Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ali təhsildə mühazirənin mənimsədilməsi təcrübəsindən


 Yədulla Ağazadə,
Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri üzrə elmlər doktoru, Əməkdar müəllim
  E-mail:
 yedulla.ağ[email protected]


Şahrza Ağayev,
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.
E-mail: [email protected]

 



“Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir”.
 İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti

 
    Təhsil ictimai həyatın bir sahəsi olub cəmiyyət üzvlərinin vətəndaş, şəxsiyyət kimi yetişdirilməsi, sosial həyata və səmərəli əmək fəaliyyətinə mütəxəssis-kadr kimi hazırlanması ilə məşğul olur.
   Məlumdur ki, təhsil sahəsində aparılan bütün islahatların məqsədi onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Hər hansı sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə edir. Kurikulumun tələbinə görə, təhsilin keyfiyyəti əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara nisbəti ilə müəyyənləşib və öyrənənin nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə şərtlənir.

   Təhsil bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Əməkdaşlıq pedaqogikasının imkanlarına görə  bu aktual mövzunun təcrübə baxımından real təhlilini zəruri sayırıq.Mühazirə tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elmin metodlarının sistemli, ardıcıl şəkildə şərh edilməsidir. Mənimsəmə sözünün terminoloji mənası “hazır şəkildə verilən biliyi  yadda saxlamaq və tətbiq etmək” deməkdir. "Mühazirə" sözü latınca "lection" - oxu anlamında olub qədim Yunanıstanda ortaya çıxmış və orta əsrlərdə daha da inkişaf etdirilmişdir. Bütün hallarda mühazirələr aydın və ifadəli şəkildə təqdim edilməlidir.Aristotelin dediyi kimi: "Şifahi ifadənin ləyaqəti aydın olmalıdır". Müəllim mühazirədən tələbələrlə çoxfunksiyalı qarşılıqlı əlaqə vasitəsi kimi istifadə edib, didaktik məqsəd və vəzifələri tam həyata keçirib, taktika və tədris strategiyalarını məharətlə uyğunlaşdıra bilir. Ali məktəbdə çalışdığımız uzun illərin pedaqoji əməkdaşlığından qazandığımız təcrübəyə əsasən deyə bilərik  ki, gənc müəllimlər üçün, ilk növbədə, onların mühazirə səriştəsini inkişaf etdirməyə yönəlmiş xüsusi təlimlər təşkil etmək lazımdır. 
   Ali təhsildə mühazirə dərsliyin və ya digər  mənbələrin sadə təkrarı deyil, müəllimin konkret bilik sahəsində şəxsi elmi-pedaqoji yaradıcılığıdır. Əsl müəllim, peşə üzrə mühazirələrə həmin ərəfədə yox, həmişə, bütün pedaqoji fəaliyyəti dövründə hazırlaşmalıdır.
   Mühazirələr məzmununa görə bir-birindən fərqlənsə də, tətbiq olunan ümumi struktur və metodoloji baza mövcuddur. Buraya mühazirə planı və ona uyğun imtahan biletlərinin tərtib edilməsinə xidmət edə biləcək əsas sualların adları daxildir.
   Mühazirə təqdim olunan materialın qurulması və yerləşdirilməsi üçün ciddi düşünülmüş bir sistem tələb edir.Tələbələr onu aydın, ardıcıl və bir-biri ilə əlaqəli müddəalar, nəticə və  tezislər şəklində təsvir edə bilsinlər. Bunun üçün müəllim öyrədiləcək tədris materialının ilkin quruluşunun necə olması barədə düşünməli və planlaşdırmalıdır. Mühazirə üçün metodik hazırlıqla bağlı öncül şərtlərə daxildir: əsas məzmunu, yarımbölmələr, vaxtın təxmini hesablanması, lazımi illüstrasiyalar, nümunələr, istifadə olunan texniki vasitələr, sitatlar, tövsiyə olunan ədəbiyyat. Mühazirənin əsas müddəaları, nəticələri, tərtibatları tələbələr tərəfindən sistemli qeydlər üçün bir qədər yavaş tempdə təqdim olunması arzuolunandır. Tezis şəklində hazırlanmış mühazirənin xülasəsinin olması da məqsədəuyğundur. 
    Müşahidələrdən məlum olur ki, ali təhsilin gənc müəllimləri   mühazirənin tam mətnini yazmağa çalışırlar. Konkret sistemlə yazılan mühazirələr gələcək dərsliklər, eləcə də məzmununu yeniləmək və təkmilləşdirmək üçün qiymətli materialdır.
   Mühazirə materialını təqdim edərkən müəllim tələbələrin qeyd aparmasını təmin etməlidir. Bu barədə dörd yanaşma bildirilir:Materialı qısa, sərbəst formada, əsasən nəticə, qayda, qanun və düsturlarla mənimsətmək; Bütün mühazirə materiallarını tezis formasında yazmaq; Mühazirənin geniş qeydini diktə olunan qədər yadda saxlamaq; Evə gəldikdən sonra mühazirədən yaddaşda qalan hər şeyi xatırlamaq. 
   Psixoloji baxımdan qısamüddətli yaddaşa güvənmək olmaz. D.İ.Mendeleyev haqlı olaraq deyib ki: “Yazılmamış fikir itirilmiş xəzinədir”. Mühazirələrdə tələbə davranışının psixoloji tədqiqi yazılı materialın daha yaxşı yadda saxlanmasına kömək etdiyini təsdiqləyir. Bundan əlavə, yazmaq deyil, yalnız dinləyən tələbə daha tez ifadə edir və bununla da gələcək mütəxəssisin metodik mədəniyyətini formalaşdırır. Mühazirələrdə müəllim elmin fundamental əsaslarını sistemli şəkildə təqdim etməklə yanaşı, öz elmi fikirlərini, öyrənilən mövzuya münasibətini, onun mahiyyətini və onların hazırkı vəziyyətinin  işıqlandırılmasına səy göstərməlidir.
   
    Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində hələ də sovet dövründən qalma  qaydalarda aparılan mühazirələr davam edir. Köhnədən qalan saralmış vərəqlərdə yazılmış tədris mətnləri ilə auditoriyalara daxil olub mühazirə oxuyanlar materialı məqsədəuyğun mənimsətməyə nail ola bilməzlər.Ali məktəblərimizdə  Boloniya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi tətbiq olunur. Bu sistemə görə, tələbələrin mühazirə yazması vacib hesab edilmir. Əsas şərt tələbənin verilən tapşırığı (mühazirəni) mənimsəməsi və imtahanlarda uğurla cavab verməsidir. Çoxillik təcrübəmizdən deyə bilərik ki, mühazirələrin İKT vasitəsilə yayılması (tələbələrin elektron poçtlarına ötürülməsi və s.) daha məqsədəuyğun və səmərəli olur. Yaxşı mənimsənilən mühazirə imtahanda qələbə qazanmağın açarıdır. Müəllimin sinifdə diktə etdiyi bütün lazımi məlumatları yazmağa vaxt ayırmaqdansa, işi düzgün quraraq texnolojiləşdirmək vacibdir. Müəllim mövzu haqqında mühazirə söyləyəndə auditoriya ilə dialoqda olmalı, tələbələri maraqlandıran suallara cavab verməlidir. Dünya təcrübəsindən də məlumdur ki, uzunmüddətli imla formasında olan yorucu mühazirələr tələbələr tərəfindən maraqla qarşılanmır. Dünyanın qabaqcıl universitetlərində artıq bu metoddan istifadə edilmir və tələbələrin mühazirədə iştirakı da vacib sayılmır. Mühazirələrdə iştirak etmək könüllüdür. Mühazirənin audio diski və mətni müəyyən edilmiş xüsusi portallarda yerləşdirilir və tələbələr sərbəst şəkildə istifadə edərək mövzu haqqında məlumat əldə edirlər. 
   
    Dünyanın ən nüfuzlu ali məktəblərinin təcrübəsindən və şəxsi fəaliyyətimizlə bağlı çıxış edərək bildiririk ki, tədris prosesində mühazirələri daha effektli və dinamik etmək üçün aşağıda qeyd olunan təkliflərin nəzərə alınması zəruridir: Mühazirədən əvvəl hazırlıq mərhələsinin məqsədəuyğunluğu; əlavə təlim videolarının seçilməsi, internet saytlarını və akademik məqalələri müəyyən etmək; "yaxşı başlanğıc uğurlu sonluq deməkdir" fikrinə sadiqlik; ilk dərsdən tələbələrin diqqətini cəlb etmək; müəllim ozü "kəşf" etməli; mühazirədə iştirak edənlərin hamısının müzakirələrə cəlb olunması; "düşün, düşüncəni yoldaşınla, sonra qrupla bölüşdür" prinsipilə işləmək; mühazirə zamanı interaktivlik məqsədilə sual-cavab modeli tələbələri bütün mühazirə boyu diqqətli olmağa sövq etdirmək; mühazirə zamanı təlim texnologiyalarından istifadə, bəzi mövzuları slaydlar, kompüterlə təqdimatlar formasında vermək; mühazirələrin səmərəliliyini və mənimsəmənin yüksək olmasını müəllim amili ilə  şərtləndirilməsi. Mühazirə zamanı tələbə-müəllim ünsiyyəti ən vacib amillərdəndir. Sual-cavab xarakterli müzakirələrə üstünlük verildikdə mənimsəmə yüksək olmaqla, imtahana hazırlıq təmin olunur. Nəzəri şərh olunan elmi  məsələləri “Texnologiya və onun tədrisi metodikası” fənninin ibtidai sinif müəllimliyi hazırlananlar üçün mühazirə mətnlərin mənimsənilməsi üzrə praktik yanaşmada məqalənin  müəlliflərindən birinin uğurlu təcrübəsinə istinad etmək faydalıdır. Bu məqsədlə tədris olunan fənn materialının proqram əsasında mühazirənin   əmək hazırlığının nəzəri və praktik problemlərinin məzmununu mənimsəmək texnolgiyasını evristik reallaşdırılır. Evristik müsahibə ("evrika" yunanca "tapdım" deməkdir) yeni qaydanı, qanunauyğunluğu sualların köməyi ilə öyrənənlər tərəfindən  tapması   metodudur. Vaxtilə bu metoddan qədim yunan filosofu Sokrat geniş istifadə etdiyi üçün bunun onun adı ilə bağlı olduğu da deyilir. Evristik metodda sualların köməyi ilə müvafiq faktlar tapılır və nəticələr çıxarılır. Məsələn, ibtidai təhsildə texnologiyadan məzmun xətlərin ardıcıllıqla  yazılmasını   evristik müsahibə yolu ilə tələbələrin özlərinin tapmasına müvəffəq olarıq. Belə müsahibə fənnə maraq oyatmağa, onları fəallaşdırmağa, mövzunu şüurlu və əsaslı öyrənməyə kömək edir. Müsahibə zamanı sualların düzgün qoyulması əsas şərtdir. Sualın qoyuluşu müəyyən tələblərə cavab verməlidir: sual konkret və aydın olmalıdır; ümumi xarakterli sual heç vaxt aydın olmur (Məs., "Texnologiya haqqında nə deyə bilərsən?"); sual düşündürücü olmalıdır; "hə" və "yox" cavabı tələb edən sual tələbələri düşündürmür (Məs., "Metallar soyuqdan sıxılırmı?"); sual yığcam olmalıdır; iki və çoxmərtəbəli sual vermək düzgün deyildir, yaxşı yadda qalmır və cavaba mənfi təsir göstərir (Məs., "Material nədir, hansı məmulatları tanıyırsınız?"); yanlış və çaşdırıcı suallar vermək olmaz; belə suallar tələbələrin təfəkkürünü səhv yola sövq edir və müəllimin biliyi haqda onlarda şübhə yarada bilər (Məs.,"Hidrogen oksigendən   neçə dəfə ağırdır?").

   Müsahibə metodunun təşkilində müəyyən qaydanı gözləmək lazım bilinir: sual tək-tək iştirakçıya yox, sinfə verilir və istənilən iştirakçıdan soruşulur. Cavab səhv və ya qeyri-dəqiq olarsa, səhv cavab tələbənin özünə, ehtiyac olduqda digərinə dəqiqləşdirilir. Cavab yenə təminedici olmasa, müəllim özü izah edir. Öyrətmənin səmərəliliyi öyrənənlərin yüksək fəallığı, faktları müstəqil təhlil, ümumiləşdirmə, nəticələr çıxarma şəraitində daha yüksək səviyyədə keçir. Bu işə problemli suallar sistemi, şüurlu sual və tapşırıqların icrası şəraitinin yaradılmasını təmin edir. Öyrədən problemli suallar əsasında öyrənənləri tədqiqatçılığa, problemi müstəqil həll etməyə çəlb edir. Öyrədən (müəllim, təlimatçı, dərnək rəhbəri və s.) düşündürücü suallar vasitəsilə öyrənənləri problemi açmağa doğru aparır, onlara “bələdçilik” edir. Belə vəziyyətdə mənimsəmə prosesində öyrədənin izahına az ehtiyac qalır. Problemli evristik yolla mənimsəmə zamanı öyrədən öyrənənlərin fəal iştirakı ilə yenini “kəşf” etdirir. Sual-cavab üsulunda öyrənənlərin təlim fəaliyyətinə hazırlanması onların ümummədəni kompetensiyalara yiyələnməsi təmin olunur. “Kompetensiya” sözü latın mənşəli  olub  mənası – şəxsə işdə və ya situasiyada effektiv davranmaq imkanı verən səriştə, qabiliyyət, öhdəlik, bilik və bacarıqlar qrupu anlamına gəlir.

  Professor Fərrux Rüstəmovun müəllifi olduğu “ADPU-nin ibtidai təhsil fakültəsi (1958-2021)” adlı, ali məktəbin 100 illik yubileyinə həsr olunan kitabında qeyd edir: Məqsədimiz (Yeni düşüncəyə, təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək və ixtisas hazırlığına,ümummədəni kompetensiyalara malik ibtidai sinif müəllimi hazırlamaq); Missiyamız (Fakültədə təhsilverici,tərbiyəedici və inkişafetdirici təlim mühiti yaratmaq); Hədəfimiz (İbtidai sinif müəllimi hazırlığında yüksək maddi-texniki bazaya, peşəkar professor-müəllim heyətinə, müasir tələblərə cavab verən mükəmməl təhsil proqramlarına malik fakültə olmaq); Dəyər və prinsiplərimiz (Keyfiyyəli təhsil xidməti; Tələbə nailiyyətlərinin obyektiv və şəffaf qiymətləndirilməsi; Müəllim-tələbə əməkdaşlığı; Təhsil-tərbiyə prosesinin təşkilində peşəkarlıq; Müəllim və tələbələrə humanist yanaşma). Ali təhsildə mühazirənin mənimsənilməsi vasitə olub, qeyd olunan məqsədə, missiyaya, hədəfə, dəyər və prinsiplərə didaktik nail olmağa xidmət edir. Didaktika - anlayışı pedaqogika elminə XVII yüzillikdə gətirilmişdir. Həmin termini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişlər. Bu anlaşıyın mahiyyətini həmin şəxslərin hərəsi bir cür aydınlaşdırmışdır. V.Ratkeyə görə, didaktika elmləri, dillləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskinin nöqteyi-nəzərincə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir. Pedaqoji fikir tarixində didaktikanı gah təhsil, gah təlim, gah da təlim və təhsil nəzəriyyəsi kimi aydınlaşdırmaq cəhdləri olmuşdur. Bu cəhdlərə baxmayaraq, əslində didaktika təhsil və təlim haqqında nəzəriyyədir. Didaktika çox qədim tarixə malikdir, yunanca "öyrədirəm" deməkdir. Üç başlıca suala cavab verir: nəyi öyrətmək, necə öyrətmək, hansı formada öyrətmək? Bu məsələlərlə bağlı əmək təliminin optimal məzmununu, səmərəli vasitə və yollarını, təşkili formalarını müəyyən etmək, təlim və təhsilin qanunauyğunluqları və prinsiplərini araşdırmaq didaktikanın əsas problemlərinə aiddir. Təlimin məqsədlərinə və məzmununa dair hələ vaxtilə KonfutsiHeraklitDemokritSokratPlatonAristotelEpikürNizami GəncəviNəsirəddin Tusi və digər dərin təfəkkür sahibləri son dərəcə qiymətli fikirlər söyləmişlər. Demokrit təlimdə təbiət haqqında biliklərə yiyələnməni başlıca cəhət hesab edirdi. Platon yüksək təhsili hərbçilər üçün; ümumi hərtərəfli təhsili hakimlər; əmək və peşə təhsilini qullar üçün nəzərdə tuturdu. İKT-nın sürətlə inkişafı, müasir sosial-iqtisadi şəraitdə rəqabətin zəruriliyi bütün sahələrdə texnologianın imkanlarını artırmışdır. Kurikulumun tələblərinə görə “Texnologiya və onun tədrisi metodikası” fənnin təsviri, məqsədləri, metodologiyası, öyrənilməsinin nəticələri tələbələrə nəzəri və praktik olaraq mənimsədilməlidir. Ali məktəbdə tədris olunan fənlərin təlimdə nəzəriyyə ilə təcrübənin vəhdəti çox mühüm pe­da­qoji prinsipdir. Bu prosesdə baş verən uyğunsuzluqların (ziddiyyətlərin) həllinə yönələn qanunauyğunluqlar məhz təlimdə nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipi əsas götürülərək müvafiq metodlarla təlim prosesində reallaşır. Empirik bilik ha­di­sə­nin, nəzəri bilik isə mahiyyətin inikasıdır.

 Fənnin təsviri: Texnologiya inteqrativ təhsil sahəsi olub, digər fənlərdən bilikləri sintez edən və onların müxtəlif sahələrdə tətbiqini göstərən insan fəaliyyətidir.  Mövcud maddi-texniki bazanın uyğunluğu şəraitində sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrə əmək hazırlığı üzrə bacarıq və səriştələrə yiyələnmək imkanı yaradır.
Fənnin məqsədləri: Tələbələri bazar iqtisadiyyatı şəraitində müstəqil əmək həyatına hazırlamaq,  ümuməmək bacarıq və vərdişlərinə yiyələndirmək, yaradıcı düşüncə və  əmək fəaliyyəti əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etmək, ibtidai təhsil pilləsində şagirdlərdə müstəqil həyat üçün özünəxidmət və birgəfəaliyyət vərdişləri, qənaətcillik, ölçü, mütənasiblik, simmetriya və digər həndəsi anlayışları formalaşdırmaq üçün onları zəruri biliklər, şəriştə və peşəkarlıqla təmin etməkdir.  
Fənnin metodologiyası: Mühazirə, qarşılıqlı dialoq və əməkdaşlıq, qruplarla iş formaları. Klaster, Venn diaqramı, diskussiya, debat, beyin həmləsi, layihələr, təqdimatlar, sərbəst iş üsulları.
Fənnin mənimsədilməsinin nəticələri: İbtidai siniflərdə texnologiya və onun tədrisi metodikası üzrə standarta uyğun  təlim nəticələrinə aiddir: Əmək alətlərinin, müxtəlif materialların xüsusiyyətlərini bilir və təhsil prosesində tətbiq edir; Qrafik savad elementlərinin köməyi ilə texniki şəkil, eskiz və sxemlər qurur və mahiyyətini şərh edir; Texnika elementləri, modelləşdirmə və maketləşdirmə ilə bağlı praktik tapşırıqları yerinə yetirir;
İstehsal, emal texnologiyaları, kulinariya, məişət, özünəxidmət və kənd təsərrüfatı əməyinin sahələrini fərqləndirir və müqayisə edir; Ayrı-ayrı sahələr üzrə təlim materialının öyrədilməsi üçün metod və vasitələri seçir və tətbiq edir; Fənn üzrə təlim nailiyyətlərini qiymətləndirmək üçün müvafiq meyarlar seçir və tətbiq edir.

   Tədris olunan 30  saat mühazirə materialı üzrə tərtib olunmuş 60 imtahan sualı tələbələrə məlum olmalı və hazırlanan biletlər onlara əsaslanmalıdır. Ali təhsilin əsas məqsədindən yaranan vəzifəsi cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yaradıcılıq meyillərinə malik, yüksəkixtisaslı mütəxəssislər və elmi-pedaqoji kadrlar hazırlamaqdan ibarətdir. İlk baxışdan  sadə görünən bu vəzifənin həyata keçirilməsi reallıqda çox mürəkkəbdir. Bunun üçün, müasir tələblərə cavab verən biliyin yeni nəslə verilməsi texnologiyası lazımdır. Bu, bir proses kimi tədqiqatçılar üçün həmişə aktual olmuşdur. Keçən əsrin 80-ci illərinə qədər tədris prosesində biliklər hazır şəkildə yeni nəslə ötürülürdü. Bu texnologiya,  müəyyən bir dövr ərzində müsbət rol oynamışdır. Öyrədənlər hər beş ildən bir ixtisasartırma kurslarında iştirak etməklə  elmi-pedaqoji və peşə səviyyələrini artırmışlar.  
   Aparılan pedaqoji tədqiqatların nəticələrindən aydın olmuşdur ki, səmərəli texnologiya bilikləri müstəqil mənimsəmə vərdişinin qazanılmasını təmin edir. Bildiyimiz kimi, müasir dövrdə nəzəri və praktik elm çox sürətlə inkişaf edir. Tədrisdə yeni dərsliyə düşmüş müəyyən elmi nəticələr  müasirləri ilə əvəz olunur. Demək, əvvəlki mühazirə materialları köhnəlmiş olur. Uzun illərin təcrübəsindən aydın olur ki, təlim prosesində təkcə hazır biliklər verməklə məqsədə çatmaq olmur. Öyrənənlər üçün biliyin fəal yolla əldə edilməsi texnologiyasına şərait yaradılmalıdır. Hazırda məqsəd tələbəni təhsilin passiv mənimsəyən obyektindən, fəal yaradıcısı olan subyektinə çevirməkdir. Müasir tələbə müəyyən bir elmi problemi formalaşdırmağı, onun həlli yollarını araşdırıb tapmağı, nəticəni müəyyənləşdirməyi və onun doğruluğunu sübut etməyi bacarmalıdır. Biliyin hazır şəkildə yeni nəslə ötürülməsi  texnologiyası artıq yaramır. Tələbələrin biliyi yaradıcı olaraq əldə edə bilməsinə şərait yaradılması texnologiyası nə deməkdir? Bilikləri öyrənməyi öyrətmək. Biliyin yeni nəslə verilməsi dəyişikliyi dünya təcrübəsində təlim paradiqmasından təhsil paradiqmasına keçid kimi şərh edilir. 
    Paradiqma anlayışı XX əsrin 70-ci illərində elm aləminə daxil olub və ictimai təcrübə sahəsində sürətlə uğur qazanıb. Paradiqma (yun. paradeigma- misal, nümunə, model) - müəyyən tarixi dövr ərzində elmi aləmdə qəbul olunmuş, problemin qoyuluşu, həlli və öyrənilməsi modeli, cərəyan deməkdir. Paradiqma anlayışı pedaqogika elminə Amerika tarixçisi T.Kun tərəfindən gətirilib. O, üç mərhələni fərqləndirmişdir: paradiqma öncəsi, paradiqmanın hakimliyi, elmi inqilab zamanı paradiqma. Paradiqma – müəyyən elm sahəsində uzun müddət ərzində tədqiqatlara istiqamət verən nəzəri–metodoloji prinsiplər sistemidir. Sadə dillə desək, bir paradiqma müəyyən bir tarixi dövrdə problem həllinə necə yanaşacağımızın spesifik modeli və ya nümunəsidir. Yəni, paradiqma müəyyən bir ərazidə bir növ universal standartdır, bunun əsasında düzgün qərara gələ bilərsiniz. Məsələn, qədim dövrlərdə insanlar planetimizin düz olduğunu düşünürdülər, buna görə də onlar üçün bu bir paradiqma idi. Kainatla əlaqəli bütün qənaətləri bu paradiqma əsasında verildi. Daha sonra sübut etmək mümkün oldu ki, əslində Yer kürəsi top şəklindədir. Bu səbəbdən müasir paradiqma "kürə" halına gəldi. Beləliklə, hər zaman tamamilə hər sahədə bir paradiqma var. Paradiqma, inkar etmək üçün kifayət qədər dəlil olduğu müddətə qədər "doğru" sayılacaqdır. Paradiqma dəyişikliklərinin çox normal hesab olunduğunu qeyd etmək vacibdir. Mühazirə zamanı müəllimlərin öyrənən haqqında təsəvvürlərinin əsas xarakteristikası, onun şəxsiyyətinin bütün ideya, məqsəd və vəzifələri haqqında, dünyanın ümumi mənzərəsini bilavasitə özündə əks etdirməklə kompleks təhsil paradiqmasını əhatə edir. Tədris prosesində tələbənin biliklərin mənimsədilməsində interaktiv metodlardan daha geniş istifadə edilməsi vacibdir. Tələbənin yaradıcı işi, onun planlaşdırılması, təşkili, forma və metodları, onun nəticəsinin izlənilməsi ali məktəb praktikasında qeyri-xətti olduğu qeyd olunur.
 
  L.Q.Vyatkinin, M.Q.Qarunovun, B.P.Yesipovun, V.A.Kozakovun, İ.Y.Lernerin, M.İ.Maxmutovun, N.A.Polovnikovun, P.İ.Pidkasistinın tədqiqatlarında yaradıcı iş problemi ümumdidaktik, psixoloji və metodik istiqamətdən araşdırılmışdır. Ali məktəbdə yaradıcı işin təşkili tələbələrdə sərbəst öyrənmə fəaliyyətini sürətləndirməyə və mühazirə saatlarının azalmasına səbəb olur. Mühazirə məşğələləri zamanı biliklərin mənimsənilməsi üçün tədris materialını anlamaq və yaradıcı şəkildə qavramaq zəruridir. Aşağı kurs tələbələri mühazirəni yadda saxlamaqla kifayətlənirlər. Tələbə yaradıcı işinin təşkili mühazirə məşğələsi ilə başlanır. Yəni, ali məktəb tələbəsi ilk dəfə mühazirə məşğələsində yaradıcı  işə başlayır. Mühazirə ali məktəbdə təlimin əsas təşkili forması və fəal metodu kimi qiymətləndirilir. Mühazirənin məqsədəuyğun olaraq informasiyaverici, inam və əqidə formalaşdırır. Ali məktəblərdə mühazirəyə tələbələrin yaradıcı yiyələnmə vasitəsi kimi yanaşanlar yanılmırlar. Mühazirənin tədrisdə əhəmiyyətini dəyərləndirənlərin 75%-i proqram materialının ardıcıl şərhində, uyğun informasiya verməkdə, qalanları isə tələbənin idrak fəaliyyətinin inkişafı və məntiqinin gücləndirilməsində olduğu bildirir. 
Ali məktəblərdə ən çox müşahidə olunan mühazirə formalarına aiddir: İcmallaşdırılmış mühazirə. Öyrədən dərslikdən və ya əlavə ədəbiyyatdan istifadə edərək, keçəcəyi mövzunu icmallaşdırır. Dərs zamanı, həmin icmalı oxuyur, məzmunu köhnə olur, tələbədə motivasiya yaranmır.
Tezislər əsasında oxunan mühazirə. Öyrədən mühazirəyə hazırlaşarkən mətnin tezislərini müəyyənləşdirir. Belə mühazirə,  əhatəliliyi, faktların elmi təhlili ilə diqqəti cəlb etmir. Problem situasiyası yaratmaq, müsahibəyə yer vermək,interaktiv metoddan istifadə etmək  kimi fəallıq yaradan məqamlar unudulur.
Dialoqa üstünlük verilən mühazirə. Öyrədən mövzuya müvafiq olan əhatəli mühazirə mətni hazırlayır və planını tərtib edir, istifadə edilən ədəbiyyatı göstərir. Hazırlaşmaq üçün tələbəyə məsləhət görülən ədəbiyyatın siyahısını müəyyənləşdirir, slaydları və düşündürücü sualları hazırlayır. Öyrədən  mətni elmi təhlili ilə şərh edir, tələbələri mühazirənin fəal iştirakçıları olur, dialoqa girir, qarşıya qoyulmuş problemi birlikdə həll edir, düşüncələri ümumiləşdirir və nəticə çıxarır.  
 Müsahibə ilə qurulan mühazirə
. Bunun üçün müəllim mühazirə mətnini əvvəlcədən tələbələrə təqdim edir. Və mühazirənin keçiriləcəyi vaxt tələbələrə elan olunur.Mühazirə zamanı müəllim mövzunun məzmununun elmi təhlilini qısa şəkildə tələbələrə çatdırır. Sonra tələbələr müəllimə suallar verir. O, suallara birbaşa cavab vermir, tələbə ilə dialoqa girərək, problemin tələbə tərəfindən həll edilməsi üçün şərait yaradır, onları axtarıcılıq və ya qismən axtarıcılıq prosesinə cəlb edir, auditoriyada tələbələrin diskussiyaya girməsinə imkan yaradır. Nəticədə tələbələri mühazirənin fəal iştirakçılarına çevirir, onları düşündürür və qarşıya qoyulmuş problemi birlikdə həll edir. Belə mühazirələr tələbənin idraki fəallığı ilə fərqlənir. Tələbələrin idraki fəallığı öyrənmənin hərəkətverici qüvvəsini təşkil edir. Onlarda öyrənməyə tələbatın formalaşdırılması müəllimin pedaqoji ustalığından, hörmət və tələbkarlığa əsaslanan münasibətindən, təlimin metod və üsullarının düzgün seçimindən asılıdır. Praktika idrakın mənbəyidir, onun hərəkətverici qüvvəsidir və biliyin tətbiq olunduğu sahədir. Praktika eyni zamanda idrakın nəticəsinin həqiqiliyinin meyarıdır. Mühazirə prosesində müasir didaktika üçün belə bir cəhət əsas götürülür ki, izahlı-illüstrativ yolla tədris olunan bilik nə qədər yaxşı çatdırılsa da, yaradıcı təfəkkürün və idrak müstəqilliyinin inkişafını təmin edə bilməz. Nəticədə müəyyən qaydalar, qanunlar şüurlu sürətdə mənimsənilmir, dəfələrlə təkrarlar sayəsində mexaniki sürətdə əzbərlənir. Buna görə də hafizə az-çox dərəcədə inkişaf etsə də, lakin ən mühüm idrak prosesi olan təfəkkür lazımınca inkişaf etmir. Məhz bunlar nəzərə alınmaqla, təlim prosesində lazımi elmi biliklər verməklə yanaşı, müşahidəçilik, müstəqil və fəal düşünmək kimi idrak qabiliyyətlərinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Müstəqil öyrənmək üçün hər şeydən əvvəl qarşıya müəyyən məsələlər qoymaqla, həlli yollarını, üsullarını tapmaq bacarığı tələb olunur. Müşahidə şüurlu sürətdə təşkil olunmuş qavrayışdır. Bu da idrak prosesinin təfəkkürün inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Müşahidə zamanı fəallığı təmin etmək də zəruri sayılır. Bütövlükdə götürdükdə tələbələri düşündürən, onların da iştirakı ilə problemləri həll etdikcə oxunan və duyğuları oyadan mühazirələr diqqətlə, maraqla dinlənilir. Təkcə material toplamaq və mətn hazırlamaq mühazirəçi üçün azdır. Müəllim yüksək nitq mədəniyyətinə malik olaraq, dilin zənginliyindən, jest və mimikadan istifadə etdikdə, əyaniliyi yerli-yerində mövzu ilə sıx bağlayaraq nümayiş etdirdikdə, tempini gözlədikdə, toplanmış materialların sadəcə, ötürücüsü kimi deyil, ideyalar, fikirlər müəllifi kimi inamla, əsl alim kimi çatdırdıqda tələbələrin böyük marağına və razılığına səbəb olur. Tələbələr elmin inkişafını proqnozlaşdıran, bələdçinin hər fikrinə diqqətli olmağa çalışır, ondan tədqiqatçılığı öyrənir – nəticədə yaradıcı fəallığa yiyələnir.
(Bax:Ş.Ağayev,S.Vəliyev.İbtidai təhsildə texnologiyadan müsahibə.Bakı,”İMZA” nəşrlər evi,2023,160 səh.)

Mühazirə başlıca olaraq tələbələrin nəzəri hazırlığına, məntiqi nəticələrə gələ bilmək, ümumiləşdirmələr apara bilmək bacarığının formalaşmasına təminat və dil gözəlliyidir deyən təcrübəli peşəkarların yanaşmalarına əməkdaşlıq layihələrindən tanış olmaq mümkündür. Dərslik və digər tədris vəsaitlərinin azlığı vaxtında mühazirə bilik verən əsas vasitə idi. Hazırda İKT-nin yaratdığı imkana görə mühazirə düşündürücü, dərketdirici, inkişafetdirici bir vasitəyə çevrilməkdədir. 
Mühazirəni elə qurmaq lazımdır ki, o, tələbələrin sosial, psixi, elmi-idraki, müstəqil fəaliyyət imkanlarını artırsın. XXI əsrdə, Azərbaycan Respublikasının müstəqil dövlət olaraq fəaliyyəti, demokratik və humanist prinsiplərə üstünlük verilməsi, mühazirənin məzmununda, onun elmi, didaktik, metodik istiqamətində və təqdimat üsullarında yeniliklərdən fəal istifadəni zəruri etmişdir. Müşahidələrimizə əsasən deyə bilərik ki, əvvəllər pedaqoji elmlər üzrə oxunan mühazirələrin böyük əksəriyyəti passiv informasiya ötürücü və məlumatverici xarakterə malik olmuşdur. Hazırda pedaqoji elmlər üzrə mühazirələrin didaktik-metodik səviyyəsi xeyli artmış, interaktiv metodlardan istifadəyə keçilmişdir.  Ənənəvi dərslərin qeyd olunan aşağıdakı paradiqmaları əhəmiyyətini itirmişdir.
Təhsilalanlara obyekt kimi yanaşılması: Bütün öyrənənlərə orta səviyyəlilər kimi yanaşılır, istedadın, qabiliyyətin inkişafı üçün şərait yaradılmır; dərsdə seçim hüququnun reallaşdırılması məhdudlaşır; təhsilalanlarda laqeydlik, qeyri-fəallıq, başqasının köməyinə ümid olmaq tərbiyəsi formalasır; müəllimlər, tərbiyəçilər dərsin məqsəd və vasitələrini aydın və düzgün dərk edə bilmir.
Dərsdə öyrənənlərə avtoritar münasibət: Monoloji təhsilvermə üsulu tətbiq olunur; tədris prosesi təlim materialını mənimsəməyə deyil, sadəcə şərh etməyə yönəldirlər; sağlamlığa zərər verən təlim mühitinin (əsəb gərginliyi, həyəcan və qorxu, mənfi emosiyalar şəraitində fəaliyyət) aradan qaldırılmasına şərait yaradılmır.
Müasir dərsin paradiqmalarına aiddir: Təhsilalanlara subyekt kimi yanaşma. Öyrənənə təkrar olunmayan fərd, daxilən azad, müstəqil və yaradıcı fəaliyyət göstərmək qabiliyyəti olan, şüurlu, inkişaf edən bir şəxsiyyət kimi yanaşılır. Bu zaman: Təhsilalanların maraqları nəzərə alınır; dərsdə fərdiləşdirilmiş, diferensiallaşdırılmış, problemli təlim texnologiyalarına və İKT-yə üstünlük verilir; dərsdə psixoloji və sosial-pedaqoji xidmətlər inkişaf etdirilir; seçmə fənlər üzrə dərslərin təşkili genişləndirilir.
Dialoji yanaşma. Təhsilalanlar arasında ən humanist ünsiyyət üsulu olan dialoji münasibətlərə (subyekt-subyekt münasibətlərinə) üstünlük verilməsi nəticəsində: Dərsdə problemli, dialoqlu, refleksiv təlim texnologiyalarına, kollektiv (qruplarla) fəaliyyətə üstünlük verilir; kommunikativ fəaliyyətlər (dinləmə və eşitmə), açıqlıq, səmimilik, tolerantlıq, həmsöhbətinə hörmət etmək bacarığı inkişaf edir; sağlamlığı qoruyan mühit yaranır; tələb olunan çoxlu sayda informasiya mənimsənilir.
Ekzistensiallıq (insan təbiətinin bütövlüyünün nəzərə alınması). Dərsin insan təbiətinin bütövlüyünün nəzərə alınmaqla qurulması (yalnız intellektual imkanların deyil, həmçinin obrazlı düşünmə, intuisiya, yaradıcı təxəyyül, emosiyalar, hisslər və s. psixoloji halların nəzərə alınması) nəticəsində: İnsan təbiətinin bütövlüyü təmin olunur; öyrənənlər mənəvi və ruhi cəhətdən inkişaf edir; öyrənənlərin səhhətinə müsbət təsir göstərilir; dərsdə informasiyaların yadda saxlanılması deyil, başa düşülməsi dominant xarakter alır.
İnteqrativlik. Dərslərdə fənlərin tədrisinə kompleks yanaşmaqla tədris-təlim prosesinin bütövlüyünün təmin edilməsi nəticəsində: Öyrənənlərin bütöv halda dünyanı dərk etməsi təmin olunur; öyrənənlərin sağlamlığının qorunmasına müsbət təsir göstərilir; dərsdə rəqabət mühitinin formalaşması təmin edilir.
İnkişafetdirici xarakterin təmin edilməsi. Bu halda tədris-təlim prosesinə öyrədənin (pedaqoqun) münasibəti dəyişir. Bilikvermə, bacarıq və vərdişlərin aşılanmasından əlavə olaraq, dərsdə fərdi və sosial əhəmiyyətli keyfiyyətlərin (təfəkkür, nitq, emosional hissi davranış, kommunikativ, fiziki, yaradıcı) inkişaf etdirilməsi nəticəsində: Dərsdə şəxsiyyətyönümlü və problemli texnologiyalar üstünlük təşkil edir; dərsin praktik, həyati və mənəvi-praqmatik yönümlülüyü (öyrənən həm inkişaf edir, həm də cəmiyyət üçün faydalı insana çevrilir) güclənir.
Pedaqoji kadrların müasir tələblərə cavab verən səviyyədə formalaşdırılması. Öyrədənlərin konseptual-metodoloji, texnoloji (yüksək elm tutumlu pedaqoji, informasiya və idarəetmə texnologiyalarına yiyələnmə), metodiki hazırlığının həyata keçirilməsi nəticəsində: Pedaqoji fəaliyyətdə yaradıcılıq üstünlük təşkil edir;bacarıqlı müəllimlərə tələbat artır;başqasının iş təcrübəsinin məntiqsiz tətbiq olunmasına imkan verilmir.
    Nəticə olaraq qeyd edək ki, ali məktəbdə çalışan müəllimlər vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq,mühazirədə tələbələrlə dostluq mövqeyinə üstünlük verməli, səmimiyyətində yüksək səviyyəsini qorumalıdırlar. Pedaqoji işinin ustası olan müəllim tələbəni təlim fəaliyyətinə cəlb etməyi bacarmalıdır. Ali məktəblər tələbələrə yalnız informasiyanın ötürüldüyü tədris müəssisələri deyildir, həm də onlara biliklərin müstəqil qazanılması üçün istiqamətlərin verildiyi təhsil ocaqlarıdır. Ali təhsildə mühazirənin mənimsədilməsi təcrübəsi ilə əlaqədar aparılan təhlil şübhəsiz müəllimlərin marağına səbəb olan mətləblərə aydınlıq gətirdi. Ali məktəb müəllimləri gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardır. Ali məktəb auditoriyalarında mühazirə oxuyan müəllimlər tədris etdiyi fənnin yüksək səviyyədə mənimsədilməsinə bilavasitə məsuldur. Buna görə də  mühazirə oxuyan müəllimlər öz ixtisaslarını mükəmməl bilməklə yanaşı, onun mənimsədilməsi mexanizmini də peşə qabiliyyətinə çevirməyi bacarmalıdırlar. Çünki cəmiyyətimizin gələcəyi ali məktəblərdə dərs deyən müəllimlərin pedaqoji ustalığının nəticəsindən asılıdır. Bu mənada ali məktəblərdə müəllim işləmək insan fəaliyyətinin ən mürəkkəb növlərindən biridir. Müəllim peşəsi təkcə öyrətmək və tərbiyə etməklə məhdudlaşmır. Müəllimin başlıca vəzifəsi təlim prosesini idarə etməkdir. Yəni, ali məktəbdə tələbələrdə müasir dünyagörüş formalaşdırmaq və onu inkişaf etdirmək, öyrədilən peşə üzrə sərbəst təhlil və müşahidə aparmaq bacarığı aşılamaq təlim prosesinin əsas amillərindəndir. Ali məktəb müəllimi auditoriyada təhsilin məzmunu ilə təlimin forma və metodlarını vəhdətdə təşkil etməyi bacarmalıdır. Ali məktəbdə müəllimlə tələbə arasındakı münasibətin səmərəli olması pedaqoji ünsiyyətin motivlərindən asılıdır.


Tarix: 10-09-2023, 18:30

Xəbəri paylaş