Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dərsdə fəal təlimin xüsusiyyətlərindən istifadə

 


 

Rəna MUSAYEVA,
Bakı şəhəri 177 nömrəli tam orta məktəbin kimya müəllimi
 

Bildiyimiz kimi fəal (interaktiv) təlim metodlarına aşağıdakı spesifik xüsusiyyətlər malikdir:
- Təlimin subyekt- subyekt xarakter daşımas;
- Şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
- İştirakçıların bütün dərs zamanı fəallığı;
- Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi;
- Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi;
- Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi;
- Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması;
- Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət.

  Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsildə aparılan islahat məhz həmin zərurətdən yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda durur.
Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri - demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsini həyata keçirir.

 Metod olaraq interaktivlik təlim prosesində müəllim və şagird arasında işin gedişindən-mövzudan, şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma, izah, dialoq və s.-dir. Yəni bu tərz əvvəldən planlaşdırılmır, işin- təlim prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox şagirdin müstəqilliyi, müdaxiləsi ilə baş verir. Digər tərəfdən, interaktivlik şagirdlərin özləri arasında da ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eyni hüquqlu mövqedə dayanırlar. Təbii ki, müəllim öyrədən olaraq bələdçi, fasilitator, məsləhətçi funksiyasını yerinə yetirir:şagirdlərin işlərinə müdaxilə etmədən problemləri qoyur, istiqamət verir, nəzarət edir, axtarış istiqamətlərini hazırlamağa kömək edir, amma təlim tapşırıqları üzərində uşaqlar özləri birlikdə – öz aralarında tədqiqat aparır, diskussiya apararaq işləyirlər.

  İnteraktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyini nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrdir.
 
 Müasir dərs dedikdə, öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin müstəqil mühakimələrinə geniş meydan açırsa, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən, problemli təlimdən istifadə edirsə, deməli o, dərsi müasir tələblər əsasında qura bilir.

  Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir. Buna görə də müəllim hansı priyomlardan necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair yardımçı, fakt və hadisələri əsas məsələnin həllinə yönəltməyi bacarmalı, elmi-texniki yeniliklərdən, dövrün mühüm ictimai-siyasi hadisələrindən baş açmalı, biliyini müntəzəm olaraq artırmalıdır.Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır.

   Təlimlə tərbiyənin vəhdəti də müasir dərsin qarşısında qoyulmuş mühüm tələbdir. Dərs şagirdlərin mənəvi inkişafına, əxlaqca təkmilləşməsinə, vətənpərvərlik, insanpərvərlik, əməksevərlik ruhunda yetişməsinə xidmət göstərməlidir. Müasir dərs milli təhsilin yaradılmasına yönəlməlidir. Bunun əsasını diferensiallaşdırma, demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, fərdiləşdirmə və s. prinsiplər təşkil etməlidir.

  Kurikulumun həyata keçirilməsində şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi üçün milli, ümumbəşəri dəyərin nəzərə alınması, ümumi inkişafı, meyli və maraqları nəzərə almaqla şagirdlərə əlverişli təlim şəraitinin yaradılması zəruridir. Bu zaman şagirdlər aktiv, tədqiqatçı mövqeyi tutur, müəllim tərəfindən şagirdlər üçün yeni biliklərin müstəqil olaraq əldə olunması, mənimsənilməsi şəraiti yaradılır.Bu cür fəal təlimdə şagirdlərdə aktiv, yaradıcı düşünmə qabiliyyəti və yeni biliklərə sərbəst yiyələnmək yolları birləşdirilmiş olur. Belə iş forması şagirdlərə problemin birgə həll edilməsini, bir-birinin fikrinə hörmətlə yanaşmağı, müstəqil öyrənməyi, sərbəst söyləməyi öyrədir.
İnteraktiv termini isə "dialoq, qarşılıqlı fəliyyət göstərmək" kimi izah olunur. İnteraktiv təlim metodları və üsullarının (qruplar, cütlər, rollar, əqli hücum, nəticə və s.) tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün əhəmiyyətli və maraqlı edir, dərsdə fəallığın maksimum artmasına zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini xeyli dərəcədə gücləndirir.
 
  Təlim-tərbiyə prosesində interaktiv təlim metodlarının tətbiqi sürətlə dəyişən və inkişaf edən müasir dövrdə yaşamaq, fəaliyyət göstərmək, əməkdaşlıq etmək, qərar qəbul etmək kimi bacarıqları əks etdirən kompetensiyaların formalaşması orta təhsilin məqsəd və vəzifələrinə yeni münasibəti əks etdirir. Hazırda həm metodik, həm də elmi-pedaqoji, psixoloji cəhətdən təkmil olan müəllimlərimiz yeniliyin və müasirliyin nədən ibarət olmasını dərk edir, öz dərslərində tətbiq edərək müasir dərs və onun təşkilinə verilən tələblərdən geniş istifadə edirlər.

   Belə hesab edirik ki, müəllimlərin bir-birinin dərslərini dinləməsi və nümunəvi, qabaqcıl təcrübəyə malik olan müəllimlərin "açıq dərs"lərinin keçirilməsi dərsin tələblərini tədrisdə nəzərə almaq baxımından faydalıdır. Çünki müşahidə olunan dərslərin təhlil və müzakirəsi nəticə etibarı ilə tənqidi təfəkkürün süzgəcindən keçib ümumiləşir, bundan isə müəllimlər həm metodik cəhətdən qazanırlar, həm də yeni təlim metodlarını tətbiq etmə imkanlarına yiyələnirlər.

   İnteraktiv təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlər biliyi tədqiqat yolu ilə əldə etsin. Bu təlim prosesində sinif (auditoriya) qrup və cütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlər. Təqdimatlar bitdikdən sonra bu tədqiqat nəticələri arasında rabitə yaradılır, məlumatlar sistemləşdirilir və ümumi bir şəkildə təsinif olunur. Bundan sonra həmin yekunlarla tədqiqatın başlanğıcında şagirdlərin (auditoriyanın) irəli sürdüyü ilikin fəpziyyələrlə müqayisələr aparılır. Şagirdlər (öyrənənlər) hansıların üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu müşahidə edir və ümumi nəticəyə gəlirlər, öyrəniləcək mövzuya çıxaracaq problem qoyularaq motivasiya yaradlılır.

  Motivasiya təhrik etmə deməkdir. Yəni şagirdlərin (auditoriyanın) təlim-dərketmə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirir. Onun digər vəzifəsi isə tədqiqat sualını oraya qoymağa şərait yaratmaqdır. Məhz həmin tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə və tədqiqat işlərini təşkil etməyə imkan yaratmış olur. Tədqqiqat sualı tədqiqat işinin həyata keçirilməsini tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd olunur və təqdimatlar həyata keçirilir. Sonra təqdim olunan məlumatlar təşkil və təsnif olunur.Alınan qənaətlər ilkin fərziyyələrlə müqayisə olunaraq nəticələr çıxarılır. Sonra isə alınmış nəticələrin tətbiqi barədə işlər yerinə yetirilir.
  
  Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi, qeyri-çevik olmasıdır. Müasir informasiya– kommunikasiya dövründə elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsiplərinə əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənimsətmək, əslində qeyri-mümkün işə çevrilir.

  Əgər əvvəllər bilikləri əldə etmək üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri bilikləri müstəqil əldə etməyə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda, şəxsiyyətyönümlü belə tədris prosesi inkişaf proseslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı artırmaqla , şəxsiyyətin dəyərlərini və vərdişlərini formalaşdıracaq. Bu tələblərin nəzərə alınması məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal(interaktiv) təlim texnologiyalarına üstünlük verməyi tamamilə zəruri edir.

    Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Azərbaycanda müasir təlim metodlarının tətbiqi layihəsi artıq həyata keçirilir. Son illərdə respublikamızda fəal dərslərin hazırlanması, planlaşdırılması və onların həyata keçirilməsi üçün vacib olan ilkin təcrübə toplanmış, müəllimlərdə əsas bilik, bacarıq və vərdişlər formalaşmışdır. Keçirilən monitorinqlər göstərdi ki, fəal (interaktiv) təlim metodlarını həyata keçirərkən müəllimlər bir çox problemlərlə rastlaşırlar.
 
   Belə ki, yenilikləri həyata keçirərkən təcrübənin yayılmasına və mübadiləsinə böyük ehtiyac duyürlar , Müəllimlərin yenilikləri həyata keçirmələrində təcrübələri artdıqca və bu işə daha çox müəllim cəlb olunduğca, yeni metodiki tövsiyyələrə, tədris materiallarına və digər metodiki məlumat mənbələrinə ehtiyacları artır. Fəal (interaktiv) təlim üzrə müəllimlər üçün məlumatın və müasir tədris təcrübənin yayılması tətbiqi problemlərin aradan qaldırılması üçün ən səmərəli və məqsədəuyğun yollarından biridir.

  Təqdim olunacaq web-saytın vasitəsilə qısa müddətdə gələcək üçün fəal (interaktiv) təlim üzrə resursların toplanması və təkmilləşdirilməsi mümkün olacaqdır. Biz əminik ki, fəal (interaktiv) təlimin hər bir müəllim tərəfindən istifadəsi uşaqların dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq.
 
   Yeni pedaqoji texnologiya fəal təlimə əsaslanır. Fəal təlimin modeli müəyyən olunan komponentlərlə şərtlənir. Bura fəal təlimin məzmunu, metodları, öyrədici mühit, qiymətləndirmə daxildir.

   Təlimin məzmunu nəyi öyrətmək, metodları necə öyrətmək, öyrədici mühit hansı şəraitdə öyrətmək, qiymətləndirmə ayrı-ayrı komponentlərin səmərəliliyini müəyyən edən amillərə uyğun olaraq nəticəni aşkarlayır.

   Fəal təlim prosesində şagirdlər tamhüquqlu iştirakçı olmaqla, qazanılan bilikləri axtarışlar və kəşflər hesabına mənimsəyirlər.

Fəal təlim metodları bir sıra xüsusiyyətləri ilə seçilir:
- Şagirdlərin fəal öyrənmə mövqeyi;
- Təfəkkürün müstəqilliyi və sərbəstliyi;
- Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət;
- Həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi.
Qeyd olunan xüsusiyyətlər şagirdlərin təlim əməyi üzrə hazırlığının başlıca amilləridir.


Tarix: 6-05-2023, 08:43

Xəbəri paylaş