Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqla birlikdə Novruz şənliklərində iştirak ediblər
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Novruz xalqın milli təfəkkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir. Ona görə də Novruzun timsalında ölkəmizdə malik olduğumuz milli mədəniyyət nümunələrinin qorunub saxlanmasının özü belə, bir mədəniyyət və bəşər əhəmiyyətli hadisədir. Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.
Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəldilər.Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət etdilər.
Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası ilə tanış oldular. Dövlətimizin başçısı və birinci xanım gənc rəssamların əsərlərinin sərgisinə baxdılar.
Sonra Prezident İlham Əliyev Novruz şənliyində iştirak edən xarici ölkələrin vətəndaşları ilə görüşüb söhbət etdi.
Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış oldular. İçərişəhərin qala divarları üstündə qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verdi, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayaraq dedi:
-Xoş gəlmisiniz, gəlişiniz bərəkətdir, ruzidir. Elimizdən, obamızdan heç vaxt ruzi-bərəkət əskik olmasın. Uca dağlarımız yıxılmasın, kölgəli ağaclarımız kəsilməsin, gur-gur axan təmiz sularımız qurumasın, çapa-çapda ağ-boz atlarımız büdrəməsin, çarpışanda qılıncımız kütləşməsin, evimizdə çırağımız daim yansın. Qoy, üçrəngli bayrağımız zirvələrdə dalğalansın, düşmənlərimiz xar, dostlarımız var olsun. Heç kəs düşmənə möhtac olmasın. Bayramınız mübarək olsun. Prezident İlham Əliyev: Bayramınız mübarək olsun. Bahar qızı dövlətimizin başçısına bayram xonçası təqdim etdi. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər. Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində İçərişəhərdə təşkil edilən yarmarka ilə tanış oldular.
Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova Prezident İlham Əliyevə miniatür kitablar hədiyyə etdi. Dövlətimizin başçısı və xanımı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ilə xatirə şəkli çəkdirdilər.
Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müasir Azərbaycan rəssamlarının rəsmlərinə baxdılar. Sonda dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənətkarlarla söhbət etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət etdilər.
İçərişəhərə göstərilən daimi diqqət və qayğı Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin tərkib hissəsidir. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolu var. İçərişəhər sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq etdilər.
Sonra “Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlətimizin başçısı və xanımı ansamblın üzvləri ilə xatirə şəkli çəkdirdilər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırdı.
Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəində verilən dəyərin təzahürüdür. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Tarix: 10-04-2019, 13:42