Yeni təlim və peşəkar müəllim
Sevil CƏFƏROVA,
Quba rayonu, 1-ci Nüqədi kənd
2 saylı ümumi orta məktəbin
müəllimi
Gələcəyimiz olan uşaqların hərtərəfli şəxsiyyət kimi yetişməsi, dövlətimizin uşaq siyasətinin əsas istiqamətini təşkil edir. Dövlətimizin, millətimizin gələcəyi uşaqların bugünkü tərbiyəsindən asılıdır.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə cavab verə bilən, təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşməlidir”. Bu sözlər biz müəllimlərin üzərinə ciddi məsuliyyət qoymaqla, fəaliyyətimizi məhz bu istiqamətdə qurmağa sövq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil” – fikri ölkəmizdə yaşayan bütün ixtisas sahibləri kimi müəllimlərin də fəaliyyətini istiqamətləndirir. Ölkə başçımızın xüsusi diqqəti və qayğısı nəticəsində təhsilin inkişaf etdirilməsi istiqamətində böyük işlər görülmüş və indi də uğurla davam etdirilməkdədir.
XXI əsr dünyada baş verən qlobal dəyişikliklər uşaqların təfəkküründən də yan keçmədi. Tədricən yaddaş məktəbdən təfəkkür məktəbinə keçid başladı. Dünyada baş verən bu dəyişikliklər ölkələri yeni təhsil mühitinin yaradılmasına, müəllimin peşəkar hazırlığının yeni müstəviyə çıxarılmasına, uşaqlara yanaşmasının dəyişilməsinə məcbur etdi.
Bu gün ölkədə ümümtəhsil müəssisələri nə qədər qüclü infrastruktur və maddi texniki bazaya malik olsa da, yüksək İKT avadanlıqları ilə əvəz olunsa da, təhsilə ayrılan maddi vəsaitlər nə qədər çox olsa da, bu amillərin heç biri peşəkar müəllimlər olmadan təhsilin düzqün inkişafını təmin edə bilmir. Demək ki, bu işlərin başında təhsilverənin yüksək səviyyədə olması durur. Hansı ölkələrdə təhsilverənlərin səviyyəsi yüksəkdir və onların peşəkar işinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılırsa, həmin ölkələrin nailiyyətləri də, ümumilikdə təhsil göstəriciləri də yüksək olur. Bu təhlilərdən belə nəticəyə gəlmək olur ki, təhsilin səviyyəsinin qaldırılması, nəticələrin yüksəldillməsində ən başlıca amil təhsilverənlərin səviyyəsinin yüksək olmasıdır.
Müəllimin peşəkar hazırlığı və müasir tələblərə cavab verən dərslərin keçirilməsi Azərbaycan təhsilinin inkişaf etdirilməsi işində ən vacib hədəflərdən biridir. Bu gün müəllimlərin işi və onların keçəcəyi dərslər təhsilimizi inkişaf etdirə bilər. Bu şərəfli iş çox böyük səbr və dözüm tələb edir. Bu missiyanı yerinə yetirmək isə bugünkü müəllimlərin üzərinə düşür.
Tarix: 7-04-2023, 09:00
Xəbəri paylaş