəd;
1.0.17. günüuzadılmış qrup - dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda fəaliyyət göstərən və ibtidai sinif şagirdlərinin inkişafına yönəlmiş təşkilati forma;
1.0.18. himayəçilər şurası - ümumi təhsil müəssisəsinin fəaliyyətində, mövcud problemlərinin həllində yaxından iştirak edən, təhsil müəssisəsinə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən göstərilən yardımların toplanması, qeydiyyata alınması və istifadə olunmasına ictimai nəzarəti həyata keçirən, könüllülərdən ibarət özünüidarəetmə orqanı;
1.0.19. ibtidai təhsil - ümumi təhsilin birinci səviyyəsi;
1.0.20. icbari dispanserizasiya - uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemi;
1.0.21. inklüziv təhsil - sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaradılması və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi;
1.0.22. innovasiya (ümumi təhsildə) - təhsilin məzmunu, qiymətləndirilməsi və idarəolunması, təlim strategiyaları və metodikalarının keyfiyyətcə yaxşılaşdırılması sahəsində tətbiq edilən yeniliklər;
1.0.23. inteqrasiya (ümumi təhsildə) - təlim prosesini təşkil edən mərhələlər və müxtəlif fənlər üzrə məzmun standartları arasında üzvi əlaqələrin qurulmasını ehtiva edən didaktik prinsip;
1.0.24. inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı təhsil müəssisəsi;
1.0.25. qabaqcıl (yaradıcı) pedaqoji təcrübə - müəllim tərəfindən pedaqoji prosesdə orijinal metodlar, vasitələr, üsullar tətbiq edilməklə, pedaqoji ustalıq və novatorluq nümayiş etdirilməklə innovativ fəaliyyət nəticəsində səmərəli nəticələr əldə edilməsi;
1.0.26. loqoped - uşaqların nitq qüsurlarının korreksiyasını həyata keçirən ali təhsilli mütəxəssis;
1.0.27. məktəbəhazırlıq təhsili - 5 yaşlı uşaqların məktəb təliminə psixoloji hazırlığının təmin edilməsi məqsədilə təşkil edilən ümumi təhsilin ilk mərhələsi;
1.0.28. metodik şura - ümumi təhsil müəssisəsində metodik xidmətin təşkili və həyata keçirilməsini təmin edən qurum;
1.0.29. metodist - ümumi təhsil müəssisələrində müvafiq fənnin tədrisinə metodik rəhbərliyi həyata keçirən, müasir təlim metodları və texnologiyalarının tətbiqi üzrə müəllimlərə bələdçilik xidməti göstərən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.30. müəllim köməkçisi - inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;
1.0.31. pedaqoji fəaliyyət - təhsilalanların bilik və bacarıqlara yiyələnməsinə, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsinə, şəxsiyyət kimi formalaşmasına yönəlmiş fəaliyyət;
1.0.32. pedaqoji şura - ümumi təhsil müəssisəsinin kollegial ali idarəetmə orqanı;
1.0.33. sağlamlıq imkanları məhdud olan şəxs - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs;
1.0.34. sertifikatlaşdırılma - dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliy­yəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;
1.0.35. sinifdənxaric və məktəbdənkənar tədbir - ümumi təhsil müəssisəsində və ya ümumi təhsil müəssisəsindən kənar yerlərdə şagirdlərin əlavə bilik və bacarıqlar əldə etməsinə, dünyagörüşünün və məlumatlılıq səviyyəsinin genişlənməsinə, habelə asudə vaxtının səmərəli təşkilinə yönəlmiş tədbirlər;
1.0.36. stasionar təhsil - uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiy­yəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili;
1.0.37. tam orta təhsil - ümumi təhsilin ayrı-ayrı təmayüllər üzrə və ya təmayüllər olmadan təşkil edilən və məzunlarına dövlət təhsil sənədinin verilməsi ilə başa çatan üçüncü səviyyəsi;
1.0.38. tədris proqramı - hər bir fənnin kurikulumunda təsbit olunmuş məzmun standartlarının reallaşdırılmasına xidmət edən tədris vahidlərinin ümumi məcmusu;
1.0.39. təhsil xidmətləri - “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, o cümlədən ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdiyi xidmətlər;
1.0.40. təlim metodu - müəllim və şagird arasında proqramda nəzərdə tutulmuş bilik, bacarıq və vərdişlərin ötürülməsi və mənimsənilməsinə, təlimin öyrədici, inkişafetdirici və tərbiyəedici məqsədlərinə nail olunmasına xidmət edən qarşılıqlı proses;
1.0.41. təlim strategiyası - psixoloji və didaktik prinsiplər əsasında müəyyən edilib təhsil prosesində tətbiq olunan forma, metod, üsul və vasitələrin məcmusu;
1.0.42. təmayülləşmə - tam orta təhsil səviyyəsində təlimin şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə müvafiq fənlərə üstünlük verilməklə xüsusi tədris planı və proqramları əsasında təşkili;
1.0.43. xüsusi təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil alması üçün xüsusi dövlət təhsil standartları və proq­ramları əsasında təhsil prosesini həyata keçirən təhsil müəssisəsi.
Maddə 2. Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunlarından, bu Qanundan, ümumi təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Ümumi təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətləri tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.
2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri yanındakı təhsil müəssisələrinə şamil edilmir.
Maddə 3. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri və istiqamətləri
3.1. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.1.1. humanistlik - Azərbaycan xalqının dəyərlərinin və ümumbəşəri dəyərlərin, şəxsiy­yətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
3.1.2. bərabərlik - ümumi təhsilin əlçatanlığı, bütün şagirdlər üçün bərabər təhsil şəraitinin yaradılması və onların təhsil hüququnun təmin edilməsi;
3.1.3. inteqrasiya - ümumi təhsil sisteminin mütərəqqi beynəlxalq təhsil təcrübələrinə uy­ğunlaşdırmaqla inkişaf etdirilməsi;
3.1.4. keyfiyyətlilik - ümumi təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.1.5. varislik - ümumi təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə ötürülməsi;
3.1.6. çeviklik - ümumi təhsil sisteminin sosial-iqtisadi həyatda baş verən dəyişikliklərə adekvat uyğunlaşması, yeniliklərin qiymətləndirilib vaxtında tətbiq edilməsi;
3.1.7. fasiləsizlik, vəhdətlik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında qarşılıqlı əlaqənin təmin olunması;
3.1.8. demokratiklik - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkili və idarə edilməsinin genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması.
3.2. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
3.2.1. ümumi təhsilin məzmununun fərdin, cəmiyyətin və dövlətin tələblərinə, elmi-texniki tərəqqinin inkişafına çevik uyğunlaşdırılması;
3.2.2. ümumi təhsilin inkişafı üçün stimullaşdırıcı tədbirlərin tətbiqi;
3.2.3. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili;
3.2.4. ümumi təhsilin müasir infrastrukturunun yaradılması və davamlı inkişafının təmin edilməsi;
3.2.5. ümumi təhsilin inkişafı üzrə dövlət proqramlarının təsdiqi və həyata keçirilməsi;
3.2.6. ümumi təhsil sisteminin dayanıqlı maliyyələşdirilməsinin təmin edilməsi;
3.2.7. təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsi.
Maddə 4. Ümumi təhsil sahəsində dövlətin vəzifələri
4.0. Ümumi təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. ümumi təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.0.2. ümumi təhsil sisteminin inkişaf prioritetlərini müəyyənləşdirmək;
4.0.3. ümumi təhsil sisteminin inkişafı məqsədilə dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;
4.0.4. ümumi təhsilə dair normativ hüquqi aktlar qəbul etmək;
4.0.5. ümumi təhsilin dövlət standartlarını təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;
4.0.6. sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartlarını təsdiq etmək;
4.0.7. ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydasını təsdiq etmək;
4.0.8. ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarət etmək;
4.0.9. dövlət ümumi təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
4.0.10. dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
4.0.11. tədris ilinin müddətini müəyyən etmək;
4.0.12. ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada hazırlanmasını təmin etmək;
4.0.13. ümumi təhsil müəssisələrinin tədris, metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
4.0.14. özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq etmək və dəstəkləmək, onlara metodik kömək göstərmək;
4.0.15. ümumi təhsil müəssisələrinin infrastrukturuna, tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena və təhlükəsizlik tələblərini, şagird yerləri ilə təminat normativlərini təsdiq etmək;
4.0.16. dövlət ümumi təhsil müəssisələrinin nümunəvi ştatlarını və xərc normalarını müəyyən etmək;
4.0.17. ümumi təhsil sistemində çevik idarəetmə və qərar qəbul etməni təmin edən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemini (TMİS) yaratmaq və onun digər təhsil pillələri üzrə elektron məlumat bazalarına inteqrasiyasını təmin etmək;
4.0.18. təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqinə, təhsilverənlərin peşəkar inkişafına şərait yaratmaq;
4.0.19. ümumi təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
4.0.20. ümumi təhsil müəssisəsinin fəaliy­yətinə lisenziya vermək və ya onu ləğv etmək;
4.0.21. ümumi təhsil müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək, akkreditasiyanı və sertifikatlaşdırılmanı həyata keçirmək;
4.0.22. ümumi təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək və dövlət ümumi təhsil müəssisəsində tibbi xidməti təmin etmək;
4.0.23. ümumi təhsil sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə inves­tisiya mühitinin yaradılmasını təmin etmək;
4.0.24. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaq hüququnu təmin etmək;
4.0.25. dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim formalarının təsvirlərini təsdiq etmək;
4.0.26. ümumi təhsil pilləsində təhsilalanların attestasiyası, yekun attestasiyası qaydalarını müəyyən etmək və yekun attestasiyanı həyata keçirmək;
4.0.27. ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normasını müəyyən etmək;
4.0.28. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirmək;
4.0.29. dövlət ümumi təhsil müəssisələrinin pedaqoji kadrlara tələbatını müəyyən etmək, pedaqoji kadrların işə qəbulu qaydalarını təsdiq etmək və kadr təminatını həyata keçirmək;
4.0.30. məktəb yaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin etmək, icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
4.0.31. ümumi təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını təsdiq etmək;
4.0.32. ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil etmək.
Maddə 5. Ümumi təhsil hüququna dövlət təminatı
5.1. Dövlət hər bir vətəndaşın ümumi təhsil alması üçün müvafiq şərait yaradılmasına təminat verir və ümumi təhsilin hər hansı səviy­yəsindən və formasından məhrum edilməsinə yol vermir.
5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiy­yətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə qəbul olunmada, biliyin qiymətləndirilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində və digər məsələlərdə cinsindən asılı olmayaraq hər bir vətəndaşa bərabər imkanlar yaradılmasını təmin edir.
5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır.
5.5. Dövlət ümumi təhsil sahəsində istedadlı uşaq və gənclərin vaxtında aşkar olunması, inkişafı və dəstəklənməsinə, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir.
Maddə 6. Tədris dili
6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir.
6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər.
6.3. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.
6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər.
6.5. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.
2-ci fəsil
ÜMUMİ TƏHSİLİN TƏŞKİLİ
Maddə 7. Ümumi təhsilin mahiyyəti və məqsədi
7.1. Ümumi təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.
7.2. Ümumi təhsil aşağıdakı məqsədlərə xidmət edir:
7.2.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, xalqının adət və ənənələrinə, insan hüquqları və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək;
7.2.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq;
7.2.3. təhsilalanların Azərbaycan xalqının dəyərləri və bəşəri dəyərlər ruhunda tərbiyə olunmasını, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin etmək.
Maddə 8. Ümumi təhsilin dövlət standartları
8.1. Ümumi təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.
8.2. Ümumi təhsilin dövlət standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
8.3. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, ümumi təhsil müəssisələrində təhsil ümumi təhsilin dövlət standartlarına uyğun təşkil edilir.
8.4. Ümumi təhsilin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini, həmçinin tədris olunan fənləri, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ (fakültativ kurs) saatlarının ümumi miqdarını, ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri, ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini müəyyən edir.
8.5. Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları tətbiq edilir.
8.6. Ümumi təhsil müəssisəsinin akkreditasiyasında, təhsilalanların attestasiyasının aparılmasında və yekun attestasiyasında dövlət təhsil standartları əsas götürülür.
Maddə 9. Ümumi təhsil proqramı (kurikulum)
9.1. Ümumi təhsil proqramı (kurikulum) səviyyələr üzrə ümumi təhsilin məzmununu müəyyənləşdirir.
9.2. Ümumi təhsil proqramı (kurikulum) ümumi təhsilin dövlət standartlarına və ümumi təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
9.3. Ümumi təhsil proqramına (kurikuluma) daxildir:
9.3.1. fənlər üzrə kurikulumlar;
9.3.2. dərsdənkənar məşğələlər (fakültativ kurslar);
9.3.3. məktəbdənkənar təhsil proqramları;
9.3.4. tədris planları.
9.4. Fənn kurikulumuna daxildir:
9.4.1. fənnin məqsəd və vəzifələri;
9.4.2. fənnin tədrisinə verilən tələblər;
9.4.3. ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələri;
9.4.4. təlim strategiyaları;
9.4.5. fəndaxili və fənlərarası inteqrasiya;
9.4.6. qiymətlən¬dirmə vasitələri və meyarları;
9.4.7. təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələr.
9.5. Ümumi təhsil müəssisələrində təhsilalanlara tədris edilən ümumi təhsil fənləri dövlət təhsil proqramları əsasında keçirilir.
9.6. Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial bacarıqlarının inkişafını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçirilir.
9.7. Müvafiq maddi-texniki bazası və ixtisaslı kadr potensialı olduğu halda, Azərbaycan Respublikasının ümumi təhsil sistemində beynəlxalq təhsil proqramları da həyata keçirilə bilər.
Maddə 10. Ümumi təhsilin məzmununa verilən ümumi tələblər
10.1. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:
10.1.1. fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının təmin edilməsi;
10.1.2. təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsinin təmin olunması;
10.1.3. şəxsiyyətin formalaşması üçün təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, həyati bacarıq və dəyərlərə yiyələnməsinin təmin edilməsi;
10.1.4. ümumi təhsil pilləsində verilmiş biliklərin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının təmin edilməsi;
10.1.5. istedadın reallaşması və inkişafının təmin edilməsi.
Maddə 11. Ümumi təhsil sisteminin quruluşu
11.1. Ümumi təhsil sisteminə aşağıdakılar daxildir:
11.1.1. bütün ümumi təhsil müəssisələri, ümumi təhsil prosesi ilə məşğul olan və ümumi təhsil xidmətləri göstərən digər qurumlar, ümumi təhsil fəaliyyəti ilə bağlı informasiya mərkəzləri, idman, sağlamlıq və istirahət düşər­gələri, ümumi təhsili idarəetmə orqanları və onların tabeliyindəki qurumlar;
11.1.2. ümumi təhsil sahəsində fəaliyyət gös­tərən qeyri-hökumət təşkilatları, assosiasiya və cəmiyyətlər, elmi-metodik şuralar.
11.2. Ümumi təhsilin səviyyələri aşağıdakılardır:
11.2.1. məktəbəhazırlıq mərhələsi (5 yaş);
11.2.2. ibtidai təhsil (I-IV siniflər);
11.2.3. ümumi orta təhsil (V-IX siniflər);
11.2.4. tam orta təhsil (X-XI siniflər).
Maddə 12. Ümumi təhsil müəssisəsi
12.1. Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir.
12.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, ümumi təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.
12.3. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələri fəaliyyət göstərir.
12.4. Ümumi təhsil müəssisəsi öz fəaliy­yətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
12.5. Ümumi təhsil müəssisəsində iş rejimi müəssisənin Pedaqoji Şurası tərəfindən müəyyən edilir.
12.6. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılır.
12.7. Özəl ümumi təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
12.8. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
12.9. Dövlət ümumi təhsil müəssisəsinin nizamnaməsi və ona dəyişikliklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
12.10. Bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla təsdiq edilir.
12.11. Ümumi təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
12.12. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələri Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (TMİS-ə) və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.
12.13. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün təsvirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.
12.14. Ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:
12.14.1. ibtidai ümumtəhsil məktəbi;
12.14.2. ümumi orta ümumtəhsil məktəbi;
12.14.3. tam orta ümumtəhsil məktəbi;
12.14.4. lisey;
12.14.5. gimnaziya;
12.14.6. ümumtəhsil internat məktəbi;
12.14.7. inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
12.14.8. inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
12.14.9. xüsusi məktəb;
12.14.10. xüsusi internat məktəbi;
12.14.11. inteqrasiya təlimli internat tipli gimnaziya;
12.14.12. valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;
12.14.13. digər məktəblər.
12.15. Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
12.16. Təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədi ilə ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil edilir.
Maddə 13. Ümumi təhsilin təşkili
13.1. Ümumi təhsil müəssisəsində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.
13.2. Ümumi təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə əlavə biliklər və şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin edir.
13.3. Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.
13.4. Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər.
13.5. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
13.6. Ümumtəhsil məktəbi ibtidai, ümumi orta, tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.
13.7. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.
13.8. Ümumi təhsil müəssisəsində ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə günüuzadılmış qruplar yaradılır.
13.9. Ümumi təhsilin səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.10. Tədris ilinin müddətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
13.11. Ümumi təhsil ümumi təhsil müəssisələrində, peşə və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilir.
13.12. Ümumi təhsil sistemində təhsilalanların idman və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur. Məktəbdənkənar təhsil məktəbdənkənar (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.) və ümumi təhsil müəssisələrində həyata keçirilir.
13.13. Ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.
13.14. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
13.15. Ümumi orta təhsilin məqsədi təhsil­alanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.
13.16. Tam orta təhsil səviyyəsində təhsil­alanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.
13.17. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesi dövlət təhsil standartlarına uyğun hazırlanmış və ya beynəlxalq səviyyədə akkreditasiya olunan müvafiq təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.
13.18. Ümumi təhsilin tam orta təhsil səviy­yəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.
13.19. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar.
13.20. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
13.21. Xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsil­alanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.
13.22. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.23. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.
13.24. Ümumi təhsil müəssisəsində formal təhsil həyata keçirilir.
13.25. Ümumi təhsilin səviyyələri üzrə təhsilalma formaları aşağıdakı kimi müəyyən edilir:
13.25.1. ibtidai təhsil - əyani, sərbəst (eksternat);
13.25.2. ümumi orta - əyani, sərbəst (eksternat);
13.25.3. tam orta - əyani, sərbəst (eksternat).
13.26. Bu Qanunda müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.
13.27. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Həmin olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.28. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
13.29. Təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə ümumi təhsil müəssisələrində peşəyönümü xidməti təşkil edilir. Peşəyönümü xidməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 14. Ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyası
14.1. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsil­alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi və dövlət təhsil sənədinin verilməsi məqsədi ilə ümumi təhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI sinif) təhsilalanların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada yekun attestasiyası keçirilir.
14.2. Təhsilalanların nailiyyətlərinin izlənilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada təhsilalanların attestasiyası (məktəbdaxili qiymətləndirmə) təşkil edilir.
14.3. Ümumi təhsil sistemində baş verən dəyişiklikləri və kurikulumların keyfiyyətini dəyərləndirmək məqsədi ilə ümumi təhsil müəssisələrində ölkə səviyyəli qiymətləndirmə keçirilir.
14.4. Təhsilin vəziyyəti barədə məlumatlar əldə etmək, nəticələri digər ölkələrin nəticələri ilə müqayisə etmək və ümumi təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ümumi təhsil müəssisələrinin beynəlxalq qiymətləndirmə proqramlarında iştirakı barədə qərar qəbul edə bilər.
Maddə 15. Ümumi təhsil müəssisəsinin təsisçisi
15.1. Ümumi təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
15.2.Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan ümumi təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.
15.3. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilir.
15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 16. Ümumi təhsil fəaliyyətinin lisenziyalaşdırılması və ümumi təhsil müəssisəsinin akkreditasiyası
16.1. Azərbaycan Respublikasında ümumi təhsil müəssisəsinin (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.
16.2. Ümumi təhsil müəssisələrinə lisenziya müddətsiz verilir.
16.3. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
16.4. Ümumi təhsil müəssisəsi ümumi təhsilin dövlət standartlarının tələblərini yerinə yetirmədikdə, lisenziyası “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırılır və ya ləğv edilir.
16.5. Ümumi təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, zəruri hallarda beynəlxalq standartlara və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və ümumi təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsi, onun idarə olunması, maliyyələşdirilməsi və inkişafına dair qərarların qəbul olunmasına əsas yaradır.
16.6. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir ümumi təhsil müəssisəsi akkreditasiyadan keçirilir.
16.7. Ümumi təhsil müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur.
16.8. Akkreditasiyadan keçən ümumi təhsil müəssisəsinə akkreditasiya şəhadətnaməsi verilir. Akkreditasiya şəhadətnaməsinin qüvvədə olma müddəti 5 (beş) ildir.
16.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmamışdırsa, beynəlxalq akkreditasiyadan keçmə ümumi təhsil müəssisəsini dövlət akkreditasiyasından keçməkdən azad etmir.
16.10. Ümumi təhsil müəssisəsi akkreditasiyanın keçirilməsi məqsədilə tələb olunan məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təqdim olunmasına görə cavabdehlik daşıyır.
16.11. Ümumi təhsil müəssisəsinin akkreditasiyadan keçə bilməməsi onun lisenziyasının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğvi üçün əsasdır.
Maddə 17. Ümumi təhsil haqqında dövlət sənədi
17.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviy­yələri üzrə bitirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat verilir.
17.2. Ümumi təhsili başa vuran məzunlara nailiyyətlərinə görə attestat, fərqlənmə attestatı və xüsusi nümunəli attestat verilir.
17.3. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
17.4. Müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada arayış verilir.
Maddə 18. Ümumi təhsil müəssisəsində psixoloji xidmət
18.1. Ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada psixoloji xidmət təşkil olunur.
18.2. Ümumi təhsil müəssisələrində psixoloji xidmət ixtisaslı psixoloq (məktəb psixoloqu) tərəfindən həyata keçirilir.
18.3. Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 19. Ümumi təhsil müəssisəsində iaşə və tibbi xidmət
19.1. Ümumi təhsil müəssisələrində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada iaşə və tibbi xidmət təşkil edilir.
19.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq ümumi təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilir.
19.3. Mülkiyyət növündən və tabeçiliyindən asılı olmayaraq ümumi təhsil müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhsilalanların icbari dispanserizasiyası həyata keçirilir.
19.4. İcbari dispanserizasiyanın nəticələrinə uyğun olaraq, təhsilalanlara ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım göstərilir.
19.5. Ümumi təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
19.6. Ümumi təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
3-cü fəsil
ÜMUMİ TƏHSİL SİSTEMİNİN İDARƏ OLUNMASI, TƏHSİL 
SUBYEKTLƏRİNİN HÜQUQLARI, VƏZİFƏLƏRİ
VƏ SOSİAL MÜDAFİƏSİ
Maddə 20. Ümumi təhsil müəssisəsinin idarə olunması
20.1. Ümumi təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
20.2. Dövlət ümumi təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət ümumi təhsil müəssisəsinin rəhbəri, bələdiyyə ümumi təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə ümumi təhsil müəssisəsinin rəhbəri, özəl ümumi təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş özəl ümumi təhsil müəssisəsinin rəhbəri həyata keçirir.
20.3. Ümumi təhsil müəssisəsi rəhbərinin səlahiyyətləri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və öz nizamnaməsi ilə müəyyən edilir.
20.4. Dövlət ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət gös­tərən Pedaqoji Şuradır. Pedaqoji Şura müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş əsasnaməyə və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun fəaliyyət göstərir.
20.5. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.
20.6. Ümumi təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində digər özünüidarə orqanları (himayəçilər, qəyyumlar, valideynlər və s. şuralar) yaradıla bilər.
Maddə 21. Ümumi təhsil prosesinin iştirakçıları
21.0. Ümumi təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
21.0.1. təsisçilər;
21.0.2. təhsilalanlar (uşaqlar, şagirdlər);
21.0.3. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər;
21.0.4. tədrisə köməkçi heyət - tibbi xidmət işçiləri və digər işçilər;
21.0.5. valideynlər və ya digər qanuni nümayəndələr;
21.0.6. təhsili idarəetmə orqanları və bələdiyyələr;
21.0.7. ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.
Maddə 22. Ümumi təhsil sahəsində təhsil­alanların hüquq və vəzifələri
22.1. Ümumi təhsil sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.
22.2. Ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır:
22.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək;
22.2.3. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
22.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
22.2.5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
22.2.6. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
22.2.7. ümumi təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
22.2.8. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək;
22.2.9. ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək;
22.2.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;
22.2.11. qanunda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
22.3. Ümumi təhsil müəssisələri şagirdlərinin təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
22.4. Ümumi təhsil sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır:
22.4.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
22.4.2. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
22.4.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək;
22.4.4. pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmət və ehtiramla yanaşmaq;
22.4.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk etmək;
22.4.6. öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək;
22.4.7. sağlam həyat tərzi keçirmək;
22.4.8. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 23. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri
23.1. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlə təhsilverən arasında bağlanılan əmək müqaviləsi ilə tənzimlənir.
23.2. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:
23.2.1. təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq;
23.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;
23.2.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
23.2.4. tədrisin forma, metod və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;
23.2.5. yeni ixtisas almaq, staj keçmək, ixtisas dərəcəsini yüksəltmək;
23.2.6. mükafatlandırılmaq və təltif olunmaq;
23.2.7. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
23.2.8. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
23.3. Ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:
23.3.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
23.3.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək;
23.3.3. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;
23.3.4. ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək;
23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;
23.3.6. təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
23.3.7. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
23.3.9. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
23.3.10. əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;
23.3.11. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;
23.3.12. məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
23.3.13. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 24. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
24.1. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquqları aşağıdakılardır:
24.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
24.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
24.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
24.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
24.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
24.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri aşağıdakılardır:
24.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
24.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
24.2.3. məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;
24.2.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
24.3. Övladını təhsildən yayındıran valideynlər bu Qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 25. Ümumi təhsil müəssisəsində təhsilalanların sosial müdafiəsi
25.1. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar.
25.2. Özəl ümumi təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə müəyyən edilir.
25.3. Ümumi təhsil müəssisələrində təhsil­alanlar üçün bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunlarına və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər.
Maddə 26. Ümumi təhsil sahəsində təhsilverənlərin sosial müdafiəsi
26.1. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsinə dövlət təminat verir.
26.2. Ümumi təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin müəssisənin nizamnaməsi ilə müəyyən edilir.
26.3. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərinin vəzifə maaşı və ona əlavələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
26.4. Dövlət və bələdiyyə ümumi təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsait hesabına təhsilverənlərə və ümumi təhsil müəssisəsinin digər işçilərinə əlavə stimullaşdırıcı ödənişlər təyin edə bilər.
26.5. Sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin vəzifə maaşına əlavələr olunur.
26.6. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 27. Pedaqoji fəaliyyətlə məşğul olma
27.1. Ümumi təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
27.2. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
27.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
27.2.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
27.2.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
27.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.
27.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Maddə 28. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması
28.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
28.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:
28.2.1. hamilə qadınlar;
28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
28.2.3. ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
28.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
28.3. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.
28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
4-cü fəsil
ÜMUMİ TƏHSİLİN İQTİSADİYYATI
Maddə 29. Ümumi təhsil sistemində mülkiyyət münasibətləri
29.1. Ümumi təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçi (təsisçilər), hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də bu Qanunda və nizamnaməsində əksini tapan fəaliyyət nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
29.2. Ümumi təhsil müəssisəsi mülkiy­yətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
29.3. Ümumi təhsil müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan vəsait, həmçinin qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
29.4. Dövlət ümumi təhsil müəssisəsinin özəlləşdirilməsinə, ümumi təhsil müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir.
29.5. Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 30. Ümumi təhsil müəssisəsinin maliyyələşdirilməsi
30.1. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq, ümumi təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
30.1.1. dövlət büdcəsinin vəsaiti;
30.1.2. təsisçinin (təsisçilərin) vəsaiti;
30.1.3. dövlət fondlarının vəsaiti;
30.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsait;
30.1.5. kreditlər, qrantlar, ianələr;
30.1.6. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
30.1.7. qanuna və nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsait.
30.2. Dövlət ümumi təhsil müəssisəsinin maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi maliyyə normativlərinə əsasən həyata keçirilir.
30.3. Dövlət ümumi təhsil müəssisəsinin əldə etdiyi büdcədənkənar vəsait ona dövlət büdcəsindən ayrılan vəsaitin miqdarına təsir gös­tərmir və nizamnaməsinə uyğun sərbəst istifadə edilir.
30.4. Zəruri hallarda müvafiq icra hakimiy­yəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
30.5. Dövlət, ümumi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədilə təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi üçün qrantlar ayrılmasını təmin edir.
30.6. Özəl ümumi təhsil müəssisəsi öz maliyyə vəsaitini sərbəst idarə edir.
30.7. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsində təhsil haqqının məbləği təhsil proq­ramlarına uyğun olaraq sərbəst müəyyən edilir.
30.8. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
30.9. Ümumi təhsil müəssisəsinin əldə etdiyi vəsait bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən təhsilalan­ların stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
Maddə 31. Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti
31.1. Ümumi təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi sahibkarlıq növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər.
31.2. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumi təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri, ödənişli əsaslarla dərnəklər, maraq kursları, əlavə məşğələlər keçirilə, sərgilər və s. təşkil oluna bilər.
31.3. Ümumi təhsil müəssisəsinin işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
31.4. Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi vəsait bilavasitə təhsilin inkişafına, təhsilalanların həvəsləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
31.5. Ümumi təhsil müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
5-ci fəsil
YEKUN MÜDDƏALAR
 
Maddə 32. Ümumi təhsil sahəsində beynəlxalq əməkdaşlıq
32.1. Ümumi təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
32.2. Ümumi təhsil müəssisəsinin bu Qanuna, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, beynəlxalq təcrübədən yararlanmaq, xarici ölkələrin ümumi təhsil müəssisələri, təşkilatları və fondları ilə əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək hüququ vardır.
Maddə 33. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
 
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2019-cu il


Tarix: 12-06-2019, 11:02

Xəbəri paylaş