Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Uşaqlarla görüşdə Ulu Öndərin dahiyanə çıxışı




 Pərvanə ƏSƏDOVA,
  ADPU-nun”Məktəbəqədər təhsil fakültəsi”nin IV kurs tələbəsi
 
  Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan  Respublikası  Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamında deyilir: ”Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan – Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
  
Mən bir gənc kimi Ulu Öndərin bizə əmanəti olan müstəqil Azərbaycanı, onun xalqımızın milli sərvəti olan zəngin və çoxşaxəli irsini qoruyub saxlamağı  özümün şərəfli vəzifəm olacağına əminlik ifadə etmək istəyirəm. Heydər Əliyevin 11 dekabr 1994-cü ildə uşaqlarla görüşdə dahiyanə çıxışı, Ulu Öndərin irsinə aid zəngin xəzinə olub, məktəbəqədər təhsil sahəsində  çalışanların, tələbələrin, tərbiyəçilərin, valideynlərin və bütövlükdə cəmiyyətin səmərəli fəaliyyətinin əsasını təşkil edir.

ADPU-nun “Məktəbəqədər təhsil fakültəsi”nin axırıncı kurs tələbəsiyəm. Tərbiyəçi olmaqda tarixi şəxsiyyət Heydər Əliyevin geniş məzmun daşıyan bu çıxışı  həyat məktəbimdir desəm yanılmaram. İnanıram ki, çıxışda ifadə olunan hər bir söz irs olaraq gəncləri yeni töhfələr verməyə sövq edəcəkdir.


“Əziz uşaqlar, əziz balalarımız!
Mən sizi - Azərbaycan Respublikasının bütün uşaqlarını bu gün münasibətilə, Birləşmiş Millətlər Təşkilatı YUNİSEF fondunun təşəbbüsü ilə bu xeyriyyə telemarafonunun keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm və hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Siz - Azərbaycanın övladları, bizim əziz balalarımız, Azərbaycanın gələcəyisiniz. Sizin bugünkü həyatınız, yaşayışınız, təhsiliniz, böyüməyiniz Azərbaycan dövlətinin daim qayğısı altındadır. Mən bu gün bildirmək istəyirəm ki, Azərbaycan Respublikasında uşaqlar respublikamızın son illərdə düşdüyü ağır, bəlalı, əzab-əziyyətli günlər içində yaşayaraq, eyni zamanda öz valideynlərinin, onlara qayğı göstərən insanların, təşkilatların, xeyriyyə cəmiyyətlərinin köməyi ilə dərs keçirlər, tərbiyə alırlar, böyüyürlər və inkişaf edirlər. Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar. Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm də gələcəkdə cəmiyyətdə öz yerlərini tutacaqlar. Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin uşaqlar haqqında siyasəti məhz bundan ibarətdir. Dövlətin qayğısı ilə hər bir vətəndaşın, hər bir təşkilatın qayğısı, hər bir cəmiyyətin qayğısı, xeyriyyəçilik edən hər bir adamın qayğısı birləşməlidir, qovuşmalıdır. Biz uşaqlarımızı yaxşı tərbiyə etməliyik, yaxşı şəraitdə yaşatmalıyıq.Uşaqlarımıza təhsil verməliyik. Onları gələcək üçün hazırlamalıyıq. Biz xoşbəxtik, ona görə ki, Azərbaycan xalqının əsrlər boyu böyük insanları, istedadlı adamları olubdur. Bu gün bu insanlar, istedadlı adamlar Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə aparanlardır, respublikamızın müstəqilliyini təmin edən adamlardır. Azərbaycanın böyük tarixi keçmişi olduğu kimi böyük də gələcəyi vardır. Azərbaycanın keçmişində və son illərində nə qədər əzabəziyyətli mərhələlər, dövrlər olubsa, gələcəyində də o qədər xoşbəxt günlər olacaqdır.
Əziz balalar, sizi xoşbəxt günlər gözləyir. Ona görə də bu günlərin əzab-əziyyətini dözümlə keçib getməlisiniz. Çünki siz gələcəkdə xoşbəxt yaşayacaqsınız. Mən buna tam əminəm. Ona görə əminəm ki, Azərbaycan müstəqil dövlət kimi öz addımlarını inamla atır. İndi ölkəmiz müharibə şəraitindədir, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ağır vəziyyətə düşübdür. Respublikamızın ərazisinin bir qismi işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, ağır şəraitdə yaşayır. Bu müharibədə biz şəhidlər vermişik. Şəhidlərimizin arasında uşaqlar da var, körpə balalarımız da var. Bunların hamısı həyatımızın faciəsidir, erməni işğalçılarının, düşmənlərin Azərbaycan xalqına qarşı amansız və çox yırtıcı hərəkətlərinin nəticəsidir. Odur ki, bu illərdə bizim uşaqlarımız da, körpələrimiz də həlak olubdur. Qaçqın ailələrinin, o cümlədən uşaqların həyatı ağır və çətindir. Bütün bunlar hamısı Azərbaycanın son illərdəki həyatının reallığıdır, gerçəkliyidir. Ancaq belə bir şəraitdə də bizim uşaqlar böyük nikbinliklə yaşayırlar, təhsil alırlar, mahnı oxuyurlar, rəqs edirlər, şənlənirlər və gələcəyə ümidlə baxırlar.
Əziz balalarım, mən bu gün sizə demək istəyirəm ki, bu ümidiniz əsaslıdır. Çünki, bir də deyirəm, Azərbaycanın bu günü nə qədər çətin və ağırdırsa, gələcəyi bir o qədər işıqlı, o qədər də xoşbəxt və gözəldir. Sizi gələcəkdə gözəl həyat gözləyir. Bu gözəl həyatı yaratmaq sizə nəsib olacaq, bunları siz etməlisiniz. Siz oxuyub, təhsil alıb özünüzü cəmiyyətdə işləmək, xalqa xidmət etmək üçün hazırlamalı, düşünməlisiniz ki, Azərbaycanın müstəqilliyini gələcəkdə siz irəli aparacaqsınız, Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz. Sizin hamınızı qucaqlayıram, öpürəm, bütün Azərbaycan uşaqlarını bağrıma basıram, öpürəm və hamınıza xoşbəxt həyat, şən günlər, sağlamlıq arzulayıram. Əminəm ki, gələcəyiniz xoşbəxt olacaqdır. Sizi bir daha təbrik edirəm.
Hamını, bütün Azərbaycan vətəndaşlarını uşaqlara, bizim körpələrə, balalarımıza, gənclərimizə kömək etməyə, yardım göstərməyə dəvət edirəm. Xüsusən qaçqın ailələrinə müraciət edirəm. Mən bilirəm ki, qaçqın ailələrində çoxlu uşaq var. Onların valideynlərinə müraciət edirəm. Sizin üçün nə qədər çətin olsa da, uşaqlarınıza yaxşı baxın, onlara qayğı göstərin. Uşaqlar bizim gələcəyimizdir.
Mən şəhid ailələrinə müraciət edirəm. Sizin dərdiniz, qəminiz bütün Azərbaycanın dərdidir. Şəhidlərin balaları bizim doğma balalarımızdır. Dövlət həm şəhid ailələrinə, həm də şəhidlərin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir. Buna əmin ola bilərsiniz. Biz şəhid ailələrini, şəhid balalarını heç vaxt yalqız qoymayacağıq. Buna tam arxayın ola bilərsiniz. Mən Azərbaycan Respublikasının bütün idarələrinə, təşkilatlarına, nazirliklərinə, birliklərə, konsernlərə müraciət edirəm. Uşaqların yaşaması üçün, inkişaf etməsi üçün bu telemarafon vasitəsilə yaranmış fonda hərə öz payını verməlidir. Bütün bu xeyriyyə işləri, şübhəsiz ki, heç vaxt unudulmayacaqdır. Mən əminəm ki, hər bir imkanlı adam, hər bir xeyirxah insan, hər bir imkanlı iş adamı bu nəcib işdən kənarda qalmayacaq, buna münasibətini göstərəcəkdir. Hamımızın qayğısı, bu telemarafonun məqsədi də yalnız və yalnız uşaqlara, xüsusən şəhid uşaqlarına, xəstə uşaqlara, müharibə nəticəsində yaralanmış, əlil olmuş uşaqlara, qaçqın uşaqlarına, ağır vəziyyətdə yaşayan ailələrin uşaqlarına yardım etməkdir. Bu, bizim ümummilli, ümumxalq borcumuzdur.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, hər bir vətənpərvər vətəndaş, elini, obasını, vətənini, torpağını sevən hər bir insan bu çağırışa qoşulacaq, bizim bu xeyirxah işə öz münasibətini göstərəcək, uşaqlarımızın bu gününə və gələcəyinə, onların yaşamasına, inkişaf etməsinə, müalicə olunmasına və firavan həyat sürməsinə kömək edəcəkdir. Buna tam əminəm və güman edirəm ki, mənim bu səsimə Azərbaycanda çoxları səs verəcək və uşaqların hamısını bərabər qucaqlayacağıq. Onlara birlikdə qayğı göstərəcəyik. Onların yaşamasına, xoşbəxt həyatına öz münasibətimizi birlikdə göstərəcəyik. Bu tədbir münasibətilə hamını bir daha təbrik edirəm. BMT-nin YUNİSEF təşkilatının bu təşəbbüsünü bəyənirəm və ona minnətdarlığımı bildirirəm. YUNİSEF-ə müraciət edərək demək istəyirəm ki, bu təşkilat gərək Azərbaycan Respublikasının ağır şəraitdə yaşamasını, uşaqların çətin vəziyyətdə olmasını bütün dünyaya çatdırsın, bildirsin. Dünya bilməlidir ki, Azərbaycan xalqı indi ağır, əziyyətli vəziyyətdə yaşayır, ancaq öz milli mənliyini qoruyur və qoruyacaq, öz torpaqlarının və öz taleyinin sahibidir və sahibi olacaqdır. Müstəqil Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, dünya birliyində öz yerini tutacaqdır. Müstəqil Azərbaycan gələcəyə ümidlə gedəcəkdir. Bizim ümidimiz, gələcəyimiz bizim uşaqlarımızdır, balalarımızdır. Sizi bir daha təbrik edirəm. Əziz balalarım, sizə öz sevgimi, məhəbbətimi bildirirəm. Sizi bağrıma basıram, öpürəm. Sağ olun, xoşbəxt olun. Bütün Azərbaycan uşaqlarını təbrik edirəm”.

   Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr hazırda ardıcil olaraq  ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir.  Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq İli" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr iğurla icra olunur. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar həyata keçirilməkdədir.  

 

 

 


Tarix: 29-04-2023, 15:46

Xəbəri paylaş