Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb
Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.
Qeyd edək ki, fevralın 14-də dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib.
Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası və fərdi kateqoriya üzrə ümumilikdə 900-ə yaxın layihə təklifi qəbul edilib. Layihə təklifləri ilkin olaraq texniki ekspertizadan keçiriləcək. Müsabiqə meyarlarına və kriteriyalarına uyğun gələn təkliflər Ekspert Qrupu tərəfindən qiymətləndiriləcək. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında dəstəklənməsi məqsədəuyğun sayılan layihə rəhbərlərinin adlarını cari ilin aprel ayının sonunda Təhsil Nazirliyinin veb saytı vasitəsi ilə elan edəcək.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 9 mövzu üzrə keçirilib.
Tarix: 10-04-2018, 12:20