Şükür Qafarın “Savaş zəfərlə bitdi” əsəri II Qarabağ müharibəsinin bədii əksi kimi
AYGÜN ORUCOVA, filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi
2021-ci ildə Naxçıvan ədəbi mühitində bədii nəsr sahəsində ideya-mövzu baxımından diqqəti cəlb edən nümunələrdən biri gənc həvəskar şair-yazıçı Şükür Qafarın 2020-ci ilin sonlarında nəşr olunan, XX əsrin 90-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrin bədii əksi olan “Savaş hələ bitməyib...” romanının II hissəsi kimi qələmə alınan “Savaş zəfərlə bitdi” romanıdır. Eyni adı daşıyan kitabın redaktoru və ön sözün müəllifi Naxçıvan MR Yazıçılar Birliyinin Sədri Asim Yadigardır. “Zəfərlə bitən savaşımız” adlı ön sözdə A.Yadigarın da vurğuladığı kimi, 44 günlük müharibə və zəfər tarixini bədii sözün və faktların, sənədlərin verdiyi imkanlar daxilində qələmə almaq müəllifin əsas məqsədi olmuşdur. Bədii ədəbiyyatın əzəli mövzusundan olan atalar və oğullar qarşıdurması bu əsərdə ataların və oğulların vətən torpaqlarının bölünməzliyi uğrundakı mübarizədəki qorxmazlığı və misilsiz cəsarəti, müqəddəs torpaqlara yenidən üçrəngli bayrağımızın sancılması kimi bir vəzifəni şərəflə yerinə yetirmək üçün birləşməsi ilə əvəz olunmuşdur. Romanın I hissəsində əsas qəhrəman ata Cahanşir və onun hərbiçi dostlarının, II hissədə isə onun şəhidlik məqamına yüksəlmiş dostunun adını verdiyi oğlu Ənvərin başçılıq etdiyi Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı əsgərlərinin Qarabağda, xüsusən də Şuşada apardıqları döyüşlərdəki qəhrəmanlıqlarından söz açılır. Əsərin I hissəsində hadisələr 2020-ci ilin sentyabr ayının 25-də bitir. Əsər Cahanşirin dilindən deyilmiş bu cümlələrlə tamamlanır: “Mən qələbəyə gedən yolu yazdım. Zəfəri oğlum yazacaq. Bu roman savaşla birlikdə bitəcək!”. Eyni ilin sentyabr ayının 26-dan müəllifin bədii təxəyyülünün məhsulu olan və təbii ki, minlərlə igid şəhid övladlarımızın ümumiləşdirilmiş obrazı, prototipi ola biləcək Ənvər və onun xüsusi təyinatlıları zəfər tariximizə öz adlarını əbədi həkk etdirmək kimi haqq işinə başlayırlar. Əslində, mərd oğullar atalarının uzun illərdən bəri ürəklərindəki ən ümdə arzusunu – üçrəngli dövlət bayrağımızı Qarabağımızda ən yüksək zirvəyə sancmağı həyata keçirirlər. Əsər II Qarabağ müharibəsində qələbənin əldə olunmasında Naxçıvan xüsusi təyinatlılarının xidmətlərini, yüksək vətənsevərliyini, düşmənə qarşı nifrət və qəzəbini, bəzən də onlardan fərqli olaraq, insanpərvərliyi və humanizmini (Ənvərin ələ keçirdikləri düşmən postunda təslim olanları öldürməyəciyinə dair söz verməsi və əsgər Abbasova əsir götürdükləri erməni qızı snayperçi Dinanı öldürməyə icazə verməməsi və s.) real əks etdirir. Şuşa qalası uğrunda gedən döyüşlərdə heyrətamiz cəsarət göstərən xüsusi təyinatlılar qrupu və “Yaşma” adlandırılan xüsusi təyinatlıları müəllif böyük sevgi və qürur hissilə təsvir edir: “Ənvər və qrupu Laçın yolu istiqamətindən şəhərin qala divarlarına çatanda burada şiddətli atışmanın getdiyinin şahidi oldular və özləri də döyüşə qoşuldular. Dina “Yaşma” adlandırılan bu əfsanəvi xüsusi təyinatlıların cəsarətinə heyran qalmışdı. Onlar bütün ləvazimatlarını, ağır, iri həcmli silahlarını qalanın divarları yanında qoyaraq tapança və soyuq silahlarla düşmən atəşi altında kanatlarla qala divarlarına dırmaşırdılar. Güllə yağışı altında qalaya dırmaşan xüsusi təyinatlılar şəhid və yaralı yoldaşlarını düşmən əlinə keçməsin deyə çiyinlərinə alıb qalaya qalxırdılar”. Azərbaycan əsgərinin düşmənin gözləmədiyi istiqamətdən şəhərə hücum etməsi, qala uğrunda gedən əlbəyaxa döyüşlər, xüsusi təyinatlıların cəldliyi və güclü iradəsi, vətən sevgisi və Şuşa həsrəti amillərinin qələbə qazanılmasında əsas rolu əsərdə son dərəcə təbii ifadəsini tapmışdır.
Əsərin əsas qəhrəmanı hərbiçi Cahanşirin “əsl vətənpərvər” vətəndaş kimi böyütdüyü 3 övladının böyüyü, 19 may 1992-ci il tarixdə “Ucubiz” döyüşlərində böyük fədakarlıq göstərərək şəhid olan Ənvər Bilal oğlu Əliyevin ( atasının dostu – A.O.) adını daşıyan xüsusi təyinatlı qrupun başçısı Ənvərdir. Onun qrupu ustalıqla düşmən mövqelərinin dərinliklərinə sıza bilmişdir. Onlar düşmənin 30 il ərzində qurduğu istehkamlardan, tank və piyada əleyhinə basdırılan saysız minalardan keçməli, lazımi istiqamətdə vaxt itirmədən irəliləməlidir. Ənvər və onun qrupunun sürünərək, mümkün qədər gözə görünmədən keçdikləri maneələr, işlətdikləri taktikalar, düşmənin müşahidə məntəqələrini, yeraltı kazarmalarını ələ keçirməkləri son dərəcə dəqiq bədii təsvirini tapmışdır. Müəllifin özünün hal-hazırda Əlahiddə Ümumqoşun Ordunun zabiti olması və hərbi üsluba aid söz və ifadələrin, terminlərin ətraflı və dərindən izahı müharibə mövzusunda yazılmış bu əsəri daha da oxunaqlı və maraqlı etmişdir. Məsələn, “limonka”- limona bənzədiyinə görə belə adlandırılan F1 qumbaraları, PM tipli tapança, PDM – piyadaların döyüş maşını, PK pulemyotu, T-72 tankları, “Bayraqdar”lar, idarəolunan raket kompleksi SPİKE qrupu və s.
Əsərdə süjet xəttinin iki istiqamətdə - ön cəbhədə Ənvərin rəhbərlik etdiyi qrupun Şuşanın geri alınması istiqamətindəki fəaliyyətləri və arxa cəbhədə xalqın orduya mənəvi dayaq olması, onlara ruh yüksəkliyi verməsi istiqamətində qurulmuşdur. Qələbəyə inamı artıran xalqın birliyini əks etdirən tələbə məktubları və Cahanşirlə Aytəkinin saf, səmimi duyğularının vətənin bütövlüyü öncəliyi ilə bədii ifadəsi və bu iki xəttlə bağlı hadisələrin bir-birini izləməsi də diqqətdən yayınmır. “Savaş zəfərlə bitdi” əsərində müharibənin başlanması, gedişatı, hərbi təlimlər, Naxçıvandan Qarabağ istiqamətində gedən döyüşlərə göndərilən hərbi qulluqçular, onlardan şəhidlik məqamına yüksələnləri, qəhrəmanlıqla döyüşərək qazi olanları, I Qarabağ müharibəsi ilə bağlı (Sədərək döyüşləri, Daşaltı əməliyyatı və s.), tarixi ekskurslar (Topxana meşəsi) və hətta hərbi texnikalar, düşmənin qurduğu istehkamların dəqiq təsviri, vəhşicəsinə dağıdılmış kəndlərimizin görünüşü haqqında faktların və sənədlərin dililə zəngin məlumat verilir. Hərbi qulluqçularımızın cəldliyi, çevikliyi, tüstü, duman, soyuq demədən qarşılarındakı maneələri aşaraq verilmiş tapşırıqları böyük əzm və iradə göstərərək yerinə yetirməkləri nə qədər qürur və fərəh hissləri doğurursa, onların qəhrəmanlıqla şəhid olmaqları sonsuz təəssüf və kədər yaradır. Naxçıvan MR Yazıçılar Birliyinin Sədri Asim Yadigarın ön sözündə də qeyd olunduğu kimi, romanın əsas obrazları Azərbaycanın hansı bölgəsində doğulmasından asılı olmayaraq bütöv Azərbaycan uğrunda vuruşurlar. Şuşanın, Qarabağın azad olunması yolunda şirin canından keçən hər bir əsgər də bu amala xidmət edir.
Əsərin sonunda şəhidlik məqamına yüksələn Ənvərin son arzusu kimi səsləndirdiyi müstəqil və güclü Azərbaycanın üçrəngli bayrağının Araz çayından cənubdakı tarixi ərazilərimizə sancmaq bir gün bütöv bir xalqın ürəyinin dərinliklərində gizlədiyi bu amal uğrunda da mübarizəyə qalxılacağını və Şimali və Cənubi Azərbaycanın birləşəcəyini əks etdirir. Əsərin son cümləsi olan “Bu roman zirvələrin fəthi ilə bitəcək!”lə müəllif bu arzunun reallaşacağını və həmin zəfərdən bəhs edən əsərin üçüncü hissəsinin qələmə alınacağını nəzərdə tutmuşdur.
Tarix: 13-07-2022, 12:06